Məhkəmə qərarları › İş №2(125)-1199/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1199/2023

23.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1199/2023 23.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən abonentə (kod **********00210) əsassız olaraq yazılmış 216 manat məbləğində borcun “Azəriqaz” İstehsalat Birliyi tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən ev faktiki olaraq onun və ailə üzvlərinin istifadəsindədir. Həmin ünvanda abonent kodu **********00210 olmaqla “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qazla təmin olunmaqdadır. Həmişə vaxtaşırı ödənişlər etməklə həmin ünvan qazla təmin olunub. 13 yanvar 2021-ci il tarixdə cavabdehin əməkdaşları onun ünvanına gələrək sayğacın istismar müddəti 5 il qabaq bitdiyi üçün onun dəyişdirilməli olduğunu bildirmiş, buna görə sayğac dəyişdirilmişdir. Sayğac dəyişdirildiyi zaman tərtib olunmuş aktda sayğaca müdaxilə və ya onun zədələnməsi barədə qeyd aparılmamışdır. Məlum olmuşdur ki, xx.xx.2021-ci il tarixdə onun xəbəri olmadan xx.xx.2021-ci il tarixdə götürülmüş sayğaca baxış keçirilmiş və akt tərtib olunmuş, guya sayğaca müdaxilə olunduğu üçün 216 manat borc yazılmışdır. Həmin akta əsas kimi sayğacın çıxış plastmas borusunun deşildiyi qeyd edilmişdir. O, həmin aktın tərtib olunmasında iştirak etməmiş, ümumiyyətlə heç kim nə yaşadığı ünvana gəlməmiş, nə də o, harasa dəvət olunmamışdır. 216 manat borc qanunsuz və əsassız olaraq yazılmışdır. Məhkəmə iclasında iddiaçı X1 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, yaşadığı ev fərdi yaşayış evidir. Abonent müqaviləsi onunla bağlanılmışdır və sayğac smart tipli, yəni qabaqcadan ödənişlidir. Hər zaman qaz üçün ödənişləri vaxtında ödəyir və sayğaca heç bir müdaxilə etmək imkanı da yoxdur. Sayğac evin həyət divarından bayırda, yəni küçədə yerləşir. Cavabdehin əməkdaşları 2021-ci ilin yanvar ayında sayğacın istismar müddətinin bitməsini əsas gətirərək sayğacı söküb aparmış və yerinə yeni sayğac quraşdırmışlar. Sökülmüş sayğacda hər hansı müdaxilə və ya nöqsan aşkar edilməmişdir. Sonradan ona bildirilmişdir ki, guya sayğacın çıxış plastmas borusu deşildiyi üçün ona 2160 m3 qazdan qanunsuz istifadə etdiyinə görə 216 manat borc yazılmışdır. O, bununla bağlı dəfələrlə X3 İstismarı İdarəsində olmuş, onlardan açıqlama tələb etmişdir. Cavabdehin əməkdaşları da etiraf etmişdir ki, sayğacın plombunun toxunulmazlığı pozulmadan sayğacın çıxış plastmas borusunun deşilməsi mümkün deyildir. Ona hesablanmış borcun heç bir faktiki əsası yoxdur. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, ünvan 2 ünvanda yaşayan abonent İddiaçı yaşadığı ünvana quraşdırılmış “G4” markalı, 1002AQ**********5 nömrəli sayğac “G4” markalı, **********9 nömrəli sayğacla əvəz olunmuş, əvəzləmənin səbəbi kimi sayğacın istismar müddətinin bitməsi göstərilmişdir. “Qaz sayğacının yoxlanılması barədə” MSK -29/1710-01044-1 nömrəli, xx.xx.2021ci il tarixdə təsdiq edilmiş aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə G4 markalı, “İtron” tipli, 1002AQ**********5 nömrəli sayğaca baxış keçirilmiş, sayğacın çıxış plastmas borusunun deşildiyi müəyyən edilmiş və sayğac yararsız hesab olunmuşdur. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli xx.xx.2021-ci il tarixli aktdan görünür ki, istehlakçı kimi qeydə alınmış abonent İddiaçı (abonent kodu **********00210) yaşadığı ünvanda quraşdırılmış G4 markalı 10-035415 zavod nömrəli qaz sayğacına baxış keçirilmiş, sayğacın çıxış plastmas borusunun deşildiyi müəyyən edilmiş, dəymiş ziyanın 2160 m3 hesablanaraq abonent tərəfindən ödənilməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamədən görünür ki, X3 İstismarı İdarəsinin rəisi tərəfindən Gəncə şəhəri Nuxa küçəsi 21 ünvanda, **********00210 abonent nömrəli abonent İddiaçı tərəfindən vurulmuş ziyanın həcminin 2160 m3 təbii qaz olaraq hesablanması və həmin məbləğin ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alğı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Tərəflər 1002AQ**********5 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlı mübahisə edirlər. Cavabdeh, istehlakçı olan iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacı üçün borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə faktı ilə əsaslandırır. Lakin, iş materiallarından göründüyü kimi 1002AQ**********5 nömrəli qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Qaz sayğacı çıxarılarkən tərtib edilmiş aktda sayğacın plombunun və digər hissələrinin toxunulmazlığının pozulması barədə heç bir qeyd aparılmamış, sayğac istismar müddəti bitdiyi üçün əvəz edilməsi məqsədilə çıxarılmışdır. Sayğac çıxarıldıqdan iki ay sonra aparılmış yoxlama nəticəsində sayğacın çıxış plastmas borusunun deşildiyi və yararsız olduğu müəyyən edilmişdir. Şərh olunan normalardan da göründüyü kimi fiziki şəxs olan istehlakçı yalnız plombun toxunulmazlığına görə məsuliyyət daşıya bilər. Sayğaca müdaxilə olunmadan hesablama mexanizmində xəta aşkarlanmışdırsa, buna görə fiziki şəxs olan istehlakçı məsuliyyət daşımır. Sayğacın istismar müddətinin bitməsi nəzərə alındıqda, aşkarlanmış nöqsanın təbii aşınma nəticəsində olması da istisna olunmur. Xüsusilə qeyd olunmalıdır ki, yoxlama aktında sayğaca müdaxilə olunması faktı yox, sadəcə sayğacın yararsız olması aşkar edilmişdir. Cavabdehin abonentə borc hesablaması üçün abonentin təqsiri üzündən təbii qazdan qanunsuz istifadə faktını sübuta yetirməsi lazımdır. Cavabdeh isə həmin halı sübuta yetirə bilməmişdir. İşlək sayğacın quraşdırılması və onun işlək vəziyyətdə qalması üçün məsuliyyət qaz paylayıcının üzərinə düşdüyündən, cavabdeh Azəriqaz İB tərəfindən 2160 m3 itirilmiş təbii qaz üçün abonent İddiaçı 216 manat borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə qaydalarının pozulmasına görə abonent İddiaçı Məmməd oğluna (abonent kodu **********0210) cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 216 (iki yüz on altı) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar