Məhkəmə qərarları › İş №2(125)-148/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-148/2024

12.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-148/2024 12.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 51987,2 manat əsas, 23850,35 manat faiz və 1304,44 manat cərimə olmaqla, cəmi 77141,99 manat kredit borcunun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 321,43 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, borcalan Məmmədova Şəfa İlyas qızı ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə müraciət edərək 20 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlərdən müştərək qaydada 20 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 52887,38 manat əsas borcun, 25216,11 manat faiz borcunun və 6018,95 manat cərimə borcu olmaqla, cəmi 84122,44 manat borcun və 321,43 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə İddiaçı Açıq Səhmdar Cəmiyyəti (əvvəlki adı "xxxx" İKB ASC) (bundan sonra - Bank) ilə Məmmədova Şəfa İlyas qızı (bundan sonra - borcalan) arasında bağlanmış 10-BİZZ-1-0-29-19 nömrəli, 20 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə (bank vəsaiti ilə verilən kreditlər üzrə) və kassa məxaric orderinə əsasən Bank borcalana 60 ay müddətinə, illik 18 faiz ödəməklə qaytarmaq şərtilə, daşınmaz əmlakın tikintisi məqsədilə 50000 manat məbləğində kredit vermişdir. 10-BİZZ-1-0-29-19 nömrəli, 20 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə 1 saylı əlavə olan xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə görə borcalan 60 ay müddətinə xx.xx.2024-cü il tarixinədək hər ay 1269,67 manat, sonuncu ay isə 1269,78 manat ödəməli idi. Borcalanın öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə Bankla Cavabdeh1 (zamin), Cavabdeh3 (zamin), Cavabdeh2 (zamin) və borcalan arasında müvafiq olaraq 20 sentyabr 2019-cu il tarixli 10-BİZZ-1-0-29-19 (1) nömrəli, 10-BİZZ-1-0-29-19 (2) nömrəli və 10-BİZZ-1-0-29-19 (3) nömrəli zaminlik müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən zaminlər Borcalanın Bank qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün birgə məsuliyyəti öhdələrinə götürmüşlər. Sonradan 10-BİZZ-1-0-29-19 nömrəli, 20 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə Bankla borcalan arasında bağlanmış xx.xx.2020-ci il tarixli əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin cəmi qalığı 52889,92 manat, o cümlədən əsas borc 47321,52 manat, hesablanmış faiz 5560,2 manat, cərimə 8,2 manat təşkil etdiyi müəyyən edilmiş, kreditin müddəti xx.xx.2024-cü il tarixinədək uzadılmış, kreditin illik faiz dərəcəsi 18 faiz təşkil etmişdir. 10-BİZZ-1-0-29-19 nömrəli, 20 sentyabr 2019-cu il tarixli kredit və 10-BİZZ-1-0-29-19 nömrəli, 20 sentyabr 2019-cu il tarixli zaminlik müqavilələrinə Bankla borcalan və həmin zaminlər arasında bağlanmış xx.xx.2020-ci il tarixli əlavə sazişə əsasən zaminlər borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin cəmi qalığı olan 52889,92 manat, o cümlədən əsas borc 47321,52 manat, hesablanmış faiz 5560,2 manat, cərimə 8,2 manat təşkil etməsi, kreditin müddətinin xx.xx.2024-cü il tarixinədək uzadılması və kreditin illik faiz dərəcəsinin 18 faiz təşkil etməsi ilə razılaşmışlar. Həmin əlavə sazişlərə əsasən, 10-BİZZ-1-0-29-19 nömrəli, 20 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə 1 saylı əlavə olan xx.xx.2020-ci il tarixli ödəniş cədvəlinə görə borcalan 47 ay müddətinə xx.xx.2024-cü il tarixinədək ilk üç ay 661,12, 793,35, 793,35 manat olmaqla, hər ay 1650,71 manat, sonuncu ay isə 1659,14 manat ödəməli idi. Sözügedən kredit müqaviləsi üzrə Məmmədova Şəfa İlyas qızı (borcalan) xx.xx.2020-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Şəhər 2 saylı Notariat ofisindən verilmiş 15 aprel 2023-cü il tarixli 347 nömrəli arayışa əsasən mərhum borcalandan miras qalmış əmlaklara dair Gəncə 1 saylı notariat ofisində Cavabdeh1 və Cavabdeh3 29 aprel 2021-ci il tarixdə 2V-105, 2V-106, 2V-107, 2V-108, 2V-109, 03 avqust 2021-ci il tarixdə isə 2V-225 nömrəli reyestrlərlə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, borcalan 20 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 18 faizlə, 60 ay müddətinə 50000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə 20 sentyabr 2019-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2020-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti xx.xx.2024-cü il tarixədək təyin edilmişdir. Borcalan xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Cavabdehlərdən Vasif və Cavabdeh3lər zamin olmaları ilə yanaşı borcalanın vərəsələridir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi, onu da əlavə etdi ki, ekspert rəyi ilə tanış olmuşlar, ekspert rəyinin faiz hissəsi ilə razılaşmırlar. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili izahatında bildirdi ki, kredit müqaviləsi üzrə borcalan Məmmədova Şəfa İlyas qızı xx.xx.2020-ci il tarixdə ölmüşdür, cavabdehlər sözügedən kredit müqaviləsi üzrə zamin olduqlarından zaminlər borcalanın Bank qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öhdələrinə götürmüşlər. Ekspert rəyi ilə tanış olmuşlar, rəy ilə razıdırlar, rəyə müvafiq şəkildə iddia tələbinin qismən təmin edilərək tələbin cərimə hissəsində təmin edilməməsini xahiş edir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Bankla borcalan arasında bağlanmış sözügedən kredit müqaviləsinə və ona əlavə sazişə əsasən Bank borcalana həmin krediti məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödənilmək əsasında verməyi, borcalan isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti, kreditə hesablanmış faizləri, komissiya haqqı və digər ödənişləri kreditora ödənilməsini öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 4.8-ci bəndinə görə borcalan bu müqavilənin 4.2-ci bəndinə uyğun olaraq tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödənişləri vaxtında etmədikdə, gecikdirilən gündən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə əsas faizlə yanaşı gecikdirilən hər gün üçün cərimə kimi gündəlik 0,1 faiz dəbbə pulunu da ödəyir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, 10-BİZZ-1-0-29-19 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə cavabdehlərin Banka olan borcu əsas məbləğ üzrə 51187,2 manat, faiz məbləği üzrə 25216,11 manat, dəbbə üzrə 6018,95 manat olmaqla, cəmi 82422,26 manat təşkil edir. Cavabdehlərin ünvanına xx.xx.2023-cü il tarixli xəbərdarlıq göndərilərək onlara 10- BİZZ-1-0-29-19 nömrəli, 20 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə borcun (gecikmənin) olması barədə xəbərdarlıq edilmiş, xx.xx.2020-ci il tarixdə vəfat etmiş Məmmədova Şəfa İlyas qızından miras qalmış əmlaka dair Gəncə şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 2V-106 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən borcun xəbərdarlıq məktubunun alındığı vaxtdan etibarən 5 gün müddətində banka tam ödənilməsi tələb olunmuş, əks təqdirdə müqavilənin şərtlərinə əsasən, həmin borcun ödənilməsi üçün qanunamüvafiq tədbirlər görüləcəyi barədə məlumat verilmişdir. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 9/7985 nömrəli, 30 noyabr 2023-cü il tarixli rəyi ilə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, borcalan Məmmədova Şəfa İlyas qızı ilə İddiaçı ASC arasında bağlanmış 20 sentyabr 2019-cu il tarixli, 10-BİZZ-1-0-29-19 saylı kredit müqaviləsi üzrə "xxxx" İKB ASC-yə (indiki İddiaçı ASC) xx.xx.2023-cü il tarixə ödənilməli olan kredit borcu - əsas borc üzrə 52887,38 manat, faiz borcu üzrə 23430,62 manat müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (maddə 470.1). Borclu zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.1). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabı) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442). Miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (maddə 1146). Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (maddə 1255). Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar (maddə 1306.1). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə borcalan, eləcə də zaminlər arasında qanunvericiliyə uyğun olaraq kredit və zaminlik müqavilələri, habelə onlara əlavə sazişlər bağlanmışdır. İddiaçı öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulmuş məbləği borcalana vermiş, borcalan və zaminlər isə kredit və zaminlik müqavilələri ilə üzərinə götürdükləri öhdəliyi lazimi qaydada icra etməmiş, tam yerinə yetirməmişlər. Tərəflər arasında kredit və zaminlik müqavilələrinin, onlara əlavə sazişlərin bağlanmasını təkzib edən əsaslar iş materiallarında mövcud deyil. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Bankla borcalan arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, iddiaçı öhdəliyini icra etmişdir. Borcalan kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair üzərinə öhdəlik götürmüşdür. Lakin, borcalan xx.xx.2020-ci il tarixdə ölmüşdür. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, mərhum Məmmədova Şəfa İlyas qızının ölümündən sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh3 onun vərəsələri kimi tanındığından, hazırda iddiaçının tələb etdiyi məbləğin qəbul edilmiş miras əmlakın dəyərindən yüksək olması həmin cavabdehlər tərəfindən mübahisələndirilmədiyindən, iddiaçı, mərhum Məmmədova Şəfa İlyas qızının kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş vərəsələri – cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin, cavabdehlərin hər birinin, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar sözügedən müqavilə üzrə alınmış kreditə görə zamin olduqlarından, borcun ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar. Odur ki, iddiaçı borcun qaytarılmasını cavabdehlərdən tələb etməkdə haqlıdır. Lakin məhkəmə hesab edir ki, əsas və faiz borcu ekspert rəyinə uyğun olaraq cavabdehlərdən tutulmalıdır. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, iddiaçı ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir. MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 77.1-ci maddəsi müəyyən edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla yanaşı, qeyd edilməlidir ki, hazırki iş üzrə cavabdehlər məhkəməyə iddia tələbini təkzib və borcun düzgün hesablanmadığını, başqa sözlə ekspert rəyindən fəqli məbləğdə əsas və faiz borcu olduğunu təsdiq edəcək heç bir sübut təqdim etməmişlər. Bundan başqa, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə qeyd edir ki, adı çəkilən müddəada göstərildiyi kimi, cərimə borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Cavabdehlər tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin müqavilə üzrə hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin müqavilə üzrə 1000 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 52887,38 manat əsas borc, 23430,62 manat faiz borcu və 1000 manat cərimə olmaqla, cəmi 77318 manat İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə, iddia tələbinin borcalan Məmmədova Şəfa İlyas qızı ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, bu hissədə də iddia qismən təmin edilməlidir. Belə ki, borcalan müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş, əsas və faiz borcunu vaxtında ödəməmiş, öhdəliyini pozmuş, bununla da müqaviləyə uyğun olaraq Bankın müqaviləyə birtərəfli qaydada xitam vermək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Bank cavabdehə xx.xx.2023-cü il tarixli pretenziya məktubu göndərmiş və xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək öhdəlik pozulduğu üçün borcun tam ödənilməsi tələb etməklə sözügedən kredit müqaviləsini və ona əlavə sazişi birtərəfli qaydada ləğv etmişdir. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Mülki işin tədqiq edilmiş hallarından göründüyü kimi Bank borcalanla bağlanmış 10- BİZZ-1-0-29-19 nömrəli, 20 sentyabr 2019-cu il tarixli kredit müqaviləsindən xx.xx.2023-cü il tarixdə imtina etməklə ona xitam vermişdir. Ona görə də məhkəmə hesab edir ki, qeyd edilən hissədə iddia qismən təmin edilərək sözügedən kredit müqaviləsinin artıq birtərəfli qaydada ləğv edilməsi tanınmalıdır. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia əsasən əsaslı olduğundan iddiaçı tərəfindən dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə uyğun qaydada tərəflərə aid edilməli, eləcə də ekspertiza xərcinə görə 100 manat cavabdehlərdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (əvvəlki adı "xxxx" İKB ASC) ilə Məmmədova Şəfa İlyas qızı arasında bağlanmış 10-BİZZ-1-0-29-19 nömrəli, 20 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilmiş hesab edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 10-BİZZ-1-0-29-19 nömrəli, 20 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 52887,38 manat əsas borc, 23430,62 manat faiz borcu və 1000 manat cərimə olmaqla cəmi 77318 (yetmiş yeddi min üç yüz on səkkiz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 321,95 (üç yüz iyirmi bir manat doxsan beş qəpik) manat məbləğində pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Keçirilmiş ekspertizanın xərci olan 100 (bir yüz) manat Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifat kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3; Adı: X1; Kodu: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK: CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********; Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar