Məhkəmə qərarları › İş №2(125)-1359/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1359/2023

24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1359/2023 24.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh, nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14 000 manat pulun və 132 manat dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdehla əvvəllər münasibətləri çox yaxşı olmuş, 2019-cu ilin yay aylarında onunla istirahətdə olarkən birlikdə cücə yetişdirməyi təklif etmiş, ilkin olaraq lazımi avadanlıqları alınması, sonda cücələrin satışından hər birinin 1000-1500 manat gəlir əldə etməsi nəzərdə tutulmuşdur. O, işə başlamaq üçün cavabdehə 4000 manat pul vermiş, cavabdeh isə öz növbəsində 4000 manat pul qoyacağını bildirmişdir. 8000 manat puldan cücələrin saxlanılması üçün yem, müəyyən avadanlıqlar, işıq pulu, işçi pulu və sair xərclər çıxılmalı idi. Sifariş verdikləri cücələri Samux rayonu ərazisində təsərrüfat yeri tapıb orada yetişdirməli idilər. Bir müddət sonra Natiq ona zəng edərək təsərrüfat sahibi ilə qiymətdə razılaşmadığını, bu səbəbdən də həmin cücələri cavabdehin qardaşı Tofiqin Samux rayonu ərazisində yerləşən təsərrüfatında yerləşdirəcəklərini bildirmiş, o da məcburiyyətdən razılaşmalı olmuşdur. O, həmin təsərrüfata baş çəkmək istədiyini bildirdikdə Natiq qardaşının qaraqabaq adam olduğunu əsas gətirərək onun təsərrüfata girməyinə maneçilik törətmiş, bir müddət sonra Natiq cücələrin öldüyünü bildirmişdir. Cücələri görmək istədiyini bildirdikdə cavabdeh onları zibilə atdığını, 4000 manat puldan 2000 manat pul qaldığını və yeni partiya cücə almaq üçün 1000 manat əlavə pul lazım olduğunu bildirmişdir. O isə bu dəfə də cücələr məhv olarsa heç yaxşı olmayacağını, cavabdeh isə onun narahat olmamasını, bu partiya cücələrin yaxşı olacağını bildirmişdir. O, yenidən Natiqə 1000 manat pul vermiş, bundan sonra Natiq 4725 ədəd cücə sifariş etmişdir. Həmin cücələrin təsərrüfata gəlməsini şəxsən görmüş, cücələrə Mustafa adlı şəxs aylıq 300 manat müqabilində qulluq etmişdir. İkinci, partiya cücələri sifariş etdikdən bir müddət sonra təxminən 2019-cu ilin oktyabr ayında Natiq ondan hind quşları balası almaq üçün 1500 manat pul istəmiş, Natiqin bildirməsinə görə 1500 manat da, özü qoyub ümumilikdə 3000 manat puldan müəyyən yem və sair xərclər çıxılmaqla hind quşları yetişdirməli idi. O, cavabdehlə razılaşaraq 1500 manat pulu ona vermiş, bundan bir müddət sonra Natiq söz verdiyi hind quşlarını almadığı üçün ondan bunun səbəbini soruşmuş, Natiq hər dəfə müxtəlif bəhanələr gətirərək pulun onda olmasını, lazım olarsa 1500 manat pulun qaytarılacağını bildirmişdir. 2019-cu ilin sonlarında, 2-ci partiya cücələr hələ satılmamış Natiq ondan 3000 manat borc pul istəmiş, pulun özünə lazım olacağını və onların işlərinə heç bir aidiyyəti olmadığını, tez bir zamanda isə həmin borcu qaytaracağını bildirmişdir. O, cavabdehə inanaraq 3000 manat borc vermiş, borcu verərkən orada Mustafa da şahid olmuşdur. 2019-cu ilin dekabr ayında 2-ci partiya cücələr satılmış, həmin satışdan 5501 manat gəlir əldə edilmişdir. Həmin gəlirin yarısı ona çatmalı olduğu halda Natiq zərərli çıxdığını bildirərək ona hər hansı vəsait verməmişdir. Bu dəfə də onunla razılaşmalı olmuş, Natiq həmin gəlirdən 1615 ədəd cücə sifariş vermiş və ondan həmin sifariş üçün pul almamışdır. Həmin cücələr fermaya gətirilmiş, 2020-ci ilin yanvar ayında Natiq ondan cücələrə yem almaq üçün 2500 manat pul istəmişdir. Həmin vəsaiti Natiqə fermada olarkən vermiş, həmin cücələr 2020-ci ilin fevral ayında satılmışdır. Həmin satışdan 780 manat gəlir əldə edilmişdir. Natiq isə ona pul verməyərək, ona çatası gəlirin özündə olduğunu, üzərini düzəldib yenidən cücə almaq lazım olduğunu bildirmişdir. O, yenə Natiqlə razılaşmalı olmuş, 2020-ci ilin fevral ayının ortalarında fermada olarkən cücə almaq üçün 2000 manat pul vermişdir. Natiq həmin pula 2000 ədəd cücə sifariş vermiş və həmin cücələr real olaraq fermaya gətirilmişdir. Həmin cücələr 2020-ci ilin mart ayının sonlarında satılmış və satışdan 3936 manat xalis gəlir əldə edilmişdir. Həmin pulu alıcı tam vermədiyi üçün nisyə qaydada satış olmuş və Natiq pulu tam aldıqdan sonra onun payına düşən hissəni qaytaracağını daha sonra isə satışdan ziyanla çıxdığını və ona 650 manat çatacağını bildirmişdir. Bundan sonra Natiqin onu aldatdığına tam əmin olmuş və ondan şikayət etmişdir. Araşdırma nəticəsində onun əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarda mülki qaydada məhkəməyə müraciət etməli olduğu tövsiyə edilmişdir. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 İnqilab oğlu iddia tələbinə etiraz etməsi barədə ərizə ilə məhkəməyə müraciət bildirmişdir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, iddiaçının polisdə vermiş ərizə və izahatı ilə də müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında şərikli toyuq-cücə təsərrüfatı yaradılması barədə razılığa gəlinmiş, nəticədə belə bir təsərrüfat yaradılmışdır. İddiaçı hazırda iddia ərizəsində tələb etdiyi məbləğlərin tapşırıq müqaviləsi əsasında verilməsini göstərsə də, cinayət işinin başlanmasının rədd olunması barədə toplanmış material ilə bu dəlil təkzib edilir. Yuxarıda qeyd edildiyi kimi həmin material üzrə izahatı alınmış iddiaçı cavabdeh ilə şərik olması barədə razılığa gəlməsini bildirmiş və tələb etdiyi pul məbləğlərinin birgə təsərrüfatın yaradılması məqsədi ilə verdiyini bildirmişdir. Eyni zamanda bu fakt həm iddiaçının polis orqanında verdiyi şikayət ərizəsində, həm izahatında, həm də cavabdehin polis idarəsində verdiyi izahatı ilə təsdiq edilmişdir. Cavabdeh izahatında göstərmişdir ki, iddiaçı ilə o, 2019-cu ilin yay aylarında tanış olmuş və birlikdə cücə təsərrüfatı qurub gəlir götürmələri barədə razılıq əldə etmişlər. Nəticə etibarı ilə təsərrüfat yaradılmış, lakin sonradan toyuqların sağalmaz xəstəliyə tutulması ucbatından məhv olmuşdur. Təsərrüfatın yaradılması və toyuqların xəstəlikdən məhv olunması cinayət işinin başlanmasının rədd olunması barədə materialda olan şahidlərin ifadəsi ilə tam təsdiq edilir. Belə ki, həmin araşdırma zamanı izahatı alınmış X5 izahatında göstərmişdir ki, Samux rayonu Qovlarsan kəndində ailə üzvləri ilə birlikdə yaşayır və Gəncə şəhəri, M.Bağırov küçəsində yerləşən baytarlıq aptekində baytar həkimi işləyir, əczaçılıqla məşğul olur. Cavabdeh təxminən 3 ildən artıq bir müddətdir ki, tanıyır. Natiq uzun illərdir ki, cücə yetişdirməklə məşğuldur. Natiqlə tanışlıqları da bu sahə ilə bağlıdır. Belə ki, Natiq və qardaşı Tofiq tez-tez onun çalışdığı baytar aptekə gəlib cücələr üçün dərman alır və cücələrdə xəstəlik olanda Natiqin xahişi ilə Samux rayonunda yerləşən fermaya gedib cücələri müayinə edib dərman verir. Həmin fermanı Natiqin icarəyə götürdüyü ferma kimi xatırlayır. O, fermaya getdikdə orada Mustafa adlı bir işçi çalışdığını görmüşdür. Həmin işçi cücələrə səhlənkarlıqla qulluq göstərdiyi üçün o, Natiqə həmin işçinin səhlənkarlığına görə cücələrə xəstəlik düşdüyünü irad bildirmişdir. Belə ki, o, 2019-cu ilin yay aylarından başlayaraq Natiqin icarəyə götürdüyü həmin fermaya getməyə başlamış, Natiq dərman almaq üçün onun çalışdığı aptekə gələrkən yanında Hüseynəli adlı şəxs də gəlmiş və Hüseynəli ilə Natiqin cücə təsərrüfatına şərik olduğunu bilmişdir. O, özü də həmin fermaya getdikdə Hüseynəlini həmişə orada görmüşdür. 2019-cu ilin yay aylarından həmin fermaya getməyə başlamışdır. 2019-cu ilin sonlarından başlayaraq cücələrin xəstəlik nəticəsində kütləvi məhv olması halları çoxalmışdır. Belə ki, cücələr virus mənşəli xəstəlik nəticəsində kütləvi məhv olmuşlar. Həmin xəstəlik nəticəsində cücələrin başı qaralır, cücələrdə çığırtı səsi əmələ gəlir, nəfəs darlığı, ürək və ağciyərin çirklənməsi, rənginin dəyişməsi və s. simptomlar yaranmışdır. Nəticədə, cücələr məhv olmuşlar. Həmin xəstəlik yoluxucu olmaqla bir cücədən digərinə keçə bilir. O, hər dəfə fermaya getdikdə kisələrin içərisi ölmüş cücələrlə dolu olduğunu görmüş, kisələrə açıb içərisindəki cücələrə baxdıqda cücələrin virus mənşəli həmin xəstəlikdən ölməsini müşahidə etmişdir. Natiq təkcə onların aptekdən bir neçə dəfə, cücələrin sayına uyğun miqdarda və hər cücə üçün 0,30 qəpik hesabı ilə dərman almışdır. Bundan başqa, bildiyi qədər Natiq tək onun aptekindən deyil, başqa apteklərdən də dərman almışdır. O, 2020-ci ilin fevral-mart aylarında Natiqin müraciəti üzrə cücələri müayinə etmək üçün getdikdə cücələrin kütləvi məhv olmasının şahidi olmuş və həmin cücələrin demək olar ki, hamısı xəstəlik nəticəsində məhv olmuşdur. O, fermaya getdikdə təxminən 5000 cücə görmüşdür. O, baytar həkim olduğu üçün cücə təsərrüfatı ilə bağlı anlayışı var və cücə satışını həyata keçirən tanışları da var. Bunun üçün Natiqin aldığı cücələri o, Göyçay rayonundan Natiq üçün sifariş vermişdir. Belə ki, yadında qalan odur ki, 2019-cu ilin avqust ayında Göyçay rayonundan 5000 ədəd cücə sifariş vermiş və həmin cücələr Natiqin icarəyə götürdüyü Samux rayonundakı fermaya gətirilmişdir. Həmin fermada cücələrin saxlanılması üçün bütün lazımi avadanlıqlar olmuşdur. Eləcə də cücələrə qulluq göstərən işçi də olmuşdur. Natiq və Hüseynəli ondan nisyə qaydada dərman almışlar. X2 bu günədək ona dərmana görə borcları var. Natiqgil dərmanın pulunu qaytara bilmədiklərinin səbəbini ziyana düşmələri, cücələrin məhv olması ilə əsaslandırmışlar. Həm izahatları alınmış digər şahidlərin ifadələri, həm də iş üzrə aparılmış digər istintaq hərəkətləri ilə iddiaçı ilə cavabdehin birgə təsərrüfat qurduğu, cavabdehin bu təsərrüfatı yaratması, idarə etməsi və sair bunun kimi bütün lazımı işləri gördüyü, lakin toyuqların xəstələnərək məhv edilməsinin qarşısının özündən asılı olmayan səbəblərə görə ala bilmədiyi üçün müflis olduğu tam sübut olunmuşdur. Cavabdeh iddiaçıya işlədikləri müddətdə qazanc da vermişdir. Hesab edir ki, iddia üzrə tərəflərin arasında yaranmış mübahisə şərik olaraq gördükləri iş üzrə uğranan maddi ziyan üzrə tərəflərin məsuliyyətindən doğan mübahisədir. Hazırda isə onlar təsərrüfat ortağı olduğundan və Mülki Məcəllənin 74.1-ci maddəsinə uyğun olaraq onların mənfəəti, habelə zərərləri bərabər bölüşdürülməlidir. Çünki təsərrüfatın məhv olmasına səbəb ev quşlarının xəstəlikdən məhv olması olmuşdur. Cavabdehin isə yuxarıda göstərdiyi kimi quşların ölməsində heç bir təqsiri olmamışdır. Yəni, cavabdeh öz üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirmiş, lakin özündən asılı olmayan səbəbdən müflis olmuşdur. Bundan başqa tərəflərin arasında tapşırıq müqaviləsi bağlanması nəzərə alınarsa onda bu iddia tələbi təmin edilə bilməz. Cavabdehin üzərinə götürdüyü işi kifayət qədər vicdanla icra etməməsi barədə hər-hansı sübut yoxdur, əksinə polis orqanlarında aparılan araşdırma zamanı cavabdehlərin toyuqların məhv olunmaması üçün əlindən gələni etdiyi və bunun üçün bütün tədbirləri gördüyü tam sübut olunmuşdur. Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, 2017-ci ildə X6 Hava limanında tanış olmuşdur. Həmin vaxt hava limanında işləyirdi. 2019cu ildə yay aylarında cavabdehlə bir yerdə istirahətdə olanda cavabdeh təklif etmişdir ki, birlikdə cücə yetişdirsinlər. İşə başlamaq üçün cavabdeh bildirmişdir ki, hərəyə 4000 manat pul qoymaq lazımdır. Cavabdehlə cücə təsərrüfatına başlamaq üçün 4000 manat pul vermiş, cavabdeh də 4000 manat pulu özü qoyacağını bildirmişdir. Cücələri sifariş verdikdən sonra, cavabdeh ferma sahibi ilə razılaşa bilmədiyini, cücələri qardaşı Tofiqin Samux rayonunda yerləşən təsərrüfatında saxladığını bildirmişdir. Natiq ona demişdir ki, qardaşı Tofiq qaraqabaq adamdır, başqa adamların fermaya gəlib-getməyini xoşlamır. Beləcə o, fermaya gedə bilməmişdir. Bir müddət sonra Natiq cücələrin öldüyünü bildirmişdir. O, cücələrin cəsədlərini görmək istədikdə Natiq ona cəsədləri kisəyə yığıb atdığını demişdir. Natiq hərəyə 2000 manat ziyan etdiklərini demişdir. Natiq ona 2000 manat pul qaldığını bildirmiş və yeni partiya cücə almaq üçün ondan 1000 manat əlavə pul almışdır. 2-ci partiyada bir ədədi 85 qəpikdən 4725 ədəd cücə almışlar. Natiq Samuxda başqa ferma tapıb oranı icarəyə götürmüşdür. Həmin cücələri 55-60 gün saxlayıb ümumilikdə 13359 manat xərc çəkmişlər. Cücələrdən 125 ədədi ölmüş, qalan 4600 ədəd cücəni isə 4,10 manatdan satıb 18860 manat pul əldə etmişlər. Xərcləri çıxandan sonra 5500 manat təmiz gəlir qalmışdır. Lakin Natiq həmin pulu bölməmiş, hinduşka alıb saxlamağı təklif etmişdir. Bundan sonra Natiq hinduşka balaları almaq üçün 1500 manat pul istəmiş, bildirmişdir ki, özü də 1500 manat pul qoyur, o da Natiqlə razılaşmış və Natiqə 1500 manat pul vermişdir. Bundan bir müddət sonra Natiqdən söz verdiyi hinduşkaları niyə almadığını soruşmuş, Natiq hər dəfə bəhanələr gətirərək yaxşı hinduşka cücəsi olmadığını demişdir. Bundan bir həftə sonra Natiq evdə problemləri olduğunu deyərək, ondan bir ay sonra qaytarmaq şərtilə 3000 manat borc almışdır. Vaxt tamam olduqdan sonra 1 ay da möhlət istəmiş, beləcə 3 dəfə bir ay-bir ay möhlət almışdır. Natiq demişdir ki, hinduşka qalsın, hələ ki, yenə cücə alsınlar. Bir ədədi 78 qəpikdən 1250 manata 1615 ədəd cücə sifariş etmişlər. Natiq bütün pulu özündə saxlamış, demişdir ki, hələ cücə yoxdur, çox sifariş edəcəyik. Bundan sonra cücələrin saxlanması üçün Natiq ondan 2500 manat pul istəmiş, həmin pulu Natiqə fermada vermişdir. Həmin partiya cücələrdən 1583 ədədini 6649 manata satıb, xərcləri çıxandan sonra buradan da 1353 manat xalis gəlir qalmışdır. Natiq yenə pulları bölməmiş, onun payını o biri pulların üstünə əlavə etdiyini demişdir. Sonra 2000 ədəd broyler cücəsi almağı təklif etmişdir. 1840 manata 2346 ədəd cücə alıb, 2020-ci il 27-28 martında 2300 ədəd cücəni birini 4 manat 20 qəpikdən satmışlar. Ümumilikdə cücələrin saxlanması üçün 5724 manat xərcləyib, 3936 manat gəlir əldə etmişlər. Bundan sonra pandemiya olduğu üçün Natiqə cücə saxlaya bilməyəcəklərini deyib, pulları bölməyi təklif etmişdir. Natiq bildirmişdir ki, pullar yoxdur, nə istəyirsə eləsin. Natiqə pulunu qaytarmaq üçün 3 gün vaxt vermişdir. Səhəri gün onların fermada işçisi olan Mustafa ona zəng edib Natiqin Ağası adlı bir şəriki də olduğunu demişdir. O, Mustafanın vasitəsi ilə Ağası ilə görüşmüş, məlum olmuşdur ki, ikisi də Natiqə şərik olmuşdur. Əslində isə Natiq özü ortaya pul qoymayıb, həm Ağasının, həm də onun pulu ilə iş görüb. Sonra Ağası ilə birlikdə Natiqgilə getmişdir. Natiq evlərində bildirmişdir ki, o, guya Ağasının pulunun təmsilçisi olub. Natiq demişdir ki, onun pul qaytarmaq fikri yoxdur, hara istəsələr şikayət edə bilərlər. Məlum olmuşdur ki, Natiq ondan borc alan vaxt Ağasıdan da 3000 dollar borc alıb. Natiqin atası və qardaşı demişdir ki, Natiq işə qoyulan pulları batırıb, onları qaytara bilməyəcək, amma onlardan borc aldığı pulları bir aya qaytaracaq. O, birinci partiyada Natiqə inanaraq 2000 cücənin öldüyünü və ziyan etdiklərini düşünmüşdür. Lakin sonradan bütün bu məsələlər ortaya çıxandan sonra başa düşmüşdür ki, Natiq ümumiyyətlə birinci partiyada cücə almayıb, sadəcə onun pulunu mənimsəyib. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, 2017-ci ildə Hüseynəli ilə X7 limanında tanış olmuş, 2019-cu ilin yay aylarında Hüseynəli ona birlikdə şərikli cücə böyüdüb satmaq haqqında təklif irəli sürmüş və aralarında razılıq əldə edilmişdir. 1-ci partiya işə başlamaq üçün hərəsi 4000 manat pul qoymuş, 1 ədəd cücəni 80 qəpik olmaqla, 2000 ədəd cücə almışlar. Ümumilikdə cücələrin alınması yem, istilik və s. işlərə 8000 manat pul xərcləmişlər. Həmin cücələri sifariş etdikdən sonra saxlamağa yer tapa bilmədiklərindən qardaşı Tofiqin Samux rayonunda olan fermasına yerləşdirmiş, bundan sonra qardaşı Tofiqin fermasında xəstəlik nəticəsində 1000 ədəd cücələri ölmüşdür. Qalan 1000 ədəd cücənin birini 4 manatdan satmış, satışdan 4000 manat əldə etmiş və hərəsi 2000 manat ziyan etmişlər. Bundan sonra 2019-cu ilin payız aylarında bir də yenə cücə gətirmələri barədə razılaşmışlar. Bunun üçün Samux rayonunda Mehman adlı şəxsdən ferma tapıb aylıq 300 manata fermanı icarəyə götürmüş, 2-ci partiyada Ağası ilə Hüseynəli onunla şərik olmuşlar. O, Ağası ilə telefonla danışıb belə bir iş olduğunu və əgər istəsə qoşula biləcəyini bildirmişdir. O, Ağası və Hüseynəli hərəsi 10000 manat pul qoymuş, ümumilikdə 30000 manat pul olmuşdur. Onlar 29.737 manat pul xərcləmiş, 1ədədi 80 qəpikdən 4725 ədəd cücə almış, bundan 55-i ölmüş, 4670 cücə qalmışdır. Cücələrin ədədini 7 manatdan satmış və 33157 manat pul çıxmışdır. 3420 manat qazanc olmuş, 1100 manat Ağasıya vermişdir. Hüseynəli ilə qazancı bölməmələri və təsərrüfatı böyütmələri barədə razılığa gəlmişlər. Ardınca 3-cü partiya 4961 cücənin 1 ədədini 85 qəpikdən almış, saxlanmasına və s. xərclərinə görə 27191 manat xərcləmişlər. Cücələrdən 256-sı ölmüş, 4705 ədəd cücənin hər birini 4,20 manata satmışlar. 31007 manat pul əldə etmiş, 3816 manat qazanc olmuş, bundan 1270 manata təsərrüfat üçün qızdırıcı almış, 2546 manat gəlir qalmışdır. Hər adama 848 manat qazanc düşmüş, qazancı heç kim götürməmişdir. 4-cü partiya 8000 broyler cücə sifariş etmiş, 7612 ədəd cücə çıxmış, 1 ədədini 95 qəpikdən almışlar. 33007 manat xərc olmuş, həmin vaxtı pandemiya olduğundan fermaya tez-tez gedə bilməmişlər. Həmin ərəfədə xəstəlik düşdüyündən cücələr kütləvi məhv olmağa başlamış, çarəsi tapılmamışdır. Cücələrin hamısı ölmüş, 84 ədəd cücə qalmış, 289 manat pul çıxmış, bundan sonra da işi dayandırmışlar. O, işin riskləri barədə Ağasıya və Hüseynəliyə bildirmişdir. Onların məqsədi şərikli işləyib qazancı bölmək olmuşdur. Ölən cücələri sənədləşdirməmiş, cücələri zibilliyə atmışdır. Fermada işçiləri Mustafa olmuş, ayda 400 manat əmək haqqı almış, 2 ay işləyib, arada bir ay işləməmiş, sonra yenə gəlib işləmişdir. Birinci partiya cücələri qardaşı Tofiqin fermasında saxlamışdır. 10 000 manat pulu Hüseynəli bir dəfəyə verməmiş, hissəhissə vermişdir. Hüseynəli ona 3000 manat borc pul verməmiş, nə veribsə iş üçün vermişdir. Borc kimi yazdığı 3000 manat pulu da iş üçün vermiş, cəmi 10 000 manat pulu hissə-hissə ona vermişdir. O, 4-cü partiyada Hüseynəlidən 1500 manat almışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 iddia tələbini qəbul etməyərək irəli sürülmüş tələbin əsassız olduğunu, belə ki, iddiaçı ilə cavabdeh arasında şərikli toyuq-cücə təsərrüfatı yaradılması barədə razılığa gəldiklərini, nəticədə belə bir təsərrüfat yarandığını, lakin sonradan cücələrin sağalmaz xəstəliyə tutulması nəticəsində məhv olduqları üçün tərəflərin ziyana düşdüyünü bildirərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X1 ifadəsində bildirmişdir ki, o, Natiqi ümumi dostları vasitəsilə 2019-cu ilin may-iyun aylarında tanımış, həmin ərəfələrdə Natiq cücə təsərrüfatı ilə məşğul olmaq üçün yarı-yarıya pul qoymalarını təklif etmişdir. O, Natiqə 11100 manat pul vermiş, sonuncu da hər ay qazanc kimi ***-**** manat arası pul verəcəyini bildirmişdir. Natiq ilk 3 ayın hesabatını göndərmiş, üç aya cəmi 1080 manat pul vermişdir. İlk partiyada 4725 ədəd cücə, ikinci partiyada 4961 manat cücə almışlar. Ona göndərdiyi hesabata görə guya 27191 manat xərc olmuş, lakin ona yazdığı qiymətlər Hüseynə yazdığı qiymətlərdən çox olmuşdur. Dediyinə görə, cücələrdən 161 ədədi ölmüş, 4800 ədədi 31007 manata satılmış, 3816 manat gəlir qalmışdır. Natiq bu dəfə gəliri bölməmələrini təklif etmiş, 3-cü partiya cücə almışlar, lakin sayını bilməmişdir. Bununla bağlı Natiq heç hesabat da verməmiş, cücələrin hamısının öldüyünü bildirmişdir. O, dövlət işində işlədiyi üçün demək olar ki, fermaya getməmiş, işin nə yerdə olduğundan çox məlumatlı olmamışdır. Natiq ona cücələrin öldüyünü bildirəndə pulunu qaytarmasını tələb etmişdir. Natiq 2019-cu ilin sentyabr ayında ailə vəziyyəti ilə bağlı ondan 3000 ABŞ dolları məbləğində borc almış, həmin borcu da qaytarmamışdır. O, Natiqdən pullarını tələb edəndə sonuncu pul olmadığını bildirmişdir. Mustafa adlı fermada işləyən işçi ona zəng edərək şərik olub-olmamasını soruşmuş, soruşmasının səbəbi isə Natiqin onu Mustafaya dostu kimi tanıtması olmuşdur. Natiq Mustafaya soruşanda yalandan cücələrin öldüyünü, kisələrə zir-zibil yığıb, üstündən də 4-5 dənə ölü cücə qoyub şəklini çəkib kiməsə göndərdiyini bildirmişdir. Bəlkə də başqa şərik də olmuşdur, çünki həmin şəkilləri onlara göndərməmişdir. Daha sonra o, Mustafanın vasitəsilə Hüseynlə görüşüb birlikdə Natiqin evinə gedərək atası və qardaşı ilə görüşmüşlər. Natiqin qardaşı bildirmişdir ki, Natiq işə qoyulan pulları batırmış, borc aldığı pulları qaytarmağa çalışacağını demişdir. O, həmin vaxtlarda Hüseynəli ilə qarşılaşmamış, onu tanımamışdır. Aralarında konflikt yarandıqdan sonra bütün bu məsələlərin üstü açılmışdır. Məhkəmə iclasında dindirilmiş şahid X5 ifadə verərək bildirmişdir ki, o, Gəncə şəhərində, baytarlıq aptekində baytar həkim işləyir. Cavabdeh uzun müddətdir ki, tanıyır. Natiq uzun illərdir ki, cücə yetişdirməklə məşğuldur. Natiq onun çalışdığı aptekə gəlib teztez dərman almışdır. Dəfələrlə Natiq ona Samuxdakı fermasında cücələrin öldüyünü bildirmişdir. Soyuq ayların birində qəflətən Samuxdakı fermaya gedib cücələrə baxmış, baxanda cücələrin baxımsız vəziyyətə olduqlarını, ventilyasiyanın işləmədiyini, sobanın söndüyünü və istiliyin olmadığını və kisədə ölmüş cücələrin olduğunu görmüşdür. Cücələrə baxan şəxs həmin kisələri heç aparıb atmamışdır, əslində belə olan halda xəstəliyin yayılmaması üçün ölmüş cücələr torpağa basdırılmalıdır. O, fermada kütləvi, minlərlə cücənin ölməsini görməmişdir. Əgər belə bir hal ilə rastlaşaydı baytarlıq idarəsinə məlumat verər və xəstəlik yayılmasın deyə bağlanmasını tələb edərdi. O, bir dəfə də fermaya gedərkən içəridə tüstü olduğunu və cücələrin boğulduğunu görmüşdür. İşçiyə cücəyə belə baxılmaması barədə xəbərdarlıq etmiş, Natiqə dəfələrlə cücələrə baxan şəxsin işinə səhlənkar yanaşdığını bildirmişdir. Cücələrə görə Natiqə nisyə dərman vermiş, sonuncu dəfə 535 manatlıq dərman vermişdir. Hazırda Natiqin ona 80-90 manat dərmana görə borcu qalmışdır. Hüseynəli də ondan cücələrə görə dərman almış, Ağası adlı şəxsi isə tanımamış və görməmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X4 ifadə verərək bildirmişdir ki, o və qardaşı Natiq uzun illərdir ki, cücə yetişdirməklə məşğuldurlar. O və qardaşı Natiq ayrı-ayrılıqda cücə saxlamaqla məşğul olmuş, birlikdə təsərrüfat aparmamışlar. Qardaşı ferma götürməmişdən əvvəl o, Samuxda icarəyə ferma götürmüş, təxminən 2019-un iyul ayında öz təsərrüfatında bir aylıq cücə yetişdirdiyi vaxtlarda qardaşı ona zəng edərək yeri olmadığından ondan cücələri saxlamaq üçün yer istəmiş, o da yerinin olduğunu, lakin cücələrini onun təsərrüfatına gətirməməsini, çünki öz cücələrinin gətiriləcəyini bildirmişdir. Natiq də nə vaxt onun cücələri gələrsə özününküləri çıxaracağını bildirmişdir. Qardaşı fermaya 2000 ədəd cücə gətirmişdir. Cücələrə onun işçisi baxmış, qardaşı cücələri gətirəndən sonra onun cücələri hissə-hissə qırılmağa başlamış, gündəlik 30-40 ədəd cücə ölmüşdür. Həkim cücələrdə vəba xəstəliyinin olduğunu və çarəsi olmadığını bildirmişdir. Qardaşının gətirdiyi cücələrin yarıdan çoxu qırılmışdır. Bundan sonra qardaşı Samuxda ayrı ferma icarəyə götürüb özü orada cücə saxlamışdır. Qardaşı ondan ayrılandan sonra təxminən üç partiya “serebristıy” növündə cücə saxlamışdır. O, hərdən qardaşının fermasına da baş çəkmiş, Hüseynəlini də orada görmüşdür. Qardaşının şərikləri olduğunu əvvəl bilməmiş, sonradan bilmişdir. Hüseynəlidən nə vaxt soruşsa Hüseynəli ziyanda olduqlarını demişdir. Qardaşının sonuncu partiyada nə qədər cücə saxladığını bilməmiş, Natiq cücələrin hamısının xəstəlikdən öldüyünü bildirmişdir. Hüseynəlinin qardaşına borc verməsi barədə məlumatı yoxdur, amma qardaşı Ağasıdan 3 min ABŞ dolları borc almışdır. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Baş Polis İdarəsi İstintaq və Təhqiqat İdarəsinin müstəntiqinin 15 iyul 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, X1 və İddiaçı ərizələri əsasında toplanmış materialda Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq cinayətinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Cavabdeh müstəntiqə verdiyi izahatında göstərmişdir ki, 2019-cu ilin yay aylarında Hüseynəli ilə birlikdə Avropa ölkəsinə səyahət edərkən Hüseynəli ona təklif etmişdir ki, birlikdə cücə işinə başlasınlar və pul qazansınlar. O, Hüseynəliyə bu işi yaxşı bildiyini, uzun illər bu təsərrüfatla məşğul olduğunu bildirib birlikdə həmin təsərrüfatı yaratsalar qazanc əldə edəcəklərini demişdir. Onların razılıqları belə olmuşdur ki, həmin təsərrüfata ilk başda hər biri 4000 manat pul qoysunlar. 2019-cu ilin iyun ayında Hüseynəli ona öz payına düşən 4000 manat pulu vermişdir. Həmin təsərrüfatdan 4000 manat, yəni o və Hüseynəli hərəsinə 2000 manat ziyanla çıxmışlar. 2019-cu ilin yay aylarında dostunun vasitəsilə Ağası İsmayılov ilə tanış olmuşdur. Ağası ona təklif etmişdir ki, birlikdə cücə təsərrüfatı qursunlar və gəlir əldə etsinlər. O, həmin vaxt özündə kifayət qədər pul olmadığı üçün düşünmüşdür ki, Ağasının puluna ayrıca birgə təsərrüfat qursun, əldə edilən gəliri iki yerə bölsünlər. O özü bu işlərdə təcrübəli olduğu üçün bütün təşkilati işləri özü görəcəkmiş və təsərrüfatın qurulmasında və idarə edilməsində əziyyəti böyük olduğu üçün pul qoymasa da əldə ediləcək gəlirdən Ağası ilə birlikdə o da pul götürməlidir. Ağası onunla şərt kəsmişdir ki, təsərrüfatda yalnız iki nəfər, o və Ağası olacaqdır. 2019-cu ilin avqust ayının əvvəllərində Hüseynəli ilə aldıqları cücələrin satışı bitdiyi üçün qardaşının fermasından çıxıb özlərinə ayrıca ferma axtarmağa başlamışlar. Hüseynəlinin onda 2000 manat pulu qaldığı üçün ona demişdir ki, əlavə 1000 manat pul qoysun, özü də əlavə 1000 manat qoyacaq və 6000 manata yeni təsərrüfat quracaqlar. Hüseynəli 1000 manat pulu ona 2019-cu ilin avqust ayının əvvəlində vermişdir. Ağası və Hüseynəlinin bir-birindən xəbəri olmadan Ağası və Hüseynəlinin pulları ilə ümumi təsərrüfat qurmaq qərarına gəlmiş, onlar bu işi bilmədikləri, işin bütün əziyyətini özü çəkəcəyi üçün düşünmüşdür ki, gəliri üç yerə bölsün. 2019-cu ilin avqust ayında icarəyə götürdükləri yerə əlində olan 5000 manat və 6537 ABŞ dolları puldan lazımi avadanlıqları Bakı şəhərindən alıb gətirmişdir. Bundan sonra Hüseynəlidən 3000 manat bir, 1500 manat bir (həmin pula hinduşka almaq fikri olsa da sonradan cücələrin xərcləri üçün Hüseynəlinin iştirakı ilə sərf edəsi olmuşdur) almışdır. Həmin partiyadan xərclər çıxıldıqdan sonra 2160 manat gəlir əldə edilmişdir. Əldə edilən pulun yarısını Ağasıya Bakı şəhərində vermiş, qalan pulu təsərrüfata xərcləmişdir. Həmin ərəfədə Ağası və Hüseynəlinin onda ümumilikdə təxminən 18000 manat pulu olmuşdur. Həmin pulla 5000 ədəd cücə sifariş vermişdir. Həmin cücələri 2020-ci ilin fevral ayında satmış, ümumilikdə 31000 manat qazanc əldə etmişdir. Xərclər çıxıldıqdan sonra 2546 manat xalis gəlir qalmışdır. Həmin pula Ağası ilə Hüseynəlinin mayalarını, eləcə də Ağasıdan borc aldığı pulu birlikdə qoyub eləcə də əlavə 2000 manat Hüseynəlidən alıb yeni partiya cücələr almışdır. 2020-ci ilin fevral ayında 5000 ədəd cücə sifariş vermişdir. Sonuncu partiya onların təsərrüfatının müflisləşməsinə səbəb olmuşdur. Cücələrə xəstəlik düşdüyü üçün kütləvi məhv olmağa başlamışlar. Əlavə 2000 cücə də sifariş vermiş, cücələrin hamısı qısa müddətdə xəstəlikdən məhv olmuşdur. Geriyə isə 100-ə yaxın cücə qalmışdır. Bununla da təsərrüfatları müflis olmuş, Ağası və Hüseynəlidən aldığı pullar da cücələrin saxlanmasına və yetişdirilməsinə xərclənmişdir. İş materiallarına əlavə edilmiş cavabdehə məxsus qeyd dəftərindəki məlumatlardan görünür ki, cavabdeh 2-ci partiyada 4725 ədəd cücədən 55 ədəd cücənin öldüyü, 4670 ədəd cücəni 7,10 manata satıb 33157 manat pul götürdüklərini, həmin məbləğdən 29737 manat xərclər çıxıldıqdan sonra 3420 manat qazanc əldə etdiklərini qeyd etmişdir. İş materiallarına əlavə edilmiş cavabdehə məxsus 19 oktyabr tarixli hesablamadan görünür ki, üçüncü partiyada 4961 ədəd cücə alınmış, bunlardan 161 ədəd cücə ölmüş, 27191 manat xərc olmuş, 4800 ədəd cücənin satışından 31007 manat məbləğində pul əldə olunmuş, xalis qazanc 3816 manat göstərilmişdir. Qazancdan 1270 manat qızdırıcı sobanın qiymətı çıxıldıqdan sonra qazanc 2546 manat göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 556.1-ci maddəsinə əsasən icra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəliklə bağlı mübahisə vardır. Belə ki, sadə şəriklik barədə müqavilə mülki qanunvericilikdə nəzərdə tutulmasa da mülki qanunvericiliyin tələblərinə də zidd deyildir və belə müqavilənin formasına dair də hər hansı tələb yoxdur. Bu baxımdan həmin müqavilənin şifahi formada bağlanması mümkündür. Müqavilənin şərtlərinə görə tərəflər hər biri maya kimi müəyyən pul məbləği qoymalı, cücə təsərrüfatı üçün lazımi avadanlıqlar alınmalı, cücələr alınaraq yetişdirilməli və satılmalı, bu zaman çəkilən xərclər və əldə edilən gəlir tərəflər arasında bərabər bölünməlidir. Cücə təsərrüfatına ümumi rəhbərlik və vəsaitin xərclənməsinə nəzarət cavabdeh tərəfindən həyata keçirilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, 2019-cu ildə iddiaçı ilə cavabdeh şərikli olaraq cücə yetişdirmək və əldə edilən qazancı yarı bölmək barədə razılığa gəlmişlər. Tərəflər arasında şifahi olaraq sadə şəriklik müqaviləsi bağlanmışdır. Mübahisəsiz qaydada müəyyən edilmişdir ki, bu razılığa uyğun olaraq hər iki tərəf 4000 manat olmaqla, cəmi 8000 manat məbləğində pul qoymuş, həmin pula cücə almaq, təsərrüfat üçün yer tapmaq, avadanlıqlar, yem və s. tələbatları ödəmək nəzərdə tutulmuşdur. Nəzərdə tutulan işlərin hamısı bir qayda olaraq cavabdeh tərəfindən icra edilmiş, iddiaçı da ona köməklik etmişdir. İddiaçı verdiyi izahatlarda cavabdehə təsərrüfata xərclənməsi üçün ayrı-ayrı vaxtlarda 4000 manat, 1000 manat, 1500 manat, 2000 manat və 2500 manat, əlavə olaraq isə borc kimi 3000 manat olmaqla, ümumilikdə 14000 manat verdiyini iddia etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçının ona ümumilikdə bu iş üçün 10000 manat pul verdiyini bildirsə də cinayət təqibi üzrə icraat zamanı verdiyi izahatında ətraflı şəkildə ayrı-ayrı vaxtlarda iddiaçının ona təsərrüfat üçün 4000 manat, 1000 manat, 1500 manat, 2000 manat və 3000 manat olmaqla cəmi 11500 manat pul verdiyini bildirmişdir. Məhkəmə iclasında da həmin izahat soruşularkən cavabdeh izahatı mübahisələndirməmiş, izahatda göstərilən məbləğlərin doğru olduğunu bildirmişdir. Məhkəmə iddiaçı tərəfindən 3 000 manat pulun cavabdehə borc verilməsi ilə bağlı hissədə qeyd edir ki, həmin pulun borc kimi verilməsi cavabdeh tərəfindən inkar edilir, iddiaçı isə pulun borc kimi verilməsini sübuta yetirə bilmir. Lakin cavabdeh 3 000 manat pulun şəriklik çərçivəsində təsərrüfata xərclənmək üçün verilməsini qəbul edir. İddiaçının tələbi ümumilikdə pul tələbi olduğundan məhkəmə cavabdehin izahatına əsasən həmin məbləği də təsərrüfata qoyulmuş pul kimi qiymətləndirir. Cavabdeh nə müstəntiqə verdiyi izahatında, nə də məhkəmə iclaslarında iddiaçıdan 2500 manat məbləğində pulu alması barədə izahat verməmişdir. İddiaçı isə 2500 manat məbləğində pulu cavabdehə verməsini sübut edə bilməmişdir. Tərəflər arasında şəriklik münasibətlərinə 2020-ci ilin mart ayında son qoyulmuşdur. İddiaçı cavabdehə karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq təsərrüfatı saxlamağın çətinliyi barədə məlumat verdiyini və pulu bölməyi təklif etdiyini, cavabdehin isə pulu bölməkdən imtina etdiyini bildirir. Cavabdeh isə təsərrüfatın dağılmasının səbəbini müflis olma ilə izah edir. Şəriklik münasibətlərinə son qoyulduqda maya qalığı və qazanc bölünməlidir. Müflis olma halında isə bu, sübuta yetirilməlidir. Belə ki, cavabdeh təsərrüfatın müflis olması nəticəsində onun şəriki olan iddiaçı qarşısında hər hansı öhdəliyinin olmadığını iddia edir. Öhdəliyin mövcud olmadığını və ya öhdəliyin icrasının onun cavabdeh olmadığı haldan dolayı mümkünsüz olduğunu sübuta yetirmək vəzifəsi isə Mülki Məcəllənin 556.1-ci və Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə uyğun olaraq borclunun üzərinə düşür. Cavabdeh ümumilikdə iddiaçı tərəfindən təsərrüfata 11500 manat pul qoyulduğunu, bundan birinci partiyada hərəyə 2000 manat ziyan etmələrini bildirmişdir. Cavabdehin bu izahatı şahid T.Abdinovun ifadəsi ilə təsdiq olunur. İddiaçı isə şahidin ifadəsini şübhə altına alacaq sübut təqdim etməmişdir. Odur ki, məhkəmə 2000 manat məbləği mayadan zərər kimi nəzərə alır və mübahisənin yarandığı sonuncu partiyaya qədər başqa zərərin cavabdeh tərəfindən iddia edilməməsi də nəzərə alındıqda maya qalığının 9500 manat olduğunu müəyyən edir. İddiaçı ümumilikdə cavabdehə birlikdə 4 partiya cücə saxladıqlarını və birinci partiyadan qazanc olmasını iddia etməməklə yanaşı, qalan partiyalardan müvafiq olaraq 5500 manat, 1353 manat və 3936 manat gəlir əldə etdiklərini iddia etmişdir. Cavabdeh isə iddiaçı ilə ümumilikdə 4 partiya cücə saxladıqlarını, birinci partiyada zərər etdiklərini, ikinci və üçüncü partiyalarda müvafiq olaraq bütün xərclər çıxıldıqdan sonra 3420 manat və 3816 manat gəlir əldə etdiklərini, üçüncü partiyanın gəlirindən 1270 manata əlavə qızdırıcı aldıqlarını, dördüncü partiyada isə ümumiyyətlə bütün cücələrin qırıldığını və heç bir gəlirin əldə olunmadığını, bütün pulların sərf olunduğunu bildirmişdir. İddiaçı ilə cavabdehin ikinci və üçüncü partiyada alınan cücələrin sayı barədə təqdim etdikləri məlumatlar eyni olsa da, çəkilən xərclər, cücələrin satış qiyməti və əldə edilən pul, eləcə də xalis gəlir barədə təqdim etdikləri məlumatlar kəskin fərqlənir. İddiaçının verdiyi məlumatlar öz izahatından başqa hər hansı sübutla təsdiq olunmadığından məhkəmə cavabdehin təqdim etdiyi məlumatlar əsasında hesablamanın aparılmasını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbləri baxımından doğru hesab edir. Cavabdehin məhkəmə iclasında, cinayət təqibi üzrə icraat zamanı verdiyi izahatında və qeyd dəftərindəki qeydlərdə ikinci və üçüncü partiyada əldə edilən xalis gəlir məbləği 3420 manat və 3816 manatdır. Sonuncudan 1270 manat pulun qızdırıcı alınmasına sərf edilməsi mübahisə edilmir. Cavabdeh birinci partiya istisna olmaqla digər partiyalarda özünün, iddiaçının və A.İsmayılzadənin şərik olduğunu bildirsə də işin tədqiq edilmiş hallarından (iddiaçının izahatından, şahidin ifadəsindən və cavabdehin özünün cinayət təqibi üzrə icraat zamanı verdiyi izahatından müəyyən edilir ki, iddiaçı ilə cavabdehin digər şəriki A.İsmayılzadə birbirini tanımamış, cavabdeh onlara ayrı-ayrılıqda ikisinin şərik olmaları və əldə ediləcək qazancı yarı böləcəkləri barədə vəd vermişdir. Bu baxımdan cavabdehin A.İsmayılzadə ilə də şəriklik münasibətlərində olmasının iddiaçıya heç bir aidiyyəti yoxdur və cavabdeh əldə edilmiş xalis gəliri iddiaçı ilə razılaşdıqları kimi onunla yarı bölməlidir. Cavabdeh qəbul edir ki, satışdan əldə edilən pullar hər zaman onda olmuşdur, cücələrin alınması, xərclərin ödənilməsi, cücələrin satışını bilavasitə o, həyata keçirmişdir. Belə ki, cavabdeh özünün maya qoymadan şərikliyini məhz bu cür, yəni iddiaçının bu işləri bilməməsi, özünün isə bu sahədə təcrübəli olması, mağazalardan nisyə yem və dərman ala bilməsi, cücə satanlar və alanlarla işgüzar əlaqələrinin olması ilə izah edir. Yekunda müəyyən olunur ki, sonuncu partiyaya qədər cavabdehin əlində iddiaçıya məxsus olan 12483 manat pul olmuşdur. Bundan yuxarıda hesablandığı kimi 9500 manat maya qalığı, 1710 manat (3420/2) və 1273 manat ((3816-1270)/2) isə xalis gəlirdən iddiaçıya düşən hissədir. Cavabdeh dördüncü, yəni sonuncu partiyada 7612 ədəd cücə aldıqlarını, onların saxlanmasına 33007 manat xərc çəkdiklərini və cücələrin hamısının məhv olub cəmi 84 cücənin sağ qaldığını bildirmişdir. Məhkəmə qeyd edir ki, təsərrüfata rəhbərlik edən şəxs kimi cavabdeh iddiaçıya təsərrüfatın vəziyyəti barədə dürüst hesabat verməyə borcludur. Ağlabatan miqdarda cücənin tələf olması işin xüsusiyyətlərinə uyğun olsa da alınmış 7612 ədəd cücədən 7528 ədədinin, yəni demək olar ki, hamısının məhv olması adi təsərrüfat fəaliyyətinin nəticəsi ola bilməz. Cavabdeh bunun xəstəlik nəticəsində baş verdiyini bildirsə də cücələrin kütləvi məhv olması barədə heç bir sübut təqdim etməmişdir. Hətta cavabdehin vəsatəti ilə şahid qismində dindirilmiş E.Məmmədov da tərəflərin birgə təsərrüfatında cücələrin kütləvi (minlərlə) ölməsinin şahidi olmadığını, belə hal baş verərsə, baytarlıq idarəsinə məlumat verilməli olduğunu bildirmişdir. Göründüyü kimi cavabdeh iddiaçının onda olan 12483 manat pulunun taleyi barədə ağlabatan izahat verə bilmir. Halbuki, pula nəzarət və təsərrüfata ümumi rəhbərlik cavabdehdə olduğundan cavabdeh həmin pulun sərf olunma yeri, eləcə də müflis olma halında bunun səbəbləri və bu faktı təsdiq edən sübutları iddiaçıya təqdim etmək vəzifəsi daşıyır. Lakin cavabdeh bu barədə heç bir sübut təqdim etməmişdir. İddiaçının iddia etdiyi kimi həmin pula müəyyən miqdar cücə alınıb-satılmış olması və gəlir əldə edilməsi mümkün ehtimal olsa da, bununla bağlı sübutlar təqdim edilmədiyindən məhkəmə yalnız 12483 manat pulun cavabdehdən tutulması hissəsində iddianı əsaslı hesab edir. Məhkəmə, cavabdehin qoyulmuş mayanın təsərrüfatın xərclərinə sərf edilməsi barədə izahatına da qiymət verərək qeyd edir ki, təsərrüfat üçün alınmış bütün əşyalar, o cümlədən cücələrin, yemin, dərmanın və s. alınmasına sərf edilmiş pullar cavabdehin özü tərəfindən qeyd dəftərində xərclər qismində göstərilmişdir. Yəni həmin məsrəflər mayadan ödənilirsə satışdan əldə edilmiş pulların hamısı xalis qazancdır, həmin məsrəflər satışdan əldə edilmiş puldan ödənilirsə maya toxunulmaz qalmalıdır. Hər iki halda da nəticə dəyişmir. Eyni zamanda da təsərrüfat üçün mayadan və qazancdan alınmış və istehlak edilməmiş əşyalar da şəriklərə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının hazırkı iddiası qiymətləndirilən iddia olmaqla pul tələbi ilə bağlıdır. İddiaçı cavabdehdən ümumilikdə 14000 manat pul tələb edir və verilmiş iddiaya görə 132 manat dövlət rüsumu ödəmişdir. İddia 12483 manat pulun qaytarılması hissəsində öz təsdiqini tapmışdır. Odur ki, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumunun əvəzi qismində 117,50 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 12483 (on iki min dörd yüz səksən üç) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət rüsumunun əvəzi qismində 117,50 manat (bir yüz on yeddi manat əlli qəpik) pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar