Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-121/2025 12.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona məxsus olan avtomobilə vurduğu zərərə görə 2350 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tanımır. xx.xx.2024-cü il tarixdə saat 16:40 radələrində “VAZ-21060”minik markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri,Ş.İ.Xətai prospekti ilə Şəddadilə küçəsinin kəsişməsində hərəkətdə olarkən cavabdehin idarə etdiyi “Chevrolet Cruze” minik markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobillə işıqforun qırmızı işığında keçərək İddiaçı avtomobilini vuraraq qəza törətmişdir. Qəza zamanı iddiaçı boyun nahiyəsində ağrılar hiss etmiş və ekspertiza zamanı məlum olub ki, elə bir xəsarəti yoxdur. Qəza zamanı hadisə yerinə Gəncə Şəhər Yol Polis Patrul xidmətinin əməkdaşları gəlmiş, müvafiq tədbirlər görmüşlər. Gəncə Şəhəri BPİ-nin İTİ-nin Təhqiqat şöbəsində tədqiqat işi başlamış və xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin rədd edilməsi haqqında qərar çıxarıldı. Araşdırma zamanı məlum oldu ki, cavabdehin idarə etdiyi avtomobil sığorta olunmayıb. Və ona görədə İddiaçı heç bir sığorta ödənişi ala bilməyib. Lakin avtomobilə dəyən maddi zərərin hesablanması üçün İddiaçı Gəncə avtomotoservis və ticarət müəssisəsi 9 saylı TXE-yə müraciət etdi. Sözügedən servisin hesablamalarına görə avtomobilin təmiri üçün tələb olunan avtomobil ehtiyat hissələrinin alınması üçün 1150 manat və cavabdehin avtomobilə tətbiq olunması üçün xidmət haqqı 2350 manat vəsait hesablanmışdır. İddiaçı avtomobilə dəyən zərərə görə cavabdehə müraciət etmiş, hətta onun ana tərəfindən nənəsinə də bu barədə məlumat verilmişdir. Lakin təəsüflər olsunki. Lakin heç bir tədbir görülməmişdir. İddiaçı bu avtomobillə dolanışığını təmin edir və avtomobilin bu hala düşməsi gündəlik qazancının kəsilməsinə gətirib çıxarır. Cavabdeh isə konkret olaraq heç bir yardım etməyəcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəsində yazılanların izahatı olaraq qəbul olunmasını və tələbinin təmin olunmasını xahiş etdi, həmçinin bildirdi ki, ekspert rəyi əsasında müəyyən edilmiş ziyanın məbləği ilə razıdır və qiyməti müəyyən edilə bilməyən iki detala dair araşdırma aparılmasına zərurət yoxdur, bundan başqa, ona vurulmuş ziyanın əvəzi qismində cavabdeh tərəfindən 400 manat və ya sığorta şirkəti tərəfindən hər hansı məhbləğ ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək bildirdi ki, iddiaçı tərəfindən əvəzi tələb olunan, habelə ekspert rəyi ilə müəyyən edilmiş ziyanın məbləği şişirdilmişdir, bundan başqa cavabdeh tərəfdən ziyanın əvəzi qismində iddiaçıya 400 manat ödənilmişdir, habelə avtomobilə dəymiş ziyanın əvəzi sığorta şirkəti tərəfindən iddiaçıya tam ödənilmişdir, lakin bu halları təsdiqləyən hər hansı sübut təqdim edə bilmir. Cavabdehin təmsilçisi iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokolun surətindən görünür ki, Cavabdeh 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/8092 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan «Gəncə avtomotoservis və ticarət müəssisəsi 9 saylı TXE» tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən “VAZ-21060” minik markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği nəzəri hesablama yolu ilə təxminən 1491,00 manat müəyyən edilir. Digər 02 adda ehtiyyat hissələrinin satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalmmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna (etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Hazırkı mülki iş üzrə iddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus avtomobilə cavabdehin vurduğu ziyanın əvəzi qismində 2350 manat pulun tutulmasını xahiş etmişdir. Tələb üzrə xüsusi bilik tətbiq edilməklə avtomobilin təmir-bərpa xərci 1491 manat müəyyən edilmişdir və bu barədə ekspert rəyinin əsaslı olmasını təkzib edən hər hansı dəlil təqdim olunmamışdır. Bununla yanaşı, cavabdeh ziyanın əvəzi qismində iddiaçıya ödəniş edildiyini bildirsə də, həmin etirazını sübuta yetirə bilməmişdir. Bundan başqa, cavabdeh ziyanın əvəzi qismində tələb edilən məbləğə etiraz etsə də, bu halı təkzib edən hər hansı dəlil təqdim etməmişdir. Məhkəmə mülki işin tədqiq edilmiş hallarına qeyd edilən hüquq normalarını tətbiq etməklə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehdən vurulmuş ziyanın əvəzi qismində 1491 manat pul tutularaq iddiaçıya ödənilməlidir, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu əvəzi qismində cavabdehdən 30 manat pul tutularaq iddiaçıya ödənilməli; cavabdehdən ekspertiza xərci olan 50 manat pul tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1491 (min dörd yüz doxsan bir) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-121/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-121/2025
12.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver