Məhkəmə qərarları › İş №2(125)-1523/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1523/2023

04.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1523/2023 04.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X14 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «dəfn üçün çəkilmiş xərcin tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «dəfn üçün çəkilmiş xərcin tutulması» tələbinə dair iddiası üzrə məhkəməyə müraciət edərək, Cavabdeh onun mərhum atası X2 dəfni üçün çəkilmiş 6698 manat xərcin tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun qardaşı cavabdehin atası olan X7 xx.xx.2021-ci ildə rəhmətə getmişdir. Qardaşı rəhmətə getməmişdən qabaq belə razılığa gəlmişlər ki, o, atalarına məxsus mirası qəbul etməkdən imtina edir. Əvəzində o, qardaşına sağlığında baxmağı və başına bir iş gələrsə bütün xərclərini çəkəcəkdir. Mərhum qardaşı rəhmətə gedənə kimi qardaşına o, baxmışdır. Qardaşına qulluq etmişdir. Qardaşı rəhmətə getdikdən sonra onun bütün dəfn xərcini çəkmişdir. O, bütün xərcləri çəkdikdən sonra cavabdeh ona qarşı iddia qaldırmış atasından miras qalmış atasına düşən payı tələb etmişdir. Məhkəmə qaydası ilə atası tərəfindən qəbul edilməmiş miras payı tələb etmişdir. Məhkəmə cavabdehin iddiasını təmin etmişdir. Ona görə də məhkəmə qaydası ilə cavabdehin atasının dəfn xərcinə çəkmiş olduğu xərc kimi 6698 manat məbləğində pul cavabdehdən alınıb ona verilməlidir. Dəfn xərcinə çəkmiş olduğu xərc: 1. Qəbirüstü daş - 850 manat, 2. Qənd 50 kq-75 manat, 3. Düyü 50 kq-175 manat, 4. Yağ 40 kq-400 manat, 5. Soğan 50 kq-25 manat, 6. Kartof 50 kq-50 manat, 7. Şəkər 50 kq-75 manat, 8. Un 50 kq-40 manat, 9. Yuxa 500 ədəd-50 manat, 10. Çörək 150 ədəd-105 manat, 11. Konfet 40 kq-320 manat, 12. Çay 20 kq-300 manat, 13. Limon 30 kq-70 manat,

14. Xurma 50 paçka-225 manat, 15. şirniyyat -200 manat, 16. meyvə qurusu 20 kq-120 manat, 17. fındıq 20 kq-140 manat, 18. mağar-600 manat, 19. molla-200 manat, 20. yuyucu-200 manat, 21. qəbir qazan-100 manat, 22. dəfn xərcləri (torpaq)-200 manat, 23. göyərti 80 dəstə-240 manat, 24. pendir 8 kq-48 manat, 25. ət 140 kq-1700 manat, 26. qatıq 60 litr-60 manat, 27. süd 10 litr-10 manat, 28. aş qarası-120 manat olmaqla, cəmi 6698 manat təşkil edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək əlavə olaraq bildirdi ki, X9 xəstə olmuş, qardaşına o, baxmış və qardaşı Rəşid onun evində qalmışdır. X9 24 mart 2021-ci il tarixdə vəfat etmişdir. Belə ki, sağlığında Rəşidə baxan olmamış, öldükdən sonra da yas mərasimini verən olmamış, ona görə də qardaşının yas və dəfn xərcini o, çəkmişdir. Əza dəftərində qeyd edilmiş 1255 manat məbləğində pulu, mərhum qardaşının 3 aylıq pensiyasını və mərhumun ailə üzvlərinə və ya onu dəfn etməyi öhdəsinə götürən şəxslərə verilən 500 manat dəfn pulunu da o, götürüb mərhumun dəfn və yas mərasimi xərclərinə sərf etmiş, buna baxmayaraq həmin pullar çəkilən xərcləri qarşılamamışdır. Qardaşının dəfni üçün çəkmiş olduğu xərcin hamsının cavabdeh tərəfindən ona ödənilməsini istəyir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, atası Rəşidin sağlığında dəfələrlə atasını görməyə getsə də, iddiaçı olan bibisi İddiaçı onu evə buraxmamış və onu qovmuşdur. 24 mart 2021-ci il tarixdə isə atası Rəşid vəfat etmişdir. O, bir oğul kimi atasının dəfn və yas mərasimini üzərinə götürmək istəsə də, iddiaçı ona atasının yas mərasimini keçirməyə və dəfn xərclərini çəkməyə imkan verməmişdir. Lakin o, dəfn və yas mərasimində iştirak etmişdir. Atasının yas mərasimi “Koronovirus” pandemiyasının yayıldığı vaxta düşmüş, həmin zaman yas mərasimlərinin keçirilməsinə rəsmi icazə verilməmişdir. Bu səbəbdən yas mağarı qurulmamış, yas mərasimi yalnız evdə təşkil edilmişdir. Evdə yalnız 25-30 nəfər ziyarətə gəlib getmiş, ehsan süfrəsi verilməmişdir. Gəlib gedənlər yas üçün pul yazdırmış və həmin pulu bibisi, yəni İddiaçı almışdır. Həmçinin iddiaçı, atasının dəfni ilə bağlı 500 manat xərci də almışdır. Eyni zamanda atasına məxsus pensiya kartı da iddiaçı olmuşdur və həmin pulu İddiaçı almışdır. Ümumiyyətlə, iddiaçının atasının yas və dəfn mərasiminə çəkdiyi xərc 1500 manatı keçməzdi. Həmin məbləği iddiaçı əza dəftərində qeyd olunan pullar, dəfn üçün dövlət tərəfindən verilən pul və mərhum atasının 3 aylıq pensiya pulunu almaqla artıqlaması ilə çıxarmışdır. İddiaçı tələb etdiyi məbləğ açıq-aşkar şişirdilmiş məbləğdir. Həmçinin o, atasının yas mərasiminin xərclərini çəkməyə hazır olsa da, iddiaçı ona imkan verməyib, hər şeyi özbaşına etmişdir. Ondan bu barədə soruşanda öz doğma qardaşı üçün yas mərasimi keçirdiyi bildirmişdir. Bibisi ilə aralarında atasından qalan mülklə bağlı məhkəmə prosesi gedir. Həmin işdə bibisi İddiaçı uduzduğuna görə ona qarşı hazırki əsassız iddianı qaldırmışdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; AZ-İİ seriyalı, 142372 nömrəli, 02 aprel 2021-ci il tarixli, Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə Gəncə şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 30 mart 2021-ci il tarixdə 242 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi ürək dayanmasından qəfləti ölüm kimi təsvir olunmuş hadisə qeyd edilmişdir. 24 yanvar 2023-cü il tarixli, **********358 nömrəli, 8İ-358 reyestr nömrəli ünvan 1 ünvanında qeydiyyatda olan X3 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, mərhum qardaşı X2 bütün dəfn xərclərini, yəni qəbir daşının sifariş verilməsi üçün olan xərcləri ona bacısı İddiaçı tərəfindən verilmişdir. Bacısı ona dəfn üçün çəkilən xərci verdikdən sonra o, mərhum qardaşı X2 bütün dəfn xərclərini çəkmişdir. Küçə üçlüyü tərəfindən verilmiş arayışdan görünür ki, Gəncə şəhəri, Eminbəyli küçəsi, 47 nömrəli evdə yaşayan İddiaçı qardaşı X7 xx.xx.2021-ci ildə rəhmətə getmişdir. Öldüyü gündən üç, yeddi, qırx, il, bütün dəfn xərclərini İddiaçı çəkmişdir. Dəfnə alınan ərzaqların siyahısı arayışda göstərilmişdir: 1. Qənd 50 kq-75 manat, 2. Düyü 50 kq-175 manat, 3. Yağ 40 kq-400 manat, 4. Soğan 50 kq-25 manat, 5. Kartof 50 kq-50 manat, 6. Şəkər 50 kq-75 manat, 7. Un 50 kq-40 manat, 8. Yuxa 500 ədəd-50 manat, 9. Çörək 150 ədəd-105 manat, 10. Konfet 40 kq-320 manat, 11. Çay 20 kq-300 manat, 12. Limon 30 kq- 70 manat, 13. Xurma 50 paçka-225 manat, 14. şirniyyat -200 manat, 15. meyvə qurusu 20 kq-120 manat, 16. fındıq 20 kq-140 manat, 17. mağar-600 manat, 18. molla-200 manat,

19. yuyucu-200 manat, 20. qəbir qazan-100 manat, 21. dəfn xərcləri (torpaq)-200 manat,

22. göyərti 80 dəstə-240 manat, 23. pendir 8 kq-48 manat, 24. ət 140 kq-1700 manat, 25. qatıq 60 litr-60 manat, 26. süd 10 litr-10 manat, 27. aş qarası-120 manat. Azərbaycan Respublikası Gəncə şəhəri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 26 dekabr 2022-ci il tarixli, 04 nömrəli arayışından görünür ki, həqiqətən mərhum X7 24 mart 2021-ci il tarixdə Gəncə şəhəri 4 saylı qəbiristanlıqda dəfn olunmuşdur. Dəfn xərci X8 tərəfindən ödənilmişdir. 12 aprel 2021-ci il tarixli, EJE seriyalı, 020852 nömrəli mədaxil qəbzindən görünür ki, X2 ağ mərmər qəbirüstü abidəsi 850 manat dəyərində müəyyən edilmişdir. Cavabdeh hazırki iddiaya etirazından görünür ki, iddia tələbini qəbul etmir, hesab edir ki, iddianın təmin edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, atası Rəşid Süleymanov vəfat etdiyi dövr pandemiya dövrünə düşmüş və həmin dövrdə yas mərasimlərinin təşkil edilməsi qadağan edilmişdir. Bundan başqa, mərhum atası rəhmətə gedənə kimi xəstə olduğu üçün pensiya kartı həmişə iddiaçı da olmuşdur. Belə olan halda iddiaçı tərəfindən atasının vəfatı ilə əlaqədar yas mərasiminin təşkil edilməsi, çoxlu sayda insanların iştirak etməsi və iddia ərizəsində qeyd edilən məbləğdə pulun xərclənməsi inandırıcı deyildir. Əgər, iddiaçı iddia ərizəsində qeyd edilən məbləğdə dəfn xərci çəkmişsə belə, həmin xərci atasının rəhmətə gedənə qədər aldığı pensiya ilə də, qarşılamaq olardı. Lakin, bütün bunlara baxmayaraq, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ona qarşı olan dəfn xərcinin tutulması tələbinə dair iddiasının təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-848/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər İddiaçı, X5, X4, X1, Gəncə şəhəri 1 saylı Notariat Ofisinə, 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin və bəxşeyiş müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, vərəsəlik hüququnun tanınması, payların müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2808/2022 nömrəli, 15 dekabr 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti qismən edilmiş, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-848/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi, xx.xx.2021-ci il tarixli, 2V-319 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və xx.xx.2021-ci il tarixli, 3M-292 reyestr nömrəli miras payın bağışlanması müqaviləsi qismən, yəni iddiaçının 1/3 hissədə vərəsəlik payı hissəsində etibarsız hesab edilməsi, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli **********24-10224-10301 reyestr nömrəli ********* qeydiyyat nömrəli çıxarış həmin hissədə qismən ləğv edilməsi, mərhum X6 miras qalmış Gəncə şəhəri, Nizami rayonu, Eminbəyli küçəsi, 47 saylı evə iddiaçı Cavabdeh 1/3 hissədə vərəsəlik payının müəyyən edilməsi qət edilmişdir. Yas mərasimləri üçün nəzərdə tutulan “əza dəftəri”ndən görünür ki, X2 yas mərasimi üçün 1255 manat məbləğində pul yığılmışdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı cavabdehin bibisi, cavabdeh isə iddiaçının qardaşı oğludur. İddiaçı mərhum qardaşı cavabdehin atası olan X7 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İddiaçı Rəşid Süleymanovun vəfat etməsi ilə bağlı dəfn və yas mərasimlərinə ümumilikdə 6698 manat xərc çəkdiyini və həmin pulu cavabdehin ödəməsini tələb edir. İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə iddia tələbini qəbul etmədiyini, iddiaçının dəfn üçün ondan tələb etdiyi xərcin həddən artıq şişirdildiyini, həmin xərci iddiaçının əza dəftərində qeyd olunan, dəfn üçün verilən və mərhum atasının 3 aylıq pensiya pulunu alaraq artıqlaması ilə çıxardığını bildirərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 1087.1-ci maddəsinə əsasən özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. 1087.2-ci maddəsinə əsasən işlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur. 1088.1-ci maddəsinə əsasən icraçı işləri idarəetməyə qəbul etməsi barədə sahibkarı mümkün qədər qısa müddətdə xəbərdar etməli və əgər ləngimə hər hansı risklə bağlı deyilsə, onun qərarını gözləməlidir. 1088.2-ci maddəsinə əsasən icraçı başladığı işləri sahibkarın özünün fəaliyyət göstərə biləcəyi vaxtadək davam etdirməlidir. 1089.1-ci maddəsinə əsasən icraçı işləri aparması gedişində qəsdən və ya ehtiyatsızlıq üzündən vurulan zərərin kompensasiyası üçün sahibkar qarşısında məsuliyyət daşıyır. 1089.2-ci maddəsinə əsasən işlərin aparılmasından məqsəd sahibkarı yaxınlaşmaqda olan təhlükədən qorumaq olduqda, icraçının məsuliyyəti qəsd və kobud ehtiyatsızlıq üçün məsuliyyətin hədləri ilə məhdudlaşır. 1089.3-cü maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın elan edilmiş və ya başqa şəkildə aşkar olunmuş iradəsinə ziddirsə, icraçı zərəri qəsdən və ya ehtiyatsızlıq üzündən vurmamış olduqda belə, sahibkar qarşısında məsuliyyət daşıyır, amma icraçının öz müdaxiləsi olmadan da zərərin yarana biləcəyini sübuta yetirdiyi hallar istisna təşkil edir. 1089.4-cü maddəsinə əsasən icraçı fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, yalnız hüquqa zidd hərəkətlər və əsassız varlanma haqqında müddəalara uyğun məsuliyyət daşıyır. 1090.1-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. 1090.2-ci maddəsinə əsasən işlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər. 1090.3-cü maddəsinə əsasən işlərin tapşırıqsız aparılmasında sahibkarın mənafeyi və ehtimal olunan istəyi o halda nəzərə alınmır ki, belə işlərin aparılması sahibkarın ictimai vəzifələrinin və ya digər tələblərinin yerinə yetirilməsi ilə bağlı olsun. Məhkəmə ilk növbədə qeyd edir ki, müvafiq səlahiyyət və tapşırıq olmadan mülki hüquq subyektinin müəyyən hərəkəti yerinə yetirməsi hüquq və vəzifələrin əmələ gəlməsinə səbəb olur ki, bu öhdəlik hüquq münasibətlərinin yaranmasını nümayiş etdirir. Həmin öhdəlik hüquq münasibətləri özgənin işlərini tapşırıqsız aparma öhdəliyi adlanır. Tərəflər arasında özgə işlərini tapşırıqsız aparma öhdəlik hüquq münasibətləri yaranmışdır. Bu baxımdan qanunun tələblərinə əsasən icraçının etdiyi hərəkət sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun olmalıdır. Bunun üçün də sahibkarın iradəsini, onun tapşırıqsız fəaliyyəti bəyənib-bəyənməməsini müəyyənləşdirmək məqsədilə icraçı ona məlumat verir. Məlumat verdikdən sonra icraçı sahibkarın tapşırıqsız fəaliyyəti barədə qəbul edəcəyi qərarı gözləyir. Tərəflər arasındakı münasibətlərin inkişafı sahibkarın qəbul etdiyi qərarın xarakterindən asılıdır. Əgər həmin qərar tapşırıqsız fəaliyyətin həyata keçirilməsini nəzərdə tutursa, icraçı bağladığı işi davam etdirir. Sahibkar icraçının həyata keçirdiyi və apardığı işi bəyənməyə də bilər. Belə halda icraçı işin aparılmasını davam etdirməkdən imtina etməlidir. Əks təqdirdə xeyrinə hərəkət edilən şəxsin heç kəs qarşısında hər hansı bir vəzifə icra etmək öhdəliyi yaranmır, yəni göstərilən hərəkətlərin edilməsi ilə əlaqədar xərcləri sahibkar ödəməyə borclu deyildir. Yuxarı da göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, Cavabdeh mərhum atası Rəşid Süleymanovun yas mərasimini təşkil etmək və dəfn xərclərini çəkmək istəsə də, iddiaçı buna imkan verməmişdir. Buna görə də Cavabdeh iddiaçının dəfn üçün çəkdiyi xərcləri ona ödəməyə borclu deyildir. Bundan başqa qeyd olunmalıdır ki, iddiaçı 6698 manat məbləğində dəfn üçün xərc çəkməsi barədə hər hansı mötəbər sübutu da məhkəməyə təqdim etməmişdir. İddiaçının iddia ərizəsində adlarını qeyd etdiyi dəfn üçün alınan ərzaqların çəkisi və miqdarı, eyni zamanda qəbirdaşı ilə birlikdə həmin ərzaqlar üçün tələb etdiyi 6698 manat məbləğində xərc çəkməsi iddiaçının formal mülahizələrdən ibarət olmaqla yanaşı, ağlabatan da deyildir. Ona görə ki, mərhum X7 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, həmin vaxt dünyada və Azərbaycan Respublikasında “koronovirus” pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi mövcud olmuş və sözügedən pandemiyanın ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədi ilə məhdudiyyətlər tətbiq edilmişdir. Həmin məhdudiyyətlərdən biri də dini ritual xidmətlərinin, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinin qadağan edilməsindən ibarətdir. Ölkə ərazisində belə bir şərait mövcud olduğu və “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli, 151 nömrəli qərarına əsasən 06 mart 2022-ci il tarixdən etibarən dini ritual xidmətlərinin, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinə icazə verilməsi nəzərə alındıqda, iddiaçının X2 vəfat etdiyi zaman 6698 manat məbləğində xərc çəkəcəyi yas mərasimi təşkil etməsi mümkün deyildir. Bundan başqa məhkəmə iddiaçının ərizəsinə əlavə etdiyi küçə üçlüyünün arayışını da sübut növü kimi qəbul etmir və onu məhz iddiaçının diktəsi ilə küçə üçlüyü “Baxşıya” soyadlı şəxs tərəfindən tərtib edilməsi qənaətinə gəlir. Ümumiyyətlə “küçə üçlüyü” hər hansı status daşıyan qurum olmamaqla yanaşı, onun hər hansı dəfn və yas mərasiminə nə qədər xərcin çəkilməsini yoxlamaq, təyin etmək kimi səlahiyyəti və vəzifəsi, o cümlədən nəzəri və praktik imkanı da yoxdur. Dəfn xərclərinə gəldikdə isə məhkəmə iclasında müəyyən olunmuşdur ki, mərhum X2 24 mart 2021-ci il tarixdə Gəncə şəhəri 4 saylı qəbiristanlıqda dəfn olunması ilə bağlı xərc iddiaçı tərəfindən deyil, X8 tərəfindən ödənilmişdir. Bundan əlavə həmçinin məhkəmə iclasında müəyyən olunmuşdur ki, dəfn xərcləri ilə bağlı dövlət tərəfindən ödənilən 500 manat pul, əza dəftərində qeyd olunan 1255 manat pul iddiaçı tərəfindən alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Cavabdeh onun mərhum atası X2 dəfni üçün çəkilmiş 6698 (altı min altı yüz doxsan səkkiz) manat xərcin tutulub ona ödənilməsinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilmədiyindən İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı X2 dəfni üçün çəkilmiş 6698 (altı min altı yüz doxsan səkkiz) manat xərcin cavabdehdən tutulub ona ödənilməsinə dair iddiası əsassız olduğundan rədd edilsin. Məhkəmədə iddia qaldırılması məqsədilə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar