Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1498/2023 02.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14032 manat pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə tərəflər xx.xx.2008-ci il tarixdən rəsmi nikahda olmuşlar. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-390/2019 nömrəli, 27 may 2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan anadan olmuş uşaqların hər ikisi Cavabdeh yanında saxlanmışlar. Tərəflər birgə nikahda olduqları dövrdə, xx.xx.2013-cü il tarixli, 412 nömrəli alğı-satqı və ipoteka müqaviləsinə əsasən Gəncə şəhəri, ünvan 1 ünvanda yerləşən bağ evini 6500 manat ilkin ödəniş etməklə İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış K/M 412 nömrəli, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə sonuncuya verilmiş 36500 manat kredit vəsaiti hesabına almışlar. Belə ki, həmin alğı-satqı və ipoteka müqaviləsinə əsasən satıcı X1 mülkiyyətində olan yuxarıda qeyd edilən əmlakı İddiaçı 43000 manata satmış, mənzilin dəyərinin 6500 manatı ipoteka qoyanın özü tərəfindən, 36500 manatı isə kreditor ipoteka saxlayan tərəfindən xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən ipotekaqoyana verilmiş kredit vəsaiti hesabına ödənilməsi, kreditin illik faiz dərəcəsi 4 faiz olmaqla son ödəmə tarixi xx.xx.2043-cü il tarixədək müəyyənləşdirilmişdir. Sözügedən bağ evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına rəsmi reyestrdə qeydə alınmış və bu barədə “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçı həmin bağ evini xx.xx.2013-cü ildən xx.xx.2043-cü il tarixədək, xx.xx.2013-cü il tarixli, K/M 412 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC qarşısında ipoteka ilə yüklü etmiş, bu barədə dövlət reyestrindən müvafiq RX Seriyalı ******* nömrəli çıxarış verilmişdir. Bundan sonra, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3176/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnəməsi ilə Cavabdeh iddia tələbi təmin edilmiş, Gəncə şəhəri 3 saylı notariat ofisi tərəfindən xx.xx.2013-cü il tarixdə 4Ə-510 reyestr nömrə ilə təsdiq edilmiş alqı-satqı, ipoteka müqaviləsi üzrə tərəflərin birgə nikah dövründə əldə etdikləri Gəncə şəhəri, Şıxəli Qurbanov adına bağçılıq yoldaşlıq birliyi sahə 46 ünvanında yerləşən bağ evindən 1/2 hissədə Cavabdeh və 1/2 hissədə İddiaçı payları müəyyən edilmiş, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli K/M 412 saylı kredit müqaviləsi üzrə Cavabdeh ilə İddiaçı arasında olan nikahlarının pozulduğu xx.xx.2019-cu il tarixdən kredit müqaviləsinin bitdiyi dövrədək ödəniş qrafikinə əsasən hər ay ödənilməli olan borc məbləğinin 1/2 hissəsi Cavabdeh aid edilmiş və onun tərəfindən hər ay İddiaçı ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1092/2022 nömrəli, 11 may 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-3176/2021 nömrəli qətnaməsi “İddiaçı ilə “Gəncə Bank ASC” arasında bağlanmış xx.xx.2013-cü il tarixli K/M 412 saylı kredit müqaviləsi üzrə Cavabdeh ilə İddiaçı arasında olan nikahlarının pozulduğu xx.xx.2019-cu il tarixdən kredit müqaviləsinin bitdiyi dövrədək ödəniş qrafikinə əsasən hər ay ödənilməli olan borc məbləğin 1/2 hissəsinin Cavabdeh aid edilməsi və onun tərəfindən hər ay İddiaçı ödənilməsi” hissəsində ləğv olunmuş, həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla xx.xx.2013-cü il tarixli kredit müqaviləsi əsasında yaranmış öhdəlik Cavabdeh və İddiaçı ümumi borcu hesab edilməklə onların hər birinin payına uyğun olaraq məyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, birgə nikah dövrunə aid olan kredit borcu üzrə yaranmış borc məhkəmə qətnaməsi ilə birgə borc sayıldığından hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinə görə iddiaçı hərbi qulluqçu olmuş və hərbi xidmət vəzifələrini yerinə yetirərkən hərbi travma almışdır. Bununla bağlı təxris olmuş və hərbi həkim komissiyasının 139 nömrəli xəstəlik haqqında şəhadətnamə ilə sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı qərara alınmış və ona 2 dərəcə əlillik təyin edilmişdir. “Başak İnam Sığorta” tərəfindən ona 10.950 manat sığorta pulu ödənilmiş və həmin vəsait sonra bank vasitəsilə kredit müqaviləsi üzrə ümumi borca silinmişdir. İddia ərizəsində göstərilmişdir ki, göründüyü kimi, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi əsasında həmin tarixdən İddiaçı tərəfindən banka ödənilmiş ilkin ödəniş (yəni 6500 manat), İddiaçı 10.950 manat sığorta tərəfindən pulu ödənilmiş, həmin məbləğdə ipoteka olan kreditə silinmişdir və ödənilmiş kredit müqaviləsinə əlavə edilmiş cədvəl üzrə ödənişlərin yarısı, yəni xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixə qədər (10614 manat) həmin məbləğlərin yarısı cavabdehdən tutulmalıdır. Cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, cavabdeh 2013-cü ilin avqust ayında sözügedən evi sabiq əri olan iddiaçı ilə birgə nikah dövründə almışlar və birgə nikahdan olan uşaqları ilə birlikdə 2013-cü ildən xx.xx.2018-ci il tarixə kimi həmin evdə yaşamışlar. İddiaçı 2018-ci ilin oktaybr ayının 14-də həmin evi X2 17.000 manata notarial qaydada vermişdir. İddiaçı 17.000 manat pulu aldıqdan sonra, mətbəx mebelinə görə cavabdehə 1000 manat verərək onu iki uşaqları ilə birlikdə evdən çıxartmışdır. Evin satılması üçün notariat kontorunda verdiyi razılıq ərizəsini cavabdeh xx.xx.2018-ci il tarixdə gedib ləğv etdirmişdir. Birgə nikah dövründə aldıqları evin tərəflər arasında 1/2 hissədə bölünməsi və 1/2 hissədə ipoteka öhdəliyi barədə qüvvəsini almış məhkəmə qətnaməsi var. Cavabdeh evini tələb etdiyi üçün, iddiaçı cavabdehə qarşı məhkəmələrdə müxtəlif iddialar qaldıraraq ondan pul tələb edir. Hətta, iddiaçı evi satdığı X3 ilə birləşərək məhkəmədə cavabdehə qarşı evin təmir edilməsinə çəkilən 38.000 manat xərcin və ödənilmiş 205 manat dövlət rüsumunun tutulması barədə iddia qaldırıbdır. Gəncə Apellyasiya Məhkəməsində mülki iş üzrə ekspertiza təyin edilibdir. “Başak İnam Sığorta” şirkəti tərəfindən ödənilən 10.950 manat sığorta pulu və evin ilkin ödənişinə görə 6500 manat pul birgə nikah dövrünə aiddir. İddiaçının bu cür iddialar yazaraq məhkəmələrə müraciət etməsi əsasızdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə qarşı etirazın dəlillərini müdafiə edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının, cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Məcəllənin 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ərarvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ərarvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından və qanunvericiliyin tələbi baxımından məhkəmə qeyd edir ki, iş üzrə tərəflərin qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu ödədiyi halda hazırki iddiaçının həmin məbləğin yarısını cavabdehdən tələb etmək hüququ var. Belə ki, qanunvericiliyin tələbindən də göründüyü kimi, ər-arvad ümumi öhdəlikləri üzrə birgə borclu olduqlarından kreditor qarşısında da birgə məsuliyyət daşıyırlar. Lakin məhkəmə qeyd edir ki, hazırki tələbində iddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixə qədər sözügedən ev üzrə onun tərəfindən banka ödənilmiş pul məbləğini və banka olan borca yönəltdiyi, ona verilən sığorta haqqını tərəflərin birgə öhdəliyi hesab etmiş, həmin öhdəliyin yarısını cavabdehdən tələb etmişdir ki, onun bu tələbi təmin edilə bilməz. Ona görə ki, həmin dövrdə tərəflər birgə nikahda olmuşlar və təsərrüfatı birgə idarə etmişlər. Qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də həmin ipoteka predmeti olan ev üzrə tərəflərin birgə nikahı dövründə ödənilmiş məbləğlər tərəflərin hər ikisinin birgə qazancı hesab edilmişdir. Digər tərəfdən, qeyd edilməlidir ki, iddiaçının özünə aid sığorta haqqını birgə nikah dövründəki borca yönəltməsi cavabdehdə hər hansı öhdəlik yaratmır. Başqa sözlə, iddiaçının tələbi və bu tələbi üzrə təqdim etdiyi sübutlar cavabdehin sözügedən məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş öhdəliyini əhatə etmir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmiş öhdəliyinin iddiaçı tərəfindən icra edilməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunmadığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-1498/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1498/2023
02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver