Məhkəmə qərarları › İş №2(125)-1239/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1239/2023

13.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1239/2023 13.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ödənilməmiş əsas borcun əvəzi qismində 20.000 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş vəsaitin əvəzi qismində 80 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 150 manat, cəmi 20.230 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tanışı olan Cavabdeh pula ehtiyacı olduğuna görə ondan 20.000 manat pul vəsaiti borc verməsini xahiş etmişdir. Bundan sonra, 18 oktyabr 2019-cu il tarixdə 52 saylı Notariat Kontorunda kredit müqaviləsi bağlayaraq, o həmin pulu cavabdehə borc olaraq vermişdir. Həmin kredit müqaviləsinə görə cavabdeh borcunu 18 aprel 2020-ci il tarixədək ona qaytarmağı öhdəsinə götürmüşdür. Borcun qaytarılması ilə bağlı heç bir faiz verilməsi nəzərdə tutulmamışdır. 15 may 2020-ci il tarixdə cavabdeh borcu qaytara bilmədiyini ona bildirmiş və bunun nəticəsində onlar aralarında müəyyən razılığa gəlmişlər. O və Cavabdeh 18 oktyabr 2019cu il tarixli kredit müqaviləsinə dəyişiklik edilməsi qərarına gəlmiş və cavabdeh borcunu 15 may 2021-ci il tarixədək bütov şəkildə qaytarmağı öhdəsinə götürmüşdür. 17 may 2021-ci il tarixdə yuxarıda qeyd olunan müqaviləyə yenidən dəyişiklik edilmiş və o cavabdehə borcu qaytarmaq üçün 17 may 2022-ci il tarixədək vaxt vermişdir. Buna baxmayaraq, Cavabdeh borcu qaytara bilməmiş və iddiaçıdan yenə vaxt istəmişdir. 20 may 2022-ci il tarixli kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında sazişə əsasən cavabdeh 20 noyabr 2022-ci il tarixədək borcu qaytarmağı öz öhdəsinə götürsə də, yenə də qaytarmamışdır. Ümumilikdə borcdan heç bir ödəniş edilməmişdir. O, borcun qaytarılması ilə bağlı cavabdehə dəfələrlə müraciət etsə də, cavabdeh borcu bugünə kimi ödəməmiş və müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Göstərilən səbəbdən o, ağır maddi vəziyyətə düşmüşdür. Cavabdeh öhdəliyini icra etməmiş, nəticədə müqavilənin tələblərini pozmuşdur. Buna görə də, o, müqavilənin 4-cü bəndinə əsasən pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı iddianın təmin edilməsi, ödənilməmiş əsas borcun əvəzi qismində 20.000 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş vəsaitin əvəzi qismində 80 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 150 manat, cəmi 20.230 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. 12 aprel 2023-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində İddiaçı mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi E.Cavabdeh məhkəmədə iddianı qəbul etməyərək bildirdi ki, Cavabdeh İddiaçılə 18 oktyabr 2019-cu il tarixdə 52 saylı Notariat Kontorunda kredit müqaviləsi bağlayaraq, sonuncudan 20.000 manat məbləğində borc almışdır. Cavabdeh borcunu 18 aprel 2020-ci il tarixədək ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh borcunu hissə-hissə İddiaçı ödəmişdir. Lakin iddiaçı cavabdehin etibarından sui-istifadə edərək, onunla kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında sazişlər bağlayarkən, həmin sazişlərin 2-ci bəndlərində borcun qalıq hissəsi əvəzinə bütov şəkildə qaytarılmalı olduğunu qeyd etmişdir. Bununla da, İddiaçı Cavabdeh yanıltmışdır və borc İddiaçı ödəndiyi halda məhkəmədə iddia qaldırmışdır. Cavabdeh İddiaçı uzun müddətdir tanıdığı üçün ona etimad göstərmiş və borcu hissə-hissə ödəyərkən, bu barədə qəbz imzalatmağa zərurət görməmişdir. Lakin iddiaçı həmin etimadı doğrultmamış və qəbzin olmamasından istifadə edərək, cavabdehdən ödənilmiş pulun yenidən ödənilməsini tələb etmişdir. Halbuki, 2019-cu ilin noyabr ayından başlayaraq, 2022-ci ilin iyun ayınadək hər ayın iyirmisində Cavabdeh İddiaçı olan borcundan 800 manat qaytarmışdır. İddiaçı Cavabdeh qarşı saxtakarlıq etdiyi üçün məhkəmə iclaslarına gəlməkdən çəkinir. Buna görə də İddiaçı iddia tələbi əsassızdır və rədd olunmalıdır. Sonda Vəkil iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin vəkili Vəkil E.Cavabdeh izahatını müdafiə edərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehin nümayəndəsini və vəkilini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan, notariat qaydasında təsdiq olunmuş 18 oktyabr 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 20.000 manat məbləğində pul vəsaitini borc vermiş, Cavabdeh isə həmin borcunu 18 aprel 2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan «18 oktyabr 2019-cu il tarixdə bağlanmış 3M-1051 nömrəli reyestr nömrəli kredit müqaviləsinə dəyişiklik edilməsi barədə» 15 may 2020-ci il tarixli Sazişdən görünür ki, Bakı şəhəri 52 saylı notariat ofisinin notariusu X2 tərəfindən 18 oktyabr 2019-cu il tarixdə, 3M-1051 nömrəli reyestrdə təsdiq edilmiş kredit müqaviləsinin 2-ci bəndinə dəyişiklik edilmişdir. Belə ki, 18 oktyabr 2019-cu il tarixdə bağlanmış 3M-1051 nömrəli reyestr nömrəli kredit müqaviləsinin 2-ci bəndində edilmiş dəyişikliyə əsasən «borc alan» krediti 15 may 2021-ci il tarixədək «borc verən»ə bütöv şəkildə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan «18 oktyabr 2019-cu il tarixdə bağlanmış 3M-1051 nömrəli reyestr nömrəli kredit müqaviləsinə dəyişiklik edilməsi barədə» 17 may 2021-ci il tarixli Sazişdən görünür ki, Bakı şəhəri 52 saylı notariat ofisinin notariusu X2 tərəfindən 18 oktyabr 2019-cu il tarixdə, 3M-1051 nömrəli reyestrdə təsdiq edilmiş kredit müqaviləsinin 2-ci bəndinə dəyişiklik edilmişdir. Belə ki, 18 oktyabr 2019-cu il tarixdə bağlanmış 3M-1051 nömrəli reyestr nömrəli kredit müqaviləsinin 2-ci bəndində edilmiş dəyişikliyə əsasən «borc alan» krediti 17 may 2022-ci il tarixədək «borc verən»ə bütöv şəkildə qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan «18 oktyabr 2019-cu il tarixdə bağlanmış 3M-1051 nömrəli reyestr nömrəli kredit müqaviləsinə dəyişiklik edilməsi barədə» 20 may 2022-ci il tarixli Sazişdən görünür ki, Bakı şəhəri 52 saylı notariat ofisinin notariusu X2 tərəfindən 18 oktyabr 2019-cu il tarixdə, 3M-1051 nömrəli reyestrdə təsdiq edilmiş kredit müqaviləsinin 2-ci bəndinə dəyişiklik edilmişdir. Belə ki, 18 oktyabr 2019-cu il tarixdə bağlanmış 3M-1051 nömrəli reyestr nömrəli kredit müqaviləsinin 2-ci bəndində edilmiş dəyişikliyə əsasən «borc alan» krediti 20 noyabr 2022-ci il tarixədək «borc verən»ə bütöv şəkildə qaytarmağı öhdəsinə götürmüşdür. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış və notariat qaydasında təsdiq olunmuş 18 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 20.000 manat məbləğində pul vəsaitini borc vermiş, Cavabdeh isə borcunu 18 aprel 2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Sonradan tərəflər arasında kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında sazişlər bağlanmış və həmin kredit müqaviləsinin müddəti 20 noyabr 2022-ci il tarixədək artırılmışdır. Cavabdeh qeyd olunan müqavilə üzrə borcundan hazırki tarixədək heç bir ödəniş etməmiş, buna görə də İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəf isə yalnız iddiaya etiraz etməklə kifayətlənmiş və öz etirazlarını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, mülki işin 27 fevral 2023-cü il tarixə təyin olunmuş məhkəmə hazırlıq iclasında cavabdeh tərəfə iddiaya etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etmək təklif olunmuş və hətta kifayətedici zamanın təmin olunması üçün məhkəmə hazırlıq iclası 1 ay müddətə təxirə salınaraq, 27 mart 2023-cü il tarixə təyin edilmişdir. Lakin iddiaya etirazın əsası kimi yalnız cavabdehin özü tərəfindən tərtib olunmaqla, imzalanmış əl yazmadan ibarət sənəd məhkəməyə təqdim edilmiş, həmin sənədin üzərində iddiaçı tərəfindən hər hansı təsdiqedici qeyd aparılmamış və onun əsasında iddiaya etirazı təsdiq edən halları müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bundan başqa, tərəflər arasında 18 oktyabr 2019-cu il tarixdə bağlanmış 3M-1051 nömrəli reyestr nömrəli kredit müqaviləsində həmin müqavilənin icrası qaydası onların öz iradələri əsasında razılaşdırılmış və həmin müqavilənin 6-cı bəndində göstərilmişdir ki, «borc verən» müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir. Digər tərəfdən, iddiaya etirazın əsası kimi 2019-cu ilin noyabr ayından 2022-ci ilin iyun ayınadək hər ayın iyirmisində Cavabdeh İddiaçı olan borcundan 800 manat qaytardığı göstərilsə də, «18 oktyabr 2019-cu il tarixdə bağlanmış 3M-1051 nömrəli reyestr nömrəli kredit müqaviləsinə dəyişiklik edilməsi barədə» 15 may 2020-ci il tarixli, 17 may 2021-ci il tarixli və 20 may 2022-ci il tarixli Sazişdən görünür ki, əsas kredit müqaviləsinin bağlandığı 18 oktyabr 2019-cu il tarixdən 15 may 2020-ci il tarixədək 7 ay (7ay x 800 manat = 5.600 manat), 17 may 2021-ci il tarixədək 19 ay (19ay x 800 manat = 15.200 manat), 20 may 2022-ci il tarixədək isə 31 ay (31 ay x 800 manat = 24.800 manat) müddət keçmiş və əsas kredit müqaviləsinə əlavə olan sonrakı sazişlərdə ödənişlərə dair hər hansı qeyd aparılmamışdır. Məhkəmə mülki işin məhkəmə iclasında müqayisəli tədqiq edilmiş və müəyyən olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, Cavabdeh 18 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı 20.000 manat məbləğində pul vəsaitini borc alsa da, razılaşdırılmış müddətdə həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Buna görə də iddia ödənilməmiş borcun əvəzi qismində 20.000 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb, iddiaçıya verilməsi tələbinə dair hissədə təmin edilməlidir. Lakin mülki işin məhkəmə tədqiqi zamanı iddiaçı hüquqi xidmətin göstərilməsinə görə 80 manat məbləğində ödəniş edilməsinə dair xx.xx.2023-cü il tarixli 112-195 nömrəli mədaxil qəbzini məhkəməyə təqdim etsə də, həmin mədaxil qəbzi ilə təsbit olunan ödənişin məhz hazırki mübahisə üzrə hüquqi xidmətin göstərilməsinə görə ödənilməsini müəyyən etmək mümkün olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia hüquqi yardıma görə ödənilmiş 80 manat məbləğində pul vəsatinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.3-cü maddəsinin tələbinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranı tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, 18 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş borcun əvəzi qismində 20.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 150 manat, cəmi 20.150 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh 18 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş borcun əvəzi qismində 20.000 (iyirmi min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 150 (bir yüz əlli) manat, cəmi 20.150 (iyirmi min bir yüz əlli) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar