Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1480/2022 05.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əsas və faiz borcunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “əsas və faiz borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 48000 (qırx səkkiz min) manat əsas borc, əsas borcun ödənilməsini 1 il gecikdirdiyinə görə 2000 (iki min) manat faiz borcu və 240 (iki yüz qırx) manat dövlət rüsumu olmaqla, cəmi 50240 (əlli min iki yüz qırx) manat Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh 2014-cü ildən tanımışdır. Cavabdehlə qonşu sonradan isə birgə işlədikləri zaman tanış olmuşlar. Tanış olduqdan sonra birgə çalışmaq üçün işləmək təklifi etmiş, o da razı olmuşdur. Birgə işlədikləri müddətdə ailəvi yaxın olmuşlar belə ki, cavabdeh onu öz oğluna kirvə təyin etdirmişdir. Bundan sonra Vahid ünvan 1 ünvanında evin təmiri üçün ondan arada borc pul almış və qaytarmışdır. Bununla da etibar qazanmışdır. Lakin sonradan nəğd və köçürmə yolu ilə ona pul məbləğinin 50000 AZN keçməsini hesabladıqda özünə ev alacağını düşünərək pulunu qaytarmasını xahiş etmiş, pulun az bir qismini (10000 AZN) qaytardıqdan sonra aralarında söz-söhbət yaranmış və münasibətlər gərginləşmişdir. Hesablamalardan sonra aralarında qalan 48000 (qırx səkkiz min) manat məbləğində borcu qalmışdır. Borcun yerdə qalanını istədikdə o, iş olmadığından ailə problemlərini və müxtəlif bəhanələri gətirərək həmin borcu qaytarmaq iqtidarında olmadığını bildirmişdir. Daha sonra isə ümumiyyətlə onun zənglərinə cavab verməkdən yayınmışdır. Cavabdeh 48000 manat məbləğində borcun ödənilməsini 1 il müddətində gecikdirdiyindən AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla əlavə 2000 (iki min) manat faiz borcunu da ödəməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi, əlavə olaraq göstərdi ki, cavabdehə 2016-2021-ci illər ərzində hər dəfə 3000 manatı keçməmək şərtilə ümumilikdə 50000 manat borc pul vermişdir. Hazırda cavabdehin ona 48000 manat borcu qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, iddia tələbini qəbul edir, İddiaçı ona 2016-2021-ci illər ərzində hər dəfə 3000 manatı keçməməklə hissə-hissə ödəmək şərti ilə ümumilikdə 50000 (əlli min) manat məbləğində borc pul vermişdir. İddiaçıdan borc götürməkdə məqsədi özünə ev tikdirmək olmuşdur. Pulun hazırda az bir qismini iddiaçıya qaytarmışdır. İddiaçıya 48000 manat əsas borcu, 2000 manat faiz borcu qalmışdır. Maddi imkanı olmadığından ödəniş etməkdə çətinlik çəkir, lakin həmin əsas və faiz borcunun tutulmasını tam şəkildə ödəyəcəkdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı cavabdehə 2016- 2021-ci illər ərzində hissə-hissə (3000 manatı keçməmək şərtilə) ümumilikdə 50000 manat borc pul vermişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini tamamilə qəbul etmişdir. Hazırda cavabdehin iddiaçıya 48000 manat əsas borcu, 2000 manat faiz borcu vardır. Məhkəmə, iddia tələbinin “48000 manat əsas borcun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə əsaslıdır. Belə ki, tərəflər arasında işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı iddia etmişdir ki, o, cavabdehə 50000 manat pulu borc kimi vermiş, cavabdeh pulun az bir qismini qaytardıqdan sonra 48000 manat borcu qalmışdır. Cavabdeh isə ona qarşı olan iddianı etiraf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, borcun tutulması hissəsində iddia, cavabdehin etiraf etdiyi hissədə təmin edilməli və 48000 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalı və tələb təmin edilməlidir. Məhkəmə eyni zamanda hazırki iş üzrə iddia tələbinin hüquqi əsası kimi mülki qanunvericiliyin normalarını qeyd etməyi lazım bilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 421.2-ci maddələrinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, iddianın “əsas borca hesablanmış illik 5 faiz məbləğində faiz borcunun cavabdehdən tutulması”na dair hissəsini də araşdıraraq qeyd edir ki, iddia həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, cavabdeh iddiaçıdan borc kimi aldığı 48000 manat pul məbləğini qaytarmalı olmasına dair öhdəliyinin icrasını bir il müddətində gecikdirmişdir. Öhdəliyin icrasının bir il müddətinə gecikdirilməsi tərəflər arasında işin mübahisələndirilməyən halıdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı gecikdirilmiş vaxt üçün ödənilməmiş pul məbləğinin illik beş faizi məbləğində faiz ödənilməsini tələb etməkdə haqlıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi faiz borcunun tələb edilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Bu səbəbdən də, 240 (iki yüz qırx) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmənin gəldiyi qənaətə əsasən, iddia təmin olunmalı, 48000 (qırx səkkiz min) manat əsas borc, 2000 (iki min) manat faiz borcu və 240 (iki yüz qırx) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 50240 (əlli min iki yüz qırx) manat Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 48000 (qırx səkkiz min) manat əsas borc, 2000 (iki min) manat faiz borcu və 240 (iki yüz qırx) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 50240 (əlli min iki yüz qırx) manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-1480/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1480/2022
05.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver