Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-115/2024 17.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X1 İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi zərərin əvəzi qismində pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə suyun axıdılması nəticəsində vurulmuş maddi zərərin əvəzi qismində 2.000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, bildirdi ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən 16 nömrəli evin 37 nömrəli mənzili ona məxsusdur. O, ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Cavabdehlər isə atalarından onlara miras qalmış Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən 16 nömrəli evin 39 nömrəli mənzilində, yəni onun mülkiyyətində olan mənzilin üst mərtəbəsində yaşayırlar. Cavabdehlərin mülkiyyətində olan mənzilindən daim həmin mənzilə su axıdılır. Bunun nəticəsində onun mənzilinə xeyli ziyan dəymiş və mənzili bərbad vəziyyətə düşmüşdür. O, 3 dəfə mənzili təmir etdirsə də, suyun axıdılması nəticəsində mənzil yenidən istismara yararsız hala gəlmişdir. Dəfələrlə o, cavabdehlərə bu barədə bildirmiş və su axmasının qarşısının alınmasını tələb etmiş, lakin cavabdehlər buna məhəl qoymamışlar. Cavabdehlərin qanunsuz hərəkətlərinin qarşısını almaq üçün o, aidiyyəti orqanlara da müraciət etmişdir. O, bu barədə Gəncə şəhəri, Gülüstan qəsəbəsindəki kooperativ binalar üzrə xidmət sahəsinin nəzarətçi müfəttişinin iştirakı ilə də akt tərtib edilmişdir. Buna görə o, cavabdehlər ona vurduğu maddi zərəri ödəməlidir. Sonda İddiaçı iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bundan başqa mülki işin baxılmağa hazırlanması zamanı Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən 16 nömrəli evin 39 nömrəli mənzilində qardaşı Cavabdeh2 ilə birgə yaşayır və istifadə edir. Sözügedən mənzilin su və kanalizasiya borusunda olan nasazlıqla əlaqədar, həmin binanın 37-ci mənzilinə su axıdılmışdır. Lakin həmin nasazlıq təmir olunmuş və suyun axıdılması dayandırılmışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.1985-ci il tarixli, 27 nömrəli orderin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən 16 nömrəli evin 37 nömrəli mənzilin istifadəçisidir və ona sahiblik edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən 16 nömrəli 39 nömrəli mənzilindən həmin binanın 37-ci mənzilinə su və kanalzasiya borularından su sızması nəticəsində 37-ci mənzilin tavan və divarlarına 2.000 manat məbləğində ziyan dəymişdir. Həmin akt Gülüstan qəsəbəsindəki kooperativ binalar üzrə xidmət sahəsinin nəzarətçi müfəttişi və həmin binanın sakinləri tərəfindən təsdiqlənmişdir. İşdə olan məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2- 10/5200 nömrəli rəyindən görünür ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsində inşa edilmiş 16 saylı binanın, 4-cü mərtəbəsində yerləşən 37 saylı mənzilinə, həmin mənzilin üst mərtəbəsində yerləşən 39 saylı mənzildən su axıdılmış və nəticədə 37 saylı mənzilin yaşayış otağı, mətbəx, dəhliz və ayaqyolu tikililərinə ziyan vurulmuşdur. 39 saylı mənzilin su-kanalizasiya xətləri gizli şəkildə olduğundan, 37 saylı mənzilə su sızmasının texniki səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. 37 saylı mənzilə su sızması 39 saylı mənzilin su-kanalizasiya xətlərində yaranmış nasazlıq səbəbindən baş verə bilər. Gəncə şəhəri, Gülüstan qəsəbəsində inşa edilmiş 16 saylı binanın 3-cü mərtəbəsində yerləşən 37 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1.856 manat məbləğində müəyyən olunmuşdur. Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən 16 nömrəli evin 37 nömrəli mənzilində yaranmış qüsurların, 37 saylı mənzil ilə eyni proeksiyada olan 39 saylı mənzilin su və kanalizasiya xətlərində yaranmış nasazlıq səbəbindən olduğunu nəzərə alaraq, gələcəkdə zərərin təkrarlanmaması üçün 39 saylı mənzilin su-kanalizasiya xətlərində əsaslı təmir işlərinin aparılması zəruridir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən 16 nömrəli evin 37 nömrəli mənzil İddiaçı qanuni sahiblik və istifadəsindədir. İddiaçı və onun ailə üzvləri həmin mənzildə yaşayırlar. Həmin mənzillə eyni proyeksiyada Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən 16 nömrəli evin 39 nömrəli mənzildə isə Cavabdeh1 və Cavabdeh2 yaşayır. Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən 16 nömrəli evin 39 nömrəli mənzilinin su və kanalizasiya xətlərində yaranmış nasazlıqla əlaqədar həmin evin 37 nömrəli mənzilinə su axıdılmış və nəticədə İddiaçı mülkiyyətində olan mənzilə 1.856 manat məbləğində zərər vurulmuşdur. Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən 16 nömrəli evin 39 nömrəli mənzilinin su və kanalizasiya xətlərində nasazıqların olması Cavabdeh1 məhkəmə hazırlıq iclasında məhkəməyə təqdim etdiyi ərizə və məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/5200 nömrəli rəyi, vurulmuş zərərin məbləği isə məhkəmə tikintitexniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/5200 nömrəli rəyi ilə öz təsdiqini tapmışdır. Azəbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1.856 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə iddianın qismən təmin edilməsini nəzərə alaraq, hesab edir ki, məhkəmə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 50 manat məbləğində pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurulmuş maddi zərərin əvəzi qismində 1.856 (bir min səkkiz yüz əlli altı) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdehlər Cavabdeh1dan və Cavabdeh2 məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaiti tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-115/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-115/2024
17.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver