Məhkəmə qərarları › İş №2(125)-112/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-112/2025

27.02.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-112/2025 27.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əİirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsi) maneənin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xanlar rayon X15 Rəyasət Heyətinin 16 mart 1994-cü il tarixli, 03 saylı qərarı ilə mərhum atası X11 verilmiş və hazırda Gəncə şəhəri Cumhuriyyət küçəsində yerləşən 0.06 ha torpaq sahəsinin ölçmə işlərinin aparılması ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşlarının həmin ünvanda həyata keçirdiyi ölçmə işlərinə Cavabdeh tərəfindən yaradılan maneənin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xanlar rayon X15 Rəyasət Heyətinin 16 mart 1994-cü il tarixli, 03 saylı qərarına əsasən 11 nömrəli rayonlararası Təmir tikinti “Dizayn” trestinin torpaq sahəsindən trestdə işləyən 50 nəfər fəhlə və qulluqçulara hər nəfərə 0.06 ha olmaqla kollektiv bağçılıq üçün torpaq sahəsi verilib. Mərhum atası X13 da qeyd olunan 11 nömrəli rayonlararası Təmir tikinti “Dizayn” trestinin işçisi olduğu üçün həmin qərarla ona da 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Qeyd olunan torpaq sahəsi mərhum atasına verildikdən sonra 3 il həmin torpaq sahəsini atası əkib becərmişdir. Atası Teyyub 20 noyabr 1997-ci il tarixdə vəfat etmişdir. Atası vəfat edəndən sonra hazırki cavabdehin qohumu X3 Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 07 iyun 2006-cı il tarixli qanunsuz qətnaməsinə əsasən atasının qeyd olunan torpaqdan istifadə hüququna xitam verilmiş, həmin torpaq sahəsinə cavabdehin istifadə, sahiblik və sərəncam vermək hüququ tanınmışdır. Həmin qətnamə əsasında da cavabdeh 02 dekabr 2006-cı il tarixli, MH seriyalı, ********* qeydiyyat nömrəli çıxarış almışdır. Qeyd olunan çıxarışın ləğvi ilə bağlı Göygöl Rayon Məhkəməsində iddia qaldırmışdır, Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-43/2022 saylı qətnaməsinə əsasən Lətifə Quliyevanın adına işlənmiş MH seriyalı, ********* qeydiyyat nömrəli çıxarış etibarsız hesab edilmiş və həmin qətnamə əsasında da çıxarış ləğv edilmişdir. Mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazi əvvəllər Göygöl rayon Hacıməlik qəsəbəsinin ərazisi olub, sonradan həmin ərazi Gəncə şəhərinə verilib və hazırda da Gəncə şəhərinin ərazisi olmaqla Gəncə şəhəri, “Avtozavod” ətrafında olmaqla Cümhuriyyət küçəsində yerləşir və həmin ünvanda cavabdeh yaşayır. Hazırda o torpaq sahəsinə çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, torpaq sahəsinin yerində ölçülərək çıxarış verilməsi üçün mütəxəssislər gəlmiş, lakin cavabdeh tərəfindən ölçmə işlərinin aparılmasına maneçilik törədilir. Göründüyü kimi, cavabdehin iddiaçının qanuni mülkiyyətində olan mülkdən istifadə etməyə maneçilik törətməsi onu mülkiyyət hüququndan məhrum edir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsində göstərilən ünvanda yerləşən torpaq sahəsi və orada tikilmiş ev onun qohumu X6 şəxsi mülkiyyətində olmuşdur. Göygöl Rayon Məhkəməsinin 2006-cı il tarixli qətnaməsinə əsasən torpaq sahəsinə dair onun adına çıxarış verilmişdir. Onun ailəsi məlum hadisələr vaxtı Cəbrayıl rayonundan məcburi köçkün kimi həmin ünvanda məskunlaşaraq Quliyeva Lətifənin ailəsi ilə birlikdə yaşamışlar. Gəncə Apellyasiya Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2(104)-1990/2021 nömrəli qətnaməsi ilə məhkəmənin həmin qətnaməsi ləğv edilmişdir. Göygöl Rayon Məhkəməsi Apellyasiya Məhkəməsinin qətnaməsinə əsaslanaraq xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Quliyeva Lətifənin adına olan çıxarışı etibarsız hesab etmişdir. Bu məhkəmələrin heç biri barədə mülkiyyətçinin və onunla birlikdə yaşayan onun ailəsinin xəbəri olmamışdır. X19 Apellyasiya Məhkəməsinin qətnaməsinin ləğv edilməsi tələbi ilə Ali Məhkəməyə kassasiya şikayəti vermişdir. İddiaçı Teyyub oğlu iddia ərizəsində X8 da cavabdeh kimi göstərməli idi. O, X6 tapşırığı ilə hərəkət etmişdir. Cavabdeh məhkəməyə bir daha ərizə ünvanlayaraq bildirmişdir ki, həmin iddia əsassız və qanunsuz olmasına görə rədd edilməlidir. Qeyd edilən ünvanda onun ailəsi və ondan başqa beş ailə yaşayır. Onlar həmin ünvanda torpaq sahəsini 2000-ci ildə Hacı Məlik kənd Bələdiyyə sədri Alimdən 800 dollara almışlar, hazırda da ev tikib yaşayırlar. 2005-ci ildə Bəxtiyar adlı şəxs gəlib ona bildirmişdir ki, “mən Teyyubun oğluyam, bu torpaq da bizimkidir”. O Bəxtiyara bildirmişdir ki, torpaq sahəsini kənd bələdiyyəsindən almışdır. Bəxtiyar da ondan Göygöl rayon prokuroruna şikayət etmişdir. O prokurorluğa çağırılmış, o da vəziyəti olduğu kimi prokurora danışmışdır. Prokuror Alimi, Bəxtiyarı və onu çağırmış, müstəntiq Fikrətin yanında olmuşlar. Fikrətin məsləhəti ilə razılaşmışlar ki, Bəxtiyarı Alim razı salmalıdı, yəni Bəxtiyarın tələbi yerinə yetirməlidir, onun isə sənədlərini verməlidir. Beləliklə üçü də razılaşaraq ordan çıxmışlar. Səhəri gün Alim onların məskunlaşdığı yataqxanaya gəlib ona demişdir ki, “xeyli ziyana düşdüm, sən təzədən 300 dollar da ver”. O da məcbur qalıb qonşulardan borc alıb vermişdir. Aradan iki ay keçmişdir ki, Alimlə yolda rastlaşmış və ondan torpağın sənədini istəmişdir. O da demişdir ki, sənədlər maşındadır və hazırdır. Ondan əlavə sənədləşmə üçün 2000 ABŞ dolları pul istəmişdir. O da razılaşmayıb səhəri gün rayon prokurorunun yanına gedib vəziyyəti ona danışmışdır. O da baş müstəntiqi çağırıb işi ona həvalə etmişdir. Müstəntiq də Alimi çağırıb və onu etdiyi hərəkətə görə danlamışdır. Onu da “Qəbələ İdarəsinə” rəisin yanına göndərmişdir. Həmçinin rəisə zəng edib rəisdən soruşmuşdur ki, “Alimlə Bəxtiyara verdiyin sənədin əsası varmı?” O isə bildirmişdir ki, “heç bir əsası yoxdur, adi texniki sənəddir”. Prokurorluqda toplanmış sənədlər məhkəməyə göndərilmiş, məhkəmədə də xeyli şahidlər dindirilmiş, o cümlədən qonşular və tikintidə iştirak edən bütün ustalar məhkəmədə ifadə vermişlər. Onun əsasında məhkəmə qətnaməsi çıxarılmış və həmin torpaq sahəsində tikilmiş evə çıxarış verilmişdir. 2006-cı ildə evə dair çıxarış almış və yaşamışlar. 2024-cü ildə Zaur adlı bir nəfər onların evinə gələrək bildirmişdir ki, ilkin sənədlə torpaq sahəsi Teyyubun oğlu Bəxtiyar tərəfindən ona satılmışdır. Zaur adlı şəxsin göstərdiyi ilkin sənədi Alim onlara da göstərmişdir. Zaur adlı şəxs getdikdən sonra Teyyubun ikinci oğlu Üzeir, Zaur və Əmlak komitəsinin əməkdaşı birbaşa onların evinə gəlmişdir ki, “bizi həyət burax, gedək, həyətdə ölçü aparaq”. O isə həmin şəxsləri həyətə buraxmamışdır. Onlar təkrar xeyirlərinə çıxarılmış qətnamədən apellyasiya şikayəti vermişlər, maraqlı şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Üzeir və onun nümayəndəsi Gəncə Şəhər Məhkəməsində iddia qaldıraraq məhkəməyə müraciət ediblər. O həmin şəxsləri həyətə buraxmadığı üçün iddia qaldırıblar. Qaldırılan iddia əsassız və qanunsuzdur. Gəncə Apellyasiya Məhkəməsi qanuna zidd hərəkət edərək, 03 sentyabr 2021-ci il tarixli, 2(104)-1990/2021 saylı qətnaməsi ilə Göygöl Rayon Məhkəməsinin 2006cı il tarixli 2-68/2006 saylı qətnaməsini ləğv etmişdir. Qaçqınlıq həyatı çox çətindir. Gəncə şəhərindəki yataqxanaya yerləşdiriləndə çox müsibətlər yaşamışlar. Ona görə Cəbrayıldan gətirdikləri yorğan döşəyi satıb beş ailə adı çəkilən torpaq sahəsini almışlar ki, ən azından az da olsa rahatlıq taparlar. İndi də bir dələduz ailənin əlində qalmışlar, gah qardaşın biri onların əziyyətlə tikdirdikləri evi birinə satır, ondan sonra 30 ildən sonra o biri qardaş ortaya çıxır ki, “indi də mən varam”. Zaur adlı şəxs onların evinə göz tikmişdir. Odur ki, iddia tələbinin əsassız və qanunsuz olduğuna görə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun çıxış etdi və əlavə etdi ki, Xanlar rayon X15 Rəyasət Heyətinin 16 mart 1994-cü il tarixli, 03 saylı qərarına əsasən 11 nömrəli rayonlararası Təmir tikinti “Dizayn” trestinin torpaq sahəsindən trestdə işləyən 50 nəfər fəhlə və qulluqçulara, hər nəfərə, o cümlədən iddiaçının mərhum atası X11 da 0.06 ha olmaqla kollektiv bağçılıq üçün torpaq sahəsi verilib. İddiaçının atası Teyyub 20 noyabr 1997-ci il tarixdə vəfat etmişdir. İddiaçının atası vəfat edəndən sonra hazırki cavabdehin qohumu X3 Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 07 iyun 2006-cı il tarixli qanunsuz qətnaməsinə əsasən iddiaçının atasının qeyd olunan torpaqdan istifadə hüququna xitam verilmiş, həmin torpaq sahəsinə X6 istifadə, sahiblik və sərəncam vermək hüququ tanınmışdır. Həmin qətnamə əsasında da X12 02 dekabr 2006-cı il tarixli, MH seriyalı, ********* qeydiyyat nömrəli çıxarış almışdır. Sözügedən qətnamə çıxarılarkən iddiaçının bundan xəbəri olmamışdır. Həmin qətnamədən uzun müddət sonra xəbər tutan iddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, iddia tələbi rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilsə də, qətnamə dəyişdirilmədən saxlanılmışdır. X2 birinci növbə vərəsəsi olan iddiaçı torpaq sahəsinə çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, torpaq sahəsinin yerində ölçülərək çıxarış verilməsi üçün mütəxəssislər gəlmiş, lakin cavabdeh tərəfindən ölçmə işlərinin aparılmasına maneçilik törədilir. Odur ki, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin vəkili iddia tələbinin təmin edilməməsini xahiş etmiş və izahatında bildirmişdir ki, müvafiq aktla fəhlə və qulluqçulara, o cümlədən mərhum X1 bağçılıq üçün 0.06 ha torpaq sahəsi verilib. Həmin torpaq sahəsi daşlı-qayalı, həmçinin çınqıllı yer olmuşdur. İddiaçı həmin torpaq sahəsinin atasına verildikdən sonra 3 il ərzində atasının əkib-becərdiyini bildirsə də, həmin torpağın xüsusiyyətlərinə görə torpaqda bir tum dənəsini belə yetişdirmək qeyri-mümkün olmuşdur. 1997-ci ildə X13 öldükdən sonra mərhumun ailə üzvlərindən heç biri torpaq sahəsinə yaxın getməmişdir. Torpaq sahəsi sahibsiz qaldığı üçün Lətifə adlı şəxs həmin torpaq sahəsini almaq üçün onun yerləşdiyi yerin icra nümayəndəliyinə müraciət etmişdir. İddiaçının atası mərhum X11 verilmiş aktdan eynisi də Lətifə adlı şəxsə verilmişdir. Hər ikisinə verilmiş sənəd torpaq sahəsindən istifadə hüququ ilə bağlı olmuş, mülkiyyət sənədi olmamışdır. Lətifə adlı şəxs həmin torpaq sahəsindən evə oxşar yarımçıq tikili tikməyə başlamışdır. Bundan sonra, yəni 2005-2006-cı illərdə mərhumun Rusiyada yaşayan digər oğlu gəlib həmin torpaq sahəsində Lətifə adlı şəxsin tikdiyi tikilini görmüş, bundan sonra aralarında uzunmüddətli mübahisələr yaranmış, iş prokurorluğa qədər gedib çıxmışdır. İcra nümayəndəliyi tərəfindən mərhumun Rusiyada yaşayan digər oğluna başqa torpaq sahəsi verilmişdir. Lətifə adlı şəxs həmin torpaq sahəsinə hüquqmüəyyənedici sənəd almaq üçün məhkəməyə müraciət etmiş, torpaq sahibsiz qaldığından və X2 ailə üzvləri tərəfindən istifadə olunmadığından Lətifəyə dövlət reyestrindən çıxarış verilməsi qət edilmişdir. Lətifə də məhkəmə qətnaməsi əsasında özünə çıxarış almışdır. 2020-ci ildə isə mərhumun Rusiyada yaşayan oğlu, yəni hazırkı iddiaçı torpağın atasına məxsus olduğunu bildirmiş, icra nümayəndəliyi tərəfindən onun qardaşına sözügedən torpaq sahəsinin əvəzində başqa torpaq sahəsi verildiyi bildirilsə də, o bunlardan xəbəri olmadığını, mübahisəli torpaq sahəsinin atasına məxsus olduğunu və ona verilməsini bildirmişdir. İddiaçı həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədi olmamasına baxmayaraq mübahisəli torpaq sahəsini şifahi qaydada Zaur adlı şəxsə satmışdır, Zaur da cavabdehdən ölçmə işlərinə şərait yaradılmasını tələb edir. Hazırda mübahisəli torpaq sahəsində beş ailə özlərinə ev tikib yaşayır. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, 2000-ci ildə yataqxana şəraiti qənaətbəxş olmadığı üçün torpaq sahəsi alıb ev tikmək istəmişdir. Bunun üçün maraqlanmış, Alim adlı bələdiyyə sədrinin torpaq sahəsi satdığını eşitmişdir. Həmin torpaq sahəsi su olmadığından və daşlıçınqıllı olduğundan əkin-biçin etməyə yararlı olmamışdır, bunu nəinki özü, ondan əvvəl orada yaşayan qonşular da təsdiq edə bilər. Alim adlı bələdiyyə sədri ona torpaq sahəsinin özünəməxsus olduğunu, 800 ABŞ dolları müqabilində satdığını bildirmişdir. Bələdiyyə sədri ona iddiaçıya verilmiş aktdan təqdim edərək torpağın ona məxsus olduğunu qeyd etmişdir. Həmin torpaq sahəsində 2-3 il ərzində ev tikmişdir. 2005-ci ildə Üzeirin qardaşı olan Bəxtiyar adlı şəxs onun evinə gələrək torpaq sahəsinin atasına məxsus olduğunu bildirmişdir. Nə iddiaçını, nə də iddiaçının yanında olan Zaur adlı şəxsi tanımır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 17 mart 1994-cü il tarixli aktdan görünür ki, Xanlar rayon Hacıməlik qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsi Xanlar rayon XDS İK-nin Rəyasət heyətinin 16 mart 1994-cü il tarixli 3 saylı qərarı ilə həmin tarixdə 11 nömrəli Rayonlararası Təmir tikinti “Dizayn” trestinin işçisi X11 verilmişdir. İş materiallarında olan Nizami VVAQ şöbəsi tərəfindən verilmiş İV-ЖГ seriyalı, 462335 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X13 20 noyabr 1997-ci il tarixdə “qaraciyərin serrozu” səbəbindən ölmüşdür. Xanlar rayonu, Hacıməlik qəsəbəsi, Dizayn tresti ərazisində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 71,5 kv.m yaşayış, 15,5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X6 adına (qeydiyyat nömrəsi və tarixi: 150604302, xx.xx.2006) adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 105 nömrəli vərəqində qeydiyyata alınmışdır və bu barədə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən **********45-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri 6 saylı notariat ofisinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinə ünvanlanmış 514 nömrəli, xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 5 ünvanında qeydiyyatda olan İddiaçı xx.xx.1997-ci ildə vəfat etmiş atası X7 miras qalmış Xanlar rayonu, Hacıməlik qəsəbəsi, Dizayn tresti ərazisində yerləşən 0.06 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almağı üçün Gəncə şəhər 6 saylı notariat ofisinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən İddiaçı X2 birinci növbədə vərəsəsidir. Lakin İddiaçı həmin miras əmlakın hüquq müəyyənedici sənədlərini təqdim etməmişdir. Belə olan halda notarius vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verə bilmir. Odur ki, İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün X2 adına Xanlar rayonu, Hacıməlik qəsəbəsi, Dizayn tresti ərazisində yerləşən 0.06 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrindən arayış verilməsinə müvafiq göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsinin xx.xx.2022-ci il tarixli, **********92 nömrəli vəkil sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, X10 Göygöl rayonu, Hacıməlik qəsəbəsi, Dizayn tresti ərazisində 0.06 ha torpaq sahəsində yerləşən 71,5 kv.m yaşayış sahəsi, 15,5 kv.m köməkçi sahəsi olan 3 otaqlı fərdi yaşayış evinə xx.xx.2006-cı il tarixli seriya MH № 0004475, **********45-10301 reyestr nömrəli,150604302 qeydiyyat nömrəli çıxarış verilmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(066)-43/2022 saylı qətnaməsinə əsasən X6 adına verilmiş seriya MH № 0004475, ********* qeydiyyat nömrəli çıxarış etibarsız hesab edilmişdir. Məhkəmə qətnaməsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən icra olunmuş, X10 Göygöl rayonu, Hacıməlik qəsəbəsi, Dizayn tresti ərazisində 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair verilmiş xx.xx.2006cı il tarixli seriya MH № 0004475, **********45-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarış ləğv edilmişdir. Bildirilir ki, göstərilən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi hazırda heç kimin adına qeydiyyatdan keçməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-H-00xxxx/2024 nömrəli iddiaçıya cavab məktubunda qeyd edilmişdir ki, Göygöl rayonu, Hacıməlik kəndi ərazisində yerləşən torpaq sahəsinə baxış keçirilməsi üçün mütəxəssislər tərəfindən əraziyə gedilmiş, lakin digər vətəndaş tərəfindən torpaq sahəsi üzərində ölçü işlərinin aparılmasında mübahisə halı yarandığından torpaq sahəsinin yerində göstərilməsi mümkün olmamışdır. İş materiallarında olan Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X4 M-667 nömrəli, 01 iyun 2024-cü il tarixli məhkəmə sorğusuna cavab məktubundan görünür ki, ünvan 6 ünvanı Birliyin balansına aid deyil. Sorğu ilə bağlı Ərazi üzrə İcra nümayəndəliyinə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin vəkil sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, X6 cavabdeh Xanlar rayon Torpaq şöbəsinə qarşı torpaqdan istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 sentyabr 2021-ci il tarixli, 2(104)-1990/2021 nömrəli qətnaməsindən iddiaçı X12 tərəfindən verilmiş kassasiya şikayəti mülki işlə birlikdə kassasiya qaydasında baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. İddiaçı X12 cavabdeh Xanlar rayon Torpaq şöbəsinə qarşı iddia ərizəsi ilə 13 iyun 2006-cı il tarixdə Xanlar (indiki Göygöl) Rayon Məhkəməsinə müraciət edərək, 20 noyabr 1997-ci ildə ölmüş X18 adlı şəxsin torpaqdan istifadə hüququna xitam verilməsi, 0,06 hektar torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində onun tərəfindən inşa edilmiş yarımçıq tikilinin istifadə, sahiblik, sərəncam vermək hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş, Xanlar Rayon Məhkəməsinin 2-68/2006 nömrəli, 07 iyun 2006-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Xanlar rayonunun Hacıməlik kəndində yerləşən 0,06 hektar torpaq sahəsinin sahibi mərhum X13 öldüyünə görə torpaqdan istifadə hüququna xitam verilməsi, həmin 0,06 hektar torpaq sahəsinin və yarımçıq tikilinin istifadə, sahiblik, sərəncam vermək hüququnun iddiaçıya verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1990/2021 nömrəli, 03 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə maraqlı şəxs X9 hüquqi varisi İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3680/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçı X6 cavabdeh Xanlar rayon Torpaq şöbəsinə (maraqlı şəxs X13) qarşı “torpaq sahəsi üzərində hüquqların müəyyən edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1990/2021 nömrəli, 03 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı Lətifə Quliyeva (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1990/2021 nömrəli, 03 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Göygöl Rayon Məhkəməsinin 2(060)-43/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X10 qarşı MH seriyalı, ********* qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməsi, cavabdeh X6 adına tərtib edilmiş 02 dekabr 2006-cı il tarixli, MH seriyalı, ********* qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2- 2431/2025 nömrəli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, Ərazi İdarəsinin arxiv məlumatlarına istinadən sözügedən daşınmaz əmlaka dair hüquq müəyyənedici sənədlər aşkar edilməmişdir. Bu səbəbdən əmlakın yeni qaydalarla ünvanını təyin etmək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2- 2452/2025 nömrəli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, Ərazi İdarəsinin arxiv məlumatlarında torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlər aşkar edilməmişdir. İddiaçının iştrakı ilə sözügedən torpaq səhəsinə yerində baxışı keçirildi və məlum oldu ki, torpaq sahəsi Gəncə şəhəri, Cümhuriyyət prospektində yerləşir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından da göründüyü kimi, İddiaçı birinci növbədə vərəsə kimi, xx.xx.1997-ci ildə vəfat etmiş atası X11 Xanlar rayon XDS İKnin Rəyasət heyətinin 16 mart 1994-cü il tarixli 3 saylı qərarı ilə həmin tarixdə 11 nömrəli Rayonlararası Təmir tikinti “Dizayn” trestinin işçisi kimi ayrılmış Xanlar rayonu Hacıməlik qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsinə (hazırda Gəncə şəhəri, Cümhuriyyət prospektində yerləşən) vərəsəlik hüququ haqqında şəhadətnamə almağı üçün Gəncə şəhər 6 saylı notariat ofisinə müraciət etmiş, lakin İddiaçı həmin miras əmlakın hüquq müəyyənedici sənədlərini təqdim etmədiyindən notarius vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verə bilməmişdir. Belə olan halda iddiaçı mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrindən arayış verilməsinə müvafiq göstəriş verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsinə müraciət etmiş, lakin Göygöl rayonu, Hacıməlik kəndi ərazisində yerləşən torpaq sahəsinə baxış keçirilməsi üçün həmin İdarədən mütəxəssislər tərəfindən əraziyə gedilmiş, lakin digər vətəndaş tərəfindən torpaq sahəsi üzərində ölçü işlərinin aparılmasında mübahisə halı yarandığından torpaq sahəsinin yerində göstərilməsi mümkün olmamışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin digər hallarından görünür ki, Göygöl rayonu, Hacıməlik qəsəbəsi, Dizayn tresti ərazisində 0.06 ha torpaq sahəsində yerləşən 71,5 kv.m yaşayış sahəsi, 15,5 kv.m köməkçi sahəsi olan 3 otaqlı fərdi yaşayış evinə dair X10 xx.xx.2006-cı il tarixli seriya MH № 0004475, **********45-10301 reyestr nömrəli,150604302 qeydiyyat nömrəli çıxarış verilmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(066)-43/2022 saylı qətnaməsinə əsasən X6 adına verilmiş seriya MH № 0004475, ********* qeydiyyat nömrəli çıxarış etibarsız hesab edilmişdir. Məhkəmə qətnaməsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən icra olunmuş, X10 Göygöl rayonu, Hacıməlik qəsəbəsi, Dizayn tresti ərazisində 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair verilmiş xx.xx.2006-cı il tarixli seriya MH № 0004475, **********45- 10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarış ləğv edilmişdir. Göstərilən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi hazırda heç kimin adına qeydiyyatdan keçməmişdir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, sözügedən əmlakın atasına məxsus olması müəyyən ediləcəyi təqdirdə iddiaçının qanun üzrə vərəsəlik hüququ əsasında vərəsəlik, o cümlədən gözlənilən mülkiyyət hüquqları vardır. İddiaçı həmin hüquqdan irəli gələrək özünün əmlaka mülkiyyət hüququnun qeydə alınması üçün daşınmaz əmlakın dövlət reyestrini qeydə alan orqana müracitə etsə də cavabdeh qeydiyyat üçün zəruri olan müayinə baxışına maneə törətdiyindən müvafiq hüququn qeydiyyata alınmasından imtina olunmuşdur. Cavabdeh bu maneəni əslində həmin əmlaka iddiaçının deyil, onların hüququnun olması barədə mübahisələrinin mövcudluğu ilə izah etsələr də məhkəmə qeyd edir ki, hazırda daşınmaz əmlakın dövlət reyestrini qeydə alan orqan tərəfindən aparılmalı olan müayinə baxışı həmin daşınmaz əmlak üzərində iddiaçının və ya cavabdehlərin hər hansı birinin deyil, X2 adına ilkin qeydiyyatın mümkün olub-olmaması ilə əlaqədardır. Beləliklə, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün qeydiyyat orqanına müayinə baxışının aparılmasına cavabdehin maneə törətməlsinin heç bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan normalardan göründüyü kimi daşınmaz əmlak üzərində mülkiyyət hüququnu qeydiyyata aldırmağa mülkiyyətçinin hüququ olduğu kimi eyni zamanda həmin hüququn dövlət tərəfindən qorunması, eləcə də sərəncam hüququnun həyata keçirilməsi üçün qanunvericilik belə qeydiyyatı zəruri şərt kimi müəyyən etmişdir. İddiaçı sözügedən əmlaka dair mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas olan ilkin sənədlərə, o cümlədən Xanlar rayon XDS İK-nin Rəyasət heyətinin 16 mart 1994-cü il tarixli 3 saylı qərarına əsasən X2 hüququnun qeydə alınması üçün daşınmaz əmlakın dövlət reyestrini aparan orqana müraciət etmişdir. Hüququn qeydiyyata alınmasına imkan verilməməsi mülkiyyət hüququnun özünün pozulmasına səbəb olur. Çünki, daşınmaz əmlak üzərində qeydə alınmamış hüquq barədə mülkiyyətçi sərəncam vermək hüququndan məhrum olur. Məhkəmə hesab edir ki, cavabdeh heç bir əsaslı səbəb göstərmədən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına maneə törətdiyi üçün iddia təmin edilməli və mülkiyyət hüququnun qeydiyyatı üçün daşınmaz əmlaka müayinə baxışının keçirilməsinə maneə törədilməsi cavabdehə qadağan edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsinin əməkdaşları tərəfindən, Xanlar rayon X15 Rəyasət Heyətinin 16 mart 1994-cü il tarixli, 03 saylı qərarı ilə mərhum X11 ayrılmış Xanlar rayonu Hacıməlik qəsəbəsində yerləşən 0,06 hektar (hazırda Gəncə şəhəri, Cümhuriyyət prospektində yerləşən) torpaq sahəsinin ölçmə işlərinin aparılmasına maneə törədilməsi Cavabdeh qadağan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar