Məhkəmə qərarları › İş №2(125)-143/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-143/2025

04.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-143/2025 04.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 İsa oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı nümayəndələri (bacısı) Nümayəndə1 və Vəkil, Cavabdeh nümayəndəsi (atası) Nümayəndə2 və vəkil Nümayəndə3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzili su basması nəticəsində əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia üzrə mülki işə açıq məhkəmədə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında mülkiyyətində olan mənzilə vurulmuş zərərə görə 8000 manat məbləğində maddi zərərin və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq, İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 127, bina 10B, 2 saylı mənzil İddiaçı mülkiyyətindədir. Artıq uzun müddətdir ki, üst mərtəbədə yerləşən mənzildən qeyd edilən mənzilə su axıdılır. Bu barədə Cavabdeh iradlarını bildirsələr də, o öz hüquqazidd hərəkətlərini davam etdirməklə və lazımi tədbir görməməklə onlara maddi zərər vurur. Su sızma nəticəsində mənzilin təmiri pozulmuş, elektrik sistemi sıradan çıxmışdır. Həmçinin şəxsi əşyalarına zərər dəymişdir. Hazırda mənzildə yaşamaq qeyri-mümkündür. Şəxsi əşyalarının bir qismini mənzildən çıxarmaq məcburiyyətində qalmışlar. Buna dair şəkil və video görüntülər iş materiallarına əlavə edilmişdir. Mənzilə dəymiş zərərin müəyyən edilməsi üçün Gəncə Şəhər icra Hakimiyyəti Mənzil Kommunal X1 əməkdaşları tərəfindən mənzilə baxış keçirilmiş və xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir. Mənzildə təmir-bərpa işlərinin aparılması üçün usta dəvət edilmiş və ümumi zərər orta bazar qiyməti ilə 8000 manat məbləğində müəyyən edilmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə2 iddiaya etiraz ərizəsi verərək, ərizədə bildirmişdir ki, 2023-cü ilin sentyabr ayında oğlu Cavabdeh qanunu hüquqi etibarnaməsi ilə ona Gəncə şəhəri, Atatürk prospekti bina 10, mənzil 4-də 3 otaqdan ibarət olan yaşayış evini notarial qaydada alqı satqı yolu ilə o almışdır. Həmin mənzildə nə o, nə də ki ailə üzvlərindən heç kim, eləcə də oğlu Cavabdeh bir gündə olsun adı çəkilən mənzildə yaşamamışdır. X14 Federasiyasının Sankt Peterburq şəhərində yaşayır və orada işləyir. Buna baxmayaraq, İddiaçı Gəncə şəhər məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir ki, həmin yaşayış binasının ümumi su xəttindən onun mənzilinə su düşmüş və onun mənzilinin otaqlarında nəmişlik yaratmışdır. İddiaçı bu səbəbdən onun oğlu Cavabdeh günahlandırıb, ondan ziyanın əvəzi kimi 8 min manat, 100 manat da dövlət rüsumunun ödənilməsini tələb edir. İddiaçının hazırki iddiasını qəbul etmirlər. Belə ki, qeyd etdiyi kimi həmin evi alqı-satqı yolu ilə oğlu Cavabdeh adına alandan sonra orada yaşayış olmamışdır ki, onlar tərəfdən həmin mənzildə su kranına müdaxilə olunsun və səhlənkarlıq nəticəsində su digər qonşunun mənzilinə ziyan vursun. Onların mənzilindən kiminsə mənzilinə ziyan vurulmamışdır. Ona görə də iddiaçının iddiasını qəbul etmir və iddia əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndələri Nümayəndə1 və Vəkil iştirak etmiş, təmsil edilən iddiaçının irəli sürdüyü iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun olan izahat vermiş və sonda iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmədə Cavabdeh nümayəndəsi Nümayəndə2 və vəkil Nümayəndə3 iştirak etmiş, məhkəməyə ünvanlanmış etirazın dəlillərinə uyğun izahat vermiş və sonda iddianın əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmədə şahid X8 ifadə verərək, ifadəsində bildirmişdir ki, o, iş üzrə tərəflərin qonşusudur. Gecə vaxtı qonşuda səs-küy olduğunu eşidib, evdən çıxıb həmin qonşunun evinə gedəndə görmüşdür ki, iddiaçının evini su basıb. Cavabdehin evində isə həmin vaxtlarda təmir işləri aparıldığı onlara məlum idi. Cavabdehin evinə baxanda isə gördülər ki, ustalar ümumi su xətti verilən boruları kəsib ağzını da açıq qoyub gediblər. Gecə vaxtı təxminən saat 03:00-04:00 radələrində su veriləndə həmin evdən həm iddiaçının evini, həm də aşağı mərtəbədəki bir neçə evi və mağazanı su basmış və o həmin hadisənin şahidi olmuşdur. Həmin vaxt evin suyunu bağlamağa kömək üçün su açmağa məsul olan şəxsi çağırmışlar. O isə ümumi xəttə gələn suyu bağlamışdır. Məhkəmədə digər şahidlər X2, X7, Tağı-zadə Rəna Musa qızı və X4 da şahid X5 ifadəsində göstərdiyi xüsusatlara uyğun gələn ifadə verərək, iddiaçının mənzilinə cavabdehə məxsus olan, yuxarı mərtəbədə yerləşən mənzildən su axdığını və nəticədə iddiaçının mənzilinə ziyan dəydiyini təsdiq etmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatları və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Məhkəmə qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 101-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İş materiallarına əlavə edilmiş, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 03.03..2017-c il tarixli Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Atatürk prospekti 127, bina 10B, 2 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İş materiallarına əlavə edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Atatürk prospekti 127, ev 10A, 4 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. Mülki işin materiallarında olan, Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X3 işçilərinin tərtib etdiyi 17 aprel 2024-cü il tarixli aktda və həmin İB-nin İddiaçı ünvanlanmış 25 aprel 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı məxsus olan Gəncə şəhəri, Atatürk prospekti 127 ünvanında yerləşən 10B saylı binanın 2 saylı mənzilə baxış keçirilmiş və baxış zamanı həmin binanın 3-cü mərtəbəsində yerləşən Cavabdeh məxsus olan 4 nömrəli mənzildən su axıdıldığı aşkar edilmişdir. Su axıdılması nəticəsində mənzilin tavan və divarlarında, elektrik sistemi və qapılarda fəsadlar yarandığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/7891 saylı 13 fevral 2025-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 2 saylı mənzilin tikililərinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, Gəncə şəhəri, Atatürk prospekti 127 ünvanında yerləşən 10B saylı binanın 2 saylı mənzilə su axıdıldığı və nəticədə həmin mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Gəncə şəhəri, Atatürk prospekti 127 ünvanında yerləşən 10B saylı binanın 4 saylı mənzilin qapısı bağlı olduğundan, 2 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Gəncə şəhəri, Atatürk prospekti 127 ünvanında yerləşən 10B saylı binanın 2 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribə 3730 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2974 saylı 15 avqust 2025-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, Gəncə şəhəri, Atatürk prospekti 127 ünvanında yerləşən 10B saylı binanın 2 saylı mənzilin tikililərinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, Gəncə şəhəri, Atatürk prospekti 127 ünvanında yerləşən 10B saylı binanın 2 saylı mənzilə su axıdıldığı və nəticədə həmin mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Gəncə şəhəri, Atatürk prospekti 127 ünvanında yerləşən 10B saylı binanın 2 və 4 saylı mənzillərinə baxış keçirilən zamanı mənzillərin tavanı və divarları (konstruktiv elemetləri) üzərində su sızma ləkələrinin olduğunu nəzərə alaraq, Gəncə şəhəri, Atatürk prospekti 127 ünvanında yerləşən 10B saylı binanın 2 saylı mənzilə su sızmasının texniki səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Beləliklə, məhkəmədə tədqiq edilmiş sübutlara işin halları kimi müəyyən edilmişdir ki, Gəncə şəhəri, Atatürk prospekti 127, bina 10B, 2 saylı mənzil mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İş üzrə Cavabdeh həmin binada 2 saylı mənzilin üst mərtəbədə yrləşən 4 saylı mənzilinin mülkiyyətçisidir. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi sübutlar (o cümlədən şahid ifadələri) və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/7891 saylı 13 fevral 2025-ci il tarixli və 10/2974 saylı 15 avqust 2025-ci il tarixli ekspert rəyləri əlaqəli şəkildə məcmu halında qiymətləndirildikdə, İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Atatürk prospekti 127, bina 10B, 2 saylı mənzilinə üst mərtəbədən-Cavabdeh mülkiyyətində olan mənzildən suyun axmasının nəticəsində ziyan dəyməsi işin faktiki halları kimi təsdiq olunur. Həmin zərərin məbləğinin isə 3730 manat olduğu işdə mötəbər sübut olan ekspert rəyi ilə təsdiq olunur. İddiaçı onun mənzilinə 8000 manat məbləğində maddi ziyan dəydiyini iddia etsə də, bu hal mötəbər sübutlarla təsdiq olunmur. Ona görə də məhkəmə bu qənaətdədir ki, cavabdehin mənzilindən iddiaçının mənzilinə su axması nəticəsində iddiaçının əmlakına vurulmuş maddi ziyan 3730 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlər vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı olduğundan həmin münasibətlərə mülki qanunvericiliyinin maddi ziyanla bağlı münasibətləri tənzimləyən normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Yuxarıda qeyd edilən maddi hüquq normalarının hazırki işin faktiki hallarına tətbiqindən belə nəticə müəyyən edilir ki, iddia tələbi qismən əsaslı olduğundan, qismən təmin edilməli, İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Atatürk prospekti 127, bina 10B, 2 saylı mənzilə vurulan ziyana görə 3730 manat məbləğində pul Cavabdeh alınaraq, İddiaçı verilməsi barədə qərar qəbul edilməlidir. Bundan başqa, iş materiallarından müəyyən olunur ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/7891 saylı 13 fevral 2025-ci il tarixli ekspert rəyinə əlavə edilən ekspertiza tədqiqatlarına dair bildirişdən müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat məbləğini təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2974 saylı 15 avqust 2025-ci il tarixli ekspert rəyinə əlavə edilən ekspertiza tədqiqatlarına dair bildirişdən müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat məbləğini təşkil edir. Azərbaycan Repsublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 46 manat hissəsi Cavabdeh alınıb, İddiaçı verilməlidir. Bundan başqa, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat ödənilmiş tələblərə mütənasib qaydada tərəflərə aid edilməli, həmin 200 manatın 92 manat hissəsi İddiaçı, qalan 108 manat hissəsi isə Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı müılkiyyətində olan Gəncə şəhəri, Atatürk prospekti 127, bina 10B, 2 saylı mənzilə vurulan ziyanın əvəzi kimi 3730 (üç min yeddi yüz otuz) manat məbləğində pul və iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun ödənilmiş tələblərə mütənasib olan hissəsinin əvəzi kimi 46 (qırx altı) manat məbləğində pul Cavabdeh alınaraq, İddiaçı verisin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat məbləğində məhkəmə xərcinin 92 (doxsan iki) manat hissəsi İddiaçı, qalan 108 (bir yüz səkkiz) manat hissəsi isə Cavabdeh alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar