Məhkəmə qərarları › İş №2(125)-1485/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1485/2022

04.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1485/2022 04.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, Əsgərova Dürdanə Müseyib qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 26 fevral 2018ci il tarixli, 2(044)-774/2018 saylı qətnaməsi ilə uşağın saxlanması üçün tutulması müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin və mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 50 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 26 fevral 2018ci il tarixli, 2(044)-774/2018 saylı qətnaməsi ilə uşağın saxlanması üçün tutulması müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin və mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 50 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Cavabdehla 14 fevral 2016-cı il tarixdə el adəti ilə toy edib faktiki nikaha girmişdir. Onların birgə nikahlarından 15 aprel 2017-ci il tarixdə Nuray adlı uşaqları anadan olmuşdur. O, cavabdehlə nikaha girdikdən bir müddət sonra onlar arasında olan münasibətlər pisləşmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 26 fevral 2018-ci il tarixli, 2(044)-774/2018 saylı qətnaməsi ilə 15 aprel 2017-ci il tarixdə anadan olmuş X3 atasının Cavabdeh olduğu müəyyən edilmiş və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 140 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi qət edilmişdir. Lakin hazırda həmin uşaq daha da böyümüş və buna görə də onun xərcləri artmışdır. Belə ki, hazırda onun cavabdehlə birgə nikahından anadan olmuş uşağın 5 yaşı vardır. Buna görə həmin uşağın zəruri xərcləri 2018-cu illə müqayisədə daha çoxdur. Qeyd olunan səbəblərdən də X2 cavabdehlə birgə nikahından doğulmuş uşağın maddi təminatını çətinliklə ödəyir. Cavabdeh isə məhkəmə qətnaməsi ilə müəyyən olunmuş məbləğdən əlavə iddiaçıya heç bir maddi yardım göstərmir. Halbuki, birgə nikahdan doğulmuş uşağı saxlamaq onunla yanaşı cavabdehin də vəzifəsidir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi T.M.Abdullayeva iddianı qəbul etməyərək bildirdi ki, cavabdeh onun oğludur və işləmək məqsədi ilə Türkiyə Respublikasına getib, orada günəmuzd fəhlə kimi fərdi əməklə məşğul olur. Həmçinin Cavabdeh başqa bir şəxslə nikaha girmiş və həmin nikahdan da uşaqları doğulmuşdur. Buna görə də Cavabdeh özünün və ailəsinin maddi təminatını çətinliklə ödəyir. Hazırki halda məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin hər hansı məbləğdə artırılması Cavabdeh ağır olan maddi vəziyyətini daha da ağırlaşdıra bilər. Sonda T.M.Abdullayeva iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 26 fevral 2018-ci il tarixli, 2(044)-774/2018 saylı qətnaməsinin surətindən görünür ki, 15 aprel 2017-ci il tarixdə anadan olmuş X3 atasının Cavabdeh olduğu müəyyən edilmiş və 15 aprel 2017-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 23 yanvar 2018-ci il tarixdən başlayaraq hər ay Cavabdeh sabit pul məbləğində 140 manat miqdarda aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Bundan başqa, həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Minimum aylıq əməkhaqqının məbləğinin artırılması» və «Minimum aylıq əməkhaqqının artırılması haqqında»» Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2021-ci il tarixli sərəncamının 1-ci bəndinə görə minimum aylıq əmək haqqının məbləği 01 yanvar 2022-ci il tarixdən 300 manat müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2022-ci ildə yaşayış minimumu haqqında» 03 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 193 məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü bəndinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Bununla əlaqədar məhkəmə tərəflərin maddi vəziyyətini, tərəflərin birgə nikahlarından doğulmuş uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətini, həmin uşağın mənafeyini və aliment qət edildikdən sonra ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artmasını nəzərə alaraq, hesab edir ki, iddia təmin olunmalı, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 26 fevral 2018-ci il tarixli, 2(044)-774/2018 saylı qətnaməsi ilə tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq, mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 50 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 26 fevral 2018-ci il tarixli, 2(044)- 774/2018 saylı qətnaməsi ilə uşağın saxlanması üçün tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 15 aprel 2017-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq, mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar