Məhkəmə qərarları › İş №2(125)-1382/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1382/2022

24.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1382/2022 24.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Hazırkı işin mübahisəsiz halları ondan ibarətdir ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış RBB(A)407 saylı, xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə Bank borcalana 60 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 32500 ABŞ dolları kredit vermiş, borcalan isə krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" ASC ilə bağlanmış eyni tarixli və saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 ona məxsus **-GF-*** dövlət eydiyyat nişanlı, 2001-ci il buraxılışlı, «Mercedes Benz 320» minik markalı avtomobil ipoteka ilə yüklü etmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, Bank tərəfindən 15359.1 ABŞ dolları əsas, 27393.71 ABŞ dolları faiz, 1233.70 ABŞ dolları cərimə, illik 5 faizlə hesablanmaqla 4817 ABŞ dolları əldən çıxmış fayda, ümumilikdə 48803.51 ABŞ dolları borc hesablanmışdır. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 31 iyul 2008-ci il tarixli kredit müqaviləsi üzrə banka 15359.1 ABŞ dolları əsas, 27393.71 ABŞ dolları faiz, 1233.70 ABŞ dolları cərimə və kredit müqaviləsinin müddəti bitdiyi tarixdən, xx.xx.2013-cü il tarixindən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmaqla 4817 ABŞ dolları əldən çıxmış fayda borcu olmaqla, ümumilikdə cəmi 48803.51 ABŞ dolları borcun və 338.90 ABŞ dolları ödənilmiş dövlət rüsumunun tutulması; Cavabdeh1 tutulmalı olan məbləğ, yəni cəmi 48803.51 ABŞ dolları borcun və 338.90 ABŞ dolları ödənilmiş dövlət rüsumunun İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmiş və Cavabdeh2 mülkiyyətindəki **-GF-*** dövlət eydiyyat nişanlı, 2001-ci il buraxılışlı, «Mercedes Benz 320» minik markalı (ban:WDB2200261A202629) avtomobilin açıq hərrac vasitəsilə satılması və hesabına yönəldilməsi; İpoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin yönəldilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi ümumi qaydada Cavabdeh1 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, borcalan xəbərdarlıq edilməsinə baxmayaraq o, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, kredit borcu tutulmalı və tutma ipoteka predmetinə yönəldilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə içlasına gəlməmiş və gəlməmələrinin səbəbinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) müvafiq olaraq borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehlərdən Cavabdeh1 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı Bank müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit müqaviləsində göstərilən pul məbləğini borcalana vermişdir. Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, həmin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehlərdən müqavilə üzrə yaranmış borcun ödənilməsini tələb etmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6934 saylı məhkəmə ekspertizasının rəyindən görünür ki, Cavabdeh1 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 31 iyul 2008-ci il tarixli, RBB(A)407 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, müqavilə müddətində illik 15%-lə, müqavilə müddətindən sonra illik 5%-lə faiz borcu hesablanmaqla Cavabdeh1 xx.xx.2013-cü il tarixə (müqavilə müddətinin son tarixi) banka olan əsas və faiz borcu 15.748,11 ABŞ dolları məbləğində, xx.xx.2022-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 17.119,21 ABŞ dolları məbləğində müəyyən edilir. O cümlədən: xx.xx.2013-cü il tarixə: 12.461,42 ABŞ dolları əsas, 286,70 ABŞ dolları (illik 15%-lə) faiz, xx.xx.2022-ci il tarixə: 12.461,42 ABŞ dolları əsas, 0,00 ABŞ dolları (illik 15%-lə) faiz, 4.657,80 ABŞ dolları (illik 5%-lə (zərər) faiz. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 31 iyul 2008-ci il tarixli, RBB(A)407 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən bank tərəfindən kredit ödənişlərinin gecikdirilməsinə görə cərimə hesablanmışdır. Təqdim edilmiş sənədlərə əsasən cərimə borcu mövcud deyil. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 ABŞ dolları təşkil edir. Lakin, iş materiallarına əlavə edilən cavabdehlər tərəfindən məhkəməyə ünvanlanmış ərizələrdən görünür ki, o, iddia müddətinin keçməsi nəzərə alınaraq, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Mülki Məcəlləyə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (372.1, 372.2.). Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir (373.2.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (375.2.). Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir (380.1). Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir (380.2). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli qərarında göstərilir ki, İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Məhkəmə hesab edir ki, tərəflər arasında 60 ay müddətinə bağlanmış xx.xx.2008-ci il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2013-ci il tarixində bitmiş, iddiaçı həmin tarixdən 9 ildən artıq müddət keçdikdən sonra xx.xx.2022-ci il tarixdə iddia müddətini ötürərək hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı iddia müddətinin dayanması və ya kəsilməsinə əsas olacaq hallar aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən, kredit müqaviləsi üzrə son ödəniş xx.xx.2016-cı ildə edilmiş olsa da, xx.xx.2013-ci il tarixində başlayan 3 illik iddia müddəti xx.xx.2016-cı il tarixində başa çatdığı üçün bu hal iddia müddətinin axımının kəsilməsi və yenidən başlanması üçün əsas hesab edilə bilməz. Əksi hesab edilməli olsa belə, xx.xx.2016-cı ildən başlamalı olan 3 illik iddia müddətini ötürməklə iddia qaldırılmış olacaqdı. Bu baxımdan cavabdehlərin ərizəsinə əsasən iddia tələbinə üç illik iddia müddəti tətbiq edilməli və iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 339,41 manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayt verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar