Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1269/2022 20.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, Əskərova Durdanə Museyib qızının katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh Oktay oğluna qarşı Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 23 iyun 2017-ci il tarixli 2(043)-4617/2017 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün tutulması müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutulması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh Oktay oğluna qarşı Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 23 iyun 2017-ci il tarixli 2(043)-4617/2017 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün tutulması müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirdi ki, İddiaçı və Cavabdeh Oktay oğlu 2008-ci ildə el adəti üzrə toy edib nikaha girmişlər. Həmin şəxslərin birgə nikahından 21 fevral 2009-cu ildə X10 anadan olmuşdur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 28 yanvar 2011-ci il tarixli, 2(043)-45/2011 saylı qətnaməsi ilə İddiaçı və Cavabdeh Oktay oğlu arasında olan nikah pozulmuş, tərəflərin birgə nikahından anadan olmuş uşağın İddiaçı yanında qalması müəyyən edilmiş və həmin uşağın saxlanması üçün hər ay 40 manat sabit pul məbləğində alimentin Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bundan sonra İddiaçı 2014-cü ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləğinin artırılmasını xahiş etmiş və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 12 may 2014-cü il tarixli qətnaməsi ilə həmin alimentin məbləği dəyişdirilərək, 80 manat məbləğində müəyyən olunmuşdur. Sonuncu dəfə isə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 23 iyun 2017-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanması üçün 110 manat sabit pul məbləğində alimentin İddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Lakin hazırda həmin uşaq ötən 5 il müddətində daha da böyümüş və buna görə də onun xərcləri artmışdır. Belə ki, hazırda iddiaçı və cavabdehin birgə nikahından anadan olmuş uşağın 14 yaşı vardır. Buna görə həmin uşağın zəruri xərcləri 2017-ci illə müqayisədə daha çoxdur. Qeyd olunan səbəblərdən də İddiaçı cavabdehlə birgə nikahından doğulmuş uşağın maddi təminatını çətinliklə ödəyir. Bundan başqa, tərəflərin birgə nikahından doğulmuş X10 onurğanın 2-ci dərəcəli skaliozu diaqnozu ilə xəstədir və mütəmadi olaraq müalicəyə ehtiyacı vardır. Bu isə həmin uşağa dair İddiaçı xərclərinin mütəmadi qaydada artmasına səbəb olur. Digər tərəfdən Cavabdeh Oktay oğlu 2-ci dəfə nikaha girmiş və həmin nikahdan da uşaqları doğulmuşdur. Bu isə Cavabdeh kifayət qədər maddi imkanının olduğunu göstərir. Belə ki, Cavabdeh G.V.Tağıyevlə birgə nikahdan doğulmuş uşağının maddi təminatını ödəyə bilmədiyi halda 2-ci dəfə nikaha girməsi məntiqsizdir və digər şəxslərin maddi xərclərinin ödənilməsi həmin uşağın zəruri xərclərindən qənaət hesabına təmin olunmamalıdır. Hazırda 2022-ci il üzrə uşaqlar üçün yaşayış minimumu 193 manatdır. Lakin birgə nikahdan doğulmuş uşağın 14 yaşının olduğu və səhəti ilə əlaqədar artan maddi təlabatı nəzərə alınarsa, həmin uşağın maddi xərclərinin həqiqətən də yüksək olduğunu müəyyən etmək olar. Cavabdeh isə məhkəmə qətnaməsi ilə müəyyən olunmuş məbləğdən əlavə iddiaçıya heç bir maddi yardım göstərmir. Halbuki, birgə nikahdan doğulmuş uşağı saxlamaq iddiaçı ilə yanaşı cavabdehin də vəzifəsidir. Sonda Nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı öz iddia ərizəsində cavabdehin maddi vəziyyətinin yaxşı olduğunu bildirsə də, bununla bağlı iddia ərizəsinə əlavə və ya məhkəməyə heç bir rəsmi sübut təqdim etməmişdir. Cavabdeh isə iddia tələbinə etirazının əsası kimi aylıq 300 manat məbləğində əmək haqqı almasına dair əmək müqaviləsi bildirişini, hazırda yenidən ailə qurmasını və həmin nikahdan da 3 uşağının olmasını, habelə mülkiyyətində heç bir daşınmaz əmlakın və nəqliyyat vasitəsinin olmamasına dair sübutlarını məhkəməyə təqdim etmişdir. Cavabdehin öz maddi vəziyyəti ağırdır və təyin olunmuş alimentin məbləğinin hər hansı məbləğdə artırılması Cavabdeh ağır olan maddi vəziyyətini daha da ağırlaşdıra bilər. Buna görə də İddiaçı iddiası təmin olunmamalıdır. Sonda cavabdehin nümayəndəsi E.İ.Məmmədov iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan 09 fevral 2015-ci il tarixli, AZ-İİİ seriyalı 408933 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 21 fevral 2009-cu ildə anadan olmuşdur. Həmin uşağın atası Cavabdeh Oktay oğlu, anası isə İddiaçıdır. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 28 yanvar 2011ci il tarixli, 2(043)-45/2011 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh Oktay oğlu ilə İddiaçı arasında xx.xx.2008-ci il tarixdə bağlanılmış və Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 199 akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından xx.xx.2009-cu il tarixdə anadan olmuş X7 anası İddiaçı yanında saxlanılması, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2010-cu il tarixdən başlayaraq hər ay 40 manat sabit pul məbləğində alimentin Cavabdeh Oktay oğlundan alınaraq, İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 23 iyun 2017-ci il tarixli, 2(043)-4617/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikahından 21 fevral 2009-cu ildə doğulmuş X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh Oktay oğlundan İddiaçı xeyrinə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1264/2014 saylı mülki iş üzrə çıxarılmış 12 may 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş, hər ay 80 manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh Oktay oğlundan hər ay 110 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə şəhər «Xəmsə-2» klinikası tərəfindən verilmiş 31 yanvar 2019-cu il tarixli arayışın surətindən görünür ki, X10 «onurğanın 2 dərəcə skaliozu» diaqnozundan əziyyət çəkir. İşdə olan AZ-İ seriyalı 841811 nömrəli, 27 iyul 2013-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Oktay oğlu və X4 27 iyul 2013-cü ildə nikahlarını Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində bağlamışlar. İş materiallarında olan AZ-İİİ seriyalı 224737 nömrəli, AZ-İİİ seriyalı 469066 nömrəli və AZ-İV seriyalı 225588 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X11 05 may 2014-cü il tarixdə, X8 25 may 2015-ci il tarixdə və X12 06 yanvar 2019-cu il tarixdə anadan olmuşdur. Həmin uşaqların atası Cavabdeh Oktay oğlu, anası isə X5r. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Oktay oğlunun mülkiyyətində daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsinin 29 avqust 2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh Oktay oğlunun adına nəqliyyat vasitəsi yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Bundan başqa, həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2017-ci ildə yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa görə 2017-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 136 manat 60 qəpik məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. ««Minimum aylıq əməkhaqqının məbləğinin artırılması» və «Minimum aylıq əməkhaqqının artırılması haqqında»» Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2021-ci il tarixli sərəncamının 1-ci bəndinə görə minimum aylıq əmək haqqının məbləği 01 yanvar 2022-ci il tarixdən 300 manat müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2022-ci ildə yaşayış minimumu haqqında» 03 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 193 məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü bəndinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə cavabdehin nümayəndəsinin məhkəmə iclasında iddia tələbinə etirazının əsası kimi cavabdehin ailə vəziyyətinin dəyişməsinə və yeni nikahından 3 uşağının olmasına, mülkiyyətində daşınmaz əmlakın və nəqliyyat vasitəsinin olmamasına, habelə aylıq 300 manat əmək haqqı almasına dair göstərdiyi xüsusatlara hüquqi qiymət verərək, hesab edir ki, həmin hallar iddianın rədd edilməsi üçün əsas deyildir. Belə ki, cavabdehin etirazının əsası kimi göstərdiyi qeyd olunan xüsusatlar onun İddiaçı ilə birgə nikahdan doğulmuş uşağın maddi təminatının ödənilməsində tam və ya qismən iştirakdan məhrum edilməsinə əsas hesab oluna bilməz. Digər tərəfdən mülki işin məhkəmə iclasında müəyyən olunmuş hallarından görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 23 iyun 2017-ci il tarixli, 2(043)- 4617/2017 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün Cavabdeh Oktay oğlundan alınıb İddiaçı verilməsi qət edilmiş alimentin məbləği 2017-ci ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu olan 136 manat 60 qəpik məbləğində pul vəsaitinin 81 faizi həddində, yəni 110 manat olmuşdur. Bundan başqa, 2017-ci ildə ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu hazırki tarixədək ötən müddət ərzində 56 manat 40 qəpik məbləğində artaraq, 2022-ci ildə 193 manat müəyyən edilmişdir. Bununla əlaqədar məhkəmə tərəflərin maddi vəziyyətini, tərəflərin birgə nikahlarından doğulmuş uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətini, həmin uşağın mənafeyini və aliment qət edildikdən sonra ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artmasını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 23 iyun 2017ci il tarixli 2(043)-4617/2017 nömrəli qətnaməsi ilə tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbayсan Respublikası Qanunun 9.1-сi maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Azərbayсan Respublikası Mülki-Prosessual Məсəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq, cavabdehdən tutularaq, dövlət gəlirlərinə alınır. Bununla əlaqədar məhkəmə hesab edir ki, mediasiya prosesinə sərf olunmuş vəsaitin əvəzi qismində 50 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 23 iyun 2017-ci il tarixli 2(043)- 4617/2017 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh Oktay oğlundan 21 fevral 2009-cu ildə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh Oktay oğlundan mediasiya prosesinə sərf edilmiş vəsaitin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-1269/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1269/2022
20.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver