Məhkəmə qərarları › İş №2(125)-1234/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1234/2023

26.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1234/2023 26.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının, onun vəkili Vəkil və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmək qabiliyyətinin itirilməsinə görə ödənilməli olan ödənilməmiş zərər ödənci” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əmək qabiliyyətinin 4* faiz itirilməsinə görə ona ödənilməli olan ödənilməmiş zərər ödəncinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1974-cü ildə işlədiyi Gəncə Qənnadı fabrikində istehsalat xəsarəti alıb əmək qabiliyyətini 4* faiz itirmişdir və əmək qabiliyyətinin itirməyi ilə bağlı son zamanlara kimi zərər ödənci almışdır. Ancaq, Qənnadı fabriki "xxxx" ASC-yə çevriləndən sonra o, Qənnadı fabrikinin hüquqi varisi olan cavabdehdən 4* faiz zərər ödəncini ala bilmir. İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1126.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2**3-cü il tarixli, 3 saylı qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları”nın 3-1*-cu bəndinə istinad edərək qeyd etmişdir ki, ona dəyən zərərə görə zərər ödənci cavabdehdən tutulub ona ödənilməlidir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. X2 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi izahatında göstərdi ki, iddiaçı sözügedən müəssisədə həmin dövrdə xəsarət almışdır, bu halı təsdiq edir, lakin bununla bağlı hər hansı sənəd təqdim edə bilmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının, dövlət orqanının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində ifadə edilmiş məhkəmə icraatının həqiqətin müəyyən edilməsi vəzifəsi mütləq həqiqətin deyil, baxılan iş üzrə tərəflərin təqdim etdikləri və məhkəmə tərəfindən araşdırılan sübutlardan irəli gələn hüquqi həqiqətin müəyyən olunmasını nəzərdə tutur. Həmin normanın şərh edilməsi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2*19-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və MPM-in tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İddia ərizəsinin məzmununa, iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus əmək kitabçasının surətinə və notarial qaydada təsdiq edilmiş 21.*1.1991-ci il tarixli xəstənin göndəriş vərəqəsinə görə iddiaçı *4.*3.1974-cü ildə işlədiyi Qənnadı fabrikində iş zamanı qəzaya uğramış, sağ əlinin 2-ci və 3-cü barmağı kəsilmişdir. İddiaçının qeyd etdiyi dövrdə qüvvədə olmuş Mülki Məcəllənin 24-cü maddəsinə əsasən təsərrüfat hesabında olub, təhkim edilmiş əsas və dövriyyə vəsaitlərinə və müstəqil balansa malik olan dövlət müəssisələri və sair dövlət təşkilatları; dövlət büdcəsində olub, rəhbərləri kredit üzərində sərəncam vermək (qanunda müəyyən edilən istisnalardan başqa) hüquqlarından istifadə edən və müstəqil smetası olan idarələr və sair dövlət təşkilatları; sair mənbələr hesabına maliyyələşdirilən, müstəqil smeta və ya müstəqil balansa malik olan dövlət təşkilatları; SSR İttifaqının qanunvericiliyində nəzərdə tutulan hallarda digər təşkilatlar da hüquqi şəxslər hesab edilmişlər. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən vətəndaşın şəxsiyyətinə və ya əmlakına vurulmuş ziyan, habelə təşkilata vurulmuş ziyan SSR İttifaqının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu ziyanı vurmuş şəxs tərəfindən tam həcmdə ödənilməlidir. Məcəllənin 456-cı maddəsinə əsasən şəxsin səhhətinə şikəstlik və ya sair xəsarət yetirilən halda, ziyan üçün məsuliyyət daşıyan təşkilat və ya vətəndaş ziyan çəkənin əmək qabiliyyətinin itməsi və ya azalması nəticəsində əldən çıxan qazancını ödəməli, habelə səhhətinin pozulması ilə əlaqədar çəkdiyi xərcləri (qüvvəli yeməklərin, protezlərin, kənar şəxsin ona verdiyi xidmətin və s. xərclərini) ödəməlidir. Məcəllənin 465-ci maddəsinə əsasən hüquqi şəxs yenidən təşkil olunduqda, aylıq ödəmələrin verilməsi (bu Məcəllənin 464-cü maddəsi) onun hüquqi varislərinə həvalə olunur. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2*11-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət, həmin Məcəllənin 191-ci maddəsinin tələbləri baxımından yalnız işəgötürən təqsirli olduqda yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununa görə işəgötürənin təqsirinin tam və ya qismən olmasından asılı olmayaraq, həmin Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan şərtlər olduğu halda işəgötürənin işçi qarşısında məsuliyyəti tam xarakter daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin *9.*1.2**3-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbədən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”: Bənd 1.1. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Bənd 1.3. Aşağıdakı sənədlər olduqda, təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir: -istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı); işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən TSEK-in qərarı və yaxud ölümü haqqında şəhadətnamə. Bənd 1.5 TSEK qüvvədə olan qanunvericiliyə müvafiq istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) itirilmə müddətini, dərəcəsini (faizini), əlillik dərəcəsini və habelə səhhətinin pozulması ilə əlaqədar əlavə çəkdiyi xərcləri (qüvvəli yeməklər, protezlər, kənar şəxsin ona göstərdiyi xidmət və sair xərclər) müəyyən edir və bu barədə qərar çıxarır. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsaslanaraq və iş materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, iddiaçının xəsarət alması ilə nəticələnmiş istehsalatda baş vermiş bədbəxt hadisədə işəgötürənin təqsirli olması, həmin hadisəyə görə işəgötürənin hüquqi məsuliyyətə cəlb olunması müəyyən edilməmişdir. Buna görə də, iddiaçının istehsalat xəsarəti nəticəsində sağlamlığının pozulmasına görə cavabdehdən hər hansı ödənc tələb etməsi əsassızdır. Məhkəmə qeyd edir ki, iddiaçı məhz həmin hadisədə xəsarət almasını, yəni sağlamlığının pozulmasını təsdiq edən hər hansı mötəbər sübutunu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı bu barədə akt, aktdan çıxarış, arayış və “epikriz” adlı dörd adda rus dilində olan sənəd təqdim etmişdir ki, məhkəmə həmin sənədləri hazırki iş üzrə sübut qismində qəbul etmir. Belə ki, həmin sənədlər kserosurət olmaqla, imzalanmamış və hər hansı möhürlə təsdiq edilməmişdir. Dəfələrlə şərait yaradılmasına, bununla bağlı məhkəmə hazırlıq iclaslarının təxirə salınmasına baxmayaraq iddiaçı təqdim etdiyi sənədlərin əslini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddiaçının vəkilinin və X1 sorğularına cavabdehin verdiyi müvafiq cavablarla bağlı qeyd edir ki, yalnız bu cavabların mövcudluğu, istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində iddiaçının sağlamlığının pozulmasına görə ona işəgötürən tərəfindən müavinət ödənilməsi, həmin müavinətin kəsilməsi barədə qənaətə gəlmək üçün əsas deyil. Bundan başqa, qeyd edilən hadisə üzrə X2 Xidməti tərəfindən hər hansı araşdırmanın aparılması iş materiallarından görünmür. Başqa sözlə, məhkəmə tərəfindən təklif edilsə də, X2 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən iddiaçının tələbinin faktiki əsasını təşkil edən hər hansı material məhkəməyə təqdim edilməmişdir. Beləliklə, istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş aktın və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmünün (qətnaməsi, qərarı); işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən TSEK-in qərarının mövcud olması iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Halbuki, MPM-ə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 14.2, 77.1, 8*, 81, 217.4). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-22*, 227 və 36*-cı maddələrini rəhbər tutaraq, qətetdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmək qabiliyyətinin itirilməsinə görə ödənilməli olan ödənilməmiş zərər ödənci” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar