Məhkəmə qərarları › İş №2(125)-1478/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1478/2025

18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1478/2025 18.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, tərəflərin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona borclu olduğu 4725 manat borcun və ödənilmiş 68 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə görə, cavabdeh iddiaçıdan aldığı 6000 manat pulu xx.xx.2023-cü il tarixədək hər ay 600 manat ödəmək şərti ilə qaytarmağı öhdəsinə götürmüşdür. Gəncə şəhər 2 saylı Notariat ofisinin 8İ-1018 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən xx.xx.2022-ci il tarixdə Gəncə şəhər 2 saylı Notariat ofisində 3M-779 saylı reyestrlə təsdiq edilmiş kredit müqaviləsinə əsasən 6000 manat məbləğdən yalnız vaxtında ödənilməmiş 1800 manat hissəsi, bundan əlavə İddiaçı tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1825 manat pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh onun qonşusudur, qonşu olaraq münasibətləri normal olmuşdur. Ailəvi gediş-gəlişləri olmuşdur. Cavabdeh ona pul lazım olduğu üçün ondan borca pul istəmişdir, o cavabdehə pulu ancaq notariusda borc müqaviləsi bağlamaqla verə biləcəyini bildirmiş, o isə buna etiraz etməmişdir. Beləliklə, 02 noyabr 2022-ci il tarixdə Gəncə 2 saylı notariat ofisinə gedərək notarial qaydada cavabdehə 6000 (altı min) manal borca pul vermişdir. Həmin vaxt belə razılığa gəlmişlər ki, cavabdeh hər ay 600 (altı yüz) manat qaytarmaqla 10 ay müddətinə borcunu tam qaytaracaqdır. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. O, cavabdehin ödəniş həyata keçirmədiyini görmüşdür. 3 ay keçdikdən sonra o, notariusa yaxınlaşmışdır. İlk öncə notariusda ona 10 ayın tamamını gözlədikdən sonra gəlməsini, bundan sonra icra qeydinin verilməsini bildirmişlər. O, buna etiraz etdikdə notarius 3 ay ödəniş olmadığı üçün 3 aylıq, hər ay üçün 600 manat olmaqla, cəmi 1800 manat və 25 manat dövlət rüsumu olmaqla, cəmi 1825 manat üçün icra qeydi vermişdir. Yerdə qalan 4200 manat isə vaxtı çatanda ödənilmədiyi təqdirə icra qeydi verilə biləcəyini bildirmişlər. İcra məmuru cavabdeh barəsində verilmiş 1825 manat icra qeydindən 1300 manatını cavabdehə zorla ödəniş etdirmişdir. Beləliklə, cavabdehin ona 4200 manat və verilmiş icra qeydindən 525 manat olmaqla, cəmi 4725 (dörd min yeddi yüz iyirmi beş) manat borcu qalmaqdadır. Cavabdeh borclu olduğu məbləği ona könüllü ödəmir, ona görə də o, məcbur olub hazırkı iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi, yəni iddia tələbinin həcminin azaldılması barədə ərizə vermiş, mülki iş üzrə iddia tələbini dəqiqləşdirərək, iddia həcmini azaldaraq cavabdehdən onun xeyrinə 4200 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ərizə verərək iddia tələbini qəbul etdiyini, iddiaçıdan aldığı 6000 manat borc pulun 4725 manatını qaytarmadığını, həmin pulu hissə-hissə qaytarmağa razı olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin izahatında bildirdi ki, cavabdehə kredit müqaviləsi əsasında 6000 manat borc pul vermişdir. Həmin pul vəsaitinin 1800 manat hissəsinə dair notarius tərəfindən icra qeydi tərtib olunmuşdur. Hazırda digər hissədə olan borcunu, yəni 4200 manat pul vəsaitini cavabdehdən tələb edir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul edərək ərizəsinin məzmununa uyğun izahat verdi, həmçinin qeyd etdi ki, ona məxsus instrumentlər iddiaçının istifadəsindədir, instrumentlər qaytarıldığı təqdirdə, işləyib borcunu az-az ödəyəcəkdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Məhkəmə ilk öncə qeyd edir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda, MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Hazırki iş üzrə iddiaçı tərəfindən cavabdehə 6000 manat məbləğində kredit verilməsi barədə tərəflər arasında xx.xx.2022-ci il tarixdə Gəncə şəhər 2 saylı Notariat ofisində 3M- 779 saylı reyestrlə təsdiq edilmiş kredit müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. İddiaçı həmin pul vəsaitinin 1800 manat hissəsinə dair notarius tərəfindən icra qeydinin tərtib olunduğunu bildirərək hazırda digər hissədə olan borcunu, yəni 4200 manat pul vəsaitini cavabdehdən tələb edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə müqavilədə borcun məbləği, qaytarılması şərtləri və müddəti açıq göstərilmişdir. Belə ki, müqaviləyə əsasən 6000 manat pulun hər ay 600 manat ödəmək şərti ilə xx.xx.2023-cü ilədək qaytarılması nəzərdə tutulmuşdur. Müqavilədə borca görə faiz nəzərdə tutulmamışdır. Kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı çatmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin kredit müqaviləsinə əsasən 6000 manat məbləğdən yalnız vaxtında ödənilməmiş 1800 manat hissəsi, bundan əlavə İddiaçı tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1825 manat pul vəsaiti İddiaçı xeyrinə tutulması barədə Gəncə şəhər 2 saylı Notariat ofisi tərəfindən 8İ- 1018 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydinin verilməsi, hazırda icra qeydindən kənar borcun 4200 manat təşkil etdiyi də işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh tələb edilən 4200 manat məbləğində iddianı qəbul edərək bu barədə məhkəməyə təqdim etdiyi ərizəsində iddiaçı ilə aralarında iddiaçıdan 6000 manat məbləğində borc alması barədə müqavilənin olmasını və bununla bağlı 1800 manat hissədə müvafiq icra qeydinin verildiyini etiraf etmiş və bütövlükdə borcundan 1300 manat hissəni iddiaçıya qaytardığını bildirmişdir. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. MPM-in 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. MPM-in 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmçinin, MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə öhdəliyin yaranmasını sübuta yetirmək vəzifəsini iddiaçı, öhdəliyin icra edilməsini və ya öhdəliyə digər əsasla xitam verilməsini sübuta yetirmək vəzifəsi isə cavabdehin üzərinə düşür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı notarial qaydada təsdiq edilmiş müqavilə ilə öhdəliyin yaranmasını sübuta yetirmişdir. Cavabdeh iddianı aradan qaldıran hər hansı sübut təqdim etməmiş, əksinə tələb edilən 4200 manat məbləğində borcu etiraf etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən sözügedən müqavilə üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır və iddia təmin edilməli, 4200 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, MPM-in 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 62 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 4200 (dörd min iki yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 62 (altmış iki) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar