Məhkəmə qərarları › İş №2(125)-1397/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1397/2022

24.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1397/2022 24.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ödənilməmiş əsas borcun əvəzi qismində 900 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ödənilməmiş əsas borcun əvəzi qismində 900 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, Cavabdeh anası 2019-cu ilin dekabr ayında vəfat etmişdir. Bununla əlaqədar 2020-ci ilin yanvar ayında Cavabdeh onun yaşadığı ünvana gəlmiş və anasının qəbir daşının düzəldilməsi üçün ondan qısa müddət ərzində qaytarmaq şərti ilə 900 manat məbləğində borc pul istəmişdir. O, Cavabdeh ağır maddi vəziyyətini nəzərə alaraq, həmin şəxsə 900 manat məbləğində borc pul vermiş, Cavabdeh isə borcun hissə-hissə qaytarılması məqsədi ilə özünə məxsus bank ödəniş kartını ona verərək, hər ay bank hesabına köçən pul vəsaiti hesabına hissəhissə borcunu qaytaracağını demişdir. Lakin bir müddət sonra o, Cavabdeh ona verdiyi həmin ödəniş kartının balansını yoxlayarkən, kartın işlək olmadığını müəyyən etmiş və bu barədə Cavabdeh bildirmişdir. Bundan sonra Cavabdeh müxtəlif bəhanələrlə ya kartın işlək vəziyyətə gətiriləcəyini, ya da ona olan borcunu bir dəfə tam ödəyəcəyini vəd etmişdir. Buna baxmayaraq, Cavabdeh ona olan borcunu qaytarmamış və qeyd olunan səbəbdən də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı iddianın təmin edilməsi, ödənilməmiş əsas borcun əvəzi qismində 900 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 09 fevral 2022-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış materiallar cinayət xarakterli olmadığına görə material işə tikilmiş, İddiaçı tələbi mülki xarakterli olduğuna görə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ödənilməmiş əsas borcun əvəzi qismində 900 manat məbləğində pul vəsaitinin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni Cavabdeh İddiaçı 900 manat məbləğində borc almasını, həmin borcun qaytarılmamasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, iddiaçı öz iddia tələbinin əsaslılığını sübuta yetirmək üçün ilk öncə tərəflər arasında öhdəliklərin yaranma əsaslarını və cavabdehin öz öhdəliklərini icra etməməsinə dair sübutları məhkəməyə təqdim etməlidir. Lakin 04 oktyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuş teleqramında Cavabdeh iddia tələbini 400 manat məbləğində hissədə qəbul etdiyini bildirib, iddianın həmin hissədə təmin, qalan hissədə rədd olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməməsini və cavabdehin isə iddia tələbinin 400 manat məbləğində hissəsini qəbul etməsini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ödənilməmiş əsas borcun əvəzi qismində 400 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə iddianın təmin edilmiş hissəsinə münasib olaraq, ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 14 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh ödənilməmiş əsas borcun əvəzi qismində 400 (dörd yüz) manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 14 (on dörd) manat, cəmi 414 (dörd yüz on dörd) manat məbləğində pul vəsaiti iddiaçı Cavabdeh xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar