Məhkəmə qərarları › İş №2(125)-1442/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1442/2024

07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1442/2024 07.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 20000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 150 manat pul olmaqla, cəmi 20150 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1954-cü ildə Şəmkir raynunun Bayramlı kəndində fəhlə ailəsində anadan olmuşdur. Ali təhsillidir, təqaüdçüdür, heç bir yerdən köməyi yoxdur. Həyat yoldaşı X2 2011-ci ildə vəfat edib, övladı olmayıb, tək yaşayır. 2022-ci ilin noyabr ayında yaşadığı evi 35000 (otuz beş min) manata Durdanə xanıma satmışdır. Onunla bir binada yəni, ünvan 1 ünvanında qonşuluqda yaşayan Cavabdeh ilə bir qonşu kimi münasibətləri yaxşı olubdur, onun evinə gəlib-getmiş, ona ev işlərində kömək etmiş, ustalarına yemək bişirmiş, zibilini tökmüşdür, özünü ona ən yaxın insan kimi aparmışdır. Cavabdeh onun evini satdığından məlumatlı idi və bilirdi ki, satdığı evin pulu evdədir. Bir gün cavabdeh onun evini təmizləməyə bir xanım gətirdi, həmin qadın hər gün gəlib evi yığışdırırdı. İddiaçı həmin şəxsi tanımırdı. Cavabdehin iki oğlu var - Murat və Nihat. Nihat anasının dediyinə görə xəstə idi. Nihatı müalicə etmək üçün cavabdeh onu tez-tez Bakı şəhərinə aparmışdır. 20 yanvar 2023-cü il tarixdə cavabdeh ona bildirmişdir ki, “Gövhər müəllimə mən Bakı şəhərinə Nihatı müalicəyə aparacam, evi satdığın pulu ver, evimdə saxlayım, sənə lazım olanda verərəm, pulunu götürərlər”. O cavabdehə Allaha inandığı kimi inanmış və bu səbəbdən mətbəxdən qazanın içindən, göy rəngli sellofan paketin içində 24500 manat pulu (245 ədəd yüzlük), evin 3 açarını, iki qızıl sepini, bir ədəd qızıl klon quran, bir ədəd möhür (yoldaşından qalan, Məqam qəzetində təsisçi baş redaktor işləmişdir) pensiya kartını, tam kredit kartını, işığın kartını, qazın kartını cavabdehə vermişdir. Cavabdeh Bakı şəhərinə gedəndə ona demişdir ki, “Gövhər müəllimə səni aparım anamgilə, mən gələnə kimi orada qal”. O, əvvəlcə razı olmasa da, sonra razılaşmışdır. Cavabdeh Bakı şəhərindən ona zəng eləyirdi, ona “gəlirəm, darıxma” deyirdi. 2023-cü ilin fevral ayının əvvəllərində cavabdeh Bakı şəhərindən qayıtdıqdan sonra o, da öz evinə qayıtmışdır. 2023-cü ilin aprel ayında cavabdeh onun pensiyasını almaq üçün xəstə oğlu X4 getmişdir. Həmin vaxt cavabdeh ona demişdir ki, “Gövhər müəllimə sənin kartında 39 manat pul oldu”. Elə həmin vaxt cavabdehə bildirmişdir ki, “qızım Rübabə göy rəngli sellofan paketin içində sənə verdiyim 24500 manat pulu (245 ədəd yüzlük), evin 3 açarını, iki qızıl sepini, bir ədəd qızıl klon quranı, bir ədəd möhürü (yoldaşımdan qalan Məqam qəzetində təhsisçi baş redaktor işləyirdi) pensiya kartını, tam kredit kartını, işığın kartını, qazın kartını gətir ver özümə”. 22 aprel 2023-cü il tarixdə evdə oturanda görmüşdür ki, evin qapısına açar salınaraq qapı açılmış və cavabdeh içəri girmişdir. Cavabdeh ona bildirmişdir ki, “Gövhər müəllimə sənin iki qızıl sepini, qızıl quran klonunu, 3 açarını, pensiya kartını, tam kredit kartını, işığın kartını və möhürü gətirmişəm, 24500 manatdan üç ay sənə köməkçi qüvvə kimi baxdığıma yanvar, fevral, mart ayları üçün hər ay 500 manatdan çıxıram edir 1500 manat”. O da cavabdehə bildirmişdir ki, “1500 manat pul ana südün kimi halalın olsun, orda 23000 manat pul qaldı”. Cavabdeh də bildirdi ki, “Gövhər müəllimə 3000 manat pul gətirmişəm, qalır 20000 manat”. İddiaçı da bildirdi ki, “Rübabə qızım, 20000 manat pulu nə vaxt verəcəksən”. Cavabdeh də cavabında “2023-cü il may ayının 1-də saat 12-də verəcəm”. 2023-cü il may ayının 1-də saat 12-də cavabdehə telefonla zəng etmiş və cavabdehə verdiyi 20000 manat pulunu istəmişdir. Cavabdeh isə demişdir ki, “gəlirəm”. Bir müddətdən sonra cavabdeh gəlmiş, evə girməmiş və bildirmişdir ki, “Gövhər müəllimə bankdan zəng ediblər ora gedirəm, mənə verdiyin 20000 manat pulu evdə saxlayıram, gətirib verəcəm”. Həmin gün saat 22.00-a kimi cavabdehi gözləsə də, cavabdeh gəlməmişdir. O, dəfələrlə cavabdehdən pulunu qaytarmağını tələb etsə də o, hər dəfə müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən boyun qaçırmışdır. 2023-cü ilin avqust ayında dəfələrlə telefonlarına zəng vursa da, telefonu açmamışlar. Bütün bunlardan sonra əsəb-stressdən gözündən əməliyyat olunmuş, xəstəliklər tapmışdır. Cavabdeh onu bir ildir ki, aldadır, ona verdiyi 20000 manat pulunu qaytarmır. Göstərilən səbəblərdən çox ağır maddi vəziyyətə düşmüşdür. Cavabdeh onun 20000 manat pulunu vermir, onun cavabdehə verdiyi pul ilə cavabdeh oğlu Murada dəbdəbəli nişan edibdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, cavabdehin ona 20000 manat borcu qalmışdır və cavabdehlə aralarında olan razılaşmaya görə cavabdeh ona olan borcunu 01 may 2023-cü il tarixdə qaytarmağı öhdəsinə götürmüş və bu barədə cavabdeh ona olan borcunu etiraf etmişdir. Tərəflər arasında borc müqaviləsi şifahi qaydada bağlanmışdır. Cavabdeh razılaşdırılmış müddət bitməsinə baxmayaraq, 20000 manat pulunu qaytarmır. Cavabdehə dəfələrlə bu barədə bildirsə də, cavabdeh onu aldadaraq hər dəfə borcunu yaxın müddətdə qaytaracağını desə də, müxtəlif bəhanələr gətirərək pulu qaytarmır, öhdəliyini icra etmir. O, pulunu cavabdehdən məhkəmədənkənar ala bilmədiyinə görə məcbur olub hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən onun cavabdehin vəzifəsinin icrasını tələb etmək hüququ var. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə etdi ki, cavabdeh onunla telefon danışıqlarında sözügedən məbləğdə borcunun olduğunu etiraf etmişdir, lakin iddia tələbini təsdiq edəcək heç bir sübutu yoxdur. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddianı qəbul etməyərək iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə etdi ki, tərəflər qonşudur, iddia tələbi ağlabatan deyil, cavabdeh iddiaçı qoca və xəstə olduğundan cavabdeh qonşuluq münasibətlərindən irəli gələn xırda xahişləri yerinə yetirmişdir, həmçinin iddiaçı cavabdehə sözügedən pulun verilib-alınmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə, iddiaçını, cavabdehin nümayəndəsi və vəkilini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Gəncə Şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis leytenantı Süleyman Piriyev tərəfindən qəbul edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərardan görünür ki, material üzrə izahatı alınmış Cavabdeh göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Evdar qadındır. İddiaçı onun qonşusudur. Onun Gövhər ilə əvvəllər aralarında düşmənçilikləri və ədavətləri olmamışdır. 2023-cü ilin yanvar ayının əvvəllərində Gövhər onun yaşadığı mənzilə gəlib, qan laxtalanması xəstəliyindən əziyyət çəkən oğlu Nihat Quliyevə baş çəkmişdir. Söhbət zamanı Gövhər ona övladı olmadığına görə qulluq etməyi ondan xahiş etmişdir. O da uşağına xatir Gövhər ilə razılaşmışdır. Sonra Gövhər yaşadığı evin giriş qapısının açarlarını ona vermişdir. Gövhər hər dəfə durub qapını açmasın deyə, mənzilinə məxsus giriş açarlarını ona vermişdir. O hər səhər Gövhərin yaşadığı evə gedib ona “kerkules” bişirməklə çayını dəmləmiş, hər səhər çörəyini alır, zibilini atırmış. Dəqiq tarixi yadında qalmayan vaxtda o qardaşı Ramin, anası Mahizər ilə birlikdə Gövhər müayinə ötrü Gəncə şəhəri Abbas Səhhət adına xəstəxanada işləyən Knyaz həkimin yanına aparmışlar. Bundan əlavə Gövhəri MRT müayinəyə də aparmışlar. Sonradan əri Barat Quliyev onu Gövhərin yaşadığı və gedib-gəlməsinə icazə verməmişdir. O da, əri Baratın göstərişindən sonra Gövhərə məxsus mənzilin giriş açarlarını aparıb sonuncuya təhvil vermişdir. O, Gövhərdən 24500 manat pul götürməmiş, Gövhərə 3000 manat pul geri qaytarmamışdır. Həmçinin o, Gövhərdən hər ay sonuncuya baxmaq müqabilində hər ay 500 manat olmaqla, cəmi 1500 manat pul almamışdır, onun göstərdikləri yalandır. Aparılmış araşdırma zamanı izahatı alınmış X1 Cəlilova ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyası hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun olduğunu (36-cı maddənin İ hissəsi), habelə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilməsini (60 maddənin İ hissəsi) müəyyən etmişdir. Mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda, MPM-in 217 və 220ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1091.2-ci maddəsi təşkil edir. Belə ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd edilən müddəların və iddianın dəlillərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehi tanıdığı üçün və ona inanaraq cavabdehə saxlamaq üçün 20 yanvar 2023-cü il tarixdə 24500 manat pulu (245 ədəd yüzlük), evin 3 açarını, iki qızıl sepini, bir ədəd qızıl klon quran, bir ədəd möhür (yoldaşından qalan Məqam qəzetində təsisçi baş redaktor işləmişdir) pensiya kartını, tam kredit kartını, işığın kartını, qazın kartını verdiyini, 22 aprel 2023-cü il tarixdə cavabdehin ona məxsus iki qızıl sepini, qızıl quran klonunu, 3 açarını, pensiya kartını, tam kredit kartını, işığın kartını, möhürü və 3000 manat pulunu qaytardığını, 21500 manatdan üç ay ona köməkçi qüvvə kimi baxdığına görə yanvar, fevral, mart ayları üçün hər ay 500 manatdan, cəmi 1500 manat çıxdığını, cavabdehin ona cəmi 20000 manat borcu qaldığını iddia edir. Lakin iddiaçı pul vəsaitini cavabdehə verməsini təsdiq edən konkret mötəbər dəlil gətirməmiş, bunu təsdiq edən hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Halbuki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Mülki Prosessual Məcəllənin 76.1 və 76.2-ci maddələri). Qeyd olunan müddəalardan da göründüyü kimi, sübutlar işin məhkəmədə hərtərəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Məhkəmədə mülki işin başlaması üçün fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etməsi kifayətdir (MPM-nin 5.1-ci maddəsi). Lakin mülki işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi sübutlarsız mümkün deyil. İddianı irəli sürən, yaxud iddiaya qarşı etiraz edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur (MPM-nin 77.1-ci maddəsi). İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumundan ibarətdir. İddia təmin olunmadığından, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar