Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-128/2024 09.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X13 Şakir oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi və borc” tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi və borc” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh mülkiyyət hüququ üzrə ona məxsus “Toyota Prius” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu zərərin əvəzi olaraq 1596 (bir min beş yüz doxsan altı) manat məbləğində, aprel ayı üçün icarə haqqından qalmış 400 (dörd yüz) manat borcun, ümumilikdə 1996 (bir min doqquz yüz doxsan altı) manat məbləğində pulun və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mülkiyyət hüququ üzrə ona məxsus olan “Toyota Prius” (Hibrid) markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini etibarnamə ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi **********/AZ2017 saylı VÖEN əsasında fəaliyyət göstərən fərdi sahibkar Cavabdeh 18 oktyabr 2022-ci il tarixdə şifahi müqavilə əsasında icarəyə vermişdir. Avtomobili icarə üçün istismara qəbul edən Cavabdeh nəqliyyat vasitəsini texniki saz vəziyyətdə olduğuna əmin olduqdan sonra etibarnamə müddəti başa çatdıqdan sonra avtomobili qəbul etdiyi vəziyyətdə geri qaytarmağı öz öhdəsinə götürmüşdür. Təəssüf ki, cavabdeh öhdəliyinə məsuliyyətlə riayət etməmiş və 05 may 2023-cü il tarixdə ona məlum olmayan telefon nömrəsindən tanımadığı şəxs tərəfindən zəng gələrək cavabdehə etibarnamə əsasında icarəyə verdiyi nəqliyyat vasitəsini Gəncə şəhərində Cihazqayırma zavodunun yanında təhvil götürməsini xahiş etmişdir. Cavabdehə zəng edərək məsələnin mahiyyətini ona izah etməsini tələb etmiş, eyni zamanda 2023-cü ilin aprel ayı üçün avtomobilin istismarına görə icarə haqqının 400 (dörd yüz) manat qalan hissəsini ödəməsini bildirmişdir. Avtomobilə yerində vizual baxış keçirdiyi zaman ilkin baxışdan xeyli qüsur olmasını hiss etmiş, hansı ki, cavabdeh nəqliyyat vasitəsini ondan qəbul edərkən tamamilə saz vəziyyətdə istismara yararlı idi. Ona görə də avtomobildə olan qüsurları müəyyən etmək üçün Azərbaycan Respublikası “Avtomotoservis və ticarət” X2 müəssisəsinə müraciət etmişdir. Həmin müəssisədə Mühəndis-Məsləhətçi vəzifəsində işləyən ixtisasca avtomobil nəqliyyatı mühəndis mexaniki X7 nəqliyyat vasitəsinə “Servis” şəraitində ilkin vizual baxış keçirmiş və 05 may 2023-cü il tarixli, 44/05 saylı qüsur aktı-rəy tərtib edilmişdir. Qüsur aktı-rəy əsasında məlum olmuşdur ki, cavabdehin təqsiri ucbatından qəzaya uğramış avtomobilə 1596 (bir min beş yüz doxsan altı) manat maddi zərər yetirilmişdir. Eyni zamanda avtomobil sökülərkən əlavə nəzərdən qaçan gözlə görünməyən qüsurlar aşkalanarsa, hesablanmış xərclərin artmasının istisna olunmadığı da qüsur aktında öz əksini tapmışdır. Cavabdeh bütün parametrlər üzrə öhdəliyini yerinə yetirməməklə, ona maddi zərər vurmaqla yanaşı, həmçinin, may, iyun və iyul aylarında əldə edə biləcəyi gəlirdən (faydadan) onu məhrum etmişdir. Hesab edir ki, cavabdeh mülkiyyət hüququ üzrə ona məxsus olan avtomobili yararsız hala saldığına görə vurduğu 1596 (bir min beş yüz doxsan altı) manat məbləğində zərəri və adi mülki dövriyyə şəraitində də əldə edəcəyi gəlirləri ödəməlidir. Nəqliyyat vasitəsininn yararlı hala salınmasını üçün ehtiyat hissələrinin sifariş əsasında gətirilməsini nəzərə aldıqda, iyul ayının axırlarına qədər vaxt lazımdır. Bu baxımdan cavabdeh 2023-cü ilin aprel ayından qalmış 400 (dörd yüz) manat icarə haqqını ona ödəməlidir. Beləliklə, cavabdehdən avtomobilə vurduğu zərərin əvəzi olaraq 1596 (bir min beş yüz doxsan altı) manat, icarə haqqı üçün 2023-cü ilin aprel ayından qalmış 400 (dörd yüz) manat məbləğində borcun alınıb verilməsi barədə qətnamə qəbul edilməlidir. O, nəqliyyat vasitəsini cavabdehlə icarə məbləğini 600 (altı yüz) manata güzəştli şəkildə razılaşmışdır. Belə ki, Bakı şəhərində hər ay üçün icarə haqqı 750 (yeddi yüz əlli) manat təşkil edir. Onun özü tərəfindən cavabdehə kifayət qədər güzəşt edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, əlavə olaraq bildirdi ki, Cavabdeh onun qardaşı ilə qonşudur, həmçinin cavabdehin atası ilə də zamanında birlikdə işləmişlər. O, özünə “Toyota Prius” (Hibrid) markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobil almış və qardaşı oğlu ona Cavabdeh Bakıda şirkəti olduğunu və “Toyota Prius” (Hibrid) markalı avtomobilləri icarəyə götürdüyünü bildirmişdir. Qardaşı oğlu həmin avtomobili Cavabdeh icarəyə verməsini bildirsə də, Bakı şəhəri uzaq olduğu üçün o, əvvəlcə tərəddüd etmiş, razı olmamış, daha sonra qardaşı oğlu Cavabdeh icarəyə götürdüyü maşınlara şəxsən nəzarət etdiyini və səliqəli saxladığını deməsindən sonra razılaşmışdır. 2022-ci ilin oktyabrın ayının 17-də Cavabdeh ona məxsus olan “Toyota Prius” (Hibrid) markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirmişdir. Bu zaman avtomobildə hər şey qaydasında olmuşdur. Özü də avtomobili Cavabdeh icarəyə verməzdən əvvəl hərtərəfli baxış keçirmiş və səliqəli saxlayacağı təqdirdə avtomobili cavabdehə verməyə razılaşmışdır. Bundan sonra Cavabdeh ilə arasında şifahi icarə müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən 15 gündən bir 300 manat olmaqla, ayda 600 manat ödəmək şərti ilə ona məxsus olan “Toyota Prius” (Hibrid) markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehə icarəyə vermişdir. Daha sonra Cavabdeh icarə haqqını gecikdirmələrlə ona ödəməyə başlamışdır. Belə ki, noyabrın ayının 1-dən aprel ayının 30-na kimi gecikdirmələrlə olsa da, cavabdeh tərəfindən ödənişlər olunmuşdur. Aprel ayının 30-da qardaşı oğluna zəng vuraraq bildirmişdir ki, Cavabdeh icarə haqqını ödəmir və ödənişlərdən yayınır. Qardaşı oğlu da ona cavabdehin vəziyyətinin yaxşı olmadığını, cavabdehin həmin ay üçün icarə haqqını ondan tələb etməməsini dediyini bildirmişdir. O, isə belə olduğu halda avtomobilini geri qaytarması üçün cavabdehə zəng vurmuşdur. Ona məxsus olan “Toyota Prius” (Hibrid) markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobil 2023-cü ilin may ayının 5-də tanımadığı şəxs tərəfindən ona təhvil verilmişdir. Belə ki, dostları ilə birlikdə vaxt keçirən zaman tanımadığı nömrədən zəng gəlmiş və tanımadığı bir nəfər ona “Rafiq müəllim gəlib maşınınızı apara bilərsiniz”- demişdir. O da dərhal zəng vuran şəxsi tanımadığı üçün kimliyini soruşmuş və həmin şəxsdə cavabında avtomobili Cavabdeh yolladığını bildirmişdir. O, qardaşı oğluna zəng vuraraq Cavabdeh avtomobili göndərdiyini və tez gəlməli olduğunu demişdir. Özü də dostları ilə birlikdə avtomobili təhvil almağa getmişdir. Avtomobili götürməyə gedən zaman avtomobilin ön hissəsinin vurulduğunu, avtomobilin çexolunun, ayaqaltıların yerində olmadığını, sükanın bıçaqla kəsilmiş vəziyyətdə olduğunu, monitorun dəyişdirildiyini, monitorun kənarlarının isə qırıq-qırıq edildiyini görmüşdür. Həmçinin, avtomobili təhvil alan zaman hər hansı bir şəxs tərəfindən aprel ayından qalmış 400 manat icarə haqqından ona pul verilməmişdir. O, avtomobilin vəziyyətini gördükdən sonra təcili Cavabdeh zəng vurmuş, cavabdeh isə ona sabah gələcəyini və zərəri ödəyəcəyini bildirmişdir. 10 gündən sonra cavabdeh ona məxsus avtomobilin çexol və ayaqaltılarını göndərmişdir. Özü isə avtomobilin təkərlərini dəyişdirmiş, avtomobili yenidən düzəltdirmişdir. Eyni zamanda avtomobilinə dəyən zərər ilə bağlı qüsur aktı almışdır. Hal-hazırda ekspertiza keçirilməsi üçün məhkəməyə ünvanladığı vəsatətini müdafiə etmir. Hesab edir ki, ekspertiza keçirilməsinə zərurət yoxdur və əsaslar mövcud deyildir. Cavabdeh tərəfindən aprel ayı üçün qalmış 400 manat məbləğində icarə haqqının ödənilməsini tələb edir. O cümlədən, cavabdeh tərəfindən ona məxsus avtomobil yararsız hala salınmışdır. Bu səbəbdən avtomobilinə dəymiş zərərin ödənilməsini də istəyir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı əlavə olaraq bildirdi ki, cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 cavabdehin yaxın qohumu olmaqla həm də cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə doğma oğludur. Bu səbəbdən şahid cavabdehin xeyrinə məhkəmədə ifadə vermişdir. Ona görə də onun izahatı sübut kimi qəbul oluna bilməz. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmənin 12 yanvar 2024-cü il tarixində keçirilən iclasında Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, o İddiaçı məxsus “Toyota Prius” (Hibrid) markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobili 15 gündən bir 300 manat olmaqla, ayda 600 manat ödəmək şərti ilə icarəyə götürmüş, həmin avtomobil ilə Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmuş və aprel ayına qədər ödəniş etmişdir. Sonuncu aprel ayı üçün ödənişi, yəni 400 manatı isə Elməddin adlı şəxsə verərək Rafiqə çatdırmasını bildirmişdir. Elməddinin həmin pulu Rafiqə çatdırıb-çatdırmamasını dəqiqləşdirməmişdir. Hesab edir ki, Rafiqə icarə haqqı kimi borcu qalmamışdır. Bundan başqa “Toyota Prius” (Hibrid) markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı qaytarmazdan əvvəl servisə göndərmiş, yoxlatmış və iddiaçıya sürücü vasitəsilə geri qaytarmışdır. “Toyota Prius” (Hibrid) markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçıya qaytarmasına səbəb onun işlərinin zəifləməsi və pul cəhətdən yüklənməsi olmuşdur. Bu səbəbdən də avtomobilin geri qaytarılmasına zərurət yaranmışdır. Hansı ki, maddi vəziyyəti yaxşı olmadığı üçün 2023-cü ilin mart ayının icarə haqqını ödəməkdə çətinlik çəkmiş, İddiaçı mart ayının icarə haqqından ona güzəşt etməsini istəmişdir. Lakin, iddiaçı ona güzəşt etməmiş və o, mart ayı üçün müəyyən edilən icarə haqqını ödəmişdir. “Toyota Prius” (Hibrid) markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı icarəyə almış, özü də icarəyə vermiş və həmin icarəyə verdiyi şəxs tərəfindən avtomobili iddiaçıya qaytarmışdır. Avtomobili qaytarmazdan əvvəl yoxlamadan keçirtmiş, içinə qədər yudurtmuşdur. Sözügedən avtomobilin yalnız ön hissəsində zədələr və qüsur olmuşdur. Həmin zədə, qüsur da avtomobili iddiaçıdan aldıqdan sonra yaranmışdır. Həmçinin, avtomobilin çexolunda və ayaqaltılarında problem olmuş, yararsız hala düşmüşdür. Avtomobili iddiaçıya qaytardıqdan sonra çexol və ayaqaltıları alaraq iddiaçıya yollamışdır. Ümumiyyətlə, avtomobilin mülkiyyətçisi problemli və narahat adam olduğu üçün “Toyota Prius” (Hibrid) markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilə öz avtomobili kimi yanaşmış, hər gün yoxlanışdan keçirmiş və şəxsən özü nəzarət etmişdir. O cümlədən onun şirkətinə məxsus avtomobillər səhərlər usta tərəfindən yoxlanışdan keçirilir, daha sonra xəttə buraxılır. Onun tərəfindən “Toyota Prius” (Hibrid) markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilə hər hansı bir zərər vurulmamışdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmənin 12 yanvar 2024-cü il tarixində keçirilən iclasında Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə təmsil etdiyi şəxsin qeyd etdiklərinə uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmənin 12 yanvar 2024-cü il tarixində keçirilən iclasında cavabdeh tərəfin şifahi vəsatəti əsasında şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, Cavabdehla yaxın münasibəti var. Xeyli vaxtdır ki, “Taksi Brend 020” taksi şirkətində işləyir və onun işi taksilərə nəzarət etməkdən ibarətdir. Sözügedən şirkət Cavabdeh məxsusdur. “Toyota Prius” (Hibrid) markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilə də o, nəzarət etmişdir. “Toyota Prius” (Hibrid) markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobildə heç bir nasazlıq olmamışdır. Sahibkarlar çox olduğu üçün avtoqəzalar yaranmağa və avtomobilləri qaytarmağa başlamışlar. “Toyota Prius” (Hibrid) markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobil 7-8 ay olar ki, sahibinə qaytarılmış və Elməddin adlı şəxs tərəfindən təhvil verilmişdir. Avtomobillər təhvil verilməzdən əvvəl servisə aparılır və orada yoxlamalardan keçirilir. “Toyota Prius” (Hibrid) markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanında kəsik olmasına, çexollarının və ayaqaltılarının yerində olmamasına fikir verməmişdir. Məhkəmə iclasında iddiaçının şifahi vəsatəti əsasında şahid qismində dindirilmiş X6 izahatında bildirdi ki, 30 ildir ki, İddiaçı ilə dostluq edir. 2023-cü ilin may ayında iddiaçı ilə birlikdə çay evində olan zaman iddiaçının telefonuna tanımadığı şəxs tərəfindən zəng gəlmiş, ona avtomobilini gətirdiyini və gəlib aparmasını demişdir. O da iddiaçı ilə birlikdə avtomobili almağa getmişdir. Avtomobili gətirən şəxsi ilk dəfə görmüşdür. Bu zaman avtomobilin bərbad halda olmasının şahidi olmuşdur. İddiaçı “Toyota Prius” (Hibrid) markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobili aylıq 600 manat məbləğində pula cavabdehə icarəyə vermişdir. Avtomobil iddiaçıya təhvil verilən zaman zədəli və qüsurlu olmuşdur. Belə ki, avtomobilin sağ tərəfi vuruq vəziyyətdə idi. “Toyota Prius” (Hibrid) markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobil təxminən 4-5 ay olardı ki, cavabdehə icarəyə verilmişdi. Cavabdehin iddiaçıya icarə haqqından 400 manat borcu qalmışdır. Məhkəmə iclasında iddiaçının şifahi vəsatəti əsasında şahid qismində dindirilmiş X4 izahatında bildirdi ki, İddiaçı ilə dostluq münasibətləri vardır. 2023-cü ilin may ayında iddiaçı və digər dostu ilə birlikdə çay evində olan zaman iddiaçıya zəng gəlmiş və gəlib avtomobilini aparması bildirilmişdir. İddiaçı ilə birlikdə avtomobili təhvil almağa gedən zaman İddiaçı avtomobilin tanımadığı, yad şəxs tərəfindən gətirilməsini görüb əsəbləşmişdir. İddiaçı Cavabdeh zəng vurmuş, lakin cavabdeh telefona cavab verməmişdir. İddiaçı “Toyota Prius” (Hibrid) markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobili aylıq neçə manata cavabdehə icarəyə verməsi barədə məlumatı yoxdur. İddiaçıya məxsus avtomobil təhvil verilən zaman bərbad halda olmuşdur. O, həmin avtomobili iddiaçı təzə alan vaxt görmüşdür. Belə ki, həmin vaxt gördüyü avtomobillə iddiaçıya təhvil verən zaman gördüyü avtomobil arasında əhəmiyyətli fərq olmuşdur. Həmçinin, həmin vaxt onlara “Toyota Prius” (Hibrid) markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin 400 manata yaxın cəriməsinin olması məlum olmuşdur. Avtomobilin sağ tərəfi çox pis vəziyyətdə olmaqla, sükanı da kəsilmiş, həmçinin içində detalları da dəyişdirilmişdir. Ümumiyyətlə, avtomobil yeni olduğu üçün İddiaçı avtomobili gözündən kənara, uzağa, yəni Bakı şəhərinə icarəyə verməməsini məsləhət görsə də, iddiaçı avtomobili cavabdehə icarəyə vermişdir. Həmçinin, onlar avtomobili təhvil almağa gedən zaman İddiaçı aylıq icarə haqqından hər hansı bir məbləğdə pulun verilməsi halı da baş verməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; ƏN-Vİ seriyalı, 281436 nömrəli, 18 oktyabr 2022-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı tərəfindən “Toyota Prius” (Hibrid) markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********/AZ2017, Gəncə şəhəri, Kəpəz rayonu, İ.Talıblı, ev 80,) adından Cavabdeh etibar edilmişdir. Bu etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilər. Etibarnamə üzrə verilən səlahiyyətlər nəqliyyat vasitəsini idarə etmək. Etibarnamə 1 il 11 ay 12 gün müddətinə verilmişdir və xx.xx.2024 il saat 23:59-dək qüvvədədir. Azərbaycan Respublikası Nəqliyyat X1 görünür ki, “Toyota Prius” (Hibrid) markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı, boz mavi metallik rəngli, JTDKB20U097866318 BAN nömrəli, “Xetçbek” tipli, U398907 mühərrik nömrəli, 2008-ci il buraxılışlı avtomobil İddiaçı məxsusdur. Azərbaycan Respublikası “Avtomotoservis və ticarət” istehsalat birliyi “Avtomotoservis və ticarət” Gəncə müəssisəsi tərəfindən verilmiş 05 may 2023-cü il tarixli, 44/05 nömrəli qüsur aktı-rəydən görünür ki, nəqliyyat vasitəsinə “Servis” şəraitində İlkin, Vizual texniki Baxış keçirilmiş və Baxış zamanı aşkarlanmışdır ki, qəzaya uğramış “Toyota Prius” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı açıq-göy rəngli, 2008-ci il buraxılışlı, BAN nömrəsi “Xetçbek” tipli Avtomobilə Sərbəst Bazar qiymətlərini nəzərə almaqla, 1596 (bir min beş yüz doxsan altı) manat maddi zərər toxunulmuşdur. Qeyd: avtomobil sökülərkən əlavə, nəzərdən qaçan, gözlə görünməyən hissələr aşkarlanarsa, hesablanan xərclərin artması istisna olunmur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, cəmiyyətin nizamnamə kapitalı 10 (on) manat həcmindədir və hər biri 5 (beş) manat olmaqla, 2 (iki) paydan ibarətdir. Cəmiyyətin təsisçisi Cavabdehdur. Cəmiyyətin nizamnamə kapitalı cəmiyyət dövlət qeydiyyatına alındıqdan sonra üç ay ərzində təsisçilər tərəfindən ödənilməlidir. Cəmiyyətin nizamnamə kapitalına qoyulan pay puldan, qiymətli kağızlardan, başqa əmlakdan və əmlak hüquqlarından və ya pul dəyəri olan digər hüquqlardan ibarət ola bilər. Nizamnamə kapitalına pay qoyulması üçün götürdüyü öhdəlik təsisçi tərəfindən pozulduqda, o, Ümumi yığıncağın qərarı ilə qəbul edilmiş qaydalara müvafiq məsuliyyət daşıyır. Nizamnamə kapitalına qoyulan əmlak və digər mülkiyyətin qiymətləndirilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xüsusi icazə alınması tələb edilən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ona mülkiyyət hüququ əsasında məxsus olan “Toyota Prius” (Hibrid) minik markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobili ƏN-Vİ seriyalı, 281436 nömrəli, 18 oktyabr 2022-ci il tarixli etibarnamə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru (VÖEN **********/AZ2017) Cavabdeh şifahi formada bağlanmış icarə müqaviləsi əsasında icarəyə vermişdir. Tərəflər arasında şifahi formada bağlanmış icarə müqaviləsinə əsasən aylıq icarə haqqının məbləği 600 (altı yüz) manat məbləğində müəyyən olunmuş və Cavabdeh etibarnamə əsasında icarəyə götürdüyü avtomobili yararlı və saz vəziyyətdə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçının qeyd etməsinə görə cavabdeh icarə müqaviləsi üzrə 2023-cü ili aprel ayı üçün müəyyən edilmiş icarə haqqını tam şəkildə ödəməmiş və bununla da iddiaçıya 2023-cü ilin aprel ayı üçün qalıq 400 (dörd yüz) manat icarə haqqı borcu qalmışdır. Eyni zamanda cavabdeh icarəyə götürdüyü nəqliyyat vasitəsini yararlı və saz vəziyyətdə qaytarmaq barədə öhdəliyini yerinə yetirməmiş, iddiaçıya məxsus olan “Toyota Prius” (Hibrid) minik markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobili yararsız vəziyyətə salmış, nəticədə avtomaşına 1596 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, sonuncu məhkəməyə iclasına gəlməmiş, gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəmə məlumat verməmişdir. Lakin, məhkəmənin 12 yanvar 2024-cü il tarixində keçirilən iclasında iddia tələbini qəbul etməmiş, 2023-cü ili aprel ayı üçün iddiaçıya qalan 400 manat məbləğində icarə haqqını başqa şəxs vasitəsilə ödədiyini, həmçinin, iddiaçıya məxsus “Toyota Prius” (Hibrid) minik markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilə hər hansı zərər vurmadığını bildirərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Belə ki, Mülki Məcəllədə icarə müqaviləsinin forması xüsusi qaydada, ayrıca olaraq tənzimlənmir. İcarə müqaviləsi həm yazılı sadə formada, həm də tərəflərin qarşılıqlı razılığı əsasında şifahi formada bağlana bilər. Buna mənada məhkəmə qeyd edir ki, tərəflər arasında qanunvericiliyin tələblərinə əsasən şifahi formada icarə müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən Cavabdeh İddiaçı məxsus olan “Toyota Prius” (Hibrid) minik markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə aylıq 600 (altı yüz) manat icarə haqqı ödəmək barədə öhdəlik götürmüşdür. İddiaçı 2023-cü ilin aprel ayı üçün qalıq 400 (dörd yüz) manat icarə haqqı borcunu Cavabdeh tərəfindən ödənilməsini tələb etmişdir. Belə ki, iddiaçının bu hissədə iddia tələbi əsaslıdır. Məhkəmə qeyd edir ki, 2023-cü ilin aprel ayı üçün icarə haqqından 400 manat məbləğində pulun qalıq borc kimi qalması işin mübahisəsiz halıdır. Sübutetmə vəzifəsinin bölgüsü baxımından qalan pulun məbləğini iddiaçı, qalıq pulun qaytarıldığını isə cavabdeh sübut etməlidir. Belə ki, cavabdeh sonuncu məhkəmə iclasında iştirak etməsə də, məhkəmənin 12 yanvar 2024-cü il tarixində keçirilən iclasında iddiaçıya aprel ayı üçün icarə haqqından qalıq qalan 400 manat məbləğində pulun başqa şəxs vasitəsilə iddiaçıya qaytardığını bildirsə də buna dair məhkəməyə mötəbər və əsaslı sübut təqdim edə bilməmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə iddia tələbi icarə haqqının ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyə görə icarəçinin əsas vəzifələrindən biri onun icarəyə götürdüyü əşyadan müqavilə şərtlərinə uyğun surətdə istifadə etməsindən ibarətdir (“İcarə haqqında” qanunun 7-ci maddəsinin 2-ci bəndi və MM-in 685.1-ci maddəsi). Bu vəzifəni yerinə yetirməmək icarəçi üçün arzuolunmaz hüquqi nəticənin əmələ gəlməsinə səbəb olur. Belə ki, icarəçi icarəyə verənin xəbərdarlığına baxmayaraq əşyadan icarə müqaviləsi şərtlərinə uyğun gəlməyən istifadəni davam etdirsə, icarəyə verən xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər (MM-in 685.1-ci maddəsi). İcarəçinin ikinci vəzifəsi icarə haqqını vaxtında ödəməkdən ibarətdir (“İcarə haqqında” qanunun 7-ci maddəsinin 2-ci bəndi). İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqını verməyə borcludur (MM-in 702-ci maddəsi). Bu vəzifəni icra etməməyə görə icarəçi məsuliyyət daşıyır. İcarə haqqı ilə bağlı vəzifənin həyata keçirilməsi qaydasının pozulması icarəyə verənə ixtiyar verir ki, o, qanunla müəyyən edilmiş hüquqi-müdafiə vasitəsindən istifadə etsin. Belə halda icarəyə verən xəbərdarlıq müddətini gözləmədən icarə müqaviləsini ləğv edir. İcarəçinin üçüncü vəzifəsi ondan ibarətdir ki, o, icarəyə verənin icazəsi olmadan icarəyə götürdüyü əşyanın icarəyə verənin ailəsinin tərkibinə daxil olmayan üçüncü şəxslərin istifadəsinə verməməyə, o cümlədən əşyanı ikinci əldən icarəyə (subicarəyə) verməməyə borcludur (MM-in 683.1-ci maddəsi). İcarəçinin daşıdığı vəzifələrdən biri icarəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün zəruri məsrəfləri (xərcləri) çəkməkdən ibarətdir (MM-in 680-ci maddəsi). İcarəçi icarəyə götürdüyü əşyanın yararlı və saz vəziyyətdə saxlamalı, onun yaxşılaşdırılması üçün tədbirlər görməlidir. Onun əşyanın yaxşılaşdırılmasına çəkdiyi xərclərin icarəyə verən tərəfindən əvəzinin ödənilməsi özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəalarla müəyyən edilir (MM-in 1090-cı maddəsi). Bununla belə icarəçi yardımçı əşyanı (ləvazimatı) təsərrüfatın lazımınca aparılmasına uyğun gələn vəziyyətdə saxlamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 701.1-ci maddəsinə əsasən, icarəlik əşya (icarə obyekti), o cümlədən torpaq sahəsi və ya müəssisə öz ləvazimatı ilə birlikdə icarəyə verilir. Əgər müqavilənin iştirakçıları bu Məcəllənin 701.2-ci maddəsinə uyğun qiymətləndirmə dəyəri üzrə ləvazimatın verilməsi şərtini qoymurlarsa, icarəyə verən bütün ləvazimatı olduğu şəkildə saxlamalıdır. İcarəyə verən icarəçinin cavabdeh olmadığı hər hansı hallar nəticəsində sıradan çıxan ləvazimat obyektlərini əvəz etməyə borcludur. Lakin icarəçi ləvazimata aid əşyaların və heyvanların adi sıradan çıxmasının yerini doldurmağa təsərrüfatın lazımınca aparılmasına uyğun gələn dərəcədə borcludur. 701.2-ci maddəsinə əsasən, əgər icarəyə götürülən ləvazimatın dəyəri icarənin əvvəlində müqavilənin iştirakçıları və ya hər hansı üçüncü şəxs tərəfindən qiymətləndirilirsə və icarəçi icarəyə xitam verildikdən sonra bu ləvazimatı onun qiymətləndirmə dəyəri üzrə qaytarmaq öhdəliyini götürürsə, aşağıdakı qaydalar tətbiq edilir: 701.2.1-ci maddəsinə əsasən, ləvazimatın təsadüfən məhv olması və təsadüfən pisləşməsi riski icarəçinin üzərinə düşür; 701.2.2-ci maddəsinə əsasən, icarəçi ləvazimat obyektlərinə dair təsərrüfatın lazımınca aparılması çərçivəsində sərəncam verə bilər; 701.2.3-cü maddəsinə əsasən, icarəçi ləvazimatı təsərrüfatın lazımınca aparılmasına uyğun gələn vəziyyətdə saxlamalı və uyğun gələn həcmdə daim əvəz etməlidir. Onun əldə etdiyi obyektlər ləvazimata birləşdirildikdən sonra icarəyə verənin mülkiyyəti olur; 701.2.4-cü maddəsinə əsasən, icarəyə xitam verildikdən sonra icarəçi mövcud ləvazimatı icarəyə verənə qaytarmalıdır. İcarəyə verən icarəçinin əldə etdiyi və təsərrüfatın lazımınca aparılması qaydalarına görə icarəyə götürülmüş obyekt üçün lüzumsuz və ya həddindən artıq qiymətli olan ləvazimat obyektlərini qəbul etməkdən imtina edə bilər; imtina edilmiş obyektlərə mülkiyyət hüququ imtina anında icarəçiyə keçir; 701.2.5-ci maddəsinə əsasən, əgər qəbul edilmiş ləvazimatla qaytarılmalı ləvazimatın ümumi qiymətləndirmə dəyərləri arasında fərq vardırsa, o, pulla kompensasiya edilir. Qiymətləndirmə dəyərləri üçün icarəyə xitam verildiyi məqamda qüvvədə olan qiymətlər əsas götürülməlidir. Qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə 2023-cü ilin aprel ayı üçün ödənilməmiş qalıq icarə haqqı məbləği, 400 (dörd yüz) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə iddia tələbinin icarə premetinə daxil olan “Toyota Prius” (Hibrid) minik markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş 1596 (bir min beş yüz doxsan altı) manat maddi zərərin ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən maddi hüquq normalarına və işin məhkəmə tərəfindən müəyyən edilən hallarına əsasən məhkəmə hesab edir ki, cavabdeh icarə müqaviləsinə əsasən icarəyə götürdüyü “Toyota Prius” (Hibrid) minik markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobili saz və işlək vəziyyədə saxlamalı olduğu halda, avtomobili yararsız vəziyyətə salmış və nəticədə Azərbaycan Respublikası “Avtomotoservis və ticarət” istehsalat birliyi “Avtomotoservis və ticarət” Gəncə müəssisəsinin 05 may 2023-cü il tarixli, 44/05 nömrəli qüsur aktı-rəyə əsasən avtomobilə 1596 (bir min beş yüz doxsan altı) manat məbləğində ziyan vurulduğu müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı 1596 (bir min beş yüz doxsan altı) manat pulu da cavabdehdən tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi təmin edilməli, Cavabdeh “Toyota Prius” (Hibrid) minik markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu maddi zərərin əvəzi olaraq 1596 (bir min beş yüz doxsan altı) manat, 2023-cü ilin aprel ayı üçün icarə haqqından qalmış 400 (dörd yüz) manat olmaqla, ümumilikdə 1996 (bir min doqquz yüz doxsan altı) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 40 (qırx) manat alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçının xahişi nəzərə alınmaqla məhkəmə ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 241 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh “Toyota Prius” (Hibrid) minik markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu maddi zərərin əvəzi olaraq 1596 (bir min beş yüz doxsan altı) manat, 2023-cü ilin aprel ayı üçün icarə haqqından ödənilməmiş qalan 400 (dörd yüz) manat olmaqla, ümumilikdə 1996 (bir min doqquz yüz doxsan altı) manat pul və məhkəmədə iddia qaldırmaq məqsədilə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 40 (qırx) manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-128/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-128/2024
09.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver