Məhkəmə qərarları › İş №2(125)-1513/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1513/2023

03.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1513/2023 03.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı «borcun abonent hesabından silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı «borcun abonent hesabından silinməsi» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qəbul olunmuş ******* saylı aktın etibarsız hesab edilməsi, həmin akt əsasında hesablanmış 2108 manat borcun abonent hesabından silinməsi və 64,67 manat sayğaca görə ödəmiş olduğu pulun “Azəriqaz” İstehsalat Birliyindən alınaraq ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən qaz sayğacına baxış keçirilmişdir. Qaz sayğacına baxış keçirilən zaman ******* saylı təbii X1nın pozulması haqqında akt tərtib edilmişdir. Həmin akta əsasən bildirilmişdir ki, sayğacın yuxarı plastmas borusu deşilmişdir. Daha sonra qaz sayğacının çıxarılması, dəyişdirilməsi, quraşdırılması və istismarı haqqında xx.xx.2022-ci il tarixində 01867559 saylı bir akt, xx.xx.2022-ci il tarixdə isə ******* saylı bir akt tərtib edilmişdir. Bundan əlavə ona qaz sayğacının quraşdırılmasına görə 64,67 manat əlavə olaraq pul tutulmuşdur. Bu halda öz növbəsində qanunsuzdur. Çünki sayğaca görə ödənilməli olan pul məbləğinin miqdarı hər hansı bir normativv hüquqi aktlarda göstərilməmişdir. Digər bir əsas məqam isə qaz sayğacının həyətdə deyil, kənarda hasara bərkidilmiş olmasıdır. Bütün bu göstərilənlər qəbul olunmuş bu aktı qanunsuz, əsassız və qeyri-obyektiv olmasına dəlalət edir. Əvvəla sayğacda hər hansı bir maneə olsaydı bu hal açıq surətdə adi gözlə özünü büruzə verərdi. Bunu isə hər ay sayğaca baxış keçirən Azəriqaz əməkdaşları bilərdilər. Sayğac tam qaydasındadır, elektron göstərici ilə mexaniki göstərici arasında fərqliliklər yoxdur, yivli birləşmələr normal vəziyyətdədir, ən əsas məqam isə sayğacın plombu yerindədir. Plombul rəngində və vizual görünüşlə müəyyən edilən əlamətləri də normaldır. Sayğacın metologiya yuvasında zədəli olmasının qeydə alınması da əsassızdır. Sayğac hesablama mexanizmindən keçən qazın həcmini tam qeyd edir. Eyni zamanda qeyri-qanuni şəkildə çəkilən əlavə qaz xətləri aşkar olunmamışdır. Ödənişlərini vaxtı-vaxtında edir, birdən bu qədər pulun hesablanması qanunsuzdur. İddia ərizəsinə əlavə etdiyi ödəniş saldosundan bunu açıq şəkildə görmək olar. İşin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə verərək, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş akt əsasında hesablanmış 2108 manat borcun abonent hesabından silinməsi və 64,67 manat sayğaca görə ödəmiş olduğu pulun “Azəriqaz” İstehsalat Birliyindən alınaraq ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, 10 fevral 2022-ci il tarixli aktdan görünür ki, “İtron” tipli, C-4 markalı sayğacın çıxarılma səbəbi dövrü yoxlama vaxtının bitdiyi, “Zenner” tipli, G-4 markalı sayğacın quraşdırılma səbəbi kimi isə əvəzləmə göstərilmişdir. “Təbii X1nın pozulması haqqında” 26 sentyabr 2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, TQQ və SX-nin rəisi Avazov Müseyib, mühəndis isgəndərov Vüsal, çilingər Aslanov Elnur tərəfindən akt tərtib edilmişdir ondan ötrü ki, istehlakçıya məxsus qeyri yaşayış (yaşayış) sahəsində xx.xx.2022-ci il tarixində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və aşağıdakılar müəyyən olunmuşdur: MSK-29/1710-025/7-1 sayğaca baxış keçirilmişdir. Sayğacın çıxış plastmas borusu deşilmişdir. Dəymiş ziyanın hesablanması və abonent tərəfindən ödənilməsi tələb edilmişdir. Həmin aktda isə istehlakçı İddiaçı imzası yoxdur. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, 26 oktyabr 2022-ci il tarixli aktdan görünür ki, “”Zenner” tipli, G-4 markalı sayğacın çıxarılma səbəbi növbədənkənar dövlət yoxlaması, quraşdırılma səbəbi kimi isə əvəzləmə göstərilmişdir. Qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmişdir. Quraşdılan qaz sayğacı texniki qaydalara cavab verir. Qaz sayğacı abonentə təhvil verilmişdir. Digər qeyd olaraq göstərici ekranın alt hissəsinin deşilməsi göstərilmişdir. Fotoşəkillərdən görünür ki, “Zenner” tipli, G4-T markalı, STS**********222 nömrəli qaz sayğacı iddiaçıya məxsus fərdi yaşayış evinin xaricində, yəni küçədə yerləşir. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəsini aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. “X1”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 3.1.5-ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. “X1”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimləsi barədə” 28 noyabr 2016-cı il tarixli, 18 nömrəli qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 4.1.1-ci sətirində əhali kateqoriyasına aid istehlakçılar üçün illik istehlak həcmi, yəni təbii qazın bir təqvim ili ərzində istehlak həcmi 1700 m3-dək (1700 m3 daxil) olan hissəsi üçün dəyəri 100,0, (ƏDV ilə, manat/min m3), 4.1.2-ci sətirində 1700 m3-dən çox olan hissəsi üçün dəyəri 200,0 (ƏDV ilə, manat/min m3) müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər İddiaçı faktiki yaşadığı ünvan 2 ünvanında quraşdırılan qaz sayğacının çıxış plastmas borusunun deşilməsi ilə əlaqədar “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən iddiaçının sayğaca müdaxilə etməsini mübahisələndirilmiş və hesab edilmişdir ki, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi 26 sentyabr 2022-ci il tarixli, ******* nömrəli aktı tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi isə məhkəmə iclasında iştirak etmədiyindən iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi isteklakçı olan iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacının sıradan çıxarılmasına görə ziyan hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə etməsi faktı ilə əsaslandırır. Lakin, iş materiallarından da görünür ki, cavabdeh istehlakçı olan iddiaçıya məxsus qaz sayğacına müdaxilə edilməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Qaz sayğacı çıxarılarkən tərtib edilmiş ******* nömrəli, 10 fevral 2022-ci il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktda sayğacın plombunun və digər hissələrinin toxunulmazlığının pozulması, habelə sayğaca müdaxilə olunması barədə heç bir qeyd aparılmamış, sayğac dövri yoxlama vaxtının bitməsi ilə əlaqədar çıxarılmışdır. Sayğac çıxarıldıqdan yeddi ay sonra aparılmış yoxlama nəticəsində sayğacın çıxış plastmas borusunun deşildiyi müəyyən edilmiş və 26 sentyabr 2022-ci il, ******* nömrəli tarixli akt tərtib edilmişdir. Lakin həmin akt qanunla nəzərdə tutulan qaydada tərtib olunmamış, bununla aktın qanuniliyi və onda qeyd edilən xüsusatların həqiqiliyi şübhə yaratmışdır. Eyni zamanda «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən Gəncə şəhəri Vatutin küçəsi, 72 saylı evə aid qaz sayğacının yoxlanılması zamanı İddiaçı iştirakı təmin olunmamış, hal şahidləri baxışın keçirilməsinə cəlb edilməmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, iddiaçıya məxsus qaz sayğacı fərdi yaşayış evinin xaricində, yəni küçədə yerləşir ki, bu da onu deməyə əsas verir ki, aşkarlanmış nöqsanın qaz sayğacına hər hansı kənar şəxslərin müdaxiləsi və ya təbii aşınma nəticəsində olmasını istisna etmir. Cavabdehin abonentə borc hesablaması üçün abonentin təqsiri üzündən təbii qazdan qanunsuz istifadə faktını sübuta yetirməsi lazımdır. Cavabdeh isə həmin halı sübuta yetirə bilməmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş aktda göstərilən qüsur cavabdehə əsas vermir ki, iddiaçının sayğaca müdaxilə etdiyini güman edərək sonuncuya əlavə sərfiyyat hesablasın. İşlək sayğacın quraşdırılması və onun işlək vəziyyətdə qalması üçün məsuliyyət qaz paylayıcısının üzərinə düşdüyündən, cavabdeh öz üzərinə düşən vəzifələri icra etmədiyindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı 2108 (iki min yüz səkkiz) manat borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. Bu baxımdan məhkəmə iddiaçının iddia tələbində qeyd etdiyi dəlilləri ağlabatan hesab edir. Məhkəmə həmçinin iddiaçının sayğaca vurulan zərərə görə ödəmiş olduğu 64,67 manat pulun “Azəriqaz” İstehsalat Birliyindən alınaraq ona geri qaytarılması tələbinə qiymət verərək qeyd edir ki, iş materiallarına əlavə edilmiş 26 oktyabr 2022-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən yararsız vəziyyətə salınmış sayğaca görə 64,67 manat məbləğində pul ödənilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Paylayıcı “Azəriqaz” İB və istehlakçı İddiaçı arasında bağlanmış 27 oktyabr 2022-ci il tarixli, AKX-04757xx/xx-2022 saylı müqavilənin 2.1.10-cu bəndində “X1”nın 4.9-cu bəndinə uyğun olaraq istehlakçının zədələnmiş qaz sayğacını təmir etmək və dövlət yoxlanılmasından keçirmək, habelə həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq paylacının vəzifəsi olduğu qeyd edilmişdir. Eyni zamanda «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu hissəsinin tələbinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərəflər arasında bağlanmış müqavilənin və qanunvericiliyin şərtlərinə əməl edilmədən İddiaçı 64,67 manat məbləğində pulun alınması əsassız və qanunsuzdur. İddiaçı tələbi bu hissədə də əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki,cavabdeh tərəfindən tutarlı əsas gətirilmədən və faktiki olaraq cavabdehin işçilərinin lazımi dəqiqləşmə aparılmaması nəticəsində əsassız 2108 manat borc hesablanmışdır. Cavabdeh tərəfindən borcun yaranması kifayətedici aydınlıqla sübut edilə bilinməmiş və hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Buna görə məhkəmə, iddiaçının tələbini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edə bilmədiyindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş 26 sentyabr 2022-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 2108 manat borc qanunsuz hesablanmış olduğuna görə silinməli və İddiaçı qaz sayğacının yararsız vəziyyətə salınmasına görə ödədiyi 64,67 (altmış dörd manat altmış yeddi qəpik) manat məbləğində pul cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən tutularaq, İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 2 ünvanında təbii X1nın pozulmasına görə cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş 26 sentyabr 2022-ci il tarixli, ******* nömrəli akt əsasında İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 2108 (iki min yüz səkkiz) manat məbləğində borc silinsin. İddiaçı qaz sayğacının yararsız vəziyyətə salınmasına görə ödədiyi 64,67 (altmış dörd manat altmış yeddi qəpik) manat məbləğində pul cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən tutularaq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar