Məhkəmə qərarları › İş №2(125)-14/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-14/2024

20.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-14/2024 20.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X1 İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı «vurulmuş maddi zərərin əvəzinin ödənilməsi» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı vurulmuş maddi zərərin əvəzi qismində 2.000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, bildirdi ki, Cavabdeh2 onun keçmiş gəlini, Cavabdeh1 isə keçmiş qudasıdır. O, Kəlbəcər rayon sakinidir və məcburi köçkün olduğu üçün xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında yaşamaq üçün ona ünvan 1 ünvanında yerləşən mənzil verilmişdir. Onun oğlu X6 ilə Cavabdeh2 xx.xx.2021-ci il tarixdə nikahlarını qeydə aldırmaqla ailə qurmuşlar və sözügedən mənzildə yaşamağa başlamışdırlar. O isə ailəsi ilə başqa ünvanda yaşamışdır. Lakin xx.xx.2022-ci il tarixdə oğlunun ailə münasibətləri və nikahı pozulmuşdur. Bu zaman o, Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildə olan cehiz əşyalarını qorumaq məqsədi ilə mənzilin qapısının kilidini dəyişmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh2 və anası Cavabdeh1ona zəng edərək cehiz əşyalarını mənzildən çıxarmaq istədiklərini bildirmişdirlər. O isə həmin mənzilin açarını onlara vermişdir. Lakin cehiz əşyaları mənzildən çıxarılarkən onlardan heç kəs cavabdehlərin yanında iştirak etməmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə mənzilə baş çəkən zaman mənzilin təmirinin yararsız vəziyyətə salındığını görmüşdür. Belə ki, cavabdehlər tərəfindən mənzilin divar kağızları cırılmış, divar kağızlarının üzərində şəkillər və.s çəkilmişdir. Bununla bağlı o, Azərbaycan Respublikası DİN-nin 102 «Xidməti-zəng» mərkəzinə zəng vurmuşdur. O, mənzili oğlunun toyundan əvvəl təmir etdirmiş 1.553 manat məbləğinə divar kağızları almış və ümumilikdə 2.000 manat məbləğində pul vəsaiti sərf etmişdir. Sonda İddiaçı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İşdə olan AZ-İ seriyalı, 418977 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Şirinova (Əliyeva) Nərgiz Elmar qızı arasında olan nikah xx.xx.2022-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan İddiaçı ilə Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında bağlanmış xx.xx.2019-cu il tarixli 25/43 nömrəli «xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi»nin surətindən görünür ki, Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbə ünvanında yerləşən 25 nömrəli evin 43 nömrəli mənzili İddiaçı və onun ailə üzvlərinin müvəqqəti istifadəsinə verilmişdir. İşdə olan Kəlbəcər RPŞ-nin TQ-nun baş təhqiqatçısı Rübail Ələsgərovun xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, X3 əri X4 ayrılmaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə yaşadığı Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbə ünvanında yerləşən 25 nömrəli evin 43 nömrəli mənzilindən özünə məxsus cehiz əşyalarını çıxaran zaman mənzildə divar kağızlarını zədələməklə İddiaçı maddi ziyan vurması məlum olduğundan, müraciət müəllifinə dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmə orqanlarına müraciət etmək hüququ izah olunmuş, toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin həmin qərarın surətindən görünür ki, material üzrə izahatı alınmış Şirinova (Əliyeva) Nərgiz Elmar qızı izahatında xx.xx.2021-ci il tarixdə Kəlbəcər rayon sakini Azər Şirinovla rəsmi olaraq ailə həyatı qurduğunu, ailə üzvləri ilə ailə qurmamışdan öncə o və valideyinləri Azərin yaşadığı mənzilə getdiyini, həmin mənzilin təmir olunmasına ehtiyac olduğunu gördüklərini, həmin təmirə təxminən 1.300-1.500 manat məbləğində pul verdiklərini, Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbə ünvanında yerləşən 25 nömrəli evin 43 nömrəli mənzildə birgə yaşadıqlarını, Azərlə ailə həyatı qurduqdan sonra onunla mübahisə və münaqişələrinin yarandığını, həmin münaqişə və mübahisələrin Azərin valideyinlərinin ucbatından olduğunu, bu səbəbdən Azərlə aralarında olan nikahın pozulduğunu, yaşadıqları mənzildən cehiz və digər əşyalarını aparan zaman mənzilin divar kağızlarının bir qismini sökərək özləri ilə apardığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8607 nömrəli rəyindən görünür ki, rəyin təhqiqat hissəsində göstərilənlərə əsasən Gəncə şəhəri, Yeni qəsəbə 1500 ünvanında yerləşən 25 nömrəli binanın 43 nömrəli mənzilin tikililərinin konstruktiv elementlərində (divar və.s) qüsurlar əmələ gəldiyini nəzərə alaraq, həmin mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, Gəncə şəhəri, Yeni qəsəbə 1500 ünvanında yerləşən 25 nömrəli binanın 43 nömrəli mənzilin tikililərində yaranmış qüsurların hansı səbəbdən yarandığını müəyyən etmək mümkün olmamışdır.Həmin məsələlər məhkəmə tərəfindən araşdırmalar nəticəsində müəyyən edilə bilər. Gəncə şəhəri, Yeni qəsəbə 1500 ünvanında yerləşən 25 nömrəli binanın 43 nömrəli mənzilində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2.416 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki işin məhkəmə tədqiqi zamanı müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh2 əvvəllər İddiaçı gəlini olmuşdur. Cavabdeh2 və X6 nikahlarını qeydə aldırdıqdan sonra İddiaçı istifadəsinə verilmiş Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbə ünvanında yerləşən 25 nömrəli evin 43 nömrəli mənzilinə köçmüşlər. Cavabdeh2 gəlin kömərkən özünə məxsus cehiz əşyalarını da həmin mənzilə aparmışdır. Daha sonra Cavabdeh2 və X6 arasında olan nikah pozulduğundan Cavabdeh2 xx.xx.2022-ci il tarixdə cehiz əşyalarını həmin mənzildən çıxaran zaman mənzilin divar kağızlarına qəsdən zərər yetirmişdir. Qeyd olunan hal xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda əks olunmuş Cavabdeh2ın izahatında, həmçinin ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Göründüyü kimi İddiaçı Cavabdeh2 tərəfindən onun istifadəsində olan Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbə ünvanında yerləşən 25 nömrəli evin 43 nömrəli mənzilinə 2.000 manat məbləğində maddi ziyan vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etsə də, digər Cavabdeh1 tərəfindən ona maddi zərər vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 vurulmuş zərərin əvəzi qismində 2.000 manat məbləğində pul vəsaiti Cavabdeh2 oğlunun xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə ödənilməmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti dövlət nəfinə və iş üzrə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının dəyəri qismində 50 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə Cavabdeh2 tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh2 vurulmuş maddi zərərin əvəzi qismində 2.000 (iki min) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdeh2 ödənilməmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti dövlət nəfinə tutulsun. Cavabdeh2 iş üzrə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının dəyəri qismində 50 (əlli) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar