Məhkəmə qərarları › İş №2(125)-149/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-149/2024

10.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-149/2024 10.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Maksim oğlu və Cavabdeh2 qarşı “mənzilə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Maksim oğlu və Cavabdeh2 qarşı “mənzilə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 6-də yaşayan cavabdehlər Cavabdeh1 Maksim oğlu, Cavabdeh2 tərəfindən onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilinə su axıtma nəticəsində 5500 manat dəyərində vurulmuş zərərin əvəzinin ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzili alqı-satqı müqaviləsi ilə almış, AR ƏMDK DƏDRX-nin 3 saylı Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarış verilərək onun mənzilə tam mülkiyyət hüququ tanınmışdır. Həmin mənzil dördmərtəbəli binanın 3-cü mərtəbəsində yerləşir, 2 otaqdan, ümumi sahəsi 53,6 kvadratmetrdən, yaşayış sahəsi 29,4 kvadratmetrdən ibarətdir. 18 iyun 2023-cü il tarixdə oğlu Əlini kənddən göndərmişdir ki, şəhərdəki evə baş çəksin, yoxlasın. Oğlu mənzili su basdığını dedikdə o, əri ilə gedib mənzilə daxil olanda evin koridorunun, tualetinin, hamamının və qonaq otağının divarlarında və tavanında suyun axması nəticəsində divar kağızlarının tökülməsini, tavanın çatlayaraq tökülməsini, tualet və hamamın divarlarından kafellərinin qabarmasının şahidi olmuşlar. Otaqda olan xalça saralmış, yataqda olan yorğan-döşək dəymiş suyun nəticəsində saralmış, həmin görüntü diskə köçürülmüşdür. Cavabdehə onun tərəfindən vurulmuş zərəri bildirən də “Mən heç bir zərəri ödəməyəcəyəm, nə bilirsinizsə edin”-cavabı almışlar. Gəncə şəhəri Mənzil-İstismar sahəsinin rəisi Mirhəsən Seyidov komissiya yaradaraq, mənzilə baxış keçirmiş akt tərtib etmişdir. Mənzilə vurulmuş zərərin miqdarı tikinti-texniki ekspertiza keçirilərək dəqiq müəyyən edilməlidir. Mənzilin su basmasından sonrakı vəziyyətinin görüntülərini də diskə köçürmüşdür. Hesablamalara görə mənzilə vurulmuş zərərin həcmi 5500 manat dəyərindədir və vurulmuş zərər cavabdehlər tərəfindən ödənilməlidir, məhz buna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan sonra İddiaçı nümayəndəsi (vəkil) Vəkil “iddia tələbinin artırılması” barədə ərizə verərək, müstəqil mütəxəssis hesablama nəticəsində mənzilə və ev əşyalarına vurulmuş real zərər 9000 manat olduğu müəyyən edilmişdir. İddia tələbinin həcmini artıraraq cavabdehlərdən vurulmuş zərərin həcmi 9000 manat müəyyən edilərək müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Vəkil iddia tələbinin həcminin artırılması hissəsi nəzərə alınmaqla, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, ona məxsus olan ünvan 3 ünvanını digər Cavabdeh1 şifahi qaydada almışdır. Həmin ev dövlət mülkiyyətindədir. Təxminən 15 ilə yaxın müddətdir ki, ünvan 3-də yaşayır. Evin hamam nahiyəsində kafel örtüyünün altında yerləşən boru xətlərində nasazlıq olduğundan İddiaçı məxsus mənzilə ziyan dəymişdir. İddiaçı mənzilinə dəymiş zərərlə bağlı ona məlumat verdikdə o, dəymiş zərəri ödəyəcəyini bildirmişdir. Lakin, iddiaçı onun dediklərinə məhəl qoymadan məhkəmədə iddia qaldırmışdır. Eyni zamanda iddiaçı onun mənzilinə dəyən zərəri həddindən artıq şişirtmişdir. Belə ki, iddiaçının evinə dəyən zərər 1500 manat məbləğindədir. Ona görə də o, iddiaçıya dəyən zərərə görə 1500 manat ödəyəcəkdir. Bundan başqa iddiaçıya məxsus mənzilə ziyan dəysə də orada olan əşyalara ziyan dəyməmişdir. Odur ki, iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, digər Cavabdeh1 Maksim oğlu məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər Cavabdeh1 Maksim oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehi dinləyərək, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; RX seriyalı, ******* nömrəli, 28 avqust 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********10-05101-093006 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 53,6 kvadratmetr olan mənzil tam pay olmaqla İddiaçı xüsusi mülkiyyətindədir. 20 iyun 2023-cü il tarixli Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə Rayon Mənzil-İstismar Hissəsi 2 nömrəli Mənzil-İstismar Sahəsi tərəfindən verilmiş aktdan görünür ki, imza edənlər sədr 2 saylı Mənzil-İstismar sahəsinin mühəndisi Orxan Ələkbərov, üzvləri 2 saylı Mənzil—İstismar sahəsinin suvaqçısı Elşad Quliyev və 2 saylı Mənzil-İstismar sahəsinin təmirçi-çilingəri Rafiq Məmmədov bu aktı tərtib etmişlər ondan ötrü ki, həqiqətən DOS-7, bina 111, mənzil 9-da yaşayan İddiaçı şikayət ərizəsini yerində yoxlamış və aşağıdakılar aşkar etmişlər: üst mərtəbədə yerləşən 12 saylı mənzildən 9 saylı mənzilə noyabr ayı 2023-cü ildə su axıdılması nəticəsində mənzilə aşağıdakı maddi ziyan vurulmuşdur: yataq otağı 4x4 1. otaq 10 rulon 2. yağlı boya 5 kg 3. paduqa 16 metr

4. yaxmac 10 kisə. Dəhliz 4,30 x 2,30 1. Divar kağızı 11 rulon 2. yağlı boya 7 kg 3. paduqa 20 metr. 4. Yaxmac 10 kisə . Hamam 2,30 x 1,70 1. kafel 15 m2 2. yağlı boya 3 kg. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə Rayon Mənzil-İstismar Sahəsi 2 nömrəli Mənzil-İstismar Sahəsi tərəfindən ünvan 4 ünvanlanmış 17 iyul 2023-cü il tarixli, 146 nömrəli məktubda bildirilmişdir ki, 107 saylı hərbi şəhərcik bina 111 mənzil 12 – 05 noyabr 1993-cü il tarixdən 666 saylı orderə əsasən gizir Cavabdeh1 Maksim oğluna verilmişdir. Mənzilin sahibi mənzildə yaşamır. Mənzildə 2015-ci ildən mülki şəxs Cavabdeh2 yaşayır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 33-16- 16/2-110/7586 nömrəli, 09 fevral 2024-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 9 saylı mənzilin bir yaşayış otağı, dəhliz, hamam və ayaqyolu tikilisinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, Gəncə şəhəri, Kəpəz rayonu, DOS-107 küçəsində inşa edilmiş, 111 saylı mənzilin 3-cü mərtəbəsində yerləşən 9 saylı mənzilinə, həmin mənzilin üst mərtəbəsində yerləşən 12 saylı mənzildən su axıdıldığı və nəticədə 9 saylı mənzilin yaşayış otağı, dəhliz, hamam və ayaqyolu tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. 12 saylı mənzildə təmirbərpa işləri aparıldığından, 9 saylı mənzilə su sızmasının texniki səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Qeyd olunur ki, su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 9 saylı mənzilə su sızması 12 saylı mənzilin su-kanalizasiya xətlərində yaranmış nasazlıq səbəbindən baş verə bilər. İddiaçı məxsus, Gəncə şəhəri, Kəpəz rayonu, DOS-107 küçəsində inşa edilmiş, 111 saylı binanın 3-cü mərtəbəsində yerləşən 9 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1250 manat məbləğində müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 20 dekabr 2023-cü il tarixli, ƏQ-273/2023 nömrəli “cehiz əşyalarının qiymətləndirilməsi” barədə mütəxəssis rəyindən görünür ki, İddiaçı ilə bağlanmış 19 dekabr 2023-cü il tarixli “Qiymətləndirmə xidmətinin göstərilməsi haqqında” müqaviləyə uyğun olaraq İddiaçı məxsus 6 (altı) sayda müxtəlif növ əşyaların real bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə "xxxx" MMCnin qiymətləndirici-mütəxəssisləri tərəfindən araşdırmalar aparılmışdır. Qiymətləndirmə işi X1 (BQS) və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq aparılmışdır. Aparılan araşdırmalar və təhlillərə əsasən İddiaçı məxsus 6 (altı) sayda müxtəlif növ əşyaların xx.xx.2023-cü il tarixə: real bazar dəyəri 3580 (üç min beş yüz səksən) manat təşkil edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 20 dekabr 2023-cü il tarixli, ƏQ-274/2023 nömrəli “daşınmaz əmlakın qiymətləndirilməsi” barədə mütəxəssis rəyindən görünür ki, İddiaçı ilə bağlanmış 19 dekabr 2023-cü il tarixli “Qiymətləndirmə xidmətinin göstərilməsi haqqında” müqaviləyə uyğun olaraq İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 53,6 kv,m ümumi, 29,4 kv,m yaşayış sahəsindən, 24,2 kv,m yardımçı sahədən ibarət 4 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 2 otaqlı mənzilin əvvəli vəziyyətə gətirilməsi üçün çəkiləcək xərcin usta fəhlə pulu ilə birlikdə ödəniləcək əmək haqqı məbləğinin xərc yanaşması metodu ilə real bazar dəyərinin müəyyən edilməsi məqsədi ilə "xxxx" MMC-nin qiymətləndirici-mütəxəssisləri tərəfindən araşdırmalar aparılmışdır. Qiymətləndirmə işi X1 (BQS) və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq aparılmışdır. Aparılan araşdırmalar və təhlillərə əsasən İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 53,6 kv,m ümumi 29,4 kv,m yaşayış sahəsindən 24,2 kv,m yardımçı sahədən ibarət 4 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 2 otaqlı mənzilin əvvəlki vəziyyətə gətirilməsi üçün çəkiləcək xərcin usta fəhlə pulu ilə birlikdə ödəniləcək əmək haqqı məbləğinin xərc yanaşması metodu ilə xx.xx.2023-cü il tarixə real bazar dəyəri 4978.60 (dörd min doqquz yüz yetmiş səkkiz manat altmış qəpik) manat təşkil edir. Cavabdeh2 hazırki iddiaya dair etiraz ərizəsindən görünür ki İddiaçı məhkəməyə vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi təqdim edərək ondan 5500 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sözügedən iddia ərizəsinə etirazını bildirir. Belə ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi onun mənzilinə 5500 manat dəyərində heç bir ziyan vurmamışdır. Adı gedən mənzildə uzun müddətdir heç kim yaşamır və həmin şəxslərlə heç bir əlaqəsi və görüşü olmamışdır. Hadisə baş verən zaman xx.xx.2023-cü il də o, əməliyyata getmişdir. O, evdə tək yaşayır, yoldaşı rəhmətə getmişdir. O əməliyyatdan qayıdandan sonra İddiaçı ona bildirmişdir ki, evinə ziyan dəymişdir. O, İddiaçı demişdir ki, o təzə əməliyyatdan gəlmişdir və özü yüksək təzyiqdən əziyyət çəkir. O, iddiaçının mənzilinə daxil olanda onun evində ciddi problemlər olmamışdır, sadəcə evin tavanında bir az su izləri idi və o iddiaçıya demişdir ki, “Mən usta çağırım dəymiş ziyanı təmir etdirim” usta isə ona demişdir ki, sənin bura 1500 manat xərcin çıxar lakin iddiaçı bunları qəbul etmədi və ona demişdir ki, “sən evin digər yerlərini də təmir etməlisən” Belə ki, koridorunun, tualetinin, hamamının və qonaq otağının divarlarından və tavanından suyun axması nəticəsində divarlara vurulmuş divar kağızlarının tökülməsini, tavanın çatlayaraq tökülməsini, tualet və hamamın divarlarından kafellərin qabarmasının, hətta divarlardakı cənlənmənin səbəbi o deyildir o ev baxımsız və nəzarətsiz olan evdir. Onlar aylarla evlərinə gəlməmiş və evə nəzarət etməmişlər. İddiaçı israrla ondan çox pul istəyir. İddiaçı bildirir ki, otaqda olan xalça saralıb, cənlənmiş, yataqda olan yorğan-döşəyə dəymiş su nəticəsində saralıb cənlənmişdir və divanın taxtaları da qabarmışdır. Bu aydın məsələdir ki, bu iş bir iki su damcısı ilə olmamışdır. Ev nəzarətsiz qaldığından belə olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 27 may 2024-cü il tarixli, 3-71-3-33/2-5232/2024 nömrəli “daşınmaz əmlaka dair məlumatın və hüquqmüəyyənedici sənədlərin məhkəməyə göndərilməsi” barədə məktubunda 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına istinadən, Gəncə şəhəri, DOS-107, ev 111 ünvanında yerləşən 12 saylı mənzil özəlləşmədiyi üçün məktubun icrasını təmin etməyin mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə Rayon Mənzil-İstismar Hissəsi 2 nömrəli Mənzil-İstismar sahəsi tərəfindən verilmiş 08 may 2024-cü il tarixli, 86 nömrəli arayışından görünür ki, Cavabdeh2 DOS-107, bina 111, mənzil 12-də qohumunun mənzilində yaşayır və qeydiyyatdadır. Beləliklə məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları bundan ibarətdir ki, İddiaçı yaşadığı və ona məxsus olan ünvan 1 ünvanının üstündə yaşayan Cavabdeh2 məxsus Gəncə şəhəri, DOS-107, bina 111, 12 nömrəli mənzildən su axıdılmış, nəticədə həmin evə maddi ziyan dəymişdir. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə Rayon Mənzil-İstismar Hissəsi 2 nömrəli Mənzil-İstismar Sahəsi tərəfindən 20 iyun 2023-cü il tarixli akt tərtib olunmuşdur. Mübahisənin düzgün və hərtərəfli araşdırılması üçün Gəncə Şəhər Məhkəməsinin 2(125)-5373/2023 nömrəli, 07 sentyabr 2023-cü il tarixli qərardadı ilə məhkəmə mühəndis-tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 33-16-16/2-110/7586 nömrəli, 09 fevral 2024-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyində 9 saylı mənzilin bir yaşayış otağı, dəhliz, hamam və ayaqyolu tikilisinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, Gəncə şəhəri, Kəpəz rayonu, DOS-107 küçəsində inşa edilmiş, 111 saylı mənzilin 3-cü mərtəbəsində yerləşən 9 saylı mənzilinə, həmin mənzilin üst mərtəbəsində yerləşən 12 saylı mənzildən su axıdıldığı və nəticədə 9 saylı mənzilin yaşayış otağı, dəhliz, hamam və ayaqyolu tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. 12 saylı mənzildə təmir-bərpa işləri aparıldığından, 9 saylı mənzilə su sızmasının texniki səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Qeyd olunur ki, su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 9 saylı mənzilə su sızması 12 saylı mənzilin sukanalizasiya xətlərində yaranmış nasazlıq səbəbindən baş verə bilər. İddiaçı məxsus, Gəncə şəhəri, Kəpəz rayonu, DOS-107 küçəsində inşa edilmiş, 111 saylı binanın 3-cü mərtəbəsində yerləşən 9 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1250 manat məbləğində müəyyən olunmuşdur. Cavabdeh2 ona məxsus mənzili yararsız vəziyyətdə saxlamaqla alt qonşulara mənzilindən suyun axıdılmasına əhəmiyyət verməmiş, nəticədə iddiaçıya ziyan dəymişdir. Cavabdeh2 iddia tələbini qismən qəbul etdiyini, iddiaçıya məxsus mənzilə 1500 manat ziyan vurduğunu bildirərək, həmin məbləğin ondan tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən olundu ki, ünvan 6 ünvanı dövlət mülkiyyətində olmaqla özəlləşməmişdir. Həmin mənzildə Cavabdeh1 Maksim oğlu əvvəllər yaşasa da 15 ildən artıqdır ki, yaşamır və həmin evdə uzun müddətdir ki, faktiki olaraq Cavabdeh2 yaşayır. İddiaçıya məxsus mənzilə isə Cavabdeh2 ünvan 6-də yaşadığı dövrdə su axıdılmışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında olan mübahisə ilə bağlı iddia tələbinin qanuni əsasını delik təşkil etdiyindən bununla bağlı Mülki qanunvericiliyin normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsinin idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.3-cü maddəsinin tələblərinə görə, yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində müəyyən edilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin, qanunla və ya müqavilədə daha az miqdarda ödənilməsi nəzərdə tutulmadıqda, tam ödənilməsini tələb edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə ilk olaraq iddianın mənzilə və ev əşyalarına vurulmuş maddi zərər hissəsinə qiymət verərək qeyd edir ki, iddiaçı ona məxsus mənzildə yerləşən əşyalara zərər dəyməsini əsas gətirərək əşyalara dəyən zərərin məbləğini tələb etsə də məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, İddiaçı mənzilində yerləşən əşyalara zərər dəyməsi barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, yalnız mənzilində olan əşyaların dəyəri barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 20 dekabr 2023-cü il tarixli, ƏQ-273/2023 nömrəli “cehiz əşyalarının qiymətləndirilməsi” barədə mütəxəssis rəyi almışdır. Başqa sözlə iddiaçıya məxsus mənzildə su sızması zamanı ona məxsus olan əşyaların tamamilə yarasız hala düşməsi barədə əşyaların real görüntülərini əks etdirən sübutları məhkəməyə təqdim etməmişdir. İş materiallarında əşyalara zərər dəyməsi barədə sübut olmamaqla yanaşı, sözügedən mütəxəssis rəyinə əlavə edilmiş fotoşəkillərdən də əşyaların yararsız vəziyyətdə olması aydın görünmür. Məhkəmə daha sonra gəldiyi qənaətlə bağlı qeyd edir ki, iddia tələbi Cavabdeh1 Maksim oğluna aid hissədə təmin edilməməlidir. Belə ki, İddiaçı məxsus ünvan 1 ünvanına ünvan 7ır. Lakin, su axmasına səbəb olmuş mənzildə Cavabdeh1 yaşaması və onun təqsiri ucbatından iddiaçıya zərər vurulması iş materialları, habelə iş üzrə Cavabdeh2 izahatı ilə də sübut olunmur. Əksinə Cavabdeh2 məhkəmə iclasında Gəncə şəhəri, DOS-107, bina 111, 12 nömrəli mənzili Cavabdeh1 aldığını bildirmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə Rayon Mənzil-İstismar Sahəsi 2 nömrəli Mənzil-İstismar Sahəsi tərəfindən ünvan 4 ünvanlanmış 17 iyul 2023-cü il tarixli, 146 nömrəli məktubda 107 saylı hərbi şəhərcik bina 111 mənzil 12 – 05 noyabr 1993-cü il tarixdən 666 saylı orderə əsasən gizir Cavabdeh1 Maksim oğluna verildiyi, mənzilin sahibinin mənzildə yaşamadığı, mənzildə 2015-ci ildən mülki şəxs Cavabdeh2 yaşadığı, o cümlədən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə Rayon Mənzil-İstismar Hissəsi 2 nömrəli Mənzil-İstismar sahəsi tərəfindən verilmiş 08 may 2024-cü il tarixli, 86 nömrəli arayışında da Cavabdeh2 DOS-107, bina 111, mənzil 12-də qohumunun mənzilində yaşadığı və qeydiyyatda olduğu bildirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı mənzilinə vurulmuş zərərin məbləğinin cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etsə də, Cavabdeh1 iddiaçıya məxsus mənzilə zərər vurması, həmin mənzildə yaşaması, onun təqsiri olması sübut olunmadığından iddia tələbi ona münasibətdə təmin edilməməlidir. Məhkəmə nəhayət iddiaçının mənzilinə vurulmuş maddi zərərin məbləğinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 33-16-16/2-110/7586 nömrəli, 09 fevral 2024-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyində Gəncə şəhəri, Kəpəz rayonu, DOS-107 küçəsində inşa edilmiş, 111 saylı binanın 3-cü mərtəbəsində yerləşən 9 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1250 manat məbləğində müəyyən olunmuşdur. Lakin, Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında, habelə məhkəməyə göndərdiyi etiraz ərizəsində iddiaçıya məxsus mənzilə dəymiş zərəri 1500 manat məbləğində qiymətləndirdiyini və həmin məbləği iddiaçıya ödəyəcəyini bildirməklə iddia tələbini qismən qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Bu baxımdan iddiaçının mənzilinə vurulmuş zərərin məbləğini müəyyən edərkən məhkəmə cavabdehin özünün ödəməyə razı olduğunu məbləği (iddianı etiraf etdiyi hissədə) əsas götürür və hesab edir ki, iddiaçının mənzilinə dəymiş zərərin məbləği 1500 (bir min beş yüz) manat həddində müəyyən olunmalıdır. Məhkəmə iş üzrə iddiaçıya məxsus mənzilə su axıdılma nəticəsində dəyən ziyanın məbləğinə dair iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi mütəxəssis rəyinə də münasibət bildirərək hesab edir ki, həmin rəy daha mötəbər olan məhkəmə ekspertiza mərkəzi tərəfindən verilmiş rəylə müqayisədə ziddiyyətli olmaqla, şişirdilmiş məbləği əhatə etdiyindən qətnamə çıxarılan zaman sübut kimi nəzərə alınmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 75 (yetmiş beş) manat dövlət rüsumunun 35 (otuz beş) manatı cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə mühəndis-tikinti-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manat Cavabdeh2 tutularaq, X2 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 vurulmuş maddi ziyana görə 1500 (bir min beş yüz) manat və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun 35 (otuz beş) manatı tutulub İddiaçı ödənilsin. İddia tələbi Cavabdeh1 Maksim oğluna münasibətdə və dəymiş ziyana dair qalan hissədə təmin edilməsin. Məhkəmə xərci qismində iş üzrə keçirilmiş məhkəmə mühəndis-tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh2 tutularaq, X2 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülsün. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar