Məhkəmə qərarları › İş №2(125)-1464/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1464/2024

27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1464/2024 27.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 400 manat pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, “Bazar Store” Marketlər şəbəkəsində xəzinadar vəzifəsində işləyir. Eyni zamanda Bakıdan müxtəlif mağazalardan topdan müəyyən kosmetik məhsullar alaraq səyyar formada satır. Marketdə iş yoldaşı X2 Cavabdeh onunla tanış edərək Cavabdeh ondan kosmetik məhsullar almaq istədiyini bildirmişdir. Cavabdeh ondan müxtəlif formalı kosmetik məhsullar alıb-sataraq pulunu ödəyirdi. Bu hal təxminən 1 ilə kimi davam etdi. Sonuncu dəfə bu ilin yay aylarında Cavabdeh ondan nisiyə 600 manat dəyərində kosmetik məhsullar almış, lakin dediyi vaxtda pulunu ödəməmişdir. O, pulu istədikdə ona bildirmişdir ki, səbirli ol verəcəyəm. Bir neçə ay onun pulunu verməyərək nömrəsini dəyişmişdir. O, məcbur olub DİN-nin 102 çarğı məzkəzinə zəng edərək ondan şikayət etmişdir. 2-ci X6 rəisi X1 onları polis şöbəsinə dəvət etmişdir. Cavabdeh polisə gələk həqiqətən borcu olması barədə izahat verərək ayda 200 manat olmaq şərti ilə onun borcunu qaytaracağını bildirmişdir. O, buna etiraz etməmişdir. Cavabdeh 1-ci ayı 200 manatı bu ilin oktyabr ayında ödəməli idi. Lakin cavabdeh oktyabr ayında ödəniş etmədiyi üçün polis əməkdaşı cavabdehə zəng etmişdir. Noyabr ayında cavabdeh borclu olduğu 600 manatdan 200 manatını ödəmişdir. Növbəti ödənişi dekabr ayının 15-də etməli olsa da, lakin ödənişi etməmişdir. Polis əməkdaşı ona zəng etsə də, cavabdehə zəng çatmamışdır. Onu tapa bilmədikləri üçün polis əməkdaşı ona məhkəməyə müraciət etməyini bildirmişdir. Ona görə də o, məcbur olub hazıki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Cavabdeh Gəncə şəhər 2-ci Polis şöbəsinə verdiyi izahatında bildirmişdir ki, o, İlahəni təxmini 1 il olar Bazar Store mağazasında işçi kimi tanımışdır. O, İlahənin kosmetik vasitələr satdığını bilib, ondan həmin mallardan götürüb satıb pulunu ödəmək istəmişdir. Müxtəlif vaxtlarda İlahədən müxtəlif məbləğlərdə nisyə mal götürüb satıb pulunu ödəmişdir. Lakin təxminən 4-5 ay əvvəl İlahədən 900 manat məbləğində kosmetik vasitələr götürmüş, həmin malların müəyyən hissəsini satıb pulunu ödəmişdir. Yerdə qalan malları qaytarmışdır. Onun İlahəyə 450 manat borcu qalmışdır. Həmin nisyə malların pullarını müştərilərdən yığa bilmədiyi üçün pulu ödəyə bilməmişdir. Lakin borcunu hər ayın 15-i, 200 manat məbləğində ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hazırkı iş üzrə iddiaçı nisyə alqı-satqı münasibətlərindən yarandığını bildirdiyi 400 manat borcun cavabdehdən tutulmasını xahiş etmişdir. Polis şöbəsinə araşdırma aparılması zamanı cavabdeh verdiyi izahatla iddiaçıya həmin alış-verişdən 450 manat borcu qaldığını bildirmişdir. Çəkişmə prinsipinin təmin olunmasına baxmayaraq, cavabdeh daha az borcu qalması və ya daha çox ödəniş etməsi barədə hər hansı dəlil təqdim etməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi həcmində, cavabdehdən 400 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 400 (dörd yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar