Məhkəmə qərarları › İş №2(125)-1076/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1076/2022

31.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1076/2022 31.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Hüseynov Hadı Bahadur oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli, 2(044)-2446/2019 saylı qətnaməsi ilə uşaqların saxlanması üçün tutulması müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment tutulması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli, 2(044)-2446/2019 saylı qətnaməsi ilə uşaqların saxlanması üçün tutulması müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat sabit pul məbləğində aliment tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli, 2(044)-2446/2019 saylı qətnaməsi ilə uşaqların saxlanması üçün tutulması müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, o, əvvəllər Cavabdeh ilə nikahda olmuş və onların birgə nikahlarından 2 uşaqları anadan olmuşdur. Lakin sonradan onlar arasındakı münasibətlər pisləşmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 16 noyabr 2017-ci il tarixli, 2(044)-5142/2017 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında olan nikah pozulmuş, onların birgə nikahlarından 02 oktyabr 2006-cı ildə anadan olmuş X1 və 04 may 2010-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 120 manat, cəmi 240 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Həmin məhkəmə qətnaməsi üzrə icra sənədinin icraatına xitam verildiyinə görə o, yenidən alimentin təyin olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli, 2(044)-2446/2019 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün 140 manat, cəmi 280 manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulması qət edilmişdir. Lakin hazırda həmin uşaqlar daha da böyümüş və buna görə də onların xərcləri artmışdır. Belə ki, hazırda onların birgə nikahından anadan olmuş uşaqların 16 və 12 yaşları vardır. Buna görə həmin uşaqların təhsil və bu kimi digər zəruri xərcləri 2019-cu illə müqayisədə daha çoxdur. O özü isə heç bir yerdə işləmir. Qeyd olunan səbəblərdən də o, cavabdehlə birgə nikahından doğulmuş uşaqların maddi təminatlarını çətinliklə ödəyir. Cavabdeh isə məhkəmə qətnaməsi ilə müəyyən olunmuş məbləğdən əlavə ona heç bir maddi yardım göstərmir. Halbuki, birgə nikahdan doğulmuş uşaqları saxlamaq onunla yanaşı cavabdehin də vəzifəsidir. Sonda Cavabdeh iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli, 2(044)-2446/2019 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq, 02 oktyabr 2006-cı il təvəllüdlü X1 və 04 may 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 140 manat, cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan Cavabdeh tərəfindən mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı məhkəməyə təqdim edilmiş 15 avqust 2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh iddia tələbini tam etiraf edərək, İddiaçı ilə birgə nikahlarından doğulmuş uşaqların saxlanması üçün iddiaçıya hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment ödəməyə razı olduğunu bildirmiş və iddianın etiraf edilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Bundan başqa, həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2019-cu ildə yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa görə 2019-ci ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 160 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. ««Minimum aylıq əməkhaqqının məbləğinin artırılması» və «Minimum aylıq əməkhaqqının artırılması haqqında»» Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2021-ci il tarixli sərəncamının 1-ci bəndinə görə minimum aylıq əmək haqqının məbləği 01 yanvar 2022-ci il tarixdən 300 manat müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2022-ci ildə yaşayış minimumu haqqında» 03 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2022-ci ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 193 məbləğində müəyyən edilmişdir. Bununla əlaqədar məhkəmə tərəflərin maddi vəziyyətini və aliment qət edildikdən sonra ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artmasını, eləcə də cavabdehin iddianı etiraf etməsini nəzərə alaraq, hesab edir ki, iddia təmin olunmalı, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli, 2(044)-2446/2019 saylı qətnaməsi ilə tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbayсan Respublikası Qanunun 9.1-сi maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Azərbayсan Respublikası Mülki-Prosessual Məсəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq, cavabdehdən tutularaq, dövlət gəlirlərinə alınır. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddiaçı aliment tələbi üzrə qanunla müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən dövlət büdcəsi nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli, 2(044)- 2446/2019 saylı qətnaməsi ilə uşaqların saxlanması üçün tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 02 oktyabr 2006-cı ildə anadan olmuş X1 və 04 may 2010-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddiaçı qanunla müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyinə və iddia təmin edildiyinə görə iddianın təmin edilmiş hissəsinə münasib olaraq, dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh dövlət büdcəsinin nəfinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar