Məhkəmə qərarları › İş №2(125)-1334/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1334/2023

28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1334/2023 28.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus “KZS Elektroniks” mağazasından əldə etdiyi bir ədəd “Samsung” markalı mobil telefonun qalıq borcu olan 231 (iki yüz otuz bir) manat məbləğin və 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən “KZS Elektroniks” adlanan mağazanın fəaliyyəti ilə məşğuldur. Həmin mağazada məişət texnikası avadanlıqlarının pərakəndə satış və daxili kredit vasitəsi ilə müddətli satışını müştərilərə təmin edir. O, müştərilərlə şifahi razılaşmadan sonra öz aralarında öhdəlik müqaviləsi bağlayaraq müştərinin istismara götürəcəyi texnikanın dəyərinin hissə-hissə ödəmək şərti ilə satır. Cavabdeh xx.xx.2019-cu ildə mağazaya yaxınlaşaraq bir ədəd “Samsung” markalı mobil telefon, dəyəri 540 (beş yüz qırx) manat məbləği 12 (on iki) ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh hazırki vaxta kimi aylıq ödənişlərinə dair 309 (üç yüz doqquz) manat məbləğ ödəniş etmişdir. Qalan 231 (iki yüz otuz bir) manat məbləğə dair heç bir ödəniş etməmişdir. Bundan sonra cavabdehdən öz borcunu ödəməyi tələb etsə də, müxtəlif bəhanələrlə onu yubatmış və bunun nəticəsidir ki, xx.xx.2019-cu ildən bir il müddətinə ödəməyi öhdəsinə götürdüyü borcu tamamlamamışdır. Ona görə də hesab edir ki, müqavilə üzrə qalıq borcu olan 231 (iki yüz otuz bir) manat məbləğin alınıb ona verilməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, ünvan 2 ünvanında qeydiyyatdan olan və yaşayan Cavabdeh “KZS” mağazasından kredit yolu ilə 1 ədəd “Samsung” markalı mobil telefon almışdır. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar “Samsung” markalı mobil telefon üçün qiymət cədvəlində göstərilən şərtlərlə 12 ay müddətinə, hər ay 45 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh hər dəfə ödəniş etdikdə ödənişin məbləği barədə ödəniş cədvəlində qeydiyyat aparılmışdır. Onun ödənilməmiş qalıq borcu 231 manat təşkil edir İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, ünvan 2 ünvanında yaşayan Cavabdeh bildirilmişdir ki, müqavilə üzrə ödənişlərə riayət olunmamışdır və bunun nəticəsində bu günə 231 (iki yüz otuz bir) manat borc öhdəliyi vardır. Bu məktubu aldığı vaxtdan 5 gün ərzində borcu ödəməyi tələb olunmuş, borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 44-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, tərəflər iddiaçı ilə cavabdeh arasında mal satışına dair nisyə alğı-satqı müqaviləsi bağlanmış, satıcı öz üzərinə düşən öhdəliyini yerinə yetirmiş, cavabdeh isə öz üzərinə düşən öhdəliklərini yerinə yetirməyərək, ödəniş cədvəlində göstərilən müddətdə və məbləğdə pulu satıcıya ödəməmişdir. Onun satıcı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı nisyə satdığı əşyanın dəyərinin ödənilməmiş hissəsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh “KZS Elektroniks” mağazasından əldə etdiyi bir ədəd “Samsung” markalı mobil telefonun qalıq borcu olan 231 (iki yüz otuz bir) manat məbləğində pul tutularaq İddiaçı na verilməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “KZS Elektroniks” mağazasından əldə etdiyi bir ədəd “Samsung” markalı mobil telefonun qalıq borcu olan 231 (iki yüz otuz bir) manat və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar