Məhkəmə qərarları › İş №2(125)-1508/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1508/2022

29.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1508/2022 29.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh1 və , Cavabdeh2n dan müştərək qaydada 17 dekabr 2019-cu il tarixli, kredit müqaviləsi üzrə banka 882,03 AZN əsas borc, 2,49 AZN faiz borcu və 4,34 AZN cərimə borcu olmaqla, cəmi 888,86 AZN borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq, "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 17 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 1 faizlə 60 ay müddətinə 1298,73 AZN kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 17 dekabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır.29 iyul 2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 17 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 882,03 AZN əsas borc, 2,49 AZN faiz borc, 4,34 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 888,86 AZN borcu vardır.Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehlərə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 17 dekabr 2019-cu il tarixli, kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə illik 1 faiz dərəcəsi ilə 60 ay müddətinə 1298,73 manat məbləğində borc vermişdir. İş materiallarında olan 29 iyul 2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin İddiaçı ASC-yə əsas borc üzrə 882,03 manat, faiz borcu üzrə 2,49 manat, cərimə borcu üzrə 4,34 manat olmaqla, cəmi 888,86 (səkkiz yüz səksən səkkiz manat səksən altı qəpik) manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli,bildirişdən görünür ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməyəcəyi təqdirdə qanunamüvafiq tədbirlərin görülməsi barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə olunmuş iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 17 dekabr 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin borcalan Cavabdeh1 tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cu maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. Kreditin təminat olaraq zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən alınan kredit məbləğini ona hesablanmış faizləri ilə birlikdə borc alan tərəfindən dövrü olaraq kreditora qaytarmalıdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Kreditor tərəfindən müqavilənin şərtlərinə uyğun əsas borc məbləğinə faiz borcu hesablamışdır. Buna görə də məhkəmə əsas və faiz borcunun tamamını cavabdehlərdən tutulmasını əsaslı hesab edir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının digər cavabdehə (zaminə) münasibətdə də tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında hımin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissəicra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2–ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlərdən müştərək qaydada əsas borc məbləği üzrə 882,03 manat, faiz borcuna görə 2,49 manat və cərimə borcuna görə 4,34 manat olmaqla, cəmi 888,86 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 manat dövlət rüsumundan ibarətdir. Buna görə də 30 manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc məbləği üzrə 882,03 manat, faiz borcuna görə 2,49 manat və cərimə borcuna görə 4,34 manat olmaqla, cəmi 888,86 (səkkiz yüz səksən səkkiz manat səksən altı qəpik) manat borc məbləği və 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar