Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1215/2022 30.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən 11 saylı fərdi yaşayış evində qazdan istifadəyə görə hesablanmış hesablanmış 216 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə yaşadığı Gəncə şəhəri, Heydər Əliyev prospekti ev 11-də yerləşən mənzil cavabdeh tərəfindən təbii qazla təmin olunur. xx.xx.2021-ci il tarixdə cavabdehin əməkdaşı tərəfindən mənzilə quraşdırılmış sayğac dəyişdirilərək yenisi ilə əvəz edilmişdir. Həmin vaxt abonent olaraq cavabdehə hər hansı borcu olmamışdır. Çünki mütəmadi olaraq kart vasitəsilə sərf ediləcək təbii qazın həcmi sayğaca yüklənmiş və dəyəri əvvəlcədən ödənilmiş həcmdə qaz istehlak edilmişdir. Lakin sayğac dəyişdirildikdən sonra “Milli ÖN posterminalı” vasitəsilə ödəniş etmək istəyərkən aparatda 216 manat borcun olması qeyd edilmişdir. Həmin əsassız borcun səbəbini öyrənmək üçün cavabdehə müraciət etdikdə oradan tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması barədə akt təqdim edilmişdir. Həmin aktda guya ki, sayğacda qüsur müəyyən edilməsi göstərilmişdir. Akt oğlu X1 adına tərtib edilmişdir. İstifadə etdikləri əvvəlki sayğac dəyişdirilərək yenisi ilə əvəz edilərkən cavabdeh müəssisənin əməkdaşları tərəfindən bu barədə heç bir məlumat verilməmişdir. Onlar sayğaca hər hansı müdaxilə etməmişlər. Həmin 216 manat borc əsassız olaraq hesablanmışdır. Hazırda ödədiyi məbləğin isə bir hissəsi həmin əsassız borca silinir. Məhkəmə iclasında iddiaçı tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı, xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı yaşadığı Gəncə şəhəri, Ş.İ.Xətai 11 ünvanında quraşdırılmış Zinner G-4 markalı **********9 nömrəli qaz sayğacı abonentin ərizəsi ilə Zinner G-4 STS**********766 qaz sayğacı ilə növbədən kənar əvəz edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021ci il tarixli ******* nömrəli aktda aşağıdakılar qeyd olunmuşdur: istehlakçı İddiaçı yaşadığı ünvan 2 ünvanında sayğaca baxış keçirilmişdir. Sayğacın hesablama mexanizminin alt hissəsi deşici alətlə deşilmişdir. Dəymiş ziyan hesablansın və abonent tərəfindən ödənilsin. İş materiallarında olan yaşadığı ünvan 2 ünvanda yaşayan abonent İddiaçı saldosundan görünür ki, iddiaçının abonent hesabına 216 manat borc hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ********** saylı, xx.xx.2010-cu il tarixli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, X4 prospektində yerləşən 11 saylı fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə iddiaçının mülkiyyətində olan və yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmiş, həmin vaxt sayğacın dəyişdirilməsi səbəbi kimi abonentin ərizəsi qeyd edilmişdir. Həmin vaxt çıxarılan qaz sayğacında hər hansı qüsut aşkar edilməmiş, bu barədə aktda qeydiyyat aparılmamışdır. Bundan sonra xx.xx.2021-ci il tarixdə çıxarılan sayğac yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin alt hissəsi deşici alətlə deşildiyi aşkar olunmuşdur. Buna görə, itirilmiş qazın 2160 m3 olduğu hesablanaraq, cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 216 manat pul tələb edilir. Tərəflər arasında mübahisə Zinner G-4 markalı **********9 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlıdır. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacına müdaxilə olunduğunu, qaz itkisinə yol verildiyinə əsaslanaraq, iddiaçıya itirilmiş qazın bərpası üçün 216 manat borc hesablamışdır. Lakin, iş materiallarından göründüyü kimi, **********9 nömrəli qaz sayğacı çıxarılarkən aktda onun sayğacın deformasiyaya uğradığı və digər qüsurların olması ilə bağlı heç bir qeyd aparılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Beləliklə, məhkəmə hesab edir ki, saygac çıxarılan zaman onda hər hansı qüsurun olması və ya abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X2 əməkdaşları tərəfindən aşkar olunmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, digər hallar sonradan aşkar olunduğundan və həmin akt əsasında da ziyan hesablandığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən 11 saylı fərdi yaşayış evi üzrə qaz sərfinə görə İddiaçı hesablanmış 216 (iki yüz on altı) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-1215/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1215/2022
30.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver