Məhkəmə qərarları › İş №2(125)-1408/2024

Gəncə Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(125)-1408/2024

16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1408/2024 16.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı 3.500 manat məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 55 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, göstərdi ki, o, 2023-cü ilin sentyabr ayında Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan şossesində inşa edilmiş "xxxx" MMC-yə məxsus çoxmərtəbəli yaşayış binasından ümumi sahəsi 61,1 kv/m olan mənzil almışdır. Bakı şəhərində usta tanımadığından oğlunun sinif yoldaşı olan usta kimi bildiyi Cavabdeh ilə əlaqə saxlmış və evin təmiri üçün ona 2.200 manat məbləğində və evə istilik sistemi almaq üşün isə 300 manat məbləğində pul vermişdir. Bununla yanaşı sözügedən mənzilin qonşuluğunda yaşıyan oğlunun digər dostu da öz mənzilini Vüsala təmir etdirmək istəmişdir. Vüsal isə onlara uşağı xəstə olduğu üçün təcili pul lazım olduğunu deyib, ona 1.000 manat məbləğində pul vermələrini xahiş etmiş və qonşuluqda yerləşən mənzili təmiri etdikdən sonra aldığı haqla pulu qaytaracağını bildirmişdir. O daha sonra anlamışdır ki, Cavabdeh usta deyildir və onun tapşırdığı heç bir işi görməmişdir. Cavabdeh mənzildə çox cuzi işlər görmüşdür və həmin işləri də keyfiyyətsiz görmüşdür. Cavabdeh mənzilin təmiri üçün aldıqları materialların bəzilərini məhv etmiş, bəzilərini isə mənimsəmişdir. Hətta inşaat materialları satılan mağazalardan 150 manat məbləğində nisyə material alaraq pulun onun tərəfindən ödəniləcəyini bildirmişdir. Cavabdehlə dəfələrlə əlaqə saxlamağa çalışsalar da bu mümkün olmamışdır. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən təkrarən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İşdə olan xx.xx.2023-cü il tarixli, 7/58 nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan şossesində inşa edilmiş çoxmərtəbəli yaşayış binasının ümumi sahəsi 61,1 kv/m olan mənzili İddiaçı satılmışdır. İş materiallarında olan Cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində verdiyi xx.xx.2024-cü il tarixli izahatının surətindən görünür ki, İddiaçı oğlu Vasiflə sinif yoldaşı olmuşdur. 2023-cü ilin oktyabr ayında Vasif ona məxsus olan Bakı şəhərində yerləşən evində təmir işləri olduğunu bildirmiş və onlar iki mənzilin hər birini təmir etmək üçün 3.000 manat cəmi 6.000 manat pul müqabilində razılaşmışlar.Elə oktyabr ayından da təmir işlərinə başlamış və işlədiyi müddət ərzində cəmi 3.500 manat pul almışdır.Həmin pulu kart vasitəsilə onun bank hesabına köçürmüşlər. Həmin mənzildə 2 ay ərzində işləmiş və hər iki mənzilin cərəyan sistemini və istilik sistemini çəkmişdir. Bundan başqa suvaq işləri və 9-cu mərtəbədə yerləşən mənzilin kafelini vurmuşdur.Bundan başqa, bütün əşyaları 1-ci mərtəbədən 8-ci və 9-cu mərtəbəyə daşımışdır.Elə əşyaları daşımağı 1.000 manat edir. Daha sonra digər mənzili təmir etmək üçün başqa usta ilə danışdıqlarından o, həmin mənzillərdə iş görməkdən imtina etmişdir. Lakin ona verilən pulun müqabilində, yəni 1.000 manat müqailində əşyaları daşımış, yerdə qalan 2.500 manat pula isə mənzildə işlər görmüşdür. İşdə olan Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-13-57-2/2-N-12xx/xx/2024 nömrəli məktubun surətindən görünür ki, İddiaçı onun müraciətinin mülki xarakterli olduğu bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci maddəsinə görə əgər həmin Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 762.1-ci maddəsinə görə podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 771-ci maddəsinə görə podratçı sifarişçinin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində verdiyi xx.xx.2024-cü il tarixli izahatında işlərin görülməsi üçün 3.500 manat məbləğində pul vəsaitini aldığını bildirmiş, bununla da İddiaçı ödənişlər etməsini sübut etmə vəzifəsindən azad olmuş, Cavabdeh isə tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə öhdəlikləri icra etməsini sübut etmə vəzifəsi yaranmışdır. Lakin Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iddia tələbinə münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, 3.500 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 55 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 238-253, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh 3.500 (üç min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 55 (əlli beş) manat, cəmi 3.555 (üç min beş yüz əlli beş) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə ondan Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar