Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1519/2023 05.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən istehlak olunmuş təbii qaz sərfiyyatına görə yaranmış 738,52 manat məbləğində zərərin əvəzinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə, tərəflər arasında bağlanmış DKM/022N13A01515622/İP nömrəli, xx.xx.2022-ci il tarixli “alqı-satqı və ipoteka” müqaviləsi əsasında cavabdeh Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsi, ev 9 ünvanda yerləşən, ümumi sahəsi 114,60 kv. m. olan 1 saylı mənzili iddiaçıya satmışdır. Mənzil xx.xx.2022-ci il tarixdə iddiaçıya təhvil verilmişdir. Mənzil hazırda iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin oktyabr ayının ortalarında mənzilə quraşdırılmış qaz sayğacının göstəricisinə baxan zaman göstəricidə qaz istehlakı limitinin sıfır kubmetr olmasına baxmayaraq təbii qazın verilməsinin dayanmadığını görmüş və bu məsələni araşdırımaq üçün X2 İstismar İdarəsinə müraciət etmişdir. İdarədən ona bildirmişlər ki, qaz sayğacı nasaz vəziyyətdə olduğundan yeni qaz sayğacı quraşdırılmalıdır və təbii qaz verilməsinin dayandırılmaması üçün istehlak olunmuş qaz sərfiyyatına görə yaranmış xx.xx.2022-ci il tarixə 818,52 manat təşkil edən debitor borcu tam şəkildə və ya qaz sərfiyyatına görə hər dəfə edilən ödənişlərin 50% hissəsi tutulmaqla hissə-hissə ödənilməlidir. Cavabdehə zəng edərək debitor borcunun ödənilməsini tələb etməyinə baxmayaraq, cavabdeh sözügedən borcun onun təbii qazdan istehlak etməsi ilə əlaqədar yaranmadığını və buna görə heç bir ödəniş etməyəcəyini bildirmişdir. Mənzilə təbii qazın verilməsinin bərpası üçün məcbur qalıb qaz sərfiyyatına görə hər dəfə edilən ödənişlərin 50% hissəsi tutulmaqla hissə-hissə ödənilməsi şərti ilə debitor borcunun ödənilməsinə razılıq vermişdir. Debitor borcunun əsas hissəsi onun təbii qazdan istehlak etməyi ilə əlaqədar yaranmadığından, yəni mənzil ona təhvil verilənədək - xx.xx.2022-ci il tarixədək yarandığından həmin borca görə ödənişlərin onun tərəfindən edilməsi ona maddi zərərin vurulmasına səbəb olmuşdur. Məhkəmə baxışında iştirak edən iddiaçı bildirdi ki, cavabdeh yaranmış borcunu ödəmədiyi və həmin vaxt soyuq aylar olduğu üçün məcbur qalıb hesablanmış 818,52 manat borcu sonrakı ödənişinin əlli faiz hissəsinin silinməsi yolu ilə hissə-hissə ödənilməsinə razılıq vermiş, xx.xx.2022-ci il tarixdə idarədə 818,52 manat borcu onun adına çevirmişlər. Borcun bir hissəsi, yəni cəmi 85 manat onun aylıq ödənişindən çıxılmışdır. Hazırda isə 733,52 manat ödəniş etməklə borcu tam ödəmişdir. İddiaçı qeyd etdi ki, mənzil onda olduğu iki ay ərzində mənzil üzrə hər ay 20 manat olmaqla cəmi 40 manatlıq qaz istehlak edilmişdir. Bununla belə, iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini müdafiə etdiyini bildirərək, mənzili təhvil aldıqdan sonrakı iki ay üzrə qaz sərfiyyatının 80 manatının onun özünə aid edilməsini, ona vurulan 738,52 manat zərərin əvəzinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş cavabdeh izahatında mənzili iddiaçıya satanda hər hansı borcunun olmadığını, ona borcunun olması barədə məlumat verildiyini, lakin bu barədə maraqlanmadığını, çünki həmin mənzildə yaşayış olmadığından qaz sərfiyyatına görə 800 manat borcun olmasının mümkünsüz olduğunu bildirmiş, məhkəmə baxışının vaxtı və yeri barədə lazımı qaydada məlumatlı olsa da o, məhkəmə baxışına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 9, 14 və 88ci maddələrinə əsasən məhkəmə (hakim) öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Sadalanan qanun normalarına əsasən məhkəmə ilk öncə qeyd edir ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, “....subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ.” Mülki hüquq münasibətlərində bir şəxsin tələb hüququ qarşı tərəfin müvafiq öhdəliyini ehtiva edir. Nəzərə alınmalıdır ki, öhdəlik dedikdə, bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etmək (pul ödəmək, əşya vermək, iş görmək, xidmətlər göstərmək və ya müəyyən hərəkətdən çəkinmək) vəzifəsi başa düşülür (Mülki Məcəllənin 385.1-ci maddəsi). Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi, zərərə görə pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları qanunda sadalanmış və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Beləliklə, hazırkı iş üzrə iddiaçının zərərə görə pul tələbinin (buna müvafiq olaraq cavabdehin pul ödəmək öhdəliyinin) qanuni əsası aydınlaşdırılmalıdır. İddiaçı tələbində ona istinad edir ki, cavabdehdən alğı-satqı müqaviləsi əsasında aldığı mənzilə qazın verilməsində yaranmış problemlə bağlı 2022-ci ilin oktyabr ayında “Azəriqaz” İB-nə müraciət etdikdə ona qaz sayğacının dəyişdirilməli olması, bunun üçün isə həmin dövrə qədər mənzil üzrə qaz sərfiyyatına görə yaranmış 818,52 manat borcun ödənilməli olması bildirilmiş, dərhal bu barədə mənzilin əvvəlki sahibi olan cavabdehə məlumat vermiş, lakin cavabdeh müxtəlif bəhanələrlə həmin borcu ödəməkdən imtina etmiş, soyuq aylar olduğu üçün həmin borcu hissə-hissə ödəmək məcburiyyətində qalmış və ödəmişdir. İddiaçı, ərizəsində tələbinin əsası kimi Mülki Məcəllənin 21.1-ci maddəsinə istinad etmişdir. Belə olan halda, iddia tələbinin hüquqi əsas(lar)ını tapmaq, başqa sözlə tələbin müqavilədən, yaxud qanundan irəli gələn öhdəliklər çərçivəsində həll edilməsi məhkəmənin vəzifəsidir. Çünki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (məhkəmə hüququ bilir) prinsipinə əsasən hüququn tətbiqinə bilavasitə hakim cavabdehlik daşıdığından tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Hazırkı iş üzrə iş materiallarına əlavə edilmiş, “İstehlak olunmuş qaz sərfinə görə yaranmış debitor borcun ödənilməsi barədə” xx.xx.2022-ci il tarixli razılaşdırma protokolundan görünür ki, bir tərəfdən “X1 Gəncə RQİİ və digər tərəfdən istehlakçı İddiaçı, ünvan 1 ünvana təbii qazın verilməsinin bərpası üçün qaz sərfiyyatına görə hər dəfə edilən ödənişlərin 50% hissəsi tutulmaqla hissə-hissə ödənilməsi şərti ilə həmin mənzil üzrə xx.xx.2022-ci il tarixə olan 818,52 manat məblğində debitor borcun ödənilməsinə razılaşmışlar. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, istehlakçının nümayəndəsi K.Nəcəfov, “Azəriqaz” İB-nin nümayəndələri N.Heydərov və M.Əhmədov və Gəncə XS nümayəndəsi A.İbrahimov bu aktı tərtib etmişlər ondan ötrü ki, abonent kodu **********10910 olan, Gəncə şəhəri, Dədə Qorqud 0201-0910 nömrəli ünvan üzrə qaz sayğacı elementi bitdiyinə görə yenisi ilə əvəz edilmişdir. Məhkəməyə təqdim edilmiş, “Azəriqaz” İB-nin “abonentin saldosu” adlı sənədlərdən, hesabdan çıxarışlardan və “kassa mədaxil qəbz”indən görünür ki, iddiaçı tərəfindən abonent kodu **********10910 (Dədə Qorqud 0201-0910) olan ünvan üzrə qaz sərfiyyatına görə xx.xx.2022-ci il tarixə yaranmış 818,52 manat borc üzrə xx.xx.2023-cü il tarixdə 25 manat; xx.xx.2023-cü il tarixdə 25 manat; xx.xx.2023-cü il tarixdə 10 manat; xx.xx.2023-cü il tarixdə 25 manat və xx.xx.2023-cü il tarixdə 733,52 manat ödəniş edilmişdir. Məhkəmə vurğulayır ki, hazırki iş üzrə tələbin qanuni əsasını özgə işlərini tapşırıqsız aparma təşkil edir. Belə ki, Mülki Məcəllənin 1087-ci maddəsinə əsasən özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur. Məcəllənin 1088-ci maddəsinə əsasən icraçı işləri idarəetməyə qəbul etməsi barədə sahibkarı mümkün qədər qısa müddətdə xəbərdar etməli və əgər ləngimə hər hansı risklə bağlı deyilsə, onun qərarını gözləməlidir. İcraçı başladığı işləri sahibkarın özünün fəaliyyət göstərə biləcəyi vaxtadək davam etdirməlidir. Məcəllənin 1090-cı maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. İşlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər. İşlərin tapşırıqsız aparılmasında sahibkarın mənafeyi və ehtimal olunan istəyi o halda nəzərə alınmır ki, belə işlərin aparılması sahibkarın ictimai vəzifələrinin və ya digər tələblərinin yerinə yetirilməsi ilə bağlı olsun. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı cavabdehdən alğı-satqı müqaviləsi əsasında aldığı mənzilə qazın verilməsində yaranmış problemlə bağlı 2022-ci ilin oktyabr ayında “Azəriqaz” İB-nə müraciət etdikdə ona qaz sayğacının dəyişdirilməli olması, bunun üçün isə həmin dövrə qədər mənzil üzrə qaz sərfiyyatına görə yaranmış 818,52 manat borcun ödənilməli olması bildirilmiş, dərhal bu barədə mənzilin əvvəlki sahibi olan cavabdehə məlumat vermiş, lakin cavabdeh həmin mənzildə yaşayış olmamasını əsas gətirib borcu ödəməkdən imtina etmiş, iddiaçı isə mənzilinə qazın verilməsinin bərpası üçün borcu hissə-hissə ödəmək barədə razılığa gəlmiş, borcu hissə-hissə olmaqla tam ödəmişdir. Göründüyü kimi, ona aid borcun iddiaçı tərəfindən ödənilməsini, yəni əvəzindən görülən işlərin onun mənafeyinə və ehtimal olunan istəyinə uyğun olmasını inkar etsə də məhkəmə hesab edir ki, cavabdehin mənzili alğı-satqı müqaviləsi əsasında iddiaçıya təhvil verənədək, yəni xx.xx.2022-ci il tarixədək sözügedən mənzilə qaz sərfiyyatına görə hesablanmış borcu iddiaçının ödəməsi həmin işlərin iddiaçının Mülki Məcəllənin 1087.1-ci maddədə müəyyən olunmuş qaydada vicdanla aparması barədə nəticəyə gəlmək üçün əsasdır. Cavabdeh iddianı aradan qaldıran hər hansı sübut təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələbini dəqiqləşdirməsi barədə ərizəsi nəzərə alınaraq sözügedən mənzilə qaz sərfiyyatına görə ümumi ödənilmiş 818,52 manat pul məbləğinin 80 manatı iddiaçıya aid edilməli və qalan məbləğin, yəni 738,52 manatın mənzil təhvil verilənədək yaranması, iki ay ərzində ümumi sahəsi 114,60 kv. m. olan mənzil üzrə ən çoxu 80 manat qaz sərfiyyatının ola biləcəyi ağlabatan olduğundan 738,52 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, MPM-in 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 738,52 (yeddi yüz otuz səkkiz manat əlli iki qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-1519/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1519/2023
05.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver