Məhkəmə qərarları › İş №2(125)-112/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-112/2024

05.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-112/2024 05.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Səttar-zadə Bulqeyis Şakir qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanda yerləşən əmlakına cavabdeh tərəfindən vurulmuş 6000 manat zərərin əvəzinin və 80 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən mənzil mülkiyyət hüququ ilə ona məxsusdur. Belə ki, həmin evi 2010-cu ildə alqı-satqı yolu ilə əldə etmiş və xüsusi mülkiyyət hüququ xx.xx.2010-cu il tarixdə Dasınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. 2018-ci ilin yay aylarında cavabdehin mənzilindəki elektrik xəttindən yaranan yanğın onun mənzilinə keçmiş və nəticədə mənzil tamamilə yararsız vəziyyətə düşmüşdür. Belə ki, cavabdeh onun alt qonşusudur. Digər qonşularının sayıqlığı nəticəsində Fövqaladə Halların əməkdaşları çağırılmış və yanğının qarşısı alınmışdır. Lakin bununla belə mənzilinə xeyli zərər dəymişdir. Belə ki, döşəmənin bir hissəsi yanmış, divarların bir hissəsi dağılmış, qapıdan giriş tamamilə yanmış, hamam və sanitar qovşaq tamamilə sıradan çıxmış, mətbəx sıradan çıxmış, digər otaqlar yanğının tüstüsündən hislə örtülmüş və yararsız hala düşmüşdür. Odur ki, mənzil təmir edilməli və əvvəlki vəziyyətinə gətirilməlidir. Bu barədə cavabdehə müraciət etmiş və tələbini bildirmişdir. Cavabdeh mənzilini təmir etdirəcəyinə söz vermiş və xahiş etmişdir ki, ondan şikayət etməsin. O, qonşuluq hörmətinə onlara möhlət vermişdir. Lakin cavabdeh onun ölkədə olmamağından istifadə edərək, günü günə sataraq onu aldatmış və nəticədə mənzilini təmir etdirməkdən imtina etmişdir. Mənizlə dəyən zərər ən azı təxminən 6000 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, yanğın baş verdikdən sonra cavabdeh onunla şifahi razılığa gələrək mübahisəli mənzilə dəymiş maddi ziyanı aradan qaldıracaqlarını və bunun qarşılığından onlardan şikayət etməməsini xahiş etdi, cavabdehə məxsus mənzildə baş vermiş yanğının nəticələrini onlar həmin gecə təmirlə aradan qaldırdılar, lakin ona məxsus vurduqları ziyanın əvəzini ödəmədilər və mənzilini təmir etdirmədilər. İddiaçı iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, mübahisəli mənzildə baş vermiş yanğın hadisəsinə cavabdehin hərəkətlərinin səbəb olmadığını və iddiaçının qeyd etdiyi şifahi razılaşma, habelə bu barədə tərəflər arasında danışıqlar aparılmadığını, bundan başqa, yanğın hadisəsi baş verdiyi vaxt cavabdehə məxsus mənzildə anası Rita Məmmədova ilə birlikdə yaşadıqlarını, onların mənzilində hər hansı yanğın hadisəsi baş vermədiyini, mübahisəli mənzilə ziyan vurmadıqlarını bildirdi. Cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə, tərəfləri dinləyərək, iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən İddiaçı məxsus 11 nömrəli mənzildə baş vermiş yanğın faktında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186-cı maddəsinin cinayət tərkibi olmadığı üçün həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Həmin Qərardan görünür ki, material üzrə araşdırma zamanı izahatı alınmış vətəndaş İddiaçı göstərmişdir ki, 2017-ci ilin avqust ayında Türkiyəyə getmiş və 2018-ci ilin sentyabr ayının sonlarında Azərbaycana qayıtmışdır. 03 iyun 2018-ci il tarixdə Türkiyədə olan zaman ünvan 4 ünvanda yerləşən ona məxsus 11 nömrəli mənzildə baş vermiş yanğın barədə telefon vasitəsilə xəbər tutmuşdur. Gəncəyə qayıtdıqdan sonra mənzilinə getmiş və mənzilin giriş hissəsinin yanğına məruz qaldığını görmüşdür. Yanğın nəticəsində ona 1500 manat məbləğində maddi ziyan dəymişdir. Həmçinin, qeyd etmişdir ki, həmin mənzildə heç kim yaşamamış, mənzilə nəzarət edilməsi üçün mənzilin açarlarını qardaşı Turala vermiş, mənzilin qazı və elektrik enerjisi ümumi açardan ayrılmış vəziyyətdə olmuşdur. İzahatı alınmış X8 göstərmişdir ki, 03 iyun 2018-ci il tarixdə, təxminən saat 10:30-da ünvan 5 ünvanda yaşadığı 9 nömrəli mənzildə olarkən yanıq iyi hiss etmiş və üst qonşunun mənzilindən tüstü çıxdığı barədə qonşuların qışqırıq səslərini eşitmişdir. Dərhal qonşular hadisə barədə yanğınsöndürmə xidmətinə məlumat vermiş, bir müddətdən sonra həmin mənzilin sahibinin qardaşı gələrək qapını açdıqda mənzilin dəhlizində döşəmənin yandığını görmüşlər. Yanğın söndürənlər tez bir zamanda yanğının qarşısını almağa nail olmuşlar. Yanğın başqa mənzillərə keçməmişdir. Həmçinin, qeyd etmişdir ki, həmin yanğın baş vermiş 11 nömrəli mənzildə heç kim yaşamır, deyilənlərə görə həmin mənzilin sahibi Türkiyədədir, mənzilin açarları da mənzil sahibinin qardaşındadır. İzahatı alınmış X9 göstərmişdir ki, 03 iyun 2018-ci il tarixdə ünvan 6 ünvanda yerləşən bacısı Rəqsanəyə məxsus 11 nömrəli mənzildə baş vermiş yanğın barədə xəbər tutmuşdur. Dərhal hadisə yerinə gedərək mənzilin qapısının bağlı olduğunu, mənzilin içərisindən isə güclü tüstü çıxdığını görmüş, bu zaman yanğın söndürənlər də hadisə yerinə gəlmiş və mənzilin qapısını açaraq birlikdə mənzilə daxil olmuşlar. Mənzilin dəhlizində, qaz sobasının ətrafının tüstüləndiyini, lakin qaz sobasının kranının bağlı vəziyyətdə olduğunu görmüş və həmin sahə tez bir zamanda yanğın söndürənlər tərəfindən söndürülmüşdür. Həmçinin, qeyd etmişdir ki. hal- hazırda bacısı Türkiyədədir, mənzilin açarlarını isə ona vermişdir. Sonuncu dəfə hadisədən iki ay əvvəl həmin mənzildə olmuş, həmin vaxt mənzilin qazı bağlı, elektrik enerjisi isə sönülü vəziyyətdə olmuşdur. Həmin Qərardan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli, 19333 nömrəli məhkəmə yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının rəyinə ünvan 7 ünvanda yerləşən İddiaçı məxsus 11 nömrəli mənzildə yanğının mənbəyi, mənzilin dəhlizinə daxil olduqda 1 m irəlidə döşəmə səviyyəsində olmuşdur. Yanğının texniki səbəbdən baş verməsi müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 11 saylı mənzilin konstruktiv elementlərində (tavan, divar, döşəməsində və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların yanğın nəticəsində yaranmaya xarakterik olduğunu nəzərə alaraq ünvan 8 ünvanında yerləşən 11 saylı mənzilə yanğın nəticəsində ziyan vurulduğu müəyyən olunmuşdur. ünvan 8 ünvanında yerləşən 11 saylı mənzildə yanğın nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 4700 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, ünvan 9 ünvanında yerləşən mənzil Gəncə şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-cı ı tarixli, 1411 nömrəli Sərəncamına əsasən Sərəncamına əsasən X7 verilmişdir. Gəncə şəhəri 7 saylı notariat kontorunun 21,09.1997-ci il tarixli, 3M-2-201 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən, sözü gedən mənzil X1 və onun adına xx.xx.1997-ci il tarixli, 7654 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 6 saylı notariat kontorunun xx.xx.2006-ci il tarixli, 4Ə/1-124 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən, sözü gedən mənzil X2 və onun adına 17.01,2007-ci il tarixli, **********90-05101-093002 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 4 saylı notariat kontorunun xx.xx.2013-cü il tarixli, 4Ə-1-275 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən, sözü gedən mənzil Cavabdeh satılmış və onun adına xx.xx.2015-ci il tarixli, **********90-051 093002 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd olunan mənzil "NBCBank” ASC-nin xeyrinə yüklü edilmiş və "xxxx" ASCyə xx.xx.2018-ci il tarixli, **********90-05101-093002 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 1 saylı notariat kontorunun 07.11,2019-cu il tarixli, 4Ə-139 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən, sözü gedən mənzil X3 və onun adına xx.xx.2019-ci il tarixli, **********90-05101-093002 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.2-ci (subroqasiya hüququ) maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Hazırkı iş üzrə iddiaçı mülkiyyətində olan mübahisəli mənzilə xx.xx.2018-ci il tarixdə baş vermiş yanğın nəticəsində dəymiş ziyanın əvəzi olaraq 6000 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2013-cü il tarixdən xx.xx.2019cu il tarixədək mübahisəli mənzildən aşağı mərtəbədə yerləşən mənzilin mülkiyyətçisi olmuşdur. İddiaçı ona məxsus mənzildə baş vermiş yanğın hadisəsinə və ona ziyan dəyməsinə səbəbin cavabdehin təqsirli hərəkətləri olduğunu bildirsə də, bu hal(lar)ı təsdiqləyən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, mülki iş üzrə verilmiş ekspert rəyi ilə iddiaçının tələbinin faktiki əsasları öz təsdiqini tapmamışdır. Digər tərəfdən, mübahisəli mənzildə baş vermiş yanğın hadisəsi ilə bağlı aparılmış araşdırma nəticəsində özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmənin zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədilməsi cinayətinin tərkibi olmadığı üçün cinayət işinin balanması rədd edilmişdir. Həmçinin nəzərə alınır ki, araşdırma nəticəsində cavabdehə həmin dövrdə məxsus olan mənzildə hər hansı yanğın hadisəsi və (ya) iddiaçıya məxsus mənzildə baş vermiş yanğın hadisəsinin birbaşa və ya dolayısıyla cavabdehin təqsirli hərəkətlərinin səbəb olması müəyyən olunmur. Bununla yanaşı, həmin qərardan görünür ki, iddiaçının qardaşı olduğunu bildirən X9 mübahisəli mənzildə baş vermiş yanğına cavabdehin təqsirli hərəkətlərinin səbəb olmasını bildirməmiş, cavabdehin arvadı olduğu bildirilən X8 mübahisəli mənzildə yanğın hadisəsi baş verdiyi zaman cavabdehə məxsus olan qeyd edilən mənzildə yaşamağa davam etmişdir. Digər tərəfdən, iddiaçı həmin vaxt cavabdeh tərəfin onunla şifahi razılığa gələrək mübahisəli mənzildə baş vermiş yanğın hadisəsi nəticəsində dəymiş maddi ziyanı aradan qaldıracaqlarını və bunun qarşılığından onlardan şikayət etməməsini xahiş etdiklərini bildirsə də, bu halı təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, sübuta yetirilmədiyi üçün iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar