Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1146/2023 06.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, cavabdehdən ondan borc aldığı 18.000 manat pulun, 144 manat dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehi qonşu kimi tanımışdır. O, cavabdehə 23 may 2022-ci il tarixli kredit müqaviləsi əsasında 18 000 manat məbləğində borc vermiş, cavabdeh 23 may 2025-ci il tarixədək hər ay 500 manat ödəmək şərtilə borcu qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh üzərinə götürdüyü öhdəliyi pozmuş və icra etməkdən yayınmışdır. Borcun qaytarılması barədə cavabdeh dəfələrlə xəbərdar edilsə də qaytarmaqdan imtina etmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək və əlavə olaraq ərizə təqdim edərək cavabdehin ona olan borcundan 1500 manat hissəsini ödədiyini, qalan borcunu isə ödəməkdən imtina etdiyini bildirərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 07 fevral 2023-cü il tarixli hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, o, iddiaçıdan 8000 manat məbləğində borc pul götürmüş, həmin borcun bir qismini qaytarmış, lakin cavabdehə 5800 manat məbləğində borcu qalmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İddiaçı (borcverən) ilə Cavabdeh (borcalan) arasında bağlanmış, Gəncə şəhəri 3 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 1S-3330 reyestr nömrəli 23 may 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, borcverən borcalana faizsiz olaraq 18000 manat məbləğində pulu borc verir və borcalan isə həmin məbləği xx.xx.2025-ci il tarixədək hər ay 500 manat ödəmək şərti ilə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında 23 may 2022-ci il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqavilə notarial qaydada təsdiq edilmişdir. Bu müqaviləyə əsasən iddiaçının cavabdehə borc olaraq verdiyi 18000 manat pulun 23 may 2025-ci ilədək (üç il ərzində) hər ay 500 manat olmaqla hissə-hissə qaytarılması nəzərdə tutulmuşdur. Cavabdeh müqavilədə 18 000 manat yazılmasına baxmayaraq iddiaçıdan 8 000 manat borc aldığını və hazırda iddiaçıya 5200 manat borcunun qaldığını bildirsə də məhkəməyə etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutlar təqdim etməmişdir. Müqavilədə borca görə faiz nəzərdə tutulmamışdır. Cavabdeh iddiaçıya olan borcundan cəmi 1500 manat ödəniş etmişdir. Bu hal iddiaçının məhkəməyə təqdim etdiyi ərizə ilə təsdiq olunur. İddiaçı cavabdehdən bütövlükdə 18 000 manat borcun qaytarılmasını tələb etsə də, tərəflər arasında bağlanmış müqavilə borcun hissə-hissə qaytarılmasını nəzərdə tutduğundan icra olunması tələb edilən öhdəliyin bir hissəsinin hələ icra vaxtı çatmamışdır. Müqavilənin şərtlərinə uyğun olaraq cavabdehin iddiaçıya olan borcundan hər ay 500 manat qaytarmaq öhdəliyi vardır. Müqavilənin bağlandığı vaxtdan indiyə qədər 9 ay keçmişdir. Yəni, cavabdehin müqavilə üzrə vaxtı çatmış öhdəliyinin ümumi həcmi 4500 manatdır. Bundan 1500 manat ödənildiyi üçün hazırda cavabdehin vaxtı çatmış və icra edilməmiş öhdəliyinin ümumi həcmi 3000 manat təşkil edir. İddiaçı müqavilə üzrə bütün məbləğin tutulmasını tələb etsə də bunun üçün əsasların olmasına istinad etməmiş, müqavilədə iddiaçının borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququnu nəzərdə tutan şərtlər müəyyən edilməmişdir. Eyni zamanda, iddiaçı Mülki Məcəllənin 743-cü maddəsi ilə nəzərdə tutulmuş əsasların olmasına dair sübutlar təqdim etməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia hazırkı halda yalnız 3 000 manat pulun cavabdehdən tutulub iddiaçıya verilməsi hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 122.2-ci maddəsinə əsasən iddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 144 manat dövlət rüsumundan ibarətdir. İddiaçı iddia ərizəsini verdiyi zaman onun iddiasının 4500 manat hissəsi yəni, 25 faizi əsaslı olmuşdur. Məhkəmənin gedişində cavabdeh iddianın bir qismini, 1500 manat hissəsini könüllü olaraq icra etmişdir. Buna görə də məhkəmə hesab edir ki, məhkəmə xərci kimi ödənilmiş dövlət rüsumunun 25 faizi, yəni 36 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 23 may 2022-cı il tarixli kredit müqaviləsi üzrə 3 000 (üç min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 36 (otuz altı) manat pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(125)-1146/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1146/2023
06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver