Məhkəmə qərarları › İş №2(125)-1257/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1257/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1257/2025 03.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, etibarından sui-istifadə etməklə mənimsədiyi 4000 manat pul vəsaitinin və dövlət rüsumu üçün çəkdiyi xərcin əvəzi olaraq 60 manatın, ümumilikdə 4060 manat pulun Cavabdeh alınıb ona verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə cavabdeh onu aldadaraq Gəncə şəhər Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasında işə düzəltmək adıyla 4000 manat pulunu mənimsəmişdir. Belə ki, 4-5 ay keçəndən sonra o başa düşmüşdür ki, cavabdeh onu aldatmışdır. Buna görə də prokurorluğa və polisə şikayət etmişdir. O, anası Əhmədova Məhbubəni də aldadaraq onun da 3500 manat pulunu mənimsəmişdir. Bu faktlar əsasında cavabdeh barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə cinayət işi açılmış və məhkəməyə verilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(062)- 105/2024 saylı hökmü ilə Cavabdeh barəsində ittihamedici hökm çıxarılmışdır. Həmin hökmdə qeyd etdiyi xüsusatlar müəyyən edilmişdir. Cavabdeh apellyasiya şikayəti versə də, hökm dəyişdirilməmişdir. Odur ki, mülki iddia ilə müraciət etməli olmuşdur. Cavabdehin ondan mənimsədiyi 4000 manat pul cavabdehdən alınıb ona verilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti ona təqdim edilməsi üçün 16 saylı cəzaçəkmə müəssisəsinə göndərilmiş, lakin cavabdeh tərəfindən iddia tələbinə qarşı hər hansı bir vəsatət və ya etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(062)-105/2024 nömrəli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində 1 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(104)-568/2024 nömrəli qərarından görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(062)- 105/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan hökmdən görünür ki, Cavabdeh ifadəsində İddiaçı işə düzəltmək müqabilində 4000 manat məbləğində pul aldığını etiraf etmişdir. Qeyd olunan hökmdən görünür ki, Cavabdeh verilmiş ittihamda özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə İddiaçı Gəncə şəhərində fəaliyyət göstərən Gəncə şəhər Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasına işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq İddiaçı 4000 manat məbləğində nağd pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsi göstərilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, iddiaçının izahatını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh təqsirli hərəkətləri nəticəsində iddiaçıya vurduğu zərəri ödəməyə borclu olduğu üçün iddia təmin olunmalı, cavabdehdən 4000 manat pul alınaraq iddiaçının xeyrinə verilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 60 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 4000 manat pul və dövlət rüsumunun əvəzi olaraq 60 manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar