Məhkəmə qərarları › İş №2(125)-1229/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1229/2024

01.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1229/2024 01.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC, xx.xx.2023-cü il tarixli “nağd kredit verilməsinə dair” razılaşmaya əsasən Cavabdeh iddiaçının xeyrinə əsas borc üzrə 6124,35 manat, faiz borcu üzrə 342,92 manat, cərimə üzrə 126,89 manat olmaqla, cəmi 6594,16 manat pul vəsaitinin, dövlət rüsumuna görə 85,94 manat pul vəsaitinin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, İddiaçı ASC (Bank) ilə Cavabdeh (cavabdeh və ya borcalan) arasında bağlanmış 10-Y-3-0-742-23 nömrəli, xx.xx.2023-cü il tarixli “nağd kredit verilməsinə dair” razılaşmaya və kartın müştəriyə təhvil verilməsi aktına əsasən Bank borcalana 24 ay müddətinə illik 15,7 faiz dərəcəsi ilə ödəmək şərtilə 7500 manat məbləğində kredit vermişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və nəticədə onun xx.xx.2023-cü il tarixə Banka 6124,35 manat əsas borcu, 342,92 manat faiz borcu, 253,77 manat cərimə borcu olmaqla cəmi 6721,04 manat borcu yaranmışdır. Cavabdeh banka olan cərimə borcu 253,77 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 faizi miqdarında olmaqla, yəni 126,89 manat məbləğində güzəşt olunmuşdur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul edərək izahatında qeyd etdi ki, kredit müqaviləsi üzrə ödənişləri olubdur, dekabr ayından bugünə kimi 3 dəfə ödəniş etmişdir, bunu təsdiq edən qəbzləri də var, ziyana düşdüyü üçün ödənişlər edə bilməmişdir, borcun ödənilməsindən boyun qaçırmır, bundan sonra qrafik üzrə, hissəhissə ödənişlər etmək istəyir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, tərəflər arasında yuxarıda qeyd edilən müqavilə imzalanmışdır. Tərəflər arasında müqavilənin bağlanmasını təkzib edən əsaslar iş materiallarında mövcud deyil. Həmin müqaviləyə, kartın müştəriyə təhvil verilməsi aktına və cavabdehin izahatına görə Bank borcalana 24 ay müddətinə illik 15,7 faiz dərəcəsi ilə ödəmək şərtilə 7500 manat məbləğində kredit vermiş, borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etmək və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə Banka 6124,35 manat əsas, 342,92 manat faiz, 253,77 manat cərimə olmaqla, cəmi 6721,04 manat borcu yaranmışdır. İddia bank hesablanmış cərimə borcunun yarısını (126,89 manat) tələb etmişdir. xx.xx.2023-cü il tarixdə cavabdehin ünvanına xəbərdarlıq göndərilərək ondan borcu xəbərdarlıq məktubunu aldıqlarıı vaxtdan etibarən 5 gün müddətində Banka tam ödəməyi tələb olunmuş və bildirilmişdir ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə Bank tərəfindən borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlər görülərək cavabdehin digər daşınar və daşınmaz əmlaklarına yönəldilərək həmin əmlakların satılacağı, notariusun icra qeydi qaydasında notariat kontoruna və ya məhkəməyə müraciət olunduğu zaman qeyd olunan məbləğlərlə yanaşı müqavilə öhdəliyinin vaxtında icra olunmaması ilə bağlı kredit müqaviləsinə əsasən, kredit üzrə hesablanmış faizlərin, dəbbə pulunun və kredit müqaviləsinin bitdiyi tarixdən hazırki vaxtadək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış əldən çıxmış faydanın ödənilməsinin tələb olunacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir (maddə 462.1). Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, iddiaçı öhdəliyini icra etmiş, cavabdeh isə müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş, əsas və faiz borcunu vaxtında ödəməmiş və öhdəliyini pozmuşdur. Müqaviləyə uyğun olaraq bankın müqaviləyə birtərəfli qaydada xitam vermək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Cavabdeh əsas və faiz borcunu vaxtında ödəmədiyindən iddiaçının gecikdirilmiş məbləğə görə müqavilənin şərtlərinə uyğun olaraq dəbbə pulu tələb etmək hüququ da yaranmışdır. Həmçinin, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, hazırki iş üzrə məhkəmə iclaslarında iştirak edən cavabdeh isə məhkəməyə iddia tələbini təkzib və borcun düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Əksinə, cavabdeh bankdan qeyd edilən pul vəsaitini götürdüyünü, tələb edilən məbləğdə borcunun olmasını təsdiq etmişdir. Beləliklə, məhkəmə hesablanmış dəbbə pulunun məbləğini də nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehdən əsas borcun, ona hesablanmış faizlərin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 85,94 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli “nağd kredit verilməsinə dair” razılaşma üzrə yaranmış 6124,35 manat əsas borc, 342,92 manat faiz borcu və 126,89 manat cərimə olmaqla, cəmi 6594,16 (altı min beş yüz doxsan dörd manat, on altı qəpik) manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 85,94 (səksən beş manat, doxsan dörd qəpik) manat pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar