Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-142/2025 17.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 25557 manat pulun və ödənilmiş 166,70 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 13 aprel 2024-cü il tarixdə saat 22:40 radələrində o, Gəncə şəhəri N.Nərimanov prospektində hərəkət edərkən qarşıda DYPŞ əməkdaşları reyd apardıqları üçün avtomobillər dayanmışdır. O, gəlib həmin avtomobillərin arxasında avtomobilini dayandırmışdır. Bu vaxt Cavabdeh1 etibarnamə və sürücülük hüququ olmadan, yüksək sürətlə idarə etdiyi “Hyundai İX-35” minik markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomaşınla ona məxsus “Hyundai Elantra” minik markalı **-VG- *** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmuş, bu zaman sürət və təzyiq o qədər yüksək olmuşdur ki, onun avtomobili qarşıda duran X2 idarə etdiyi “Toyota Prius” minik markalı **-HY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə və X5 idarə etdiyi “Chevrolet Cruze” minik markalı **-EM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə çırpılmışdır. Nəticədə onun avtomobili arxası, yan tərəfləri və qabaq hissəsi olmaqla, tamamilə yararsız hala düşmüşdür. Toqquşma zamanı o, xəsarət alsa da tibbi ekspertizadan keçməmiş, 2 həftə evdə xəstə yatmışdır. Hadisə ilə əlaqədar araşdırılma aparılmış, yol-nəqliyyat hadisələri ekspertizasının 13 iyun 2024-cü il tarixli, 8/1237 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, təhqiqat tərəfindən təqdim edilmiş məlumatlara əsasən “Hyundai İX-35” minik markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Cavabdeh1 avtomobili hərəkət sürəti “maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 70 km/saat sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur (1a, 2a). 24 may 2024-cü il tarixli qüsur aktına əsasən, ona məxsus “Hyundai Elantra” minik markalı **-VG- *** dövlət qeydiyyat nişanlı avtomobilə 18675 manat ziyan dəydiyi aşkar edilmişdir. İddia tələbinə görə Cavabdeh1 saxta “dəlilik” kağızı ilə istədiyi hərəkəti edir, indiyədək müxtəlif qanunazidd hərəkətlər etmiş və məsuliyyətdən yaxa qurtarmışdır. Hazırda da “dəlilik” kağızının olmasını bildirərək ona dəymiş ziyanı ödəməkdən yayınır. Hadisə zamanı o, xəsarət almışdır və 2 həftədən artıq evdə yataq rejimində müalicə olunmuşdur. Onun müalicəsi üçün 1500 manat pul xərclənmişdir. Həmçinin, o taksi fəaliyyəti ilə məşğuldur, “Bolt” və “Maxim” taksi xidmətində çalışır. Hazırda avtomaşınının olmaması səbəbindən aylardır ki, işsizdir. O, hər gün 30 manat pul qazanırdı. Hazırda 3 aydır ki, qazancını itirmişdir. İndidən sonra da bir müddət bu qazancdan məhrum olacaq. Məhkəmə gedişi ərəfəsində “Hyundai Elantra” minik markalı **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izah verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi və əlavə etdi ki, “Hyundai Elantra” minik markalı **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. Hadisə günü Gəncə şəhəri, N.Nərimanov prospektində hərəkət edərkən qarşıda DYPŞ əməkdaşları reyd apardıqları üçün avtomobillər dayanmışdır. O gəlib həmin avtomobillərin arxasında avtomobilini dayandırmışdır. Bu vaxt Cavabdeh1 etibarnamə və sürücülük hüququ olmadan yüksək sürətlə idarə etdiyi “Hyundai İX-35” minik markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomaşınla ona məxsus avtomobili arxadan vurmuşdur. Belə ki, onun idarə etdiyi avtomobil qarşıda dayanmış “Toyota Prius” minik markalı 10-HY929 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş, o da, öz növbəsində digər avtomobillərə dəymişdir. Toqquşma nəticəsində o, sağ çanaq və sağ qol nahiyyələrindən xəsarət almışdır. Taksi fəaliyyəti ilə məşğul olduğundan, avtomobilinə dəymiş ziyanla bağlı təxminən bir ildir ki, işsizdir. Sığorta şirkəti tərəfindən ona 3500 manat məbləğində pul vəsaiti verilsə də, həmin məbləğ avtomobilin əvvəlki vəziyyətə qaytarılması üçün kifayət etmir. Sığorta şirkəti tərəfindən ona bildirilmişdir ki, avtomobilə dəymiş ziyanın qalan hissəsi ziyanı vurmuş şəxs tərəfindən ödənilməlidir. İddiaçı həmçinin qeyd etdi ki, ekspert rəyi ilə tanış olmuşdur və rəylə razıdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 bildirmişdi ki, “Hyundai İX-35” minik markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur, hadisə günü avtomobili oğlu, digər Cavabdeh1 idarə etmişdir. Həmin vaxt onun arxasında Göygöl rayonu DYPŞ-nin əməkdaşları gəldikləri üçün oğlu, idarə etdiyi avtomobilin sürətini artırıb onlardan yayınmaq istəmişdir. Rövşən anlaqsızdır, hadisə vaxtı anlaqsız vəziyyətdə olmuşdur. Cavabdehlərin, eləcə də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Cavabdeh2 məhkəməyə ərizə ünvanlamışdır. Həmin ərizədə Cavabdeh2 göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə Milli Onkologiya Mərkəzində əsas diaqnoz - C32.8-Qırtlağın yuxarıda göstərilən bir və ya bir neçə lokalizasiyasmdan kənara çıxmaqla zədələnməsi pT3NOMO G3. Diaqnoz qeydi: Qırtlağın xərçəngi. pT3NOMO 3-cü mərhələ diaqnozu ilə cərrahi əməliyyat olunmuşdur. Bu səbəbdən də hazırda nitq qabiliyyətini tamamilə itirmişdir və fikirlərini ifadə etməyi bacarmır. Hazırda xx.xx.2025-ci il tarixdən isə Gəncə şəhər Onkoloji xəstəxanasında stasionar şəraitdə “qırtlağın xərçəngi” diaqnozu ilən şüa müalicəsi qəbul edir. Bu səbəbdən də xx.xx.2025-ci il tarixdə, saat 14:30-da təyin olunmuş məhkəmə iclasında iştirak etmək iqtidarında deyil. Xəstəliyin müalicə müddətinin nə vaxtadək davam edəcəyi, onun fəaliyyət qabiliyyətinin bərpa olunacağı vaxtının müəyyən olunmadığı nəzərə alınaraq məhkəmənin onun fəaliyyət qabiliyyətinin bərpa olunanadək təxirə salınması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Həmin ərizəyə Gəncə şəhər Onkoloji xəstəxanası tərəfindən verilmiş 58 nömrəli, xx.xx.2025-ci il tarixli arayış və Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş xəstəlik tarixindən çıxarış (epikriz) əlavə edilmişdir. Digər Cavabdeh1 isə gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehlərin telefon nömrəsinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə SMS bildirişlər göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin və üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, Gəncə şəhəri BPİ-nin, İTİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı X8 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən sürücü Cavabdeh1 və X6 əməlində cinayət tərkibi olmadığından barələrində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsində tutulan inzibati xətanı törətdiyindən onun barəsində həmin maddənin tələblərinə uyğun olaraq inzibati qaydada tədbir görülməsi üçün, qəbul edilmiş qərarın surətinin Gəncə şəhəri BPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. Qərarla müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 22:40 radələrində sürücü Cavabdeh1 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini, həmin Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini və həmin Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 Maksimum sürətin məhdudlaşdırılmasıə yol nişanının) tələblərini pozub etibarnamə və sürücülük hüququ olmadan idarə etdiyi “Hyundai İX-35” minik markalı **-CO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, M.Ş.Vazeh küçəsi ilə hərəkətdə olarkən sürücü İddiaçı idarə etdiyi “Hyundai Elantra” minik markalı **-VG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə, sürücü X4 idarə etdiyi “Toyota Prius” minik markalı **-HY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə və sürücü X5 idarə etdiyi “Chevrolet Cruze” minik markalı **-EM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Qərarda həmçinin qeyd edilmişdir ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh1 göstərmişdir ki, “Hyundai İX-35” minik markalı, **-CO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil atası Cavabdeh2 məxsusdur. Onun sürücülük hüququ yoxdur, həmçinin həmin avtomobili idarə etməyə etibarnaməsi yoxdur. xx.xx.2024-cü il tarixdə, saat təxminən 23 radələrində, o tək, atasına məxsus “Hyundai İX-35” minik markalı, **-CO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Göygöl rayonu, Topalhəsənli kəndindən Gəncə şəhərinə gəlmişdir. Həmin vaxt onun arxasında Göygöl rayonu DYPŞ-nin əməkdaşları gəldikləri üçün o, idarə etdiyi avtomobilin sürətini artırıb onlardan yayınmaq istəmişdir. Gəncə şəhəri, N.Nərimanov prospekti ilə saatda təxminən 70 km/saat sürəti ilə hərəkətdə olan zaman avtomobil yolu bir az döngəli olduğundan qarşıda reyd olduğunu və buna görə avtomobillərin dayandığını görməmiş və avtomobillərlə toqquşmuşdur. Toqquşma nəticəsində o, heç bir xəsarət almamışdır. İş materiallarında olan, Gəncə şəhəri “Hyundai Gəncə” Avtomobillərin Texniki Xidmət Stansiyası tərəfindən verilmiş 24 may 2024-cü il tarixli qüsur aktından görünür ki, “Hyundai Elantra” minik markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 18675 manat məbləğində ziyan dəymişdir. İş materiallarına “Hyundai Elantra” minik markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanı əks etdirən bəzi fotoşəkillər, eləcə də yol nəqliyyat hadisəsi yerinin sxemi əlavə edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş, Azərbaycan Respublikası "xxxx" istehsalat birliyi "xxxx" Gəncə Müəssisəsi tərəfindən verilmiş 25 may 2024-cü il tarixli tövsiyyə-xarakterli müayinə aktından (akt-rəy) görünür ki, “Hyundai Elantra” minik markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, həmin avtomobilə dəymiş ziyan sərbəst bazar qiymətləri ilə hesablanaraq ehtiyat hissələrinin qiyməti 12910 manat və xidmətin qiyməti 5570 manat olmaqla, cəmi 18480 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər BPİ-nin ƏYPXB-nün (YNH)-si üzrə baş inspektoru, polis baş leytenantı X10 tərəfindən iddiaçıya təqdim edilmiş nəqliyyat vasitəsinin zədələnməsi barədə 88 nömrəli arayışdan görünür ki, 13 aprel 2024-cü il tarixdə, saat 23:00 dəqiqədə Gəncə şəhəri, Əziz Əliyev prospektində yol-nəqliyyat hadisəsində “Hyundai Elantra” minik markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı, ban nömrəsi 5NPDH4AE0FH558180 olan avtomobil arxa və ön hissədən xarici əzintilər almışdır. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Elantra” minik markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X7r. İş materiallarına əlavə edilmiş Ağsu rayon notariat ofisi tərəfindən reyestrdə 7E-622 nömrəsi ilə qeydə alınmış xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamədən görünür ki, “Hyundai Elantra” minik markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçi X9 tərəfindən İddiaçı 1 il müddətinə (xx.xx.2025-ci il, saat 23:59-dək) etibar edilmiş, həmin etibarnamə xx.xx.2025-ci il tarixdə qüvvədən düşmüşdür. İş materiallarına əlavə edilmiş, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və sürücülük vəsiqəsinin surətindən görünür ki, “Hyundai İX-35” minik markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh2dur. İş üzrə məhkəmə tərəfindən təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/7673-8/2634 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyində 1-ci sual üzrə göstərilmişdir ki, yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəsislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Həmçinin nəqliyyat vasitələrin zədələnmiş hissələrin təmirlə bərpa oluna bilməsinin və yaxud dəyişdirilməsinin zəruriliyini müəyyən etmək üçün metodika olmadığından qeyd olunan suallar üzrə yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır. Həmin rəydə 2-ci sual üzrə göstərilmişdir ki, tədqiq edilən 2014-cü il buraxılışlı “Hyundai Elantra" markalı, **- VG-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunması rentabelli hesab olunmur və həmin avtomobilin salamat qalan yararlı vəziyyətdə hissələri avtomobilin dəyərinin təxminən 20%-ni təşkil edir. Beləliklə, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 20500,00 manat olmuş 2014-cü il buraxılışlı “Hyundai Elantra” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği, salamat qalmış hissələr (qalıq qiyməti) nəzərə alınmaqla təxminən 16400,00 (20500,00 - 20%) manat müəyyən edilir. Sözügedən avtomobil avtoservis şəraitində söküldükdən, hissələri diaqnostik olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra, müəyyən edilmiş salamat hissələrin dəyərində dəyişiklik olması istisna edilmir. Rəydə həmçinin qeyd edilmişdir ki, avtobazarlarda mövcud olmuş qiymətlərdən, tələb və təklifdən eləcə də avtomobilin əmtəə keyfiyyət göstəricilərindən asılı olaraq, yuxarıda müəyyən edilmiş bazar qiymətində qismən dəyişiklik olması istisna edilmir. Beləliklə, mülki işin materiallarında öz əksini tapan sənədlərdən və tərəflərin izahatlarından müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, xx.xx.2024-cü il tarixdə saat 22:40 radələrində Cavabdeh1 tərəfindən etibarnamə və sürücülük hüququ olmadan idarə edilən, digər Cavabdeh2 mülkiyyətində olan “Hyundai İX-35” minik markalı **-CO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, M.Ş.Vazeh küçəsi ilə hərəkətdə olarkən sürücü İddiaçı nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə əsasında idarə etdiyi, X3 mülkiyyətində olan “Hyundai Elantra” minik markalı **-VG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə, sürücü X4 idarə etdiyi “Toyota Prius” minik markalı **-HY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə və sürücü X5 idarə etdiyi “Chevrolet Cruze” minik markalı **-EM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmaqla yol-nəqliyyat hadisəsi baş vermişdir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göstərilən müddəa hər kəsə özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə etmək imkanını verir. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etdiyi halda, ikinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İşin mübahisəsiz halından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulan avtomobilin mülkiyyətçisi X7r. İddiaçı avtomobilin mülkiyyətçisi tərəfindən verilmiş və notarial qaydada qeydə alınmış “nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair” etibarnamə əsasında həmin avtomobili idarə edərkən sözügedən yol-nəqliyyat hadisəsi baş vermişdir. Avtomobil iddiaçının qanuni sahibliyindədir. İddianın məzmununa görə, iddiaçının hazırkı iddia tələbi qanuni sahibliyində olan avtomobilə vurulmuş zərərin əvəzinin ödənilməsi barədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Habelə, həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları hesab edilir. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlatmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncu qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncu qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Qeyd edilən maddi hüquq normalarının mənasına və işin hallarına əsasən məhkəmə hesab edir ki, Məhkəmə hesab edir ki, sözügedən avtomobilə dair mülkiyyət hüququ olmasa da iddiaçı həmin avtomobilin faktiki qanuni sahibi olmaqla, onu mülkiyyətçisinə tam yararlı halda təhvil vermək öhdəliyi daşıyan şəxs kimi və maraqlarına toxunduğu üçün mübahisəli avtomobilə vurulmuş ziyanın ödənilməsi barədə iddia irəli sürmək üçün subyektiv hüquqa malikdir. Mübahisənin ikinci aspekti ilə bağlı, yəni avtomobilə vurulmuş zərərin əvəzinin ödənilməsi məsələsinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1096, 1097 və 1108.1-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən müddəların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. İşin şərh edilən hallarından da göründüyü kimi, iddiaçının qanuni sahibliyində olan avtomobilə zərər dəyməsi ilə nəticələnən yol nəqliyyat hadisəsinə Cavabdeh1 yuxarıda qeyd edilən avtomobili etibarnamə və sürücülük hüququ olmadan idarə edərkən yol hərəkəti qaydalarını pozması səbəb olmuşdur. Bu hal iş materiallarına əlavə edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarla təsdiq olunur. Həmçinin, yol-nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olmasını cavabdeh tərəf də inkar etmir. Bu isə, baş vermiş deliktə görə cavabdeh tərəfin təqsirli olması barədə nəticəyə gəlməyə əsas verir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd edilən müddəanın mənası baxımından məhkəmənin qənaətinə görə nəqliyyat vasitəsi qanunla yüksək təhlükə mənbəyi hesab olunduğundan, zərərvuran avtomobil isə zərərvuran cavabdehin qanuni sahibliyində olmadığından, həmin avtomobil Cavabdeh2 mülkiyyətində olduğundan, yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə, mülkiyyətçi olan Cavabdeh2 birbaşa məsuliyyət daşıyır. Lakin məhkəmə hesab edir ki, iddia tələbi iddiaçıya məxsus avtomobilə dəymiş zərərə görə tələb edilən məbləğdə deyil, 12900 manat məbləğində təmin edilməlidir. Belə ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/7673-8/2634 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 20500,00 manat olmuş 2014-cü il buraxılışlı “Hyundai Elantra” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği, salamat qalmış hissələr (qalıq qiyməti) nəzərə alınmaqla təxminən 16400,00 (20500,00 - 20%) manat müəyyən edilmişdir. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, iddiaçı ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir. Bundan başqa, cavabdeh vurulan zərərin daha az olması ilə bağlı hər hansı sübuta istinad etməmişdir. Sübutlar işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Məhkəmədə mülki işin başlaması üçün fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etməsi kifayətdir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 5.1-ci maddəsi). Lakin mülki işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi sübutlarsız mümkün deyil. İddianı irəli sürən, yaxud iddiaya qarşı etiraz edən edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur (MPM-in 77.1-ci maddəsi). İşin mübahisəsiz hallarına görə vurulan ziyana görə iddiaçıya müvafiq icbari sığorta qaydasında 3500 manat pul ödənilmişdir. Məhkəmə hesab edir ki, belə olan halda dəymiş zərərin məbləğini təşkil edən 16400 manatdan iddiaçıya sığorta qaydasında ödənilmiş 3500 manat çıxıldıqdan sonra qalan 12900 manat məbləğində (16400 manat - 3500 manat = 12900 manat) maddi zərər Cavabdeh2 tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Hazırkı iş üzrə məhkəmə xərcləri – iddiaçı tərəfindən ödənilmiş 166,70 manat dövlət rüsumundan və ekspertiza tədqiqatının dəyəri olan 100 manat ekspertiza xərcindən ibarətdir. Məhkəmə hesab edir ki, MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 166,70 manat dövlət rüsumunun 128,7 manat hissəsi Cavabdeh2 alınaraq iddiaçıya ödənilməli, qalan hissə iddiaçıya aid edilməli, eyni zamanda ekspertiza xərci olan 100 manat məbləğində pul Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 dəymiş maddi zərərə görə 12900 manat və ödənilmiş dövlət rüsumunun əvəzində 128,7 manat olmaqla, cəmi 13028,7 (on üç min iyirmi səkkiz manat yetmiş qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh2 tutulsun və (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-142/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-142/2025
17.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver