Məhkəmə qərarları › İş №2(125)-121/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-121/2022

30.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-121/2022 30.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 Şəmsi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızının, onların nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı "cavabdehlərin mənzilə bitişik tikililərdən çıxarılması, mənzildən istifadə etməyə maneə törədilməsinə son qoyulması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 10.000 (on min) manat maddi zərərin alınaraq iddiaçıya verilməsi və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulmaqla müvafiq icra hakimiyyətinin nümayəndələri cəlb olunmaqla iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Abbas Səhhət küçəsi, ev 56/7, 8 nömrəli mənzildən uzaqlaşdırılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə təqdim edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızının və onlara məxsus əşyaların ünvan 3, 8 saylı mənzilə bitişik əlavə tikililərdən çıxarılması və onların qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, Abbas Səhhət küçəsi, ev 56/7, 8 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı məxsusdur. Həmin mənzil iddiaçının anası X8 tərəfindən xx.xx.2021-ci il tarixli Gəncə Asan Xidmət Mərkəzinin notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən iddiaçıya bağışlanılmışdır. Cavabdehlərdən Cavabdeh1 iddiaçının mərhum qardaşı Elxanın arvadı, digər Cavabdeh2 qızı isə iddiaçının mərhum qardaşının qızıdır. İddiaçının anası X8 qeyd edilən mənzil onun mülkiyyətində olan zaman iddiaçı qismində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı kompensasiya verilməklə istifadə hüquqların xitam verilməklə cavabdehlərə məxsus əşyaların mənzildən çıxarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)-3387/2020 saylı qətnaməsi ilə iddiaçı X2 iddiasının təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızının Gəncə şəhəri, Kəpəz rayonu, Abbas Səhhət küçəsi, ev 56/7, 8 saylı mənzildən istifadə hüquqlarına iddiaçı tərəfindən hər cavabdehə 5000 (beş min) manat olmaqla ümumilikdə 10.000 (on min) manat məbləğində kompensasiya verilməklə xitam verilməsi və cavabdehlərə məxsus əşyaların həmin mənzildən çıxarılması, qətnamənin kompensasiyanın verilməsi ilə eyni vaxtda icra edilməsi qət edilmişdir. Qətnamə xx.xx.2021-ci il tarixdə tam olaraq icra edilərək iş üzrə icraata xitam verilmişdir və bu barədə icra məmuru tərəfindən akt tərtib edilərək müvafiq qərar qəbul edilmişdir. Mübahisəli ünvanda yerləşən mənzilin sahəsi çıxarışla 55,0 m2-dir və bundan başqa iddiaçıya məxsus mülkdə bitişik əlavə tikililər mövcuddur. Cavabdehlər mübahisəli ünvanda yerləşən qanuni çıxarışla olan mənzili boşaltsalar da mülkə bitişik tikililəri zəbt edərək əşyalarını həmin hissəyə yığmışlar və iddiaçıya mülkiyyətindən istifadə etməyə imkan vermirlər və bununla da iddiaçının mülkiyyət hüquqlarını pozurlar. Bundan başqa cavabdehlər iddiaçının mülkiyyətində olan evə maddi ziyan vururlar. Belə ki, cavabdehlər orada özbaşına əlavə tikintilər aparmaqla, evin giriş-çıxış qapılarını mişar daşı ilə hörməklə, evin dam örtüyünü tam sökərək yeni quruluşda keyfiyyətsiz dam örtüyü ilə əvəz etməklə, pəncərələri dəmir məhəccər ilə bağlamaqla, yardımçı tikililəri (hamam, tualet və s.), həyətə girən qapını qıfıl ilə qıfıllamaqla mülkiyyətçinin evə giriş-çıxışını məhdudlaşdırmaqla və s. üsullarla iddiaçının mülkiyyət hüququnu pozurlar. Bir sözlə qeyd edilən mübahisəli mülk iddiaçının mülkiyyətində olmasına baxmayaraq cavabdehlər mülkiyyətçini əmlakından istifadə etməyə imkan vermirlər. Odur ki, hazırki tələb ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, əlavə olaraq bildirmişdir ki, mübahisəli mənzil ilk olaraq 1968-ci ildə atası Ələkbər Cəfərova verilmişdir. Onlar ailədə atası, anası, üç bacı və bir qardaş olmaqla altı nəfər olmuşlar. Ailələri böyük olduğu üçün mənzilə yerləşmədiklərindən atası mənzilin qarşısındakı boş ərazidə əvvəlcə əl damı kimi bir tikili inşa etmiş, sonradan həmin tikili ilə mənzilin arasını da tikərək mənzilə birləşdirmişdir. Tikinti işləri 1968-1970-ci illərdə aparılmışdır. Həmin mənzil daim bütöv bir mənzil kimi istifadə olunmuşdur. Təqdim etdiyi fotoşəkil 1978-ci ildə hazırda mübahisəsi gedən əlavə tikilinin önündə çəkilmişdir. Göründüyü kimi tikili atası tərəfindən inşa edilərək mənzilə birləşdirilmişdir. X9 Cavabdeh1la 1981-ci ildə ailə qurmuşdur. Qardaşı ailə quranda hərbi xidmətdən yenicə gəlmişdi və heç bir qazancı yox idi. Bu baxımdan qardaşının tikililərin inşasına xərc çəkməsi fikri gülüncdür. Qardaşı ailə qurduqdan sonra həmin mənzildə bir müddət yaşamış, daha sonra həbs olunaraq Rusiyanın Xabarovsk vilayətinə göndərilmişdir. Qardaşının qızı Cavabdeh2 də Rusiyada doğulmuşdur. Qardaşı uzun müddət sonra ailəsi ilə birlikdə Gəncə şəhərinə gəlmiş və valideynləri ilə birlikdə yaşamışdır. Atası xx.xx.2004-cü il tarixdə, qardaşı isə xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra mənzil anasının mülkiyyətinə keçmişdir. Anası cavabdehlərlə birlikdə yaşasa da sonradan Cavabdeh1 anası ilə yola getməmiş, onu mənzildən bayıra atmışdır. Bundan sonra anası onun yanına köçmüş, daha sonra anası məhkəmədə iddia qaldıraraq cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi və çıxarılması üçün 10 min manat kompensasiya təklif etmiş, cavabdehlər də həmin kompensasiya ilə razılaşaraq almışlar. Lakin cavabdehlər mənzildən çıxmaq əvəzinə mənzilə bitişik olan əlavə tikililərə öz əşyalarını yığaraq mənzili boşaltmaqdan imtina etmişlər. Bundan sonra anası mənzili ona bağışlamış, o, cavabdehlərdən mənzilə bitişik tikililəri boşaltmalarını tələb etmişdir. Cavabdehlər isə hər cür maneə yaradaraq həm mənzili boşaltmamış, həm də ona mənzildən istifadə etməyə imkan verməmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddiaçı ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, o, iddiaçının qardaşı X3 ilə 1981-ci ildə ailə quraraq mübahisəli mənzilə köçmüşdür. O, mənzilə köçdükdən sonra mənzil darısqal olduğu üçün əri Elxan və qaynatası birlikdə hazırda mübahisəsi gedən əlavə tikililəri inşa etmişlər. Onlar mənzilin həm əsas hissəsində, həm də əlavə tikililər olan hissəsində yaşamışlar. Onun özünün də əri ilə birlikdə həmin tikililərin inşa edilməsində zəhməti olmuşdur. Əri vəfat edənə qədər onun ərinin ailə üzvləri ilə heç bir problemi və mübahisəsi olmamışdır. Əri vəfat etdikdən sonra isə baldızı olan iddiaçı onu aldadaraq, onlara ev verəcəklərini deyərək, vərəsəlikdən imtina etdirmiş, mənzil qayınanasının adına keçmişdir. İddiaçı qayınanasını öyrədərək onların mənzildən çıxarılması barədə iddia qaldırtdırmışdır. O və qızı kompensasiya ilə razılaşdıqda yalnız qayınanasının rəsmi olaraq mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmaq üçün kompensasiya almışlar. Həmin kompensasiyanın mənzilə əlavə olunmuş tikililərə aidiyyəti yoxdur. Həmin tikililər onun əri tərəfindən inşa edildiyi üçün iddiaçının həmin tikililərdən onu çıxarması üçün əsas yoxdur. Məhkəmə iclasında Cavabdeh2 qızı iddia tələbini qəbul etməyərək bildirdi ki, o, anası ilə mübahisəli mənzilə bitişik tikililərdə yaşayır. Mənzildən çıxarılma üçün kompensasiya verilən zaman onlar həm mənzilin əsas hissəsində, həm də ona bitişik tikililərdə yaşamışlar və kompensasiyanı həmin mənzildən qeydiyyatdan çıxmağın müqabilində almışlar. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi (vəkili) Vəkil2 İnqilab oğlu iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı ünvan 1 ünvanda yerləşən 8 saylı mənzilin mülkiyyətçisi olsa da, həmin mənzilə bitişik inşa edilmiş əlavə tikililərə onun mülkiyyət hüququ yoxdur. İddiaçı həmin tikililərin sökülməsini tələb etsə idi, anlaşılan olardı, lakin iddiaçı cavabdehlərin tikililərdən çıxarılmasını tələb edir ki, bu halda iddiaçının məqsədi həmin tikililərə özünün yerləşməsidir. Halbuki, bu tikili qanunsuzdursa, heç iddiaçının özü də həmin tikililərə köçə bilməz. Hesab edir ki, həmin tikililərlə bağlı iddia irəli sürmək üçün iddiaçının subyektiv hüququ yoxdur. Cavabdehlər həmin mənzildə Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi ilə bağlanmış kirayə müqaviləsi əsasında yaşayırlar və həmin müqavilə hələ də qüvvədədir. Buna görə də iddia tələbini əsassız hesab edir. Məhkəmə iclasında cavabdehlərin vəsatəti ilə şahid qismində dindirilmiş X5 bildirmişdir ki, o, 1982-ci ildən ünvan 2 ünvanda yaşayır. O, iddiaçı və cavabdehlərlə qonşudur. O, yaşadığı mənzilə köçəndə Güləndam, övladları, əri, qaynanası və qaynatası ilə birlikdə mübahisəli mənzildə yaşamışdır. Güləndam mübahisəli mənzilə 1982-ci ildə gəlin köçmüşdür. Onlar qonşu olduqları üçün mənzilin əvvəlki vəziyyətini də xatırlayır. Güləndam köçdükdən sonra qaynatası və əri həyətdə əlavə tikililər tikib mənzilə birləşdirmişlər. Həmin ərazidə əksər şəxslər mənzillərini genişləndirmişdir. Onun özünün də mənzilə bitişik əlavə tikililəri vardır və həmin tikililər də mənzilin sənədinə daxil edilmişdir. Güləndamın əri vəfat edənə qədər onların ailəsində hər hansı mübahisə olmamışdır. Elxan vəfat etdikdən sonra tərəflər arasında mübahisə yaranmışdır. Məhkəmə iclasında cavabdehlərin vəsatəti ilə şahid qismində dindirilmiş X1 bildirmişdir ki, iddiaçı və cavabdehlər onun qonşusudur. Həmin mənzil iddiaçının atasına məxsus olmuşdur. Mənzildə iddiaçının atası, anası, qardaşı, bacıları və iddiaçı yaşamışdır. Mənzil ilk öncə kiçik olmuş, sonradan iddiaçının atası yandakı otağı da alaraq mənzilə birləşdirmişdir. Bundan sonra mənzilin qarşısında iddiaçının atası Ələkbər bir otaq, mətbəx və hamam-tualet tikib mənzilə birləşdirmişdir. Həmin tikililər tikiləndə Ələkbər və iddiaçının qardaşı Elxan birlikdə işləmişdir. X4 ailə qurmuş və Güləndam həmin mənzilə köçmüşdür. Elxan ailə quranda bacıları da həmin mənzildə yaşayırdı. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahidlərin ifadələrini dinləyib iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 20 aprel 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 özünə məxsus olan, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 55 m2 olan mənzili İddiaçı bağışlamışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən 8 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 11 dekabr 2020ci il tarixli 2(043)-3387/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızının ünvan 4 ünvanda yerləşən 8 saylı mənzildən istifadə hüquqlarına iddiaçı tərəfindən hər cavabdehə 5000 (beş min) manat olmaqla ümumilikdə 10 000 (on min) manat məbləğində kompensasiya verilməklə xitam verilməsi və cavabdehlərə məxsus əşyaların həmin mənzildən çıxarılması, qətnamənin kompensasiyanın ödənilməsi ilə eyni vaxtda icra edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 04 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara və arxiv materiallarına əsasən ünvan 4 ünvanda yerləşən 9 saylı mənzil daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İş materiallarında olan Gəncə şəhər İcra Hakimiyyəti başçısının 19 aprel 2021-ci il tarixli sərəncamının surətindən görünür ki, ünvan 3 nömrəli binanın ümumi sahəsi 59,5 m2, yaşayış sahəsi 19,1 m2 olan bir otaqlı 9 nömrəli mənzili Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansına götürülərək Cavabdeh1 ailəsinin istifadəsinə verilməsi və onunla kirayə müqaviləsi bağlanması qərara alınmışdır. Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2021-ci il tarixli **********035 nömrəli şəxsi hesabdan çıxarışa əsasən, ünvan 5 ünvanında yerləşən mənzilin sahibi olaraq Cavabdeh1, eləcə də ailə üzvü kimi Cavabdeh2 qızı qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2022-ci il tarixli, 2-1(102)-1414/2022 saylı qərarının surətindən görünür ki, İddiaçı Gəncə şəhər İcra hakimiyyətinə qarşı (üçüncü şəxs Cavabdeh1) “sərəncamın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək ünvan 3 nömrəli binanın ümumi sahəsi 59,5 m2, yaşayış sahəsi 19,1 m2 olan bir otaqlı 9 nömrəli mənzilinin Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansına götürülərək Cavabdeh1 ailəsinin istifadəsinə verilməsi və onunla kirayə müqaviləsi bağlanması barədə Gəncə şəhər İcra Hakimiyyəti başçısının 19 aprel 2021-ci il tarixli sərəncamının ləğv edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)- 200/2022 saylı 25 yanvar 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan üçüncü şəxs Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-246/2022 saylı, 14 aprel 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin İnzibati Kollegiyasının 14 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində ünvan 1, 8 saylı mənzil vardır. İddiaçıya məxsus mənzil texniki pasporta uyğun olaraq dörd otaqdan ibarətdir. Otaqlar yan-yana olmaqla hamısının çıxışı ümumi zala açılır. Zalın qarşısında isə bir otaq və sanitar qovşağı mövcuddur, həmin otaqda üçüncü şəxs yaşayır və özünə məxsus əşyaları və yataq dəsti mövcuddur. Hər iki tərəf bildirmişdir ki, iddiaçıya məxsus otaqların çıxışının açıldığı zal və üçüncü şəxsin əşyaları olan hissə mübahisələndirilən sərəncamla üçüncü şəxsə verilmiş sahədir. İddiaçının hər dörd otaqdan çıxışı üçüncü şəxsə verilmiş zala açıldığından və mübahisələndirilən sərəncamla ümumi istifadəsi nəzərdə tutulmadığından hesab etmək olar ki, iddiaçının özünə məxsus olan otaqlara giriş-çıxışı məhdudlaşmışdır. Bununla yanaşı üçüncü şəxsə mübahisələndirilən sərəncamla verilmiş sahə 59,5 m2-dir, həmin sahənin dam örtüyü iddiaçının mülkiyyətində olan evin və qarşısında yerləşən və mülkiyyətdə olmayan zalın dam örtüyü ilə bitişikdir. Məhkəmə tərəfindən 20 sentyabr 2021-ci il tarixdə tərəflərin və mütəxəssisin iştirakı ilə mübahisəli tikililər yerində müayinə edilmiş və müəyyən edilmişdir ki, ünvan 6 ünvanda yerləşən mənzilin otaqlarının texniki pasportunda göstərilmiş girişlərinin olduğu hissədə əlavə tikililər tikilmişdir. Mənzilə yalnız əlavə tikilinin inşa olunduğu hissədən giriş mümkündür. Dəhliz formasında inşa edilmiş əlavə tikiliyə daxil olduqdan sonra sol tərəfdəki otaqlar mənzilə aid olan otaqlardır. Dəhlizin sağ tərəfində bir otaq cavabdehlər tərəfindən istifadə olunur və əşyalar yığılmışdır. Həmin otağa bitişik, girişi əlavə inşa edilmiş dəhlizdən olan, mətbəx və sanitar qovşaq kimi istifadə olunan yardımçı sahələr vardır. Mütəxəssis iddiaçıya məxsus mənzilin texniki pasportunda göstərilmiş 3 yaşayış otağı və bir dəhlizi yerində göstərərək həmin otaqlardan əlavə yaşayış sahəsinin qarşısında olan və sonradan inşa edilmiş dəhlizin, cavabdehlərin istifadəsində olan otağın və digər tikililərin mənzilin texniki sənədlərində öz əksini tapmadığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, ünvan 3 ünvanda yerləşən 8 saylı mənzil iddiaçının mülkiyyətindədir. Həmin mənzil ilkin olaraq iddiaçının atasının mülkiyyətində olmuşdur. Mənzil iddiaçının atasının mülkiyyətində olarkən həmin mənzilə bitişik əlavə bir otaq, mətbəx və dəhliz inşa edilmişdir. Mənzil əlavə tikililərlə birlikdə vahid yaşayış sahəsi kimi istifadə olunmuşdur. Cavabdeh1 iddiaçının qardaşı Cəfərov Elxanın arvadı, Cavabdeh2 isə iddiaçının qardaşının qızıdır. G.Cavabdeh2Cəfərovla ailə qurduqdan sonra mənzilə köçüb yaşamışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 11 dekabr 2020-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızının ünvan 3 ünvanda yerləşən 8 saylı mənzildən istifadə hüquqlarına iddiaçı tərəfindən hər cavabdehə 5000 manat olmaqla, ümumilikdə 10 000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi və cavabdehlərə məxsus əşyaların həmin mənzildən çıxarılması qət edilmişdir. Həmin qətnamə icra edildikdən sonra cavabdehlər özlərinə məxsus əşyaları mənzilə bilavasitə bitişik olan otağa yerləşdirmişlər. Daha sonra həmin otaq və digər əlavə tikililər Gəncə şəhər İcra Hakimiyyəti başçısının 19 aprel 2021-ci il tarixli sərəncamına əsasən Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin balansına götürülərək cavabdehlərin istifadəsinə verilmişdir. Həmin sərəncam Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-200/2022 saylı 25 yanvar 2022-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Məhkəmə qeyd edir ki, mənzilin texniki sənədlərindən və mənzilə yerində baxış keçirilərkən müəyyən edilmişdir ki, mübahisə predmeti olan tikililər təcrid yaşayış sahəsi kimi deyil, məhz iddiaçının mülkiyyətində olan mənzilə əlavə kimi inşa edilmişdir və mənzillə birlikdə vahid yaşayış sahəsi kimi istifadə edilmişdir. Cavabdehlərin istinad etdiyi, əlavə tikililərin 9 saylı mənzil kimi onların istifadəsinə verilməsinə dair sərəncam isə ləğv olunmuşdur. Belə olan halda cavabdehlərin həmin tikililərdən istifadə etməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə əlavə tikililərin iddiaçının mülkiyyətində olmaması və beləliklə də iddiaçının cavabdehlərin həmin tikililərdən çıxarılması üçün iddia qaldırmağa subyektiv hüququnun olmaması barədə etirazına da qiymət verərək qeyd edir ki, həmin tikililər mülkiyyətdə olmasa da tərəflərin izahatları və şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, kifayət qədər uzun müddətdir ki, mübahisə predmeti olan tikililər iddiaçının mülkiyyətində olan mənzilə bitişik olaraq inşa edilmiş və mənzillə birlikdə istifadə edilmişdir. Cavabdehlər isə həmin mənzili 10 000 manat kompensasiya müqabilində tərk etməklə razılaşmış və kompensasiyanı aldıqdan sonra əlavə tikililərə iddia etmişlər. Hazırkı halda cavabdehlərin mənzilə bitişik tikililərdən istifadə etməsi iddiaçıya öz mənzilindən təyinatına uyğun istifadə etməyə maneə törədir. Digər tərəfdən mənzilə bitişik (faktiki olaraq mənzillə vahid yaşayış sahəsi təşkil edən) tikililərin mənzil sahibinin mülkiyyətində olmaması hər hansı kənar şəxsin, o cümlədən cavabdehlərin həmin tikililərdə yaşaması ilə mənzil sahibini barışmağa məcbur edə bilməz. Hazırkı vəziyyət, yəni mənzilə bitişik olan əlavə tikililərin özbaşına inşa edilməsi və bunun nəticələri Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 27-ci maddəsinə uyğun tənzimlənir və belə halda səlahiyyətli orqan müvafiq əsaslar olduqda yaşayış sahəsinin yenidən qurulmasını rəsmiləşdirə və ya bundan imtina edərək mənzilin əvvəlki vəziyyətini bərpa etməyi tələb edə bilər. Yəni, mənzil mülkiyyətçisinin mənzilin genişləndirilməsinin rəsmiləşdirilməsini tələb etmək hüququ da mövcuddur. Cavabdehin təşəbbüsü ilə şahid qismində dindirilmiş S.Məmmədova eyni binadakı mənzilini genişləndirdiyini və bu dəyişikliyin rəsmiləşdirildiyini bildirmişdir. Hər bir halda məhkəmə qeyd edir ki, mənzillə eyni dam örtüyünə malik olan və vahid yaşayış sahəsi kimi istifadə olunmuş əlavə tikililərin həmin mənzildən təcrid yaşayış sahəsi kimi götürülməsi və mənzildən istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməsinə baxmayaraq mənzil mülkiyyətçisinin iradəsinə zidd olaraq cavabdehlərin həmin tikililərdə yaşaması mənzil mülkiyyətçisinin hüquqlarının pozulmasına gətirib çıxarır. Cavabdehlərin həmin tikililərdə olması iddiaçının öz mənzilindən sərbəst istifadə etməsinə mane olduğu üçün məhkəmə iddianı cavabdehlərin həmin tikililərdən çıxarılması hissəsində əsaslı hesab edir. İddianın digər hissəsi isə cavabdehlər tərəfindən mənzildən istifadəyə maneə törədilməsinə son qoyulması tələbidir. İddiaçı bu tələbini cavabdehlər tərəfindən pəncərələrin dəmir məhəccərlə bağlanması, giriş-çıxış qapısının hörülməsi, qıfıllanması və s. halların aradan qaldırılması kimi ifadə etmişdir. Məhkəmə qeyd edir ki, həmin maneələr cavabdehlər əlavə tikililərdə qaldığı halda törədilə bilən maneələrdir. Cavabdehlərin əlavə tikililərdən çıxarılması halında onlar tərəfindən mənzildən istifadəyə qeyd olunan maneələrin törədilməsi mümkün olmadığından həmin hissədə iddia təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızı və onlara məxsus əşyalar ünvan 3 ünvanda yerləşən 8 saylı mənzilə bitişik əlavə tikililərdən çıxarılsınlar. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar