Məhkəmə qərarları › İş №2(125)-1384/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1384/2022

28.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1384/2022 28.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçının Məmmədova (Cəfərova) Şəlalə Məhərrəm qızının, Cavabdeh1 iştirakı ilə, İddiaçı Məmmədova (Cəfərova) Şəlalə Məhərrəm qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Məmmədova (Cəfərova) Şəlalə Məhərrəm qızı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və əlavə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehdən 3000 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 2021-ci ilin dekabr ayında tanımışdır. Belə ki, 2021-ci ilin dekabr ayında Cavabdeh1 məxsus olan “Evim Şahanə” mebel mağazasina gedərək, oradan 3000 manat dəyərində mebel əşyalarının pulun verib, 10 gün müddətində mebel əşyalarının onların ünvana göndərilməsini razılaşmışlar. 7 gündən sonra Cavabdeh1 telefonla zəng edərək, səhhətində problem yarandığından əməliyyat olunmalı olduğunu, bu səbəbdən də mebel əşyalarını almalı olmadiğımı bildirərək, verdiyim 3000 manatın qaytarılmasını bildirmişdir. Cavabdeh1 ona bildirdi ki, pulu xərcləmişik, mebeli satıb pulun verəcəyik. O, məcbur olub həmin vaxt lanbartdan pul götürərək əməliyyat olunmuşdur. Cavabdeh1 pulu verməkdən imtina etmişdir. Bundan sonra məcbur olub Polis İdarəsinə müraciət etmişdir. Gəncə şəhəri BPİ-nin 1-ci X1 Bölməsinin təhqiqatçısı, polis kapitanı Tural Yusifli ona Cavabdeh1 borclu olduğu 3000 manat pulun qaytarmaması ilə bağlı mülki qaydada məhkəmə orqanlarına müraciət etmək hüququmun olması izah etmişdir. Bu səbəbdən də, o məcbur iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək 14 gün ərzində alğısatqıdan imtina etdiyi üçün iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qismən qəbul edərək bildirdi ki, digər cavabdeh onun atasıdır, iddiaçının əvəzini tələb etdiyi əşyaların satıldığı mağaza atasına və ona məxsusdur. İddiaçı həmin mağazadan 3000 manat dəyərində ev əşyası satın almış və dəyərini ödəmişdir, həmin əşyaları növbəti gün təhvil götürəcəkdi. Lakin iddiaçı satışdan təxminən bir ay sonra satın aldığı əşyalardan imtina edərək dəyərinin geri qaytarılmasını xahiş etdi. İddiaçıya satılmış əşyalar mağazadadır və cavabdeh tərəf olaraq onları iddiaçıya təhvil verməyə hazır və razıdırlar. Cavabdeh1 yazılı ərizə təqdim edərək hər ay 100 manat olmaqla cəmi 1000 manat ödəməyə hazır olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavadeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə digər cavadehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən tərəfləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1 verdiyi xx.xx.2000-ci il tarixli, izahatından görünür ki, o Gəncə şəhəri Mahrasa bağında “Evim Şəhanə” mebel mağazası ona məxsusdur. İddiaçı 2021-ci ilin dekabr ayında müştəri qismində tanımışdır. O, mağazadan şəkil kartin, güzgü, 1 ədəd saat almaq istədiyini bildirmişdir. Bundan sonra o, nəğd ödəniş edərək həmin mebel əşyalarını ödəniş etdiyi günün səhəri götürəcəyini bildirmişdir. Həmin vaxtdan 25-30 gün keçsə də, o gəlib götürmədiyi üçün mağazada qalmışdır. Onlar satılmış əşyaların yerinə başqa əşya sifariş etmişlər, təxminən bir ay sonra aldığı əşyanı istəmədiyini və pulu geri tələb etdiyi aralarında narazılıq yaranmışdır. Həmin əşyaları yenidən sifariş etdiyi üçün İddiaçı pulu geri qaytara bilmədiyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. Alğı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır (570). Alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alğı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı adətən irəli sürülən tələblərə görə müvafiq əşyanın verilməsini və alınmasını təmin etmək üçün öz tərəfindən zəruri olan hərəkətləri etməyə borcludur. Alıcı alğı-satqı müqaviləsini pozaraq əşyanı qəbul etmədikdə və ya onun qəbulundan imtina etdikdə satıcı alıcıdan əşyanı qəbul etməyi tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Hazırkı işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı cavabdehlərə məxsus mağazadan 3000 manat dəyərində əşya satın almış və dəyərini ödəmişdir. İddiaçı daha sonra həmin alğı-satqı müqaviləsindən imtina etdiyindən əşyaların ödənilmiş dəyərinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 1000 manat pulun tutulması hissəsində iddianı qəbul etmişdir, həmin cavabdehin iddianı qismən etirafı qanuna zidd deyildir və üçüncü şəxslərin hüquqlarını pozmur, buna görə iddia qismən təmin edilərək Cavabdeh1 1000 manat pulun tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, məhkəmə 2000 manat pulun tutulması hissəsində iddiaya münasibətdə qeyd edir ki, alğı-satqı müqaviləsinin predmeti olan əşyalar tərəflərin razılaşdığı müddətdə lazımi yerdə verilməyə hazır olduğundan onlar alıcı olan iddiaçının ixtiyarına verilmiş, beləliklə, satıcı olan cavabdehlər tərəfindən əşyanı alıcıya vermək vəzifəsi icra edilmiş sayılır. Öz növbəsində alıcı olan iddiaçı ona verilən əşyanı qəbul etmək öhdəliyi daşıyırdı. Lakin alıcının əşyanı dəyişdirməyi tələb etməyə və ya alğı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir. Hazırkı iş üzrə iddiaçı alğı-satqıdan imtinasını qanunvericiliklə nəzərdə tutulmuş hallarla əsaslandırmamışdır. Belə olan halda, 2000 manat dəyərində əşyaların alğı-satqısından imtina edilməsi hissəsində tələb əsassız olduğundan təmin edilə bilməz. Bununla yanaşı, iddiaçının diqqətinə çatdırılır ki, iddiaçının ixtiyarına verilmiş, alğı-satqı müqaviləsinin predmeti olmuş 2000 manat dəyərində əşyanı cavabdehlərdən təhvil almaqda haqlıdır. Bundan başqa, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 3-cü bəndinə əsasən, istehlakçının malı dəyişmək tələbi mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. Normanın məzmunundan göründüyü kimi, 14 günlük müddət malın dəyişdirilməsi üçün nəzərdə tutulmaqla yanaşı, iddiaçı da imtinası barədə 14 gün ərzində cavabdeh tərəfə məlumat verməsini təsdiqləyə bilməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 1000 manat pul tutularaq iddiaçıya Məhərrəm qızına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 1000 (min) manat pul tutularaq iddiaçı Məmmədova (Cəfərova) Şəlalə Məhərrəm qızına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar