Məhkəmə qərarları › İş №2(125)-1315/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1315/2023

07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1315/2023 07.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəməyə müraciət edərək, cavabdehdən Samsung markalı televizor və televizor asılqanının qalıq borcu olan 370 manat borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yerləşən "KZS Elektroniks" adlanan mağazanın fəaliyyəti ilə məşğuldur. Həmin mağazada məişət texnikası avadanlıqlarının pərakəndə satış və daxili kredit vasitəsi ilə müddətli satışını müştərilərə təmin edir. O, müştərilərlə şifahi razılaşmadan sonra, öz aralarında öhdəlik müqaviləsi bağlayaraq müştərinin istismara götürəcəyi texnikanın dəyərinin hissə-hissə ödəmək şərti ilə satır. Cavabdeh xx.xx.2021-ci ildə mağazamıza yaxınlaşaraq bir ədəd Samsung markalı televizor, dəyəri 720 manat, bir ədəd televizor asılqanı, dəyəri 25 manat, ümumilikdə 745 manat məbləği 12 ay müddətinə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh bu gün tarixə kimi aylıq ödənişlərinə dair 375 manat məbləğ ödəniş etmişdir. Qalan 370 manat məbləğə dair heç bir ödəniş etməmişdir. Bundan sonra cavabdehi öz borcunu ödəməyi tələb etsədə müxtəlif bəhanələrlə onu yubadmış və bunun nəticəsidir ki, xx.xx.2021-ci ildən bir il müddətinə ödəməyi öhdəsinə götürdüyü borcu tamamlamamışdır. Bu səbəbdən də, müqavilə üzrə qalıq borcu olan 370 manat məbləğin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı cəmi dəyəri 745 manat olan Samsung markalı televizor və televizor asılqanı satın almış və məhsulun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh məhsulun dəyərindən (62+62+62+62+62+65) 375 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə tədqiq edilmiş hallara hüquq normalarını tətbiq etməklə hesab edir ki, nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 370 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 370 (üç yüz yetmiş) manat pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar