Məhkəmə qərarları › İş №2(125)-132/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-132/2023

04.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-132/2023 04.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh2 və Cavabdeh1 hüquqi varisi Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2919.18 manat əsas borc, 38,54 manat faiz borcu və 26,15 manat cərimə olmaqla, ümumilikdə 2983,87 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 öldüyü üçün onun vərəsələri X1 və X3 qanuni nümayəndəsi və eyni zamanda sonuncunun vərəsəsi Cavabdeh3 cavabdeh qismində cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iddianı müdafiə edərək izahatında göstərdi ki, əsas borclu Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən sonuncuya illik 1 faiz dərəcəsi ilə 60 ay müddətinə 2924,05 manat kredit verilmişdir. Qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı kimi Cavabdeh2 və Cavabdeh1 ilə bank arasında xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanaraq zamin Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliyin yerinə yetirilməsi üçün bank qarşısında borcalan Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2019-cu il tarixli kredit müqaviləsi vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə bağlanmışdır. Əsas borclu Cavabdeh1 xx.xx.2020-ci ildə ölmüşdür. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən məlum olmuşdur ki, Cavabdeh1 qalmış mirası Cavabdeh3, X5 və X7 qəbul etmişlər. Cavabdehlər mərhum Cavabdeh1 qalmış mirası qəbul etmələrinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın bank qarşısında olan öhdəliyini icra etməmişdirlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliklərini bu günədək yerinə yetirməmişdirlər. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 borcun hissə-hissə ödənilməsinə etirazının olmadığını bildirdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2019-cu il tarixli, 10-M-3-0-733-14 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcun restrukturizasiyası məqsədilə illik 1 faizlə 5 il müddətinə 2924,05 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli, 10-M-3-0-733-14 saylı kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 krediti hissə-hissə ödəmək şərti ilə xx.xx.2024-cü ilə qədər ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli, 10-M-3-0-733-14 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 xx.xx.2019-cu il tarixli, 10-M-3-0-733-14 saylı kredit müqaviləsi üzrə iddiaçı qarşısında borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2919,18 manat əsas borc, 38,54 manat faiz borcu və 26,15 manat cərimə olmaqla, ümumilikdə 2983,87 manat məbləğində borcu qalmışdır. Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, xx/xx-1981 nömrəli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2020-ci ildə ölmüşdür. Gəncə şəhəri 5 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2V-1 reyestr nömrəli və xx.xx.2021-ci il tarixli, 2V-19 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh1 miras qalmış, "xxxx" ASC-in Gəncə filialında girov qoyulmuş 58,9 qram qızıl zinət əşyaları və KAMAZ 5511 yük markalı 20EH586 qeydiyyat nömrə nişanlı avtomobildən vərəsələri Cavabdeh3, X5 və X7 hər biri 1/3 irs almalıdırlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2213 saylı rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 10-M-3-0-733-14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 banka olan borcu xx.xx.2021-ci il tarixədək 2919,18 manat əsas, 41,19 manat faiz olmaqla cəmi 2960,37 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/1032 saylı rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 10-M-3-0-733-14 saylı zaminlik müqaviləsinin 1-ci vərəqinin aşağı hissəsində “Zamin” qrafasındakı imza, 2-ci vərəqinin yuxarı və aşağı hissələrində “Zamin” qrafalarındakı imzalar Cavabdeh2 tərəfindən icra olunmuşdur. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tədqiq olunmuş sübutlara hüquq normalarına uyğun qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.2-ci maddəsinin tələbinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 1273-ci maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. MM-in 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Göründüyü kimi İddiaçı ASC ilə borcalan Cavabdeh1 və Cavabdeh2 arasında zaminliklə təmin olunmuş kredit müqaviləsi bağlanaraq tərəflər müqavilə üzrə üzərlərinə öhdəlik götürmüşlər. Borcalan Cavabdeh1 öldüyünə görə onun vərəsələri X1 və X3 qanuni nümayəndəsi və eyni zamanda sonuncunun vərəsəsi Cavabdeh3 cavabdeh qismində cəlb edilmişdir. Cavabdehlər üzərlərinə düşən öhdəlikləri icra etməmiş, nəticədə müqavilənin şərtlərini pozmuşdurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsində qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Kredit borcunun Cavabdeh3 və zamin Cavabdeh2 müştərək qaydada tutulmasına gəldikdə isə məhkəmə qeyd edir ki, müqavilənin şərtlərinə görə iddiaçı tərəfindən kredit zaminə kreditin tam qaytarılmasında iştirak etməyə borclu edən şəkildə verilmişdir. Ona görə də cavabdeh və zamin bank qarşısında birgə borclu olduqlarından iddiaçı qalan borcun ödənilməsini onların hər birindən tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlərdən müştərək qaydada xx.xx.2019-cu il tarixli, 10-M-3-0-733-14 nömrəli kredit müqaviləsi üzrə 2919,18 manat əsas borc, 38,54 manat faiz borcu və 26,15 manat cərimə olmaqla, ümumilikdə 2983,87 manat kredit borcu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və ekspertiza tədqiqatının dəyəri olan 226 manat cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu il tarixli, 10-M-3-0-733-14 saylı kredit müqaviləsi üzrə 2919,18 manat əsas borc, 38,54 manat faiz borcu və 26,15 cərimə olmaqla, ümumilikdə 2983,87 manat kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 226 (iki yüz iyirmi altı) manat cavabdehlər Cavabdeh3 və zamin Cavabdeh2 müştərək qaydada tutularaq Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar