Məhkəmə qərarları › İş №2(125)-136/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-136/2025

12.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-136/2025 12.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 10665 manat pulun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan “Toyota Prius” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilini 23 mart 2024-cü il tarixdə etibarnamə əsasında idarə etmək üçün Cavabdeh etibar etmişdir. Lakin cavabdeh 27 mart 2024-cü il tarixdə gecə saatlarında Sumqayıt şəhərində qeyd etdiyi avtomobil ilə Sülh küçəsi istiqamətində saatda 70 km sürətlə hərəkətdə olan zaman idarəetməni itirərək yolun sağ kənarında yol nişanına və daha sonra ağaclıq olan hissəyə çırpılmışdır. Cavabdeh xəsarət aldığı üçün Sumqayıt ŞPİ-nin TŞ-də müvafiq araşdırma aparılmışdır və 04 aprel 2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin Cavabdeh əməlində inzibati xəta olduğu üçün onun barəsində 02 may 2024-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Nəticədə, cavabdeh tərəfindən ona maddi ziyan dəymişdir. O, dəymiş ziyanının ödənilməsini tələb etməyinə baxmayaraq cavabdeh dəymiş ziyanı ödəməkdən boyun qaçırır. Ona məxsus “Toyota Prius” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyanla bağlı Bakı şəhərində yerləşən “EXPRESS SERVİS”-ə müraciət etmiş və həmin müəssisənin rəyinə əsasən onun avtomobilinə 10665 manat zərər dəymişdir. Cavabdeh bugünkü günədək ona dəymiş maddi zərəri ödəməmişdir, avtomobili hazıradək təmirsiz olaraq qalmışdır, bu səbəbdən də o cavabdeh tərəfindən ona vurulmuş maddi zərərin ödənilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi və əlavə etdi ki, iddia tələbi qanuni və əsaslıdır, avtomobil hazırda pis vəziyyətdədir, hadisə baş verən zaman avtomobilin orta bazar qiyməti təxminən 15000 manat olmuşdur. Bir ildən çoxdur ki, avtomobil hərəkətsiz qaldığından iddiaçı taksi fəaliyyətini həyata keçirə bilmir. Bundan başqa mütəxəssis rəyi ilə qismən razı olduğunu, iddia tələbinin tam təmin edilməli olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbinin tam təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, sözügedən avtomobilə cavabdeh tərəfindən ziyan vurulduğunu inkar etmirlər, lakin dəymiş ziyanın məbləği həddən artıq şişirdilmişdir, sözügedən markalı avtomobilin hazırkı bazar qiyməti maksimum 7-8 min manatdır. Bu halda həmin avtomobilin təmiri üçün maksimum 3-4 min manat xərc çəkilə bilər. Bundan başqa, mütəxəssis rəyi ilə qismən razı olduğunu bildirdi. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin, eləcə də cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, Sumqayıt ŞPİ-nin, TŞ-nin baş təhqiqatçısı, polis mayoru X1 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qəbul edilmiş qərarın surətinin Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbirlərinin görülməsindən ötrü Sumqayıt ŞPİ-nin DPYŞ-nə göndərilməsi qərara alınmışdır. Qərarda qeyd edilmişdir ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh göstərmişdir ki, “Toyota Prius” markalı, **- EN-*** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə əsasında idarə edir. xx.xx.2024-cü il tarixdə gecə saatlarında o, Sumqayıt şəhərində qeyd etdiyi avtomobil ilə Sülh küçəsi istiqamətində saatda 70 km sürətlə hərəkətlə olan zaman hava şəraiti yağmurlu olduğundan qarşısında avtomobil görüb onu vurmamaqdan ötrü yayınmaq istəsə də, lakin həmin avtomobilin arxa hissəsindən vurmuş və daha sonra idarəetməni itirərək yolun sağ kənarında yol nişanını və daha sonra ağaclıq olan hissəyə çırpılmışdır. Hadisədən sonra o huşunu itirmiş və ayıldıqda Sumqayıt TTYX-da olduğunu görmüşdür. Bildirmişdir ki, o hadisə zamanı spirtli içki təsiri altında olmamışdır. İş materiallarında olan inzibati xəta haqqında AP ******* nömrəli protokoldan və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP ******* saylı qərardan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 00:28-də Sumqayıt şəhəri, Sülh prospekti adlanan ərazidə “Toyota Prius (Hibrid)” minik markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Həmin qərara əsasən Cavabdeh İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan, “Express Servis” (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X2 VÖEN: **********) tərəfindən verilmiş 25 aprel 2024-cü il tarixli qüsur aktından görünür ki, “Toyota Prius (Hibrid)” minik markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 10665 manat məbləğində ziyan dəymişdir. İş materiallarına “Toyota Prius (Hibrid)” minik markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanı əks etdirən bəzi fotoşəkillər əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən, Cavabdeh məxsus sürücülük vəsiqəsinin surətindən və nəqliyyat vasitəsindən istifadə edilməsinə dair xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, mülkiyyətçi İddiaçı özünəməxsus “Toyota Prius (Hibrid)” minik markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyətini Cavabdeh etibar etmiş, etibarnamə 1 il 9 ay 25 gün müddətinə verilməklə, xx.xx.2026-cı il, saat 23:59-dək qüvvədə olmuşdur. İş üzrə zərurət yarandığından, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı mülkiyyətində olan “Toyota Prius (Hibrid)” minik markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin qiymətləndirilməsinin aparılması müstəqil qiymətləndirici "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılmış, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin LP-085/2025 nömrəli, 05 iyun 2025-ci il tarixli minik avtomobilinin qiymətləndirilməsi barədə hesabatı məhkəməyə göndərilmişdir. Həmin hesabatdan görünür ki, qüsur aktına əsasən təmir xərcləri və sıradan çıxmış detalların hazırkı bazar qiyməti 11000 manat, lakin avtomobilin indiki vəziyyətini (digər işlək ehtiyat hissələrinin də sıradan çıxdığını) nəzərə alaraq 2008-ci il buraxılışlı orta, işlək vəziyyətdə olan “Toyota Prius (Hibrid)” markalı, 2008-ci il buraxılışlı, **-EN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin orta bazar qiyməti isə analoji təhlillərə əsasən 10000 manat təşkil edir. “Toyota Prius” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçıya məxsus olduğu, müvəqqəti istifadə üçün cavabdehə verildiyi, avtomobilin cavabdehin təqsirindən zədələndiyi işin mübahisəsiz halıdır. Mülki işin materiallarında öz əksini tapan sənədlərdən və tərəflərin izahatlarından müəyyən edilən işin digər halı ondan ibarətdir ki, Cavabdeh iddiaçının mülkiyyətində olan etibarnamə əsasında idarə etdiyi “Toyota Prius (Hibrid)” minik markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixdə gecə saatlarında o, Sumqayıt şəhərində qeyd etdiyi avtomobil ilə Sülh küçəsi istiqamətində saatda 70 km sürətlə hərəkətdə olan zaman hava şəraiti yağmurlu olduğundan qarşısında avtomobil görüb onu vurmamaqdan ötrü yayınmaq istəsə də, lakin həmin avtomobilin arxa hissəsindən vurmuş və daha sonra idarəetməni itirərək yolun sağ kənarında yol nişanını və daha sonra ağaclıq olan hissəyə çırpılmış, iddiaçıya məxsus “Toyota Prius (Hibrid)” minik markalı, **- EN-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən müddəların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. İşin şərh edilən hallarından da göründüyü kimi, iddiaçıya məxsus avtomobilə zərər dəyməsi ilə nəticələnən yol nəqliyyat hadisəsinə cavabdehin yuxarıda qeyd edilən avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozması səbəb olmuşdur. Bu hal iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında qərarla və “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarla təsdiq olunur. Həmçinin, yol-nəqliyyat hadisəsində cavabdehin təqsirli olmasını, iddiaçıya məxsus avtomobilə ziyan vurulmasını cavabdeh tərəf də inkar etmir. Göstərilənlər, baş vermiş deliktə görə cavabdehin təqsirli olması barədə nəticəyə gəlməyə əsas verir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Lakin məhkəmə hesab edir ki, iddia tələbi iddiaçıya məxsus avtomobilə dəymiş zərərə görə tələb edilən məbləğdə deyil, 10000 manat məbləğində təmin edilməlidir. Sübutlar işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Məhkəmədə mülki işin başlaması üçün fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etməsi kifayətdir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 5.1-ci maddəsi). Lakin mülki işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi sübutlarsız mümkün deyil. İddianı irəli sürən, yaxud iddiaya qarşı etiraz edən edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur (MPM-in 77.1-ci maddəsi). Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (MPM-in 106.3-cü maddəsi). Məhkəmə vurulan zərərin həcmi hissədə hissədə mütəxəssis mülahizəsini - "xxxx" MMC-nin LP-085/2025 nömrəli, 05 iyun 2025-ci il tarixli minik avtomobilinin qiymətləndirilməsi barədə hesabatını əsas götürür və qeyd etməyi zəruri hesab edir ki, mülki proses işin hallarını birbaşa müəyyən edən sübutlarla yanaşı, dolayı və ya yanakı sübutlardan da istifadə olunmasını istisna etmir. İş materiallarında birbaşa sübutlar olmadıqda və ya belə sübutlar işin hallarını müəyyən etmək üçün yetrəli olmadıqda məhkəmə dolayı sübutlardan istifadə edə bilər. Belə ki, dolayı sübutun işdə olan digər sübutlarla məcmu şəkildə tədqiqi əsasında məhkəmə işin halları barədə birmənalı nəticəyə gələ bilirsə onda həmin halları müəyyən olunmuş hesab etməlidir. Yaxud əgər tələb irəli sürən şəxs tərəfindən işin müəyyən halını birmənalı müəyyən edən bir neçə mötəbər, zidiyyətsiz və biri-birini tamamlayan, qarşı tərəfin təkzib edə bilmədiyi sübutlar təqdim edilirsə məhkəmə həmin sübutları da prosessual qanunvericiliyin tələblərini uyğun tədqiq edərək işin hallarını həmin sübutlar əsasında müəyyən edə bilər. Mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları vermişdir (MPM-in 64.1, 79.1 və 97.1-ci maddələri). Bu baxımdan əgər işin hallarını müəyyən etmək üçün ortaya çıxan suallar xüsusi bilik tələb etmirsə, məhkəmə ekspertiza təyin etmədən həmin suallar üzrə zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət edərək onlardan yazılı mülahizə ala, yaxud tərəflərin öz təşəbbüsü ilə əldə edərək məhkəməyə təqdim etdikləri həmin yazılı sübutları işdə olan digər sübutlarla məcmu şəkildə qiymətləndirə bilər. Beləliklə, iş üzrə əldə edilmiş mütəxəssis mülahizəsindən sözügedən avtomobilin təmir xərcləri və sıradan çıxmış detalların hazırkı bazar qiymətinin 11000 manat, lakin avtomobilin indiki vəziyyəti (digər işlək ehtiyat hissələrinin də sıradan çıxdığını) nəzərə alınaraq 2008-ci il buraxılışlı orta, işlək vəziyyətdə olan “Toyota Prius (Hibrid)” markalı, 2008-ci il buraxılışlı, **-EN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin orta bazar qiymətinin isə analoji təhlillərə əsasən 10000 manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı mütəxəssis mülahizəsinin mötəbərliyini şübhə altına alacaq hər hansı hal yoxdur. Həmçinin, sözügedən mütəxəssis mülahizəsindən başqa məhkəməyə başqa mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, “Toyota Prius (Hibrid)” minik markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin məbləği müəyyən edilərkən mütəxəssis mülahizəsində qeyd edilənlər əsas götürülməli, bununla belə dəymiş zərərin həcminin avtomobilin ümumi dəyərindən çox olmaması halı da nəzərə alınmalıdır. Bundan başqa, cavabdeh vurulan zərərin daha az olmasını bildirsə də, bununla bağlı hər hansı sübuta istinad etməmişdir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsi təşkil edir. Bununla bağlı, cavabdehin təqsirli olaraq törətdiyi hüquqa zidd əməl, yəni mülki hüquq pozuntusu nəticəsində iddiaçının avtomobilinə təmir-bərpa üçün cəmi 10000 manat məbləğində zərər vurulması faktı cavabdeh tərəfin izahatı ilə yanaşı mötəbər sübutlarla təsdiq olunduğundan, vurulmuş zərərin əvəzi kimi 10000 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlar, eləcə də mütəxəssis mülahizəsi cavabdehin iddiaçının əmlakına qeyd edilən məbləğdə ziyan vurduğunu təsdiq edir, cavabdeh məhkəməyə iddia tələbini təkzib edəcək, vurulan ziyanın məbləğinin düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Hazırkı iş üzrə məhkəmə xərcləri – iddiaçı tərəfindən ödənilmiş 122 manat dövlət rüsumundan və 300 manat qiymətləndirmə xərcindən ibarətdir. Məhkəmə hesab edir ki, MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 122 manat dövlət rüsumunun 120 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan hissə iddiaçıya aid edilməli, eyni zamanda qiymətləndirmə xərci olan 300 manat məbləğində pul cavabdehə aid edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi zərərə görə 10000 manat və ödənilmiş dövlət rüsumunun əvəzində 120 manat olmaqla, cəmi 10120 (on min bir yüz iyirmi) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə əmlakın qiymətləndirmə xərci olaraq Cavabdeh 300 (üç yüz) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-nin bank hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar