Məhkəmə qərarları › İş №2(125)-1158/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1158/2024

28.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1158/2024 28.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən torpaq sahəsi almaq üçün verdiyi 12000 ABŞ dolların, sərəncam alması üçün verdiyi 1500 ABŞ dolların və torpağın hasarına xərclədiyi 4000 manat məbləğində pulun, 171 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, ailəsi ilə birlikdə Gədəbəy rayonu, Slavyanka kəndində yaşayır. 2011-ci ildə X1 makler kimi torpaq alqı-satqısı işi ilə məşğul olan şəxs kimi tanımışdır və Ariflə görüşüb torpaq sahəsi almaq istədiyini bildirmişdir. Arif isə tanışı Cavabdeh satışda olan torpaq sahələrinin olduğunu bildirmişdir. Daha sonra onlarla birlikdə Gəncə Şəhəri Sevinc qəsəbəsinə gedərək 23 və 24-cü küçələrdə olan iki torpaq sahəsini onlara görsərmişdir. Bir neçə gündən sonra onu Səyad adlı şəxslə görüşdürüb birlikdə həmin torpaq sahələrinə yenidən baxmaq üçün getmişlər. Cavabdeh Arifin yanında Sevinc qəsəbəsində 23 və 24-cü küçədə Arif göstərdiyi torpaqları bir daha ona göstərərək satılması ona həvalə olunduğunu və torpağın hər birinini 6000 ABŞ dollarına satdığını bildirmiş, o, həmin qiymət ilə razılaşaraq hər iki torpaq sahəsini almaq qərarına gəlmişdir. Bundan sonra Səyada hər bir torpaq sahəsi üçün 6000 ABŞ dolları, cəmi 12000 ABŞ dolları pulu Arifin iştirakı ilə ödəmiş, Səyad isə ona yaxın bir müddətdə həmin torpaq sahəlhərini onun adına rəsmiləşdirəcəyini bildirmişdir. Lakin sənədləşməni müxtəlif bahanələr edərək rəsmiləşdirməkdən yayınmışdır. Həmin torpaqlardan birində tiknti işləri aparmaq istəyərkən sahə müvəkkili yaxınlaşıb tikiliyə icazə sənədi tələb edərkən o, Ariflə birlikdə Səyadla görüşüb tikiliyə razılıq verilməsi ilə bağlı sənəd tələb olunduğunu bildirmişdir. Səyad isə bildirdi ki, 1500 ABŞ dolları pul versə torpaqda tikinti işlərinin arparılması ilə bağlı ona sərəncam alıb verəcəkdir. O, razılaşıb Səyada Arifin yanında 1500 ABŞ dolları pul versə də, Səyad hər hansı bir sərəncamı ona verməmişdir. Sahə müvəkkili isə sonradan ona hər hansı bir problem yaratmadığı üçün Torpaq sahəsinin kənarlarını mişar daşı ilə tikdirmişdir. O, 12000 ABŞ dollarına razılaşıb Səyaddan aldığı iki torpaq sahəsinə dair hüquqi səndələrin düzəldilib verilməsini dəfələrlə ondan tələb etsə də, düzəldəcəyi barədə vədlər verərək torpaqlara dair hüquqi sənədlərin düzəldilməsi ilə bağlı ondan əlavə olaraq 3600 manat məbləğində pul istəmişdir. Həmin 3600 manat pulu Ariflə birlikdə Səyadla görüşüb, Arif pulu ondan götürərək sayıb onun yanında Səyada vermişdir. Lakin Cavabdeh ondan aldığı 12000 ABŞ dolları dəyərində olan torpaq sahələrinə dair hüquqi sənədlər verməmişdir. Dəfərlərlə ondan torpağa dair hüquqi sənədlərin düzəldib təhvil verməsini tələb etsə də, müxtəlif bəhanələr edərək yayınmışdır. Əlavə olaraq, cavabdeh ona verdiyi 13500 ABŞ dolları pulu ona verdiyini etiraf edir və qaytarmayacağını bildirir. Buna görə də o, məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, polisə şikayəti nəticəsində araşdırma aparılmış və verdiyi 3600 manat pul cavabdeh tərəfindən geri qaytarılmışdır, lakin digər məbləğlər geri qaytarılmamışdır. İddiaçı tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) ərizənin məzmununa uyğun izahat verərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh iddiaya etiraz edərək bildirdi ki, torpaq sahələri iddiaçıya verildiyi üçün onların əvəzi olaraq aldığı pulları geri qaytarmalı deyil, həmin torpaq sahələrinin Nizaminin adına rəsmiləşdirildiyini deyə bilmir; o, pul alınıb-verilməsini görməmişdir; iddiaçı torpağın dəyərindən qalan 4000 manat pulu ödəməmişdir; pul məsələsi o qədər uzandı ki, sərəncam üçün verilən 3600 manat pulu geri qaytarmalı olmuşdur. Cavabdeh iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X2 bildirdi ki, Nizamini uzun müddətdir tanıyır, qonşu kəndlisidir, münasibətləri yaxşıdır. Səyadı makler kimi tanıyır. 2011-ci ilin sentyabr ayının əvvəlində Səyad 2 torpaq sahəsini satdığını bildirmişdir. O, Nizamiyə torpaq sahələrinin satıldığını demiş, Nizami isə həmin torpaq sahələri üçün onun yanında 12000 ABŞ dolları pulu Səyada vermişdir. Daha sonra Nizami Səyada tikintiyə icazə almaq üçün 1500 ABŞ dolları, çıxarış almaq üçün sənədləşdirməyə görə 3600 manat pul vermişdir. Torpaq sahəsi satın almaq barədə danışıq məktəbdə dərs ili başlamazdan əvvəl olmuş, 12000 ABŞ dolları pul isə məktəbdə dərs ili başladıqdan sonra verilmişdir. Nizaminin verdiyi pulları o, sayıb əlbəəl Səyada verdiyi üçün pulların məbləğini və məzənnəsini dəqiq bilir. Onun iştirakı olduğu üçün pulların alınıb-verilməsi vaxtını xatırlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. Hazırkı iş üzrə iddiaçı torpaq sahəsinin alqı-satqısı və rəsmilşdirilməsi üçün cavabdehə verdiyini bildirdiyi pulun tutularaq ona ödənilməsini xahiş etmiş, tərəflər arasında alqı-satqısı razılaşdırılmış daşınmaz əmlakın onun adına rəsmiləşdirilməməsi ilə tələbini əsaslandırmışdır. İddiaçının tələbini sübut etmək üçün məhkəməyə təqdim etdiyi şahid ifadəsi ilə müəyyən olunur ki, İddiaçı torpaq sahəsinin əldə edilməsi üçün 12000 ABŞ dolları, rəsmiləşdirilməsi üçün 1500 ABŞ dolları pulu Arif Həsənovun iştirakı ilə Cavabdeh təhvil vermişdir. Lakin tərəflər arasında barəsində razılaşdırılmış torpaq sahəsi İddiaçı adına rəsmiləşdirilməmiş və ya bu halı təkzib edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, həyata keçirilməmiş əsasa görə pul, yəni məhrum olan iddiaçının hesabına əmlak əldə etmiş və əsassız varlanmış cavabdehdən pulun tutulması barədə iddia sübuta yetirilmişdir. Belə ki, varlanmış şəxs cavabdehin əməli gözlənilən məqsədə uyğun olmadığndan – torpaq sahəsi adına rəsmildirilmədiyindən məhrum olan iddiaçı verdiyi pulu geri tələb etməkdə haqlıdır. Bundan başqa, qanunvericiliyə əsasən, qaytarma tələbini istisna edən hal(lar) müəyyən olunmur. Həmçinin nəzərə alınır ki, cavabdeh iddiaya etiraz etsə də, onun verdiyi izahat bir-birinə ziddiyyətli cümlələrdən ibarət olmuş, habelə məhkəmə qaydasında tələb edilən pulun verilməsi şahid ifadəsi ilə təsdiq olunmuş, geri qaytarılması isə sübut olunmamışdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia 13500 ABŞ dollarının tutulması hissəsində əsaslıdır və həmin hissədə təmin edilməlidir. Beləliklə, cavabdehdən 13500 ABŞ dolları (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla) pul tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı mübahisəli daşınmaz əmlakın hasarlanması üçün çəkilən xərcin əvəzi qismində 4000 manat pulun tutulmasını xahiş etsə də, həmin hissədə iddia sübuta yetirilmədiyi üçün təmin edilməməlidir. Məhkəmə onu da bildirir ki, iddianın sübutu qismində təqdim edilmiş audio səs yazılarını ehtiva edən diskin tədqiqi nəticəsində adının Səyad olduğunu təsdiqləyən şəxsin ona 13000 ABŞ dolları pulu verildiyini bildirməsi və qalıq 4000 ABŞ dolları təhvil veriləcəyi halda torpaq sahələrinin rəsmiləşdirilməsinə razılıq bildirməsi müəyyən edilsə də, həmin danışıqlar birbaşa tərəflər arasında deyil, iddiaçının təmsilçisi ilə aparılmışdır, buna görə həmin danışıqlar sübut qismində qəbul edilə bilməz. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 158.85 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 13500 (on üç min beş yüz) ABŞ dolları (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla) pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 158 (yüz əlli səkkiz) manat 85 (səksən beş) qəpik pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar