Məhkəmə qərarları › İş №2(125)-1202/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1202/2022

15.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1202/2022 15.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, Əskərova Durdanə Museyib qızının katibliyi ilə, iddiaçı Həsənli (Əliyeva) Həcər İsrafil qızının Cavabdeh qarşı Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 07 mart 2017-ci il tarixli, 2(044)-1628/2017 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün tutulması müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan hər uşağın saxlanması üçün hər ay 200 manat, cəmi 400 manat sabit pul məbləğində aliment tutulması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Həsənli (Əliyeva) Həcər İsrafil qızı Cavabdeh qarşı Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 07 mart 2017-ci il tarixli, 2(044)-1628/2017 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün tutulması müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan hər uşağın saxlanması üçün hər ay 200 manat, cəmi 400 manat sabit pul məbləğində aliment tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Həsənli (Əliyeva) Həcər İsrafil qızı iddia ərizəsində göstərmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 26 noyabr 2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə onun birgə nikahından 03 iyun 2007-ci ildə anadan olmuş X1 və 26 may 2010-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 200 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması qət edilmişdir. Bundan sonra Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 07 mart 2017-ci il tarixli, 2(044)- 1628/2017 saylı qətnaməsi ilə həmin alimentin məbləği artırılaraq, hər ay hər uşağa görə 136 manat, cəmi 272 manat sabit pul məbləğində müəyyən edilmişdir. Həmin alimentin miqdarı hazırda az olduğundan uşağın məktəbə getməsi, iqtisadi sahədə qiymət artımı və s. hallarla əlaqədar uşağın saxlanması üçün maddi xərclər artmış, həmin alimentlə uşaqların maddi təminatlarını ödəmək çətinləşmişdir. Bundan başqa, Azərbaycan Respublikasında 2022-ci ilin uşaqlara görə yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. Buna görə də Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 07 mart 2017-ci il tarixli, 2(044)-1628/2017 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün tutulması müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli və cavabdehdən onun xeyrinə yetkinlik yaşına çatmayan hər uşağın saxlanması üçün hər ay 200 manat, cəmi 400 manat sabit pul məbləğində aliment tutulmalıdır. 03 avqust 2022-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində iddiaçı Həsənli (Əliyeva) Həcər İsrafil qızı mülki işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, o, qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Cavabdehin faktiki olduğu yer məlum olmadığından məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 07 mart 2017-ci il tarixli, 2(044)-1628/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 26 noyabr 2014-cü il tarixli, 2(044)-3582/2014 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, 03 iyul 2007-ci il tarixdə anadan olmuş X1 və 26 may 2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 136 manat, cəmi 272 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Bundan başqa, həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2017-ci ildə yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa görə 2017-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 136 manat 60 qəpik məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. ««Minimum aylıq əməkhaqqının məbləğinin artırılması» və «Minimum aylıq əməkhaqqının artırılması haqqında»» Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2021-ci il tarixli sərəncamının 1-ci bəndinə görə minimum aylıq əmək haqqının məbləği 01 yanvar 2022-ci il tarixdən 300 manat müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2022-ci ildə yaşayış minimumu haqqında» 03 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 193 məbləğində müəyyən edilmişdir. Bununla əlaqədar məhkəmə tərəflərin maddi vəziyyətini və aliment qət edildikdən sonra ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun 56 manat 40 qəpik məbləğində artmasını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 07 mart 2017-ci il tarixli, 2(044)-1628/2017 nömrəli qətnaməsi ilə tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbayсan Respublikası Qanunun 9.1-сi maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Azərbayсan Respublikası Mülki-Prosessual Məсəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq, cavabdehdən tutularaq, dövlət gəlirlərinə alınır. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddiaçı aliment tələbi üzrə qanunla müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyinə və iddia təmin edildiyinə görə iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən dövlət büdcəsi nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Həsənli (Əliyeva) Həcər İsrafil qızının iddiası qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 07 mart 2017-ci il tarixli, 2(044)- 1628/2017 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 03 iyul 2007-ci ildə anadan olmuş X1 və 26 may 2010-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment Həsənli (Əliyeva) Həcər İsrafil qızının xeyrinə tutulsun. İddiaçı qanunla müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyinə və iddia təmin edildiyinə görə iddianın təmin edilmiş hissəsinə münasib olaraq, dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh dövlət büdcəsinin nəfinə tutulsun. Həsənli (Əliyeva) Həcər İsrafil qızının iddiası qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar