Məhkəmə qərarları › İş №2(125)-1499/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1499/2023

14.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1499/2023 14.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsinin satılması vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Sevinc qəsəbəsi, məhəllə V-1-də yerləşən 0,045 hektar torpaq sahəsinin 10.000 manat məbləğində pul vəsaitinə iddiaçıya satılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Sevinc qəsəbəsi, məhəllə V-1-də yerləşən 0,045 hektar torpaq sahəsinin onun tərəfindən zəbt edilmiş 346,40 kvadrat metr hissəsinin hasarı və onun tərəfindən tikilmiş 162,83 kvadrat metr fərdi yaşayış evinin həmin hissədə 36,64 kvadrat metr hissəsinin, habelə X2 tərəfindən zəbt edilmiş 48,57 kvadrat metr hissəsinin hasarının sökülməsi və torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-67/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Qeyd olunan qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin olunmamışdır. Məhkəmə qətnaməsi ilə sökülməsi nəzərdə tutulan ev onun tərəfindən 2014-cü ildə tikilmişdir. Həmin evin tikintisinə başlayarkən o, həmin ərazinin onun torpaq sahəsinin daxilində olduğunu zənn etmişdir. Tikinti uzun müddət davam etmiş, hətta cavabdehin dediyinə görə evin bünövrəsi tökülən zaman oraya gəlmiş və tikinti işlərinin öz ərazisində aparıldığını bilmişdir. O, ailəsi ilə birlikdə 2015-ci il tarixdən həmin evdə yaşayır və onun başqa yaşayış yeri yoxdur. Buna görə də o, cavabdehə mülkiyyətində olan, lakin onun tərəfindən tikinti işləri aparılan torpaq sahəsinin 10.000 manat məbləğinə satılmasını təklif etmişdir. Halbuki, qeyd olunan torpaq sahəsinin real bazar dəyəri 5.000 manatdır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə iddianı qəbul etməyərək, izahatında bildirdi ki, o, hazırda Rusiya Federasiyası vətəndaşıdır. Azərbaycan Respublikası vətəndaşı olduğu vaxt, yəni 2012-ci il tarixdə o, fərdi yaşayış evi tikdirmək üçün Gəncə şəhəri, Sevinc qəsəbəsində, məhəllə V-1-də 0,045 hektar torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinin onun mülkiyyətində olması Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla, eyni tarixli **********71 nömrəli torpaq sahəsinin planı və ölçüsünə aid sənədlərlə təsdiq edilmişdir. Həmin vaxt fərdi yaşayış evi tikmək üçün vəsaiti olmadığına görə o, bir neçə il Rusiya Federasiyasına gedib orada işləmiş və bir qədər vəsait əldə etdikdən sonra Gəncə şəhərinə qayıdıb ev tikdirmək istərkən ona məxsus olan torpaq sahəsinin 0,0058 hektar hissəsinin İddiaçı və X2 tərəfindən zəbt edilərək, tikinti işləri aparıldığını müəyyən etmişdir. Buna görə də o, zəbt edilmiş torpaq sahəsinin qaytarılması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2(043)- 67/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş və onun mülkiyyətində olan Gəncə şəhəri, Sevinc qəsəbəsi, məhəllə V-1-də yerləşən 0,045 hektar torpaq sahəsinin İddiaçı tərəfindən zəbt edilmiş 346,4 kvadrat metr hissəsinin hasarı və həmin şəxs tərəfindən tikilmiş 162,83 kvadrat metr tikilinin həmin hissədə yerləşən 36,64 kvadrat metr hissəsi, habelə X2 tərəfindən zəbt edilmiş 48,57 kvadrat metr hissəsinin hasarının İddiaçı və İ.E.Abdıyevin hesabına sökülməsi və torpaq sahəsinin zəbtdən azad edilməsi qət edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-67/2021 nömrəli qətnaməsindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin olunmamış, həmin məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-67/2021 nömrəli qətnaməsindən icrasından yayınmaq məqsədi ilə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin mübahisəli torpaq sahəsi onun mülkiyyətindədir və onun həmin torpaq sahəsini başqa şəxsə satmaq fikri yoxdur. Onun mülkiyyətindən iradəsi əleyhinə mərhum edilməsi isə qanunun tələbinə ziddir. Buna görə də İddiaçı iddiası əsassızdır. Sonda Cavabdeh iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, işdə olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(043)-67/2021 nömrəli qətnaməsindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi, məhəllə V-1-də olan 0,045 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə qeydiyyat aparılmışdır. Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Sevinc qəsəbəsi məhəllə V-1-də yerləşən 0,045 ha torpaq sahəsinin – İddiaçı tərəfindən zəbt edilmiş 346,40 kv.m hissəsinin hasarı və onun tərəfindən tikilmiş 162,83 kv.m tikilinin (evin) həmin hissədə yerləşən 36,64 kv.m hissəsinin; habelə cavabdeh X2 tərəfindən zəbt edilmiş 48,57 kv.m hissəsinin hasarının – İddiaçı və X1 hesabına sökülməsi və torpaq sahəsinin zəbtdən azad edilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 8(104)-12/2023 nömrəli qərardadından görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(043)-67/2021 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 sentyabr 2021-ci il tarixli 2(104)-2807/2021 nömrəli qətnaməsi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 sentyabr 2021-ci il tarixli 2(104)-2807/2021 nömrəli qətnaməsindən kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 sentyabr 2022-ci il tarixli 2(102)-3856/2022 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi, məhəllə V-1-də olan 0,045 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə qeydiyyat aparılmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(043)- 67/2021 nömrəli qətnaməsi ilə Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Sevinc qəsəbəsi məhəllə V-1-də yerləşən 0,045 ha torpaq sahəsinin – İddiaçı tərəfindən zəbt edilmiş 346,40 kv.m hissəsinin hasarının və onun tərəfindən tikilmiş 162,83 kv.m tikilinin (evin) həmin hissədə yerləşən 36,64 kv.m hissəsinin; habelə cavabdeh X2 tərəfindən zəbt edilmiş 48,57 kv.m hissəsinin hasarının – İddiaçı və X1 hesabına sökülməsi və torpaq sahəsinin zəbtdən azad edilməsi qət edilmişdir. Həmin məhkəmə qətnaməsindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 sentyabr 2021ci il tarixli 2(104)-2807/2021 nömrəli qətnaməsi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 sentyabr 2021-ci il tarixli 2(104)-2807/2021 nömrəli qətnaməsindən kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 sentyabr 2022-ci il tarixli 2(102)-3856/2022 nömrəli qətnaməsi ilə təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2, 6.1.4 və 6.1.5-ci maddəsinə görə mülki dövriyyə subyektlərinin iradə sərbəstliyi, mülkiyyətin toxunulmazlığı və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsb əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 153.3-cü maddəsinə görə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə görə dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə aparılır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Məhkəmə mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, mülki hüquq münasibətlərinin subyektlərinin hüquqi statusu müəyyənləşdirilərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanaraq, hesab edir ki, İddiaçı Cavabdeh qarşı iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Sevinc qəsəbəsi, məhəllə V-1-də yerləşən 0,045 hektar torpaq sahəsinin 10.000 manat məbləğində pul vəsaitinə iddiaçıya satılması barədə iddiası təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia rədd edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Sevinc qəsəbəsi, məhəllə V-1-də yerləşən 0,045 hektar torpaq sahəsinin 10.000 manat məbləğində pul vəsaitinə iddiaçıya satılması barədə iddiası rədd edilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar