Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1195/2023 30.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul və dəymiş ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul və dəymiş ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 470 (dörd yüz yetmiş) manat pulun və vurduğu maddi ziyanın əvəzi kimi 1000 (bir min) manat pulun, ümumilikdə 1470 (bir min dörd yüz yetmiş) manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Qarabağ Əlilləri və X1 sədridir. 2021-ci ilin təxminən may ayında Cavabdeh 2 nəfər başqa şəxslə birliyə gələrək birliyin üzvlərinə xidmət göstərmək niyyətində olduqlarını bildirmişdir. Bundan sonra bir müddət onlarla işləmişlər. Təxminən bir ay sonra cavabdeh bildirmişdir ki, nişanlıdır, nişanlısına bəzi şeylər almaq üçün ona pul lazımdır və ondan 100-200 manat borc pul istəmişdir. O, Birliyin üzvləri olan Rauf və Elmanın yanında cavabdehə 200 (iki yüz) manat vermişdir. Bundan təxminən bir ay sonra cavabdeh ona bildirmişdir ki, Bakı şəhərinə gedir, pulu yoxdur, buna görə ondan pul istəmişdir. O, evdə olan zaman cavabdeh gəlib evində ondan 70 (yetmiş) manat pul almışdır. 1-2 gün sonra guya Bakıdan ona zəng vurmuşdur ki, pulu qurtarıb ona 100 manat pul göndərsin. O, 100 (bir yüz) manat pulu onun verdiyi bank kartına köçürmüşdür. Təxminən 7-10 gün sonra yenə ona nişanlısının yanına gedəcəyini bildirmiş və ondan pul istəmişdir. Həmin vaxt o, cavabdehə yenə 100 (bir yüz) manat borc pul vermişdir. Beləliklə o, cavabdehə ümumilikdə 470 (dörd yüz yetmiş) manat borc pul vermişdir. Təxminən 2021-ci ilin dekabr ayında cavabdeh birliyə gəlmiş və bildirmişdir ki, ondan borc aldığı 470 manatı gətirmişdir. O, maşınının açarını ona vermiş və demişdir ki, pulu maşının saxlanc yerinə qoymasını demişdir. Cavabdeh ondan açarı alıb getmiş, sonra qayıdıb yenə yanına gəlmiş və bildirmişdir ki, pulu oraya qoymuşdur. Sonra onlar birlikdə dəmiryol vağzalının yaxınlığında olan çay evinə çay içməyə getmişlər. Orada bir müddət oturub çay içdikdən sonra sağollaşıb aralaşmışlar. O, evə gələndən sonra maşının bardaçokunu açmışdır ki, pulu ordan götürsün, lakin orada pul yox idi. Bundan sonra o, cavabdehdən polis bölməsinə şikayət etmişdir. Onun şikayəti ilə bağlı 2-ci Polis Şöbəsində material vardır. Lakin ona bildirilmişdir ki, onun tələbi mülki xarakter daşıyır. Buna görə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdehin onun pulunu alıb qaytarıb verməməsi nəticəsində ona 1000 (bir min) manat ziyan dəymişdir. Belə ki, onun sahibkarlıq obyekti var. O, 470 manatlıq mal alsaydı və onu satsaydı 1000 (bir min) manat gəlir əldə edəcəkdi. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; xx.xx.2019-cu il tarixli, 0257 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və yaralanmışdır. Müharibə veteranıdır. Məhkəmə, iddiaçının izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul və dəymiş ziyan ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pul və dəymiş ziyana və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və dəymiş ziyan və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul və dəymiş ziyan məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 740-cı maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə iddia tələbinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçı tələbini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin bu hallarla bağlı mövqeyi qətidir. Belə ki, həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1.və 76.2. maddələri). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “Mahmudov Rusiyaya qarşı”iş üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud tələbin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Məhkəmə qeyd edir ki, hər bir şəxs öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Əgər bir tərəf digər tərəfin tələbinin əsası kimi istinad etdiyi halı etiraf edirsə və bu hal digər sübütla təsdiq edilməklə inkar edilmirsə, bu zaman məhkəmə əlavə araşdırma aparılmadan iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Lakin məhkəmə baxışı zamanı iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyini iddiaçı yerinə yetirə bilməmiş və hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı öz iddiasının əsasını təşkil edən sübutları məhkəməyə təqdim etmək vəzifəsi daşıdığından yəni sübutetmə vəzifəsi bilavasitə onun üzərinə düşməsinə buna baxmayaraq iddianın xeyli müddət məhkəmənin icraatında olmasına baxmayaraq, məhkəməyə mötəbər sübut təqdim edə bilmədiyindən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh ona borclu olduğu 470 (dörd yüz yetmiş) manat pulun və vurduğu maddi ziyanın əvəzi kimi 1000 (bir min) manat pulun, ümumilikdə 1470 (bir min dörd yüz yetmiş) manat pulun alınaraq ona verilməsi barədə tələbi əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh ona borclu olduğu 470 (dörd yüz yetmiş) manat pulun və vurduğu maddi ziyanın əvəzi kimi 1000 (bir min) manat pulun, ümumilikdə 1470 (bir min dörd yüz yetmiş) manat pulun alınaraq ona verilməsinə dair iddiası rədd edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-1195/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1195/2023
30.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver