Məhkəmə qərarları › İş №2(125)-1084/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1084/2024

28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1084/2024 28.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «su təhcizatı və tullantı sularının axıdılması xidmətinə görə yaranmış borcun ödənilməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: «Gəncə Sukanal» TSC Cavabdeh qarşı su təhcizatı və tullantı sularının axıdılması xidmətindən istifadəyə görə yaranmış borcun əvəzi qismində 1.084 manat 36 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 41 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, «Gəncə Sukanal» TSC tərəfindən **********000 abonent kodlu istehlakçı Cavabdeh su təhcizatı sistemindən su və tullantı sularının axıdılması xidməti göstərilir. Cavabdeh əhali qrupuna aid abonentdir, ötən dövr ərzində istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş və nəticədə xx.xx.2023-cü il tarixə 967 manat 91 qəpik borcu yaranmışdır. Həmin şəxsin istifadə etdiyi su təhcizatı və kanalizasiya xidməti 7.4-cü bəndinə əsasən ailə tərkibi 4 nəfər olmaqla normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. «Gəncə Sukanal» TSC tərəfindən borcun ödənilməsi tələbi ilə Cavabdeh hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə isə xəbərdarlıq təqdim edilmiş, lakin Cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Buna görə də «Gəncə Sukanal» TSC hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. X1 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2005-ci il tarixli, nömrəli «Su təhcizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanılan» müqavilədən görünür ki, «Gəncə Sukanal» TSC ilə Cavabdeh arasında Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "xxxx" ASC-nin «Sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə» qərarına uyğun olaraq istehlakçının istifadə etdiyi 1 m3 içməli suya görə hesablanmış ƏDV ilə 60 qəpik və istehlakçıdan qəbul edilən 1 m3 tullantı suyuna görə hesablaşma ilə ƏDV ilə 30 qəpik müqabilində aparılır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli **********000 nömrəli abonent kartından görünür ki, Cavabdeh yekun olaraq su istifadəyə və tullantı sularının axıdılmasına görə 967 manat 91 qəpik su borcu hesablanmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh sudan istifadəyə və tullantı sularının axıdılmasına görə "xxxx" ASC-yə 967 manat 91 qəpik borcunun olduğu bildirilmiş və borcunu könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, «Gəncə Sukanal» TSC tərəfindən Cavabdeh Gəncə şəhəri, Vaqif küçəsi, 154 ünvanında yerləşən fərdi yaşayış evində **********000 abonent kodu üzrə su təhcizatı və tullantı sularının axıdılması xidməti göstərilmiş, lakin həmin xidmətin göstərilməsi ilə əlaqədar yaranmış borc Cavabdeh tərəfindən tam ödənilməmişdir. «Gəncə Sukanal» TSC Cavabdeh qarşı su təhcizatı və tullantı sularının axıdılması xidmətindən istifadəyə görə yaranmış borcun əvəzi qismində 967 manat 91 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci maddəsinə görə əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanunun 61.1ci maddəsinə əsasən Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin Qanunun 61.2-ci maddəsinə görə su təchizatı və kanalizasiya müəssisəsi mövcud qanunvericiliyə müvafiq olaraq faktiki göstərilən xidmətə görə ödənişi, obyektdən istifadənin dayandırılması haqqında istehlakçının azı dörd iş günündən gec olmayaraq su təchizatı və kanalizasiya müəssisəsinə məlumat verməsi halı istisna olmaqla, istehlakçı tərəfindən obyektdən istifadə dayandırıldıqdan sonra da alına bilər. Həmin Qanunun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli, 262 saylı qərarı ilə təsdiq edilmiş «Sudan istifadə qaydaları»nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, «Gəncə Sukanal» TSC tərəfindən Gəncə şəhəri, Vaqif küçəsində yerləşən 154 nömrəli fərdi yaşayış evinə **********000 abonent kodu üzrə su təhcizatı və tullantı sularının axıdılması xidməti göstərilmiş, qeyd olunan xidmət üzrə yaranmış borc Cavabdeh tərəfindən tam ödənilməmişdir. Lakin məhkəməyə təqdim edilmiş abonent kartında sudan istifadə və çirkab sularının axıdılması xidməti ilə əlaqədar 2011-ci ildən 07 fevral 2020-ci ilədək sayğac olmadan, fərdi yaşayış evində qeydiyyatda olan şəxslərin sayına uyğun 4 nəfərə görə 681 manat 58 qəpik, 07 fevral 2020-ci il tarixdə fərdi yaşayış evinə gedən su borusunun üzərində sayğac quraşdırıldıqdan sonra 28 noyabr 2023-cü ilədək 286 manat 33 qəpik borc hesablandığı göstərilmişdir. Mülki işin məhkəmə tədqiqi zamanı fərdi yaşayış evində 01 yanvar 2011-ci ildən 07 fevral 2020-ci ilədək qeydiyyatda olan şəxslərin adlarının məhkəməyə təqdim edilməsi iddiaçıya təklif olunmasına baxmayaraq, həmin şəxslərin adları və buna müvafiq sübutlar məhkəməyə təqdim edilməmişdir. Buna görə də iddia tələbi iddiaçının 01 yanvar 2011-ci ildən 07 fevral 2020-ci ilədək Gəncə şəhəri, Vaqif küçəsində yerləşən 154 nömrəli fərdi yaşayış evi üzrə su təhcizatı və tullantı sularının axıdılması xidmətinin 4 nəfərə göstərilməsinə dair hissədə formal mülahizələrə əsaslanmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Gəncə şəhəri, Vaqif küçəsində yerləşən 154 nömrəli fərdi yaşayış evinə **********000 abonent kodu üzrə su təhcizatı və tullantı sularının axıdılması xidməti 1 nəfər şəxsə - Cavabdeh görə göstərilmiş, digər 3 nəfərin isə həmin ünvanda faktiki yaşamadığı və buna mütənasib olaraq da həmin ünvanda 4 nəfərin deyil, 1 nəfərin sudan istifadə etdiyi nəzərə alınmamışdır. Qeyd olunan səbəbdən suyun və axıdılan tullantı sularının həcmi ilə əlaqədar Cavabdeh borcu 01 yanvar 2011-ci ildən 07 fevral 2020-ci ilədək Cavabdeh 681 manat 58 21 qəpik məbləğində deyil, 170 manat 40 qəpik məbləğində, 07 fevral 2020-ci il tarixdə fərdi yaşayış evinə gedən su borusunun üzərində sayğac quraşdırıldıqdan sonra 28 noyabr 2023-cü ilədək olan borc isə 286 manat 33 qəpik olmuşdur. Buna görə də iddia qismən təmin ediməli, Cavabdeh Gəncə şəhəri, Vaqif küçəsində yerləşən 154 nömrəli fərdi yaşayış evinə **********000 abonent kodu üzrə su təhcizatı və tullantı sularının axıdılması xidmətinin göstərilməsinə görə 01 yanvar 2011-ci ildən 28 noyabr 2023-cü il tarixədək yaranmış borcun əvəzi qismində 456 manat 73 qəpik məbləğində pul vəsaiti «Gəncə Sukanal» TSC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh Gəncə şəhəri, Vaqif küçəsində yerləşən 154 nömrəli fərdi yaşayış evinə **********000 abonent kodu üzrə su təhcizatı və tullantı sularının axıdılması xidmətinin göstərilməsinə görə 01 yanvar 2011-ci ildən 28 noyabr 2023-cü il tarixədək yaranmış borcun əvəzi qismində 456 (dörd yüz əlli) manat 73 (yetmiş üç) qəpik məbləğində pul vəsaiti «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinin iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar