Məhkəmə qərarları › İş №2(125)-1198/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1198/2022

13.10.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1198/2022 13.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ******* nömrəli, 16 fevral 2022-ci il tarixli aktın və iddiaçının barəsində qanunsuz hesablanmış 518 manat məbləğində cərimənin ləğv edilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ******* nömrəli, 16 fevral 2022-ci il tarixli aktın və iddiaçının barəsində qanunsuz hesablanmış 518 manat məbləğində cərimənin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, Gəncə şəhəri, Qəmərli küçəsində yerləşən fərdi yaşayış evinə gedən qaz borusunun üzərində yerləşdirilmiş ******* nömrəli sayğac onun adına qeydiyyata alınmışdır. Həmin ev yeni tikili olduğundan və tikinti işləri tam başa çatdırılmadığından orada yaşayış olmamışdır. Yalnız hazırki tarixdən sonrakı aylarda tikintinin tam başa çatdırılması və orada yaşayışın təmin olunması planlaşdırılır. Buna baxmayaraq, 16 fevral 2022-ci il tarixdə qaz sayğacına baxış keçirilmiş və bu barədə ******* nömrəli akt tərtib olunmuşdur. Həmin aktda sayğacın hesablama mexanizminin seriya nömrəsi yazılmış lövhə və qoruyucu plastmas qapağın gövdənin üzərində aşkar olunmadığı qeyd edilmişdir. Lakin qaz sayğacına onun təqsiri nəticəsində zərər vurulmamış, digər şəxslər tərəfindən vurulmuş zərər barəsində isə onun tərəfindən hüquq mühafizə orqanlarına məlumat verilmiş, hətta bu barədə araşdırma da aparılmışdır. Qeyd olunan araşdırma nəticəsində onun qonşusu Süleymanova Hicran Məzahir qızının təqsirli hərəkətləri müəyyən olunmuşdur. Buna baxmayaraq, qanunsuz olaraq ona 518 manat məbləğində cərimə hesablanmışdır. Sonda İddiaçı «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 16 fevral 2022-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında qaz sayğacında yaranmış qüsurla əlaqədar dəymiş ziyanın əvəzi qismində ona hesablanmış 518 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 2021-ci ilin noyabr ayında tərtib edilmiş aktın surətindən görünür ki, Gəncə şəhəri, Qəmərli küçəsində yerləşən 164 saylı fərdi yaşayış evinə gedən qaz xəttinin üzərində quraşdırılmış G-4 markalı ******* zavod nömrəli qaz sayğacının xarici təsir nəticəsində hesablayıcı mexanizması və gövdəsi zərər çəkmişdir, ümumiyyətlə hesablayıcı mexanizması yoxdur. Xəttə baxış keçirən zaman məlum olmuşdur ki, İddiaçı məxsus evin qaz sayğacından gedən xətti yoxdur. İşdə olan «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 03 dekabr 2021-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, kənar təsir nəticəsində hesablama mexanizmi qırıldığına görə G-4 markalı ******* nömrəli qaz sayğacı qaz xəttindən çıxarılmışdır. İş materiallarında olan «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 16 fevral 2022-ci il tarixli, 032277 saylı aktın surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azəriqaz» İstehsalat Birliyinin MSK-29/1710-00338-1 saylı rəyinə əsasən sayğacın hesablama mexanizminin seriya nömrəsi yazılmış lövhə və qoruyucu plastmas qapağı gövdənin üzərindən aşkar olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azəriqaz» İstehsalat Birliyinin MSK-29/1710-00338-1 saylı rəyinin 7-ci qrafasından görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azəriqaz» İstehsalat Birliyinin MSK-29/1710-04292-1 saylı rəyinə əsasən sayğacın hesablama mexanizminin seriya nömrəsi yazılmış lövhə və qoruyucu plastmas qapağı gövdənin üzərindən aşkar olunmamışdır. Mülki iş materiallarına əlavə edilmiş 23 fevral 2022-ci il tarixli «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş aktın tələbnaməsi»ndən görünür ki, qaz sayğacının normal qaz sərfi 4 m3, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 4x12x90=4320 m3 qaz itkisinin olduğu müəyyən edilmişdir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19 may 2022-ci il tarixli qərarın surətindən görünür ki, 19 aprel 2015-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, qonşusu Hicran ilə aralarında münaqişə olması və Hicranın işıq və qaz sayğacının daşla sındırması barədə məlumat vermişdir. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, 17 aprel 2015-ci il tarixdə, saat 18 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Qəmərli küçəsi, yeni məhlələrdə yaşayan Süleymanova Hicran Məzahir qızının qonşusu İddiaçı ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı, sonuncuya məxsus işıq və qaz sayğaclarını daşla vuraraq sındırması nəticəsində İddiaçı cəmi 176 manat məbləğində maddi ziyan dəymişdir. Buna görə də Süleymanova Hicran Məzahir qızının əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186-cı maddəsinin tərkibi olmadığından həmin xüsusata dair material üzrə cinayət işi başlanılması rədd edilmişdir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, İddiaçı qaz təchizatı üzrə **********01640 abonent kodlu istehlakçıdır. Gəncə şəhəri, Qədirli küçəsində yerləşən 164 saylı fərdi yaşayış evinə gedən qaz xəttinin üzərində quraşdırılmış G-4 markalı ******* zavod nömrəli qaz sayğacı İddiaçı adına qeydiyyata alınmışdır. 03 dekabr 2021-ci ildə İddiaçı məxsus fərdi yaşayış evinə gedən qaz borusunun üzərində quraşdırılmış qaz sayğacı kənar təsir nəticəsində hesablanma mexanizmi sındığı üçün xətdən açılmışdır. Bu barədə «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 03 dekabr 2021-ci il tarixli, ******* saylı aktda da qeydlər aparılmışdır. Keçirilmiş yoxlama zamanı «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən iddiaçının iştirakı təmin olunmamış, qaz xəttindən açılmış qaz sayğacının hesablama mexanizminin, zavod seriya nömrəsi yazılmış lövhənin qoruyucu plastmas qapağının gövdənin üzərində aşkar olunmadığı müəyyən edilmişdir. Lakin həmin akt qanunla nəzərdə tutulan qaydada tərtib olunmamış, bununla aktın qanuniliyi və onda qeyd edilən xüsusatların həqiqiliyi şübhə yaratmışdır. Belə ki, «Azəriqaz» X1 X2 İdarəsinin Gəncə Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən Gəncə şəhəri, Qədirli küçəsində yerləşən 164 saylı fərdi yaşayış evinə aid qaz sayğacının texniki baxışın keçirilməsi zamanı İddiaçı iştirakı təmin olunmamış, 2 nəfər hal şahidi baxışın keçirilməsinə cəlb edilməmiş, habelə İddiaçı aktı imzalamamasının səbəblərinə həmin aktda qeydlər aparılmamışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 13-cü maddəsinin 9-cu hissəsinin tələbinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.4-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qərarın 4.9-cu bəndinin tələbinə görə İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Digər tərəfdən mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, 17 aprel 2015-ci il tarixdə, saat 18 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Qəmərli küçəsi, yeni məhlələrdə yaşayan Süleymanova Hicran Məzahir qızının qonşusu İddiaçı ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı, sonuncuya məxsus işıq və qaz sayğaclarını daşla vuraraq sındırması nəticəsində İddiaçı cəmi 176 manat məbləğində maddi ziyan dəymişdir. Göründüyü kimi qaz sayğacına vurulmuş zərər İddiaçı deyil, digər şəxslərin təqsirli hərəkətləri nəticəsində baş vermişdir. Bundan başqa, 2021-ci ilin noyabr ayında «Azəriqaz» X1 X2 İdarəsinin Gəncə Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı İddiaçı məxsus evin qaz sayğacından gedən xəttinin olmaması müəyyən edilmiş və bu barədə akt tərtib olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinin tələblərinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mükli dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə (zərərçəkənə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bəhs edilən Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 may 2002-ci il tarixli Qərarında göstərilir ki, zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli ola bilər. Qanunvericiliyin qeyd edilən normalarının tələbindən göründüyü kimi, mülki hüquq münasibətlərinin iştirakçıları arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında müqavilənin mövcudluğu, eləcə də əsassız varlanma zəruri şərt olsa da, belə öhdəliklərin yaranma əsaslarına deliktlər, yəni hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl də daxildir. Deliktlərin yaranması üçün isə Mülki Məcəllənin 1096-cı maddəsinin tələbinə görə üç zəruri amilin mövcudluğu labüddür. Belə ki, deliktlərdən əmələ gələn öhdəliyin yaranması üçün həmin hərəkət təqsirli olmalı, hüquq və ya qanunula qadağan edilməli və başqa şəxsə zərər vurmalıdır. Lakin Azərbaycan Respublikası Konstitusiyasının, eləcə də Konstitusiyanın 148-ci maddəsi üzrə Azərbaycan Respublikası qanunvericilik sistemini təşkil edən və yuxarıda qeyd edilmiş normativ hüquq aktların tələbinə görə şəxsin təqsirli (hərəkət və ya hərəkətsizliyə) görə hər hansı (maddi və ya qeyri-maddi) məsuliyyətə cəlb ediməsi qanuna uyğun deyildir və həmin şəxsin təqsirli olmadığı hərəkətlərə görə delikt öhdəlikləri yaranmır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.2-ci maddəsinin tələbinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Beləliklə, mülki işin məhkəmə tədqiqi zamanı iddiaçıya məxsus qaz sayğacına digər şəxslər tərəfindən zərər vurulması və İddiaçı məxsus evin qaz sayğacından gedən xəttinin olmaması, bununla belə İddiaçı təbii qazdan istifadə qaydalarına görə 432 manat məbləğində borc hesablandığı müəyyən edilmişdir. Lakin iddiaçı ona hesablanmış 518 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Belə olan halda məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, «Azəriqaz» İstehsalat Birliyinin «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 16 fevral 2022-ci il tarixli, ******* saylı akt etibarsız hesab edilməli və həmin akt əsasında qaz sayğacında yaranmış qüsurla əlaqədar dəymiş ziyanın əvəzi qismində İddiaçı hesablanmış 432 manat məbləğində borc silinməli, iddia qalan hissədə təmin olunmamılıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 16 fevral 2022-ci il tarixli, ******* saylı akt etibarsız hesab edilsin və həmin akt əsasında qaz sayğacında yaranmış qüsurla əlaqədar dəymiş ziyanın əvəzi qismində İddiaçı hesablanmış 432 (dörd yüz otuz iki) manat məbləğində borc silinsin. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar