Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1470/2022 26.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 600 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı 1.000 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, 600 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, cavabdeh onun rəfiqəsinin bacısıdır. 2021-ci ilin dekabr ayında cavabdeh ondan xahiş etmişdir ki, o, cavabdeh üçün nisyə satış müqaviləsi əsasında telefon alsın. O, cavabdehi və onun ailəsini tanıdığı üçün onlara etibar etmiş və Cavabdeh xahişini yerinə yetrimişdir. 26 dekabr 2021-ci il tarixdə o, cavabdehlə birlikdə «Baku Electronics» məhdud məsuliyyətli cəmiyyətinə aid mağaya getmiş və orada nisyə satış müqaviləsi bağlayaraq Cavabdeh üçün 1 ədəd «Samsung M526 /128 GB Black» markalı mobil telefonu almışdır. Həmin müqaviləyə əsasən alınan telefonun qiyməti 999 manat təşkil etmiş, 5 ay müddətinə, aylıq ödəniş 200 manat məbləğində olmaqla müəyyən olunmuşdur. Cavabdeh onu inandırmışdır ki, ödənişləri vaxtı-vaxtında edəcək. Lakin cavabdeh yanvar ayında 200 manat ödəniş edərək öhdəliyini yerinə yetirsə də, sonradan heç bir ödəniş etməmişdir. «Baku Electronics» məhdud məsuliyyətli cəmiyyəti tərəfindən İddiaçı çoxsaylı zənglər olunduğuna görə, o fevral ayının ödənişini özü etmək məcburiyyətində qalmışdır. Daha sonra ona məlum olmuşdur ki, cavabdeh onun və «Baku Electronics» məhdud məsuliyyətli cəmiyyətinin rəsmi razılığı olmadan telefonu Bakı şəhərində, Neftçilər metrosu ətrafında yerləşən «Promay» mağazasına satmış, pulunu isə mənimsəmişdir. Bu barədə o, may ayında «Baku Electronics» məhdud məsuliyyətli cəmiyyətinin işçisindən məlumat almışdır. Ona bildirilmişdir ki, Ziya adlı şəxs «Baku Electronics» məhdud məsuliyyətli cəmiyyətinin yaxınlaşaraq sözügedən mobil telefonun xəttinin bağlı olduğunu, telefonu internet vasitəsilə Neftçilər metrosu ətrafında yerləşən «Promay» mağazasından aldığını, telefonun İddiaçı adına qeydiyyatdan keçdiyini öyrəndikdən sonra həmin mağazaya təhvil verərək ödənişini geri aldığını bildirmişdir. İddiaçı cavabdehə dəfələrlə müraciət edərək, satdığı telefonun qalıq ödənişini «Baku Electronics» məhdud məsuliyyətli cəmiyyətinə ödəməsini tələb etsə də, cavabdeh ödəniş etməkdən boyun qaçırmışdır. O, cavabdehin qanunsuz hərəkətləri ilə bağlı Yasamal rayon Polis İdarəsinin 29-cu Polis şöbəsinə müraciət etmişdir və ona oradan cavab olaraq bildirilmişdir ki, məsələ mülki xarakter daşıdığı üçün onun məhkəməyə müraciət etməsi tövsiyyə olunur. Cavabdeh sonradan ona 199 manat da ödəniş etmiş və beləliklə də ona ödənilməmiş borc 600 manat qalmışdır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, o, qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Cavabdehin faktiki olduğu yer məlum olmadığından məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və şahidi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Cavabdeh isə onun bacısıdır. Həmçinin onun İddiaçı ilə yaxşı münasibətləri olmuşdur və onlar birlikdə Bakı şəhərində, Ə.Əhmədov küçəsində yerləşən «Bazar store» marketlər şəbəkəsinin filialında kassir vəzifəsində işləmişlər. Cavabdeh xahişi əsasında İddiaçı 26 dekabr 2021-ci il tarixdə öz adına «Baku Electronics» məhdud məsuliyyətli cəmiyyəti ilə nisyə satış müqaviləsi bağlayaraq Cavabdeh üçün 1 ədəd mobil telefon almışdır. Bunun nəticəsində Cavabdeh İddiaçı 1.000 manat məbləğində borcu yaranmışdır. Cavabdeh ilə İddiaçı arasında olan razılaşmaya görə İddiaçı mobil telefonun dəyərini «Baku Electronics» məhdud məsuliyyətli cəmiyyətinə, Cavabdeh isə İddiaçı ödəməli idi. Həmin borcdan Cavabdeh 200 manat «Baku Electronics» məhdud məsuliyyətli cəmiyyətinə, 199 manat isə İddiaçı ödəmişdir. Hazırda H.R.X1 ödənilməmiş borcu 600 manat təşkil edir. İş materiallarında olan 26 dekabr 2021-ci il tarixli, BL663433 nömrəli müddətli nisyə satış müqaviləsinin surətindən və ona əlavə edilmiş ödəniş cədvəldən görünür ki, İddiaçı «Baku Electronics» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən 5 ay əzində hissə-hissə ödəmək şərtilə «Samsung M526» markalı mobil telefonu 999 manat məbləğinə «Baku Electronics» məhdud məsuliyyətli cəmiyyətindən almışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin 19 may 2022-ci il tarixdə İddiaçı göndərdiyi məktubdan görünür ki, aparılmış araşdırma zamanı İddiaçı müraciətinin mülki xarakterli olduğu müəyyən olunmuş və mülki işlərə baxmaq səlahiyyəti məhkəmə orqanlarına aid olduğu üçün İddiaçı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə, işdə olan sübutlarla müəyyən edildi ki, «Baku Electronics» məhdud məsuliyyətli cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 26 dekabr 2021-ci il tarixli, BL663433 nömrəli nisyə satış müqaviləsi üzrə «Baku Electronics» məhdud məsuliyyətli cəmiyyəti İddiaçı 5 ay əzində hissə-hissə ödəmək şərtilə «Samsung M526» markalı mobil telefonu 999 manat məbləğinə satmış, İddiaçı isə Cavabdeh ilə aralarında olan razılaşmaya əsasən həmin müqavilə əsasında Cavabdeh üçün qeyd olunan mobil telefonun dəyərəni sonuncunun ödəməsi şərti ilə almışdır. Lakin Cavabdeh öz öhdəliklərini lazimi qaydada yerinə yetirməmiş, «Samsung M526» markalı mobil telefonun dəyərinə görə iddiaçıya olan ümumi borcunun 399 manat məbləğində hissəsini qaytarsa da, digər 600 manat məbləğində hissəsini isə hazırki tarixədək qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh borca görə «Baku Electronics» məhdud məsuliyyətli cəmiyyətinə ödənilməli olan vəsaitin əvəzi qismində 600 manat məbləğində pul vəsaiti alınıb, İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 31 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh 26 dekabr 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə «Baku Electronics» məhdud məsuliyyətli cəmiyyətinə ödənilməli olan vəsaitin əvəzi qismində 600 (altı yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 31 (otuz bir) manat, cəmi 631 (altı yüz otuz bir) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-1470/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1470/2022
26.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver