Məhkəmə qərarları › İş №2(125)-1279/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1279/2022

21.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1279/2022 21.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş əsas borcun əvəzi qismində 1.397 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 manat 97 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş əsas borcun əvəzi qismində 1.397 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 manat 97 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, o, mobil telefonların onlayn alqı-satqısı ilə məşğul olur. 24 yanvar 2021-ci il tarixdə Cavabdeh ona yaxınlaşaraq **********33070 İMEİ kodlu «İphone XS» markalı mobil telefonu almaq istədiyini, lakin həmin mobil telefonun dəyərini hissə-hissə hər ay 127 manat olmaqla, 12 ay ərzində ödəyə biləcəyini bildirmişdir. O, müştəri ilə şifahi razılaşdıqdan sonra Cavabdeh öz şəxsiyyət vəsiqəsinin surətinə öz xətti ilə qalıq borc məbləğini qeyd etmişdir. Cavabdeh bir ay 127 manat ödəniş etsə də, ödəməli olduğu qalıq 1.397 manat məbləğində borcu hazırki tarixədək ödəməmişdir. O, cavabdehdən borcun ödənilməsini tələb etdikdə isə cavabdeh müxtəlif bəhanələrlə borcun ödənilməsindən boyun qaçırmışdır. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, o, qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Cavabdehin faktiki olduğu yer məlum olmadığından məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinlərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən verilmiş 24 yanvar 2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh **********33070 İMEİ kodlu «İphone XS» markalı mobil telefonu 12 ay müddətinə, hər ay 127 manat olmaqla, cəmi 1.524 manat borcu İddiaçı hissə-hissə ödəməyi öhdələrinə götürmüşdür. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, 24 yanvar 2021-ci il tarixli müqavilə üzrə Cavabdeh öhdəliklərini icra etməmişdir. Bununla əlaqədar X1 24 yanvar 2021-ci il tarixli müqavilə üzrə İddiaçı 1.397 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinin tələbinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əçyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, öhdəliyin icrasını sübuta yetirmək vəzifəsi borclunun üzərinə düşsə də, borclu öhdəliyin icra edilməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, Cavabdeh 24 yanvar 2021ci il tarixli müqavilə üzrə 1.397 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddianin təmin edilmiş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 manat 97 qəpik məbləğində pul vəsaiti cavabdehdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh 24 yanvar 2021-ci il tarixli müqavilə üzrə 1.397 (bir min üç yüz doxsan yeddi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 (otuz üç) manat 97 (doxsan yeddi) qəpik, cəmi 1.430 (bir min dörd yüz otuz) manat 97 (doxsan yeddi) qəpik məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar