Məhkəmə qərarları › İş №2(125)-1343/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1343/2023

27.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1343/2023 27.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu, İddiaçı Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı cavabdehin iddiaçıya məxsus «KZS Elektroniks» mağazasından əldə etdiyi bir ədəd «Eurolux» markalı elektrik sobası, bir ədəd «Bosch» markalı tərəvəz kombaynı, bir ədəd elektrik naqil uzadıcısı və bir ədəd «Samsung» markalı telefonun qalıq borcu qismində 545 manat məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, iddiaçı iddia tələbinin əsası qismində bir ədəd «Eurolux» markalı elektrik sobasının, bir ədəd «Bosch» markalı tərəvəz kombaynın, bir ədəd elektrik naqil uzadıcısının və bir ədəd «Samsung» markalı telefonun cavabdehə satılmasını, eləcə də həmin əşyaların satılması ilə əlaqədar borcun yaranmasını göstərsə də, bir ədəd «Bosch» markalı tərəvəz kombaynın, bir ədəd elektrik naqil uzadıcısının və bir ədəd «Samsung» markalı telefonun cavabdehə satılmasına dair alqı-satqı müqaviləsini, eləcə də ödənilməmiş borcun qalmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi «Kzs Elektronics» başlıqlı müqavilə blankında isə yalnız «Eurolux 52 L» markalı sobanın alqı-satqı predmeti olduğu və həmin blank formasının ödənişlər bölməsində bəzi qeydlər aparıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə görə verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəlllənin 284-4.2-ci maddəsinə görə bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğun gündən 5 iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə görə ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2023; əməliyyat İD:133600209; qəbzin nömrəsi:28945; terminal nömrəsi: K0128013; GPP qəbz nömrəsi:**********) dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2023; əməliyyat İD:133600209; qəbzin nömrəsi:28945; terminal nömrəsi: K0128013; GPP qəbz nömrəsi:**********) dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar