Məhkəmə qərarları › İş №2(125)-1456/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1456/2024

06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1456/2024 06.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, X2 Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi barədə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: X2 ASC Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sonunculardan onun xeyrinə 3414,08 manat əsas, 407.13 manat faiz, 73.62 manat cərimə borcu olmaqla, cəmi 3894.83 manat borcun, 0.40 manat xidmət haqqının və 59.35 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli əsas kredit müqaviləsi üzrə 300000 manat 120 ay müddətinə kredit xətti ayrılmış, xx.xx.2022-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 26% ödəmək şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə Unibank KB ASC-yə 15 dekabr 2023-cü il tarixinə 3414,08 manat əsas, 407.13 manat faiz, 73.62 manat cərimə borcu olmaqla, cəmi 3894.83 manat borcu yaranmışdır. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə aralarında bağlanmış zaminlik müaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Ərizəyə əlavə olunmuş: - X2 ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 26% ödəmək şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. Həmçinin xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin təminatı kimi X2 ASC ilə Cavabdeh2 arasında müqavilə bağlanmış və borclu Cavabdeh1 xx.xx.2022-ci il tarixli Kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürərək borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İşin faktiki hallarından görünür ki, Cavabdeh1 və Cavabdeh2 müvafiq olaraq kredit və zaminlik müqavilələrinə əsasən X2 Açıq Səhmdar Cəmiyyəti qarşısında üzərlərinə götürdükləri öhdəliklərə tam əməl etməmişlər. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən dövlət rüsumu kimi ödənilmiş 59.35 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3414,08 manat əsas, 407.13 manat faiz, 73.62 manat cərimə borcu olmaqla, cəmi 3894.83 manat məbləğində borc və 59.35 manat dövlət rüsumu tutularaq X2 Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar