Məhkəmə qərarları › İş №2(125)-1116/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1116/2024

14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1116/2024 14.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş əsas borcun əvəzi qismində 1.028 manat, cərimə qismində 1.158 manat, hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş vəsaitin əvəzi qismində 300 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 45 manat, cəmi 2.531 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən Cavabdeh ümumi dəyəri 2.642 manat dəyərində dedektoru ilkin 1.100 manat ödəniş etmək, qalan məbləği isə hər ay 257 manat olmaqla, 6 ay ərzində ödəmək şərti ilə almışdır. Lakin Cavabdeh həmin borcundan 2 ay ərzində cəmi 514 manat ödəniş etsə də, qalan 1.028 manat məbləğində borcunu ödəməmiş və onun təkliflərinə baxmayaraq, borcunu ödəməkdən müxtəlif bəhanələrlə yayınmışdır. Onunla Cavabdeh arasında bağlanmış müqavilənin 4.4-cü bəndinə əsasən müqavilə üzrə ödənişlər gecikdirildiyi təqdirdə vaxtı keçmiş məbləğin 1 faizi məbləğində cərimə ödənilməlidir. Qeyd olunan qaydada Cavabdeh 1.158 manat məbləğində cərimə hesablanmışdır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 9004 nömrəli nisyə alqı-satqı müqaviləsindən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh həmin müqaviləyə əsasən ilkin 1.100 manat ödəniş etməklə, digər məbləği 6 ay əzində hər ay 257 manat ödəmək şərti ilə 1 ədəd «Jeo Grand PK5» markalı dedektoru 2.642 manat məbləğinə İddiaçı almışdır. Cavabdeh borcundan 514 manat ödəniş etmiş, 1.028 manat borcu qalmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli pretenziyanın surətindən görünür ki, xx.xx.2023-cü il tarixli, 9004 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə borcun könüllü ödənməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 8798 nömrəli qəbzdən görünür ki, İddiaçı hüquqi yardımla bağlı vəkil bürosuna 300 manat ödəniş etmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh İddiaçı arasında 1 ədəd «Jeo Grand PK5» markalı dedektorunun alqı-satqısına dair xx.xx.2023-cü il tarixli, 9004 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh ilkin 1.100 manat, digər məbləği 6 ay əzində hər ay 257 manat ödəmək şərti ilə 1 ədəd «Jeo Grand PK5» markalı dedektoru 2.642 manat məbləğinə İddiaçı almışdır. Lakin Cavabdeh öhdəliklərini tam icra etməmiş və İddiaçı ödənilməmiş əsas borc qismində 1.028 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, öhdəliyin icrasını sübuta yetirmək vəzifəsi borclunun üzərinə düşsə də, borclu öhdəliyin icra edilməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, 1.158 manat təşkil edən cərimə məbləğinin 50 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 9004 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.028 manat və cərimə qismində 50 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə görə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Buna görə də məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat 78 qəpik və vəkilə etdiyi kömək üçün ödənilən xərcin əvəzi qismində 300 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh 30 yanvar 2023-cü il tarixli, 9004 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.028 (bir min iyirmi səkkiz) manat, dəbbə pulu qismində 50 (əlli) manat, vəkilə etdiyi kömək üçün ödənilən xərcin əvəzi qismində 300 (üç yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat 78 (yetmiş səkkiz) qəpik, cəmi 1.408 (bir min dörd yüz səkkiz) manat 78 (yetmiş səkkiz) qəpik məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar